Aparılan tədqiqatlar indiki Ermənistanın əzəli Azərbaycan torpaqlarında qurulduğunu sübut edir. Bu cür faktlar aşkarlandıqca ermənilərin narahatçılığı da artmaqdadır. AzərTAc Ermənistanın əsrlər boyu azərbaycanlılara qarşı həyata keçirdiyi işğalçılıq siyasəti, soyqırımı aktları, erməni yalanlarının ifşası və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülmüş işlər və bir sıra digər aktual məsələlər barədə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Fuad Axundovdan müsahibə almışdır.
- Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı tarixi fərmana əsasən, hər il martın 31-i ölkəmizdə Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Necə düşünürsünüz, erməni millətçilərinin qətlə yetirdiyi on minlərlə azərbaycanlının müsibəti haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyəti nədədir?
- 1918-ci ilin mart hadisələri həmin dövrdə öz müstəqilliyinə və dövlətçiliyinə can atan Azərbaycan xalqı üçün çox ağır sınaq idi. Stepan Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik dəstələrinin məqsədi Bakı, Şamaxı, Quba və Azərbaycanın digər bölgələrindən müsəlman və yəhudi əhalinin fiziki məhvinə və kütləvi deportasiyasına nail olmaq idi. Erməni millətçiləri neft və digər təbii ehtiyatlarla zəngin olan əzəli Azərbaycan torpaqlarında "erməni dövləti"ni yaratmaq niyyətində idi. 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik dəstələri 50 minə yaxın azərbaycanlını qətlə yetirmişdir. Onların əksəriyyəti qadınlar, uşaqlar və qocalar idi. 1918-ci ilin mart hadisələri erməni millətçilərinin Azərbaycan xalqına qarşı 200 illik təcavüzü və ərazi iddiaları tarixinin ən qanlı səhifələrindən biridir. Odur ki, "başıbəlalı qədim xristian erməni xalqı" ətrafında formalaşmış yalançı imici alt-üst etmək üçün biz bu hadisələrə dair əsl həqiqəti bilməli və dünya ictimaiyyətinə çatdırmalıyıq.
- Tarix sübut edir ki, hazırkı Ermənistan deyilən dövlətin ərazisi əzəli Azərbaycan torpaqlarıdır. Heç bir tarixçi, obyektiv tədqiqatçı bunu inkar edə bilməz. Ermənilərin Azərbaycan ərazilərinə və bütövlükdə Cənubi Qafqaza gəlmə olduğunu, çar Rusiyasının Qafqazda istilaçılıq siyasətinin genişləndiyi vaxtlarda bu ərazidə ermənilərin dövlət qurumunun olmaması tarixçilər tərəfindən dəfələrlə sübuta yetirilmişdir. Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev də ən yüksək tribunalardan səsləndirmişdir. Azərbaycan tarixçilərinin ortaya çıxardığı dəlillər də indiki Ermənistan ərazisinin tarixi Azərbaycan torpaqları olduğunu sübut edir. Sizin bu yaxınlarda mediaya təqdim etdiyiniz araşdırmalar nəticəsində də bir daha sübut olunmuşdur ki, ermənilər 500 il əvvəl azərbaycanlılar tərəfindən tikilən məşhur İrəvan qalasını, Sərdar Sarayını, karvansaraları, məscidləri və digər abidələri məhv etmişlər. Bu soyqırımı siyasətinin kökündə nə durur?
- Erməni rəhbərləri artıq uzun illərdir cəzasız olaraq azərbaycanlıların mədəni-tarixi, mənəvi və memarlıq irsini məhv edirlər. Bu proses hələ sovet dövründən başlanmışdır. Ermənistan SSR rəhbərliyi mərkəzi hakimiyyətin siyasəti adı ilə pərdələnərək orta əsrlərin Azərbaycan memarlıq abidələrinin məhvinə dair genişmiqyaslı kampaniya aparırdı. Ən böyük zərbə isə çar Rusiyası dövründə Erivan, sovet dönəmində isə Yerevan adlandırılmış, orta əsrlərdə azərbaycanlıların qurub-yaratdığı İrəvan qala-şəhərinə dəymişdir. İrəvan qalası bir neçə mərhələdə - 1930-cu, 1950-70-ci və 1980-90-cı illərdə hissə-hissə məhv edilmişdir. Bu zaman İrəvan xanının sarayı, məscidlər, ictimai binalar və hətta qala divarları da yer üzündən silinmişdir. Bu nadir orta əsr memarlıq abidələrinin yerində küçələr, prospektlər, binalar, ticarət mərkəzləri, kinoteatrlar tikilmişdir. Özü də, bu tikililərin, demək olar ki, hamısına rus adları verilmişdir. Burada məqsəd həyata keçirilən siyasətin SSRİ adı ilə pərdələnməsi idi.
Sovet İttifaqının dağılmasından sonra isə Ermənistan rəhbərliyi bu dağıdıcılıq siyasətini Rusiyanın adı ilə bağlamağa cəhd göstərmişdir. Bununla erməni rəhbərliyi azərbaycanlıların mədəni-tarixi irsinə qarşı həyata keçirdiyi soyqırımı siyasətinə görə, guya, Rusiyanın da məsuliyyət daşıması haqda təsəvvür yaratmağa çalışırdı. Erməni vandalizminin kökündə bir amal dururdu: Qafqazda, azərbaycanlıların İrəvan xanlığının və mahallarının yerində qurulmuş müasir Ermənistan ərazisində ermənilərin "qədimliyi" haqqında yalançı konsepsiyanı əsaslandırmaq.
XIX-XX əsrlərdə - rusların Qafqazda möhkəmlənməsindən sonra buraya İran, Osmanlı İmperiyası və Yaxın Şərq ölkələrindən bir milyondan artıq erməni köçürülmüşdür. Rusiya imperiyasının dağılmasından sonra isə Cənubi Qafqazda üç respublika öz müstəqilliyini elan etdi: Gürcüstan, Azərbaycan Demokratik və Ararat respublikaları. Bu dövlətlər arasında Ararat nə ərazisi, nə də ki, paytaxtı olan yeganə respublika idi. Öz respublikalarını "Ararat" adlandıran ermənilər vaxtilə çar Rusiyası tərəfindən köçürüldükləri türk torpaqlarına iddialarını ortaya qoymuşdular. Amma Birinci Dünya müharibəsinin nəticələrinə əsasən, ermənilərə türk torpaqlarında dövlət yaratmağa imkan verilməyəcəyi məlum olandan sonra erməni millətçi-daşnakları kommunist qiyafəsində SSRİ-nin tərkibinə daxil olmuşdular.
1920-ci illərin ortalarında Ararat Respublikasının adını Erməni Respublikasına dəyişən daşnaklar bununla da Kiçik Asiyada "vətənlərini" itirmələri ilə faktiki olaraq barışaraq Qafqazda - Azərbaycan xanlıqlarının ərazisində uydurma "qədim erməni tarixini" yazmağa başlamışlar. Məhz bu dövrdə ermənilərin Qafqazın "qədim yerli əhalisi" olması barədə tarixi konsepsiya uydurulmuş və bunun ardınca Ermənistandakı Azərbaycan və bir çox digər müsəlman tarixi abidələrinin kütləvi şəkildə məhvinə başlanılmışdır.
Məsələ bundadır ki, orta əsrlərin Azərbaycan memarlığı erməni millətçilərinin və ideoloqlarının yalanını birmənalı olaraq rədd edərək bu torpaqların azərbaycanlılara məxsus olduğunu sübut edirdi. Sovet dövründə Ermənistanda başlayan Azərbaycan memarlıq abidələrinin məhvi, SSRİ-nin dağılmasından və Ermənistanın müstəqillik əldə etməsindən sonra da davam etdirilirdi. Hazırda Ermənistan Respublikasında, onun paytaxtı Yerevanda nə bir azərbaycanlı, nə də onların qədim tarixini və mədəniyyətini əks etdirən heç bir abidə qalmamışdır.
- Azərbaycanın təqdim etdiyi bu faktlarla bağlı Ermənistan tərəfinin reaksiyası nədən ibarətdir?
- Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bildirib ki, hazırkı erməni dövləti Azərbaycan torpaqlarında qurulmuşdur. Dövlətimizin başçısının bəyan etdiyi bu faktlarla bağlı Azərbaycan ictimaiyyəti, ziyalıları, alimləri və KİV-ləri də ətraflı tədqiqatlar aparmışlar. Bu tədqiqatlar çərçivəsində biz İrəvan qalasının xarici görünüşü və tarixini bərpa etməyə imkan verən nadir arxiv materialları, yazışmalar, fotoşəkillər aşkar etdik. İrəvan xanlığı yaradılanadək bu ərazidə Səfəvilər dövlətinin dörd bəylərbəyliyindən biri olan Çuxur-Səd yerləşirdi. 1504-cü ildə Səfəvi dövlətinin başçısı Şah İsmayıl Xətai öz sərkərdəsi Rəvanqulu xana bu ərazidə qala tikmək haqda göstəriş vermişdi. Bu qala yeddi ilə Zəngi çayının cənub-şərqində - qayalar üzərində inşa olunmuşdu (yeri gəlmişkən, 400 ildən sonra qədim Azərbaycan torpaqlarında məskunlaşan ermənilər bu çayın adını erməniləşdirərək Razdan qoymuşlar). O zaman bu qala Rəvanqulu xanın adı ilə Rəvan, sonralar isə, İrəvan adlandırılmışdı. İrəvan minarələr şəhəri kimi tanınırdı. Qalada səkkiz məscid, 800 ev var idi və orada yalnız Azərbaycan türkləri yaşayırdı.
Ermənistan alimləri və KİV-ləri bizim tədqiqatlarımıza anlaşıqlı cavab verə bilmirlər və dünya ictimaiyyətinin diqqətini əsas sualdan - orta əsr İrəvanı və Ermənistandakı Azərbaycan abidələrinin aqibəti haqqında sualdan yayındırmaq üçün antiazərbaycan təbliğatına üstünlük verirlər. Yəni bu gün erməni tərəfinin danışmağa sözü qalmamışdır. Ermənistan rəhbərliyi bütün səylərini azərbaycanlılara məxsus orta əsr irsinə barbar yanaşmanı ört-basdır etməyə yönəltmişdir.
- Ermənistan paytaxtının meriyası bəyan etmişdir ki, İrəvan şəhərinin tarixi simasının bərpası üçün Azərbaycanın ixtiyarında olan xəritələrə və sxemlərə ehtiyacı yoxdur. Tutalım, ermənilər, həqiqətən də, İrəvanın tarixi simasını qaytarmaq istəyirlər, amma bu zaman Azərbaycanın təqdim edə biləcəyi faktları, dəlilləri qəbul etmirlər. Elə isə, onlar şəhərin bərpası zamanı nəyə istinad edəcəklər?
- Bizim tədqiqatlarımıza cavab olaraq Ermənistan rəhbərliyi "qədim Yerevan" proqramı çərçivəsində paytaxt mərkəzinin "tarixi görünüşünün bərpası"nın reallaşdırılmasına başlamışdır. Əslində isə burada söhbət şəhərin tarixinin növbəti dəfə saxtalaşdırılmasından gedir. Yəni, Yerevanın orta əsrdəki simasının bərpası əvəzinə şəhər rəhbərliyi XIX əsrin sonu - XX əsrin əvvəllərində Avropa üslubunda inşa olunmuş bir neçə binanı bərpa etmək qərarına gəlmişdir. Bu isə, təbii ki, Yerevanın ilkin simasının bərpası demək deyil.
Martın 15-də Nazirlər Kabinetinin baş nazir Tiqran Sarkisyanın sədrliyi ilə keçirilən iclasında hökumət Yerevan merinə Ermənistan Respublikası adından "İ EM Sİ" QSC, "Qlendel Hilz" QSC və "Serqe-Aqopiq-Der-Saaquyan" QSC ilə üç il müddətində Arami, A.Büzand, E.Kohbatsi küçələrində uydurma "qədim Yerevan"ın tikintisinə dair müqavilələr imzalamaq səlahiyyəti vermişdir. Bu qərar artıq yerevanlıların da narazılığına səbəb olmuş və "qədim Yerevan"ın bərpası adı altında aparılan bu siyasi oyunlara etiraz olaraq Ermənistan paytaxtında mitinqlər keçirilmişdir.
- Bu yaxınlarda www.erevanqala500.com saytının təqdimatı olmuşdur. Saytda İrəvan qalasının Azərbaycana məxsus olduğunu sübut edən zəngin faktlar toplanmışdır. Bu saytın yaradılması ermənilərə şəhərin "bərpası" məsələsində hər hansı bir istiqamət vermirmi?
- www.erevanqala500.com saytında, həqiqətən də, qədim İrəvana dair nadir arxiv materialları, fotoşəkillər toplanmışdır. Məsələn, Rusiya arxivlərindən rus rəssamı Frabs Rubonun XIX əsrin sonunda - İrəvan qalasının hələ mövcud olduğu dövrdə çəkdiyi "İrəvan qalasının təslim olunması. 1 oktyabr 1827-ci il" əsəri tapılmışdır. Bu əsərdə azərbaycanlılara məxsus müsəlman şəhəri olan İrəvanın ilkin siması - məscidlər və Şərq üslublu tikililəri aydın şəkildə görünür. Təbii ki, bizdə qədim İrəvanın Rusiya və Avropa arxivlərindən götürülmüş çoxlu sayda sxemləri vardır. Biz Azərbaycan xalqının mədəni-tarixi irsinin bir hissəsi olan orta əsr Yerevanını bərpa etməkdə erməni tərəfinə kömək edə biləcəyimizi bildirdik. Amma buna cavab olaraq Ermənistan və Yerevan rəhbərliyi növbəti saxtakarlığa başlamışdır. Məqsəd isə dünya ictimaiyyətini, Yerevana gələn turistləri və qonaqları aldatmaq, XIX əsrin sonu - XX əsrin əvvəlinə aid bəzi tikililərin tələm-tələsik bərpa olunmuş nümunələrini "tarixi mərkəz" kimi qələmə verməkdir. Amma, təbii ki, bu "mərkəzin" əsl qədim İrəvana heç bir aidiyyəti olmayacaqdır.
- Qeyd etdiniz ki, təqdim olunan bu faktlar Rusiya arxivlərindən aşkar olunmuşdur. Belə çıxır ki, digər ölkələrin də arxivlərində araşdırmalar aparmaq lazımdır.
- Təbii ki, azərbaycanlı alimləri və tədqiqatçıları müxtəlif dövlətlərin, ilk növbədə, Rusiya, Böyük Britaniya, İtaliya, Fransa, Almaniya, ABŞ, həmçinin Türkiyə, İran və digər ölkələrin arxivlərinə, muzeylərinə və fondlarına ezam etmək lazımdır. Bununla biz qədim və orta əsr Azərbaycanının tarixi haqqında biliklərimizi zənginləşdirmək, həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq və ermənilərin yalançı elminin formalaşdırdığı əfsanələri ifşa etmək imkanı qazanarıq.
- Sizcə, bu gün biz Ermənistan adlı dövlətin ərazisinin tarixi Azərbaycan torpaqları olması faktını dünya ictimaiyyətinə lazımınca çatdıra bilirikmi?
- Ölkə rəhbərliyi Azərbaycan, onun tarixi, mədəniyyəti və ənənələri haqqında həqiqətləri beynəlxalq ictimaiyyətə, dünya elminə və KİV-lərinə çatdırılması məsələsinə xüsusi önəm verir. Bu gün Azərbaycan bütün dünya üçün açıqdır, xarici qonaqlar ölkəmiz haqqında reallıqları əyani şəkildə görürlər. Hər il Azərbaycanda minlərlə tədbir, elmi konfrans keçirilir, görüşlər, qarşılıqlı səfərlər təşkil edilir və bütün bunlar, təbii ki, çoxlu sayda əcnəbi qonaqlara ölkəmiz və xalqımız haqqında həqiqi informasiya əldə etmək imkanı verir.
Azərbaycan haqqında həqiqətlərin yayılmasının digər vacib elementi mətbuatdır. Məncə, hazırda Azərbaycan KİV-ləri və resursları təşəbbüsü öz əlinə almış, erməni saxtakarlığına və yalanına operativ cavab verməklə yanaşı, həm də ölkəmiz və regionla maraqlanan tədqiqatçılar, mütəxəssislər üçün ciddi mənbəyə çevrilmişlər.
Buna baxmayaraq, hələ də bəzi məsələlər öz həllini gözləyir. Məncə, bu gün dünyanın müxtəlif dillərində çoxlu sayda KİV və elektron resursları yaratmaq vacibdir. Zəngin informativ, elmi-publisistik bazaları xarici dillərə tərcümə edərək dünyanın nüfuzlu informasiya meydanlarında, elektron resurslarda yerləşdirmək lazımdır. Yəni, yalnız Azərbaycan ilə bağlı materialların tərcümə olunması deyil, həm də onların bütün dünyaya yayılması təmin edilməlidir. Bu prosesə xaricdəki Azərbaycan diasporu, müxtəlif xarici ali məktəblərdə təhsil alan tələbələrimiz cəlb edilməli, onların Azərbaycan KİV-ləri, QHT-ləri və elmi ictimaiyyəti ilə qarşılıqlı əlaqəsi təmin olunmalıdır. Təsadüfi deyil ki, bu gün Azərbaycan dövlətinin ən çox diqqət yetirdiyi prioritetlərdən biri məhz budur.
- Bu gün demək olarmı ki, Azərbaycan Ermənistan ilə aparılan informasiya müharibəsində hücumdadır və bu, erməniləri çox narahat edir?
- Erməni yalanına və dezinformasiyasına qarşı informasiya müharibəsində Prezident İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə başlanmış hücum strategiyası artıq öz bəhrəsini verməkdədir. Bu gün erməni təbliğatı üçün öz ictimaiyyətini və dünya birliyini aldatmaq getdikcə çətinləşir, çünki biz alternativ mövqeyimizi və rəyimizi KİV-lərdə və internetdə fəal şəkildə ortaya qoyuruq. Hazırda dünyada internetdən, sosial şəbəkələrdən istifadə edən hər kəs bilir ki, erməni tərəfi mötəbər informasiya mənbəyi deyil. Azərbaycanın mövqeyi xüsusilə rusdilli və ingilisdilli internet-məkanında geniş təmsil olunur. Məncə, bu istiqamətdə fəallıq bir qədər də artırılmalı, erməni mətbuatı və təbliğatının vaxtaşırı ortaya atdığı yalanlara, saxtakarlıqlara dəqiq və sərrast cavab verilməlidir. Bunun üçün isə, artıq qeyd etdiyim kimi, nüfuzlu beynəlxalq KİV-lər, telekanallar və internet resurslarının imkanlarından istifadə etməliyik.
- Söhbətə görə minnətdarıq.
{nl}
Albina ATLIXANOVA, AzərTAc-ın müxbiri
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.