İnkişaf rəqabətin məhsuludur

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən düşünülmüş, gələcək inkişafa hesablanmış ardıcıl və məqsədyönlü sosial-iqtisadi siyasət digər sahələrdə olduğu kimi, informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunda da öz bəhrəsini vermişdir. Son illər sektor üzrə uğurlu nəticələr əldə edilmiş, ölkə və region üçün böyük əhəmiyyət kəsb edən layihələr həyata keçirilmişdir. Əldə olunan uğurlar və gələcək perspektivlər barədə suallarımızı Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov cavablandırmışdır.  
- Cənab nazir, Azərbaycanda İKT sektorundakı inkişafı necə xarakterizə edərdiniz?
- Azərbaycanda İKT sahəsində beynəlxalq təcrübəyə, qabaqcıl texnologiyalara və səmərəli tərəfdaşlığa əsaslanan fəaliyyət sayəsində əksər istiqamətlərdə müsbət nəticələr əldə edilmişdir. Təkcə 2004-2010-cu illərdə ölkədə İKT-dən əldə olunan gəlirlərin orta illik artım tempi ümumdünya göstəricisini 2,5-3 dəfə qabaqlamış və bu dövrdə özəl sektorun İKT bazarında payı artaraq 80 faizə çatmışdır. İKT bazarında azad rəqabət mühitinin formalaşdırılmasına xidmət edən islahatların, o cümlədən səmərəli özəlləşdirmə və tənzimləmənin həyata keçirilməsi ölkədə yeni sabit və mobil rabitə operatorlarının, İKT məhsul və xidmət istehsalçılarının yaranmasına və onların bölgənin İKT bazarının fəal iştirakçılarına çevrilməsinə səbəb olmuşdur.
Dünyanın aparıcı İT şirkətləri və nüfuzlu texniki və proqram məhsulları istehsalçıları ölkəmizdə öz nümayəndəliklərini açaraq çoxşaxəli fəaliyyət qurmuşlar. Azərbaycan İKT-nin əsas infrastruktur göstəricilərinə görə dünya üzrə orta səviyyəni keçmişdir. Məsələn, hazırda Azərbaycanda hər 100 nəfərə 110 mobil telefon düşür, əhalinin 65 faizi internet, onların yarısı isə genişzolaqlı internet istifadəçisidir və bu, ümumdünya orta göstəricisindən təxminən 2 dəfə yüksəkdir.
Ölkədə ən müasir standartlara uyğun milli telekommunikasiya, poçt və teleradio infrastrukturu formalaşmış və inkişaf etmişdir. MDB regionunda ilk dəfə olaraq Azərbaycanda bütün yaşayış məntəqələri telefonlaşdırılmış, sabit telefon şəbəkəsi tam elektronlaşdırılmış, ölkə üzrə vahid 7 rəqəmli nömrələmə sistemi və bir kanal vasitəsilə telefon, internet və televiziya xidmətlərindən istifadəyə imkan verən "Yeni nəsil şəbəkələri (NGN)" texnologiyası tətbiq olunmuşdur. Respublikanın bütün ərazisini əhatə edən fiber-optik magistral şəbəkələrinin qurulması və regional informasiya serverlərinin ölkəmizdə yerləşdirilməsi Azərbaycandan region ölkələrinə internet xidmətlərinin ixracını fəal surətdə artırmışdır.
Əhalinin 85 faizindən çoxunun yaşadığı ərazilərin rəqəmli televiziya yayımı ilə əhatəsi, poçt şöbələri tərəfindən bank-maliyyə xidmətləri göstərilməsi, "elektron hökumət"in formalaşdırılması ilə bağlı görülən işlər çərçivəsində "elektron imza"nın tətbiqi, "Elektron hökumət" portalının yaradılması, həmçinin "E-təhsil", "E-səhiyyə", "E-vergilər", "E-gömrük", "E-ədliyyə" və s. layihələrin reallaşması İKT sahəsində inkişafa təkan verən mühüm nailiyyətlər olmuşdur.
- Hazırda süni peykin orbitə buraxılması istiqamətində əsaslı işlər görülür və yaxın perspektivdə ölkəmizdə kosmik sənayenin yaradılması nəzərdə tutulub. Məsələnin texniki və kommersiya tərəfi aydındır. Maraqlıdır, sadə Azərbaycan vətəndaşı peykin orbitə buraxılmasından sonra sosial həyatında hansı dəyişikliyi hiss edəcək?
- Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 17 avqust tarixli, 443 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı"na uyğun olaraq cari ilin sonunda ilk telekommunikasiya peykinin orbitə çıxarılması nəzərdə tutulur. Yer səthinin müşahidə və tədqiqatı üzrə aşağı orbitli kiçik həcmli peykin orbitə çıxarılması isə 2013-cü ilə planlaşdırılır. Bu sahədə xarici peykin region üzərində icarəyə götürülməsi isə bu il həll olunmalıdır. Əsas və ehtiyat idarəetmə mərkəzlərinin tikintisinə başlanılmışdır və bu ilin avqust ayında idarəetmə sisteminin qurulması üçün peyk şirkətinə təhvil veriləcəkdir. Peyk və peykin idarəetmə və istismarı üçün ABŞ, Fransa və Malayziyada mütəxəssislərin hazırlığı aparılmış və bu proses bu il də davam etdiriləcəkdir. Qeyd edim ki, Azərbaycanın ilk telekommunikasiya peyki olan "Azerspace" orbitə buraxılacaqdır. "Azerspace" ABŞ-ın "Orbital Sciences" korporasiyası tərəfindən ən son texnoloji yeniliklərə əsaslanan "Star-2 Bus" platforması üzərində yığılır. Hazırda bu platforma üzərində yığılmış 22 peyk böyük müvəffəqiyyətlə istismar edilməkdədir. Həmçinin qeyd edim ki, peyk geostasionar orbitə Fransanın "Arianespace" şirkətinin öz yüksək etibarlılığı ilə seçilən "Ariane - 5" raket daşıyıcısı ilə çıxarılacaqdır.
Sualın ikinci hissəsinə gəldikdə isə bildirim ki, hazırda Azərbaycanda beynəlxalq və şəhərlərarası rabitənin bir hissəsi, radio-televiziya yayımının isə əsas hissəsi peyk rabitəsi vasitəsilə təşkil olunur. Böyük həcmli informasiyanın respublika daxilində və eləcə də tranzit olaraq digər ölkələrə ötürülməsində mövcud fiber-optik kabel şəbəkələrinə yeganə alternativ olaraq məhz peyk sistemlərindən istifadə olunur. Bu baxımdan, Azərbaycanda televiziya və radioyayım, eləcə də telekommunikasiya xidmətləri göstərən qurumlar tərəfindən müxtəlif peyklərdən tutumlar icarə edilir və buna böyük vəsait xərclənir. Həmçinin, ölkə ərazisinin relyefinin 50 faizindən artıq hissəsinin dağlıq ərazi olduğu və peyk rabitə sistemlərinin daha operativ təşkilinin mümkünlüyü nəzərə alınarsa, gələcəkdə bu xidmətə olan tələbatın təxminən 4 dəfəyə qədər artacağı gözlənilir. Buna görə də, Azərbaycanda peyk rabitəsi xidmətlərinin daha geniş və keyfiyyətli təşkili istiqamətində ölkəyə məxsus geostasionar peyklərin orbitə çıxarılmasının ölkə iqtisadiyyatına böyük töhfəsi olacağını düşünürəm. "Azerspace" peyki orbitə buraxılandan sonra Naxçıvan MR-in ərazisi də daxil olmaqla Azərbaycanın bütün ərazisində keyfiyyətli televiziya və radioyayımı, o cümlədən sürətli İP xidmətlərin, VPN və digər data xidmətlərin göstərilməsi təmin ediləcək, ötürülən məlumatlara daha yaxşı nəzarət ediləcək, distant təhsil və "e-səhiyyə" kimi digər proqramlar üçün ideal platforma yaradılacaq, yerüstü fiber-optik şəbəkənin zədələndiyi hallarda fəlakətin aradan qaldırılması üçün səmərəli və sürətli həll yolu olacaq, habelə rabitənin təhlükəsizliyinin təmin edilməsi üçün müasir şifrələmə texnologiyası ilə mühafizə olunan rabitə qurulacaq və ya hər hansı potensial təhlükəyə qarşı dərhal tədbirlər görülməsi mümkün olacaqdır. Bundan başqa, telekommunikasiya peykinin hazırlanaraq orbitə çıxarılması siyasi, iqtisadi, texniki sahədə əldə ediləcək əhəmiyyətli uğurlarla bir çox sahələrin inkişafına təkan verəcəkdir.
