Qasıməli Qasımov Masallı rayonunun Ərkivan kəndində anadan olub. 1979-1984-cü ildə Leninqrad Meşə Təsərrüfatı Texniki Akademiyasını bitirib. Hazırda həmin akademiyanın professoru və texnika elmləri doktoru, eyni zamanda, Sankt-Peterburq "Ağac emalı" holdinqin baş direktorudur. Tanınmış ictimai xadim, RF-nın əməkdar inşaatçısı, Sankt-Peterburq və Leninqrad vilayəti üzrə güləş federasiyasının vitse-prezidenti, Azərbaycan Milli Mədəni Muxtariyyəti Cəmiyyətinin ağsaqqallar şurasının üzvü olan Q. Qasımov 2003-cü ildə "Sankt-Peterburqun 300 illiyi şərəfinə" medalı ilə təltif olunub.
Qasıməli müəllim söhbət zamanı bildirdi ki, Sankt-Peterburq şəhərində azərbaycanlıların təşkilatlanmasına əsasən SSRİ dağıldıqdan sonra başlanılıb. O vaxta qədər isə mövcud üç Azərbaycan cəmiyyəti-"Azəri", "Dayaq" və "Azərbaycan" 1999-cu ildə birləşərək Azərbaycan Milli Mədəni Muxtariyyəti Cəmiyyəti adı ilə fəaliyyət göstərməyə başladı. Hazırda Vaqif Məmişovun rəhbərliyi altında böyük diaspor təşkilatı fəaliyyət göstərir. Bu gün Sankt-Peterburqda Azərbaycan diasporu üzvlərinin sayına görə Rusiyada Moskvadan sonra ikinci yerdə qərar tutub. Diasporda ağsaqqallar şurası, qadınlar şurası və gənclər təşkilatı fəaliyyət göstərir. Diasporun dəstəyi ilə "Çinar" mahnı və rəqs ansamblı, "Viləş" futbol komandası və "Bazar günü" məktəbi fəaliyyət göstərir. Diasporun şəhər rəhbərliyi, deputatlarla, hüquq-mühafizə orqanları və kütləvi informasiya vasitələri ilə əməkdaşlığı təqdirəlayiqdir.
Diasporun işində əsas prioritet istiqamət azərbaycanlıların hüquqlarının pozulmasına yol verməmək, milli adət-ənənələrimizi qoruyub saxlamaq, gənc nəslə, müharibə və əmək veteranlarına, əlillərə, aztəminatlı ailələrə qayğı göstərməkdir. Bütün bu işlərdə diaspor rəhbərliyi başda Vaqif Məmişov olmaqla, Məşkur Qasımov, Əli Salmanov, Sədaqət Manafov, Mülkədar Vəliyev və başqaları fəal iştirak edir. Diasporun ağsaqqalı kimya elmləri doktoru, RF-nın əməkdar elm xadimi, Sankt-Peterburq Dövlət Kimya Əczaçılıq Akademiyasının professoru Azad Abuşovdur.
Q. Qasımov dedi ki, 2002-ci ilin iyun ayında dahi şairimiz Nizami Gəncəvinin abidəsinin açılışı ilə əlaqədar Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və ulu öndərimiz Heydər Əliyev Sankt-Peterburqa səfərə gəlmişdilər. Ümummilli liderimiz bizimlə görüşdə respublikadakı iqtisadi-siyasi vəziyyət barədə ətraflı məlumat verərək bu görüşdən və Sankt-Peterburqdakı diasporun fəaliyyətindən razı qaldığını vurğuladı. O dedi ki, "buradakı mühiti görərkən mən Sankt-Peterburqdakı azərbaycanlılar üçün arxayınam. Güman edirəm ki, sizin diasporun bugünki vəziyyəti bir çox başqalarına nümunə ola bilər. Mən sizə tövsiyə edirəm ki, bu yolla uğurla gedəsiniz. Çalışın burada-bu böyük şəhərdə Azərbaycanın adını ucalara qaldırasınız".
Bu, ulu öndərimiz tərəfindən diaspora verilən yüksək qiymət idi. Mənim burada təhsil almağımım səbəbkarı məhz ümummilli liderimizdir. O vaxtlar Heydər Əliyev tərəfindən bir qrup xaricə göndərilən tələbələrdən biri də mən olmuşam. Fəxr edirəm ki, böyük şəxsiyyətin həyatımın dəyişməsində böyük rolu olub.
Keçən il Sankt-Peterburqda qubernator Bakıda anadan olmuş Qeorqiy Serqeyeviç Poltavçenko seçildi. Buna hamımız sevinirk. Çünki o, bizim həmyerlimiz və dostumuzdur. O, diasporumuzun reallaşdırdığı bütün tədbirlərdə iştirak edir və fəxrlə Bakıdan olduğunu qeyd etdir.
Bu il martın 4-də burada yaşayan 500 minə yaxın azərbaycanlı Rusiyada keçirilən prezident seçkisində iştirak etdi. Mən də Vladimir Putinin seçki qərargahının üzvü idim. Sankt-Peterburqda 2 milyon seçicidən 200 mini azərbaycanlılardan ibarətdir. Bu da ümumi seçicilərin 10 faizini təşkil edir. Vladimir Putin ümumi səslərin 60 faizini qazandı, onun da 15 faizi bizim soydaşlarımızın hesabına idi. Bu, bir daha göstərir ki, namizədlərin içərisindən bizim üçün ən yaxşı real namizəd V. Putin idi. V.Putinlə dostluq münasibətlərimiz var. O, hər dəfə Peterburqa gələndə vaxt tapıb bizimlə görüşür. Ümumi problemlərimizlə maraqlanır, əlindən gələn köməyi əsirgəmir və tövsiyələrini verir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gördüyü işlər hamımızı sevindirir. İldə ən azı 2-3 dəfə doğma vətənimizə gəlirik. Hava limanından tutmuş doğma kəndimizə qədər yeni quruculuq işlərinin aparılmasının şahidi oluruq. Hər tərəf tikinti meydançasını xatırladır, yeni məktəblər tikilir, idman kompleksləri və yeni iş yerləri açılır. Vətənimizin güclənməsi bizi sevindirir. Azərbaycan gündən-günə çiçəklənir, inkişaf edir. Ölkə Prezidenti tərəfindən aparılan daxili, xarici siyasəti bəyənir və dəstəkləyirik. Tez-tez xaricdə səfərdə oluruq. Əvvəl Qarabağ haqqında bilgisi olmayan adamlar indi bizdən Qarabağ məsələsinin necə olacağını soruşurlar. Bu, bir daha göstərir ki, Prezident İlham Əliyevin gördüyü işlər, Azərbaycanın zəbt olunmuş torpaqlarının müharibəsiz və sülh yolu ilə qaytarılması haqqında apardığı cəsarətli danışıqlar dünyaya bəllidir.
Diaspor Qarabağın qədim Azərbaycan torpaqları olmasında, ermənilərin ədalətsiz müharibə aparmasında və onların ifşa edilməsində mühüm işlər görür. Hər il olduğu kimi, bu il də 20 Yanvar matəm və Xocalı soyqırımı günləri 2500-dən çox soydaşımızla birlikdə qeyd edildi, Xocalı haqqında film göstərildi.
Ermənilərin xalqımıza qarşı etdikləri soyqırımı heç vaxt yaddan çıxartmamalıyıq. Xocalı soyqırımını törədənlərin layiqli cəzalarına çatması ilə bağlı beynəlxalq təşkilatlara müraciətlər ünvanlamışıq. Biz dünyanın müxtəlif aparıcı təşkilatlarına müraciət edərək Qarabağ məsələsinin Azərbaycanın xeyrinə həll olunmasını tələb edirik. Bu tədbirlərimizdə rəsmi şəxslər, RF Dumasının deputatları, şəhər rəhbərliyi, müxtəlif diasporların rəhbərləri və din xadimləri iştirak edirlər.
Milli bayramlarımızı da qeyd etməyi unutmuruq. 21 mart-Novruz, 28 May- Respublika günü və başqa bayram günlərində kütləvi tədbirlər keçirtməklə milli kimliyimizi bir daha sübut edirik. Azərbaycan və rus mədəniyyətinin inkişaf etdirilməsi üçün hər il müxtəlif mədəni tədbirlər həyata keçiririk. Diasporun hesabına bəzi mədəniyyət və incəsənət obyektlərini bərpa və təmir etdiririk. "Bazar günü" məktəbində həmvətənlərimizin övladları Azərbaycanın tarixini, ədəbiyyatını və mədəniyyətini öyrənir, xalqımızın həyatında mühüm rol oynamış şəxsiyyətlərin keçdiyi ömür yolu ilə tanış olurlar. Bu, onların vətənpərvərlik ruhunda tərbiyə almasında əhəmiyyətli rol oynayır, bir daha kim olduqlarını xatırladır.
Qasıməli müəllim söhbət zamanı bildirdi ki, ulu öndərimiz 1997-ci ildə ABŞ-a rəsmi səfəri zamanı Azərbaycan diasporu qarşısında çıxışında bu istiqamətdə əsas prinsipləri müəyyən etmişdi: "Siz düşünməyin ki, Azərbaycan bizim üçün nə edib, düşünün ki, biz Azərbaycan üçün nə etmişik. Onda Azərbaycan da irəli gedər, Azərbaycan diasporu da inkişaf edər. Harada doğulmağın fərqi yoxdur, əsas odur ki, sən azərbaycanlısan, Azərbaycan dilinin, mədəniyyətinin daşıyıcısısan". Ümummilli lider çıxışlarında dəfələrlə qeyd etmişdir ki, vaxtilə xaricdə oxumağa göndərilən gənclər diaspor quruculuğu məsələlərində həmişə öndə olmalıdırlar.
Q. Qasımov daha sonra vurğuladı ki, Azərbaycan diasporunun təşkilatlanması prosesində ən mühüm, taleyüklü hadisələrdən biri də 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi olmuşdur. Ümummilli lider Heydər Əliyevin 2001-ci il mayın 23-də imzaladığı sərəncama əsasən, keçirilmiş qurultay dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin təmin olunması, Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi baxımından yeni mərhələnin əsasını qoymuşdur. Qurultaydan sonra Xaricdə Yaşayan Azərbaycanlılarla İş sahəsində Dövlət Komitəsinin yaradılması və xüsusi qanunun qəbulu bu sahədə dövlət siyasətinin daha da təkmilləşdirilməsinə, vahid mərkəzdən idarə olunmasına imkan yaratmışdır.
Ulu öndər Heydər Əliyev milli ideologiyamızın əsasını təşkil edən azərbaycançılıq ideologiyasının bünövrə prinsiplərinin "dövlətçilik" və "milli vətənpərvərlik"dən ibarət olduğunu dəfələrlə vurğulamışdır. Ümummilli lider bildirmişdir ki, bizim bütün təbliğatımız, bütün dövlət orqanları Azərbaycanda dövlətçiliyi inkişaf etdirmək üçün hər bir vətəndaşda milli vətənpərvərlik hissləri yaratmalıdır.
Ulu öndərin diaspor quruculuğu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Cənab İlham Əliyevin 8 fevral 2006-cı il tarixli sərəncamı ilə 2006-cı il martın 16-da Bakı şəhərində Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi də diaspor quruculuğu işinə yeni nəfəs verməklə əlamətdar hadisələrdən biri kimi yadda qalmışdır. Qurultayda Azərbaycan diasporunun vəziyyəti müzakirə edilmiş, bu sahədə çalışan təşkilatların fəaliyyətinin əlaqələndirilməsi işinin təkmilləşdirilməsi, ölkə həqiqətlərinin, xalqımıza qarşı törədilmiş terror və soyqırımı aktları ilə əlaqədar çoxsaylı faktların dünya ictimaiyyətinə çatdırılmasının daha müasir metodlarının hazırlanması, digər xalqların diaspor təşkilatları ilə əlaqələrin gücləndirilməsi məsələləri xüsusilə önə çəkilmişdir. Yüksək mütəşəkillik və ruh yüksəkliyi ilə başa çatan qurultayın nəticəsi kimi Azərbaycan diasporunun fəaliyyət konsepsiyasının hazırlanması barədə qərarın qəbul edilməsi, dünya azərbaycanlılarına müraciətin, habelə Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı xüsusi bəyanatın, işğal olunmuş ərazilərdə tarixi abidələrimizin, mədəni irsimizin dağıdılması ilə bağlı beynəlxalq təşkilatlara müraciətlərin və digər sənədlərin qəbulu istər təbliğati, istərsə də səmərəli əks-hücumun təşkili baxımından mühüm əhəmiyyətə malik olmuşdur.
Azərbaycan xalqının əvəzsiz milli sərvəti olan müstəqilliyin son 20 ildə əzmlə qorunub saxlanılması, demokratik və hüquqi dövlət quruculuğu istiqamətində mühüm addımların atılması, Avratlantik məkana inteqrasiya siyasətinin ardıcıl surətdə həyata keçirilməsi, ciddi elmi əsaslara söykənən sosial-iqtisadi siyasət strategiyasının reallaşdırılması respublikamızı intensiv inkişaf yoluna çıxarmışdır. İnkişaf və tərəqqi yolunda əldə edilən böyük nailiyyətlərdə, şübhəsiz, dünyanın müxtəlif ölkələrində yaşayan, ürəklərində azərbaycançılıq amalı daşıyan həmvətənlərimizin də müstəsna payı var.
Qazanılmış nailiyyətlər ölkə daxilində milli birlik və vətəndaş sülhünün möhkəm əsaslarla intişar tapmasına, dünya azərbaycanlıları arasında həmrəyliyin təmin olunmasına, onların tarixi Vətənlə əlaqələrinin genişlənməsinə səbəb olmuşdur.
Q. Qasımov sonda bildirdi ki, ötən illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə hüquqi, siyasi, iqtisadi, struktur islahatların keçirilməsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, xalqın rifahının yaxşılaşdırılması istiqamətində əsaslı işlər görülmüşdür. Bu müddətdə, təbii ki, Azərbaycan diasporu da inkişaf etmiş, təşkilatlanmış, birləşmək, "çəkici bir yerə vurmaq" istiqamətində nailiyyətlər əldə etmişdir. Bütün bunlar dünya azərbaycanlılarının birliyini, vahid məram və məqsədlər ətrafında birləşməsini zəruri milli ideyaya çevirmişdir.
{nl}
V.ƏLİYEV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.