Bura qlobal informasiya məkanına inteqrasiyanın genişləndirilməsi, hüquqi və fiziki şəxslərin peyk şəbəkələrinə qoşulma imkanlarının təmin edilməsi, respublika ərazisində yaşayan əhalinin yüksək keyfiyyətli peyk rabitəsi, radio və televiziya yayımı ilə təmin edilməsi, ölkəmizdə ətraf mühitin monitorinqi və texnogen mənşəli fövqəladə halların proqnozlaşdırılması, dənizdə və quruda neft dağılmalarının miqyasının müəyyənləşdirilməsi kimi məsələlər daxildir. Yeni iş yerlərinin yaranması və sahə üçün mütəxəssislərin hazırlanması məsələlərini də əlavə etsək, onda süni peykin orbitə buraxılmasının həm əhali, həm də ölkəmiz üçün yeni töhfələr verəcəyini qeyd etmək lazımdır. Qeyd edilən və digər məsələlər bilavasitə respublikanın sadə vətəndaşlarının sosial həyatı ilə əlaqədar olduğundan peykin orbitə çıxarılması ilə bu məsələlərin həllinə nail olunacaqdır.
- Azərbaycan hansı beynəlxalq layihələrdə iştirak edir və onun respublikamıza faydası nədir?
- Bu gün Azərbaycan bir neçə böyük regional layihələrə cəlb olunub. Onlardan xüsusi olaraq "Trans-Avrasiya Super İnformasiya Magistralı" (TASİM), Regional İnnovasiya Zonası (RİZ), Azərbaycanın ilk telekommunikasiya peyki olan "Azerspace" və "Avropa-Asiya Yüksəksürətli İnformasiya Magistralı" layihələrini qeyd etmək olar.
Avrasiya regionunda dünyanın inkişaf etmiş cəmiyyətləri ilə müqayisədə insanların səmərəli qiymətlərlə internetə qoşulma imkanlarının məhdud olmasını, istehlakçıların qoşulma üçün həddən artıq yüksək haqq ödəməsini və regionun beynəlxalq qoşulmalarla zəif təchizatı sahəsində dünyada mövcud olan "rəqəmli fərqliliyi" nəzərə alaraq Azərbaycanın "Trans-Avrasiya Super İnformasiya Magistralı"nın" (TASİM) yaradılması təşəbbüsü ilə çıxış etməsi regional əhəmiyyətə malikdir. Bu layihə İKT-nin çox yüksək inkişafına malik olan iki nəhəng regionu - Qərbi Avropanı və Sakit okean hövzəsində olan Şərqi Asiyanı birləşdirərək magistral üzərində yerləşən, qonşu olan və qeyd olunan regionlarla müqayisədə zəif inkişaf etmiş təxminən 20 ölkəni əhatə edəcəkdir. Hazırda layihənin reallaşdırılması və beynəlxalq dəstəyin əldə olunması üzrə region ölkələri və beynəlxalq təşkilatlarla birgə işlər görülür. Avrasiya regionunda "rəqəmli fərqliliyi" aradan qaldırmaq və ümumilikdə iştirakçı ölkələrin bu layihənin sosial-iqtisadi səmərəliliyindən bəhrələnməsi məqsədilə Azərbaycan hökuməti sözügedən layihənin BMT-nin Baş Assambleyasında müzakirə edilməsinə və Assambleyanın 64-cü sessiyasında bu barədə qətnamənin yekdilliklə qəbul edilməsinə nail olmuşdur. Qətnamədə bu layihənin regionda nəinki İKT-nin, həmçinin minilliyin məqsədlərinə - yoxsulluğun və savadsızlığın azaldılmasına, ümumiyyətlə, sosial-iqtisadi inkişafın sürətlənməsinə təkan verəcəyi, eləcə də Azərbaycanın layihənin həyata keçirilməsi üzrə regional səyləri koordinasiya etmək təşəbbüsü alqışlanmışdır. Hazırda layihənin reallaşdırılması üzrə işlər davam etdirilir. Azərbaycanın "Europe Persia Express Gateway" layihəsində iştirak etməsi, ölkəmizin "texnoloji hub"a çevrilməsi strategiyasının bir hissəsi olaraq, Azərbaycanı yeni tranzit marşrutunun yaradılması üçün istifadə etməyə imkan yaradır. Güman edirik ki, Azərbaycanın bu layihədə iştirakı ölkəmizin beynəlxalq internetlə bağlantısını yaxşılaşdıracaq. Ümumilikdə Azərbaycan böyük coğrafi və kommersiya potensialına malikdir ki, bu da ölkənin "texnoloji hub" olmasına təkan verir. TASİM, "Azərkosmos", "Avropa-Asiya Yüksəksürətli İnformasiya Magistralı" və Regional İnnovasiya Zonası layihələri qarşıya qoyulan məqsədlərə çatmaqda bizə dəstək olacaq.
- "E-imza"nın tətbiqi artıq uğurla reallaşıb. Bizdə olan məlumata görə, bu günədək 900-ə qədər elektron imza sertifkatı reallaşdırılıb. "E-imza" insanlara nə kimi üstünlüklər verəcək? Cənab nazir, Siz özünüz "e-imza"dan istifadə edirsinizmi?
- Bu gün dövlət orqanları tərəfindən əhaliyə göstərilən elektron xidmətlərin böyük bir qismi, məsələn, rəsmi sənədlərin verilməsi, bəyannamələrin, ərizələrin təqdim olunması və s. xidmətlərə müraciət edən şəxslərin birmənalı olaraq identifikasiyasını tələb edir, həmçinin dövlət orqanları arasında elektron sənədlərin dövriyyəsini şərtləndirir. Bu baxımdan elektron imzanın tətbiqi əsas etibarı ilə əhalinin "elektron hökumət" xidmətlərindən geniş istifadəsinə şərait yaradacaq və informasiya mübadiləsi prosesində onların fərdi məlumatlarının təhlükəsizliyini və etibarlılığını təmin edəcəkdir. Elektron imza elektron xidmətlərə istifadəçilərin çıxış imkanlarını artıracaq, onlara daha müasir, rahat və keyfiyyətli xidmətlərin göstərilməsini, eləcə də "e-hökumət" və "e-ticarət" həllərindən istifadəni genişləndirəcəkdir. Sualınızın ikinci hissəsi ilə bağlı deyə bilərəm ki, bəli, "elektron imza"m var.
- İKT sektoru üzrə İnvestisiya Fondunun yaradılması məsələsi maraqla qarşılanıb. Bu fondun yaradılmasında məqsəd nədən ibarətdir?
- Bu fondu yaratmaqda əsas məqsəd İKT sektoruna daxil olan yeni Azərbaycan şirkətlərinə dəstək olmaq və bu yolla İKT sahəsinin inkişafına təkan verməkdir. İnvestisiya Fondunun qarşısında yeni elmtutumlu və innovasiyayönümlü layihələrin yaradılması, ixtisaslı mütəxəssislərin layihələrə cəlb olunması, mikro və nanoelektronika sahəsində istehsal, proqram təminatı və region bazarlarına informasiya verilməsi kimi vacib məsələlər üzrə dövlətin maliyyə resurslarından istifadə imkanı yaratmaq məqsədi qoyulmuşdur. İKT sahəsində fəaliyyət göstərən yerli şirkətlərin rəqabət qabiliyyətini artırmaq və bu şirkətlərə xarici investisiyaların cəlb olunmasına xidmət göstərmək fondun İKT sektorunun iqtisadi durumunun inkişafına yönələn prioritet fəaliyyət istiqaməti olacaqdır.
RİTN-in diqqət mərkəzində saxladığı əsas məqam İKT sahəsi üzrə yüksək biliklərə malik olan azərbaycanlı mütəxəssislərin işlə təmin olunmasıdır. İxtisaslaşmış İnvestisiya Fondunun vacib məqsədlərindən biri belə gənc istedadların yeni layihələr ətrafında cəmləşməsini təmin etməkdir. Fondun dəstəyi sayəsində elmi-tədqiqat və innovativ işlə məşğul olmaq istəyən mütəxəssislərin startap-layihələrə cəlb olunması, bu kimi yeni firmaların qısa müddət ərzində uğurla möhkəmlənməsi və mənfəət əldə edilən səviyyəyə çatmasına nail olmaq mümkün olacaqdır.
- İnternetin kəmiyyət, keyfiyyət və tarif siyasətində hər hansı bir yenilik gözlənilirmi?
- Hazırda Azərbaycanda internetin inkişafı üçün böyük potensial mövcuddur. Respublika ərazisinin fiber-optik magistral şəbəkələrlə tam əhatə olunması, bütün yaşayış məntəqələrinin telefonlaşdırılması, telefon şəbəkəsinin elektronlaşdırılması və mobil telefon şəbəkələrində 3G texnologiyasının, həmçinin yaxın gələcəkdə 4G (LTE) xidmətlərinin tətbiqi ölkənin istənilən nöqtəsində yüksəksürətli internetə çıxış imkanı yaradır. Bu seqmentdə özəl sektorun rolu davamlı olaraq artmaqdadır. Ölkədə 40-a yaxın internet xidmət provayderi və 600-dən çox internet-klub fəaliyyət göstərir. Hazırda ölkəmizin qlobal internet şəbəkəsində qoşulma sürəti 100 Gbitsaniyəni ötmüşdür ki, bu da respublikamıza bölgə ölkələrinə internet xidmətlərini ixrac etməyə imkan verir. Əhalinin internetdən istifadəsini genişləndirmək məqsədilə ölkədə son 4 ildə internetin qiyməti 10 dəfəyədək azaldılmışdır.
Bu sahədə gözlənilən yeniliklərə gəldikdə isə, ilk növbədə genişzolaqlı internet xidmətləri ilə bağlı mövcud vəziyyət, 2015-ci ilədək proqnozlar və eyni zamanda, Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Rəqəmli İnkişaf üzrə Genişzolaqlı Komissiyasının müəyyənləşdirdiyi hədəflərə uyğun olaraq hazırladığımız "Azərbaycanda genişzolaqlı internet xidmətlərinin inkişafı üzrə Fəaliyyət Proqramı"nı qeyd etmək istəyirəm.
- Ölkədə fəaliyyət göstərən mobil operatorlar dəfələrlə 3G xidmətinin göstərilməsi üçün texniki baxımdan tam hazır olduqlarını bildirdilər. Nazirlik lisenziya təqdim etdi və ölkədə bu xidmətin tətbiqi rəsmən təsdiqləndi. Xeyli müddət keçməsinə baxmayaraq, 3G xidməti əhali arasında populyarlaşmadı. Bu gün 4G texnologiyasının tətbiqi gündəmdədir...
- Ötən ilin noyabr ayında respublikamızda fəaliyyət göstərən digər iki mobil operatora da 3-cü nəsil (3G) mobil rabitə xidmətləri sahəsində fəaliyyət üçün xüsusi razılıq (lisenziya) verildi. Qısa müddət ərzində Azərbaycanda 3G xidmətindən istifadə edənlərin sayı təxminən 2 milyonu ötmüşdü. Təqdim olunan xidmət səviyyəsinin daha da artırılması, telekommunikasiya bazarının təhlil edilərək vaxtında uyğun tədbirlərin görülməsi onu deməyə əsas verir ki, yaxın gələcəkdə həmin xidmətdən istifadə edənlərin sayı daha da artacaqdır.
Yeni texnologiyalar nazirlik tərəfindən daim öyrənilir və tətbiqi üçün lazımi işlər görülür. 4G (LTE) xidmətinin tətbiqi ilə bağlı hazırda araşdırmalar və məsləhətləşmələr aparılır. Nəticəyə uyğun xidmətin respublikamızda tətbiqi məsələsi ilə bağlı yaxın vaxtlarda qərar veriləcəkdir.
- Bu il BMT-nin təşəbbüsü ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan İnternetin İdarə Olunması üzrə Beynəlxalq Forum haqqında fikirlərinizi bilmək maraqlı olardı...
- Çox sevindirici haldır ki, İnternet İdarəçilik Forumu (Internet Governance Forum-IGF) kimi mötəbər tədbirin bu il Azərbaycanda keçirilməsi planlaşdırılır.
Qeyd edim ki, respublikamızda informasiya cəmiyyətinin qurulması istiqamətində dövlət səviyyəsində məqsədyönlü işlərin aparılması nəticəsində, forumun Azərbaycanda keçirilməsi üçün təşəbbüs irəli sürülmüşdür. "İGF" katibliyi və bəzi ölkələr, xüsusilə də ABŞ, "İGF"-nin növbəti, yəni 2012-ci ildə keçirilməsi nəzərdə tutulan forumuna məhz Bakı şəhərinin ev sahibliyini tövsiyə etmişdir. "İGF" prosesini BMT-nin Baş katibinin müavini cənab Şa Zukanq əlaqələndirir və o, növbəti forumun iclasının Bakı şəhərində keçirilməsini arzulayıb. Bu gün "İGF" qlobal internet şəbəkəsinin dayanıqlı inkişafı və təhlükəsizliyinin təmin olunması funksiyasını yerinə yetirir və gələcəkdə internetin beynəlxalq idarə edilməsi prinsiplərini formalaşdırır. Tədbir genişmiqyaslı olub dünya ölkələrindən hökumət, özəl sektor, ictimai və beynəlxalq təşkilatlardan 2500-dək iştirakçını cəlb edir.
- İldən-ilə İKT sektoru yüksək templə inkişaf edir. Təbii ki, belə olan halda kadr potensialına da tələbat yaranır. İKT sahəsində kadr məsələsi necə həll olunur?
- Müasir tələblərə cavab verən İKT infrastrukturunun qurulması ilə bərabər, insan kapitalının da formalaşdırılması zəruri məsələdir. Bu istiqamətdə xüsusi olaraq "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" təsdiq olunmuş və bu Proqram çərçivəsində çoxlu sayda gənc dünyanın tanınmış universitetlərində təhsil alır. RİTN- də "İKT-nin İnkişafı Naminə İnsan Resursları Fondu" yaradılmış və dünyanın nüfuzlu informasiya texnologiyaları universitetləri ilə anlaşma memorandumları imzalanmışdır. Artıq 160-a yaxın gəncin bakalavr və magistr pillələrində dünyanın aparıcı universitetlərində təhsil almalarına dəstək verilir. Həmçinin, RİTN-in Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə həyata keçirdiyi "AzGRİD" layihəsi çərçivəsində yüksək texnologiyalar üzrə gənc alim və mütəxəssislərin hazırlanmasına, onların tanınmış beynəlxalq elmi mərkəzlərdə təcrübə keçməsinə dəstək göstərilir.
- Demək olar ki, bu gün dünyanın hər bir ölkəsində İKT sahəsində şəhərlə kənd arasında rəqəmsal fərq var. Bunu necə izah edərdiniz?
- Bu gün nəinki şəhər və kəndlər, həm də qitələr, regionlar və ölkələr arasında rəqəmsal uçurum mövcuddur. Qeyd edim ki, Beynəlxalq Telekommunikasiya İttifaqının 2011-ci il üzrə qiymətləndirmələrinə görə, internetin yayılma səviyyəsi inkişaf etmiş ölkələrdə 73,8 faiz, inkişaf etməkdə olan ölkələrdə isə 26,3 faiz, sabit telefon şəbəkəsinin inkişaf səviyyəsi Avropa ölkələrində 39,1 faiz, MDB ölkələrində 26,3 faiz, Afrikada 1,4 faiz, mobil şəbəkənin yayılma səviyyəsi Avropa ölkələrində hər 100 nəfərə 119 ədəd, MDB ölkələrində 143 ədəd, Afrika ölkələrində isə 53 ədəd təşkil edir. Dünyada mövcud olan rəqəmsal fərqi qeyd etmək üçün daha çox nümunələr göstərmək olar. Təbii ki, bu uçurum şəhər və kəndlər arasında da mövcuddur. Hər bir dövlətin İKT siyasətində əsas hədəflərdən biri də ölkədə sosial təbəqələr və coğrafi məkanlar arasında olan rəqəmli fərqi aradan götürmək və İKT-nin yaratdığı üstünlüklərindən ölkənin hətta ən ucqar yaşayış məntəqələrində yaşayan insanların istifadəsinə imkan yaratmaqdır.
Bu istiqamətdə Azərbaycanda da çox ciddi tədbirlər görülür və layihələr həyata keçirilir. Bu gün artıq ölkənin ən ucqar yaşayış məntəqələrində belə telefon rabitəsi imkanları yaradılmışdır, ölkənin telefon şəbəkəsi tam elektronlaşdırılmışdır və 1200 kənd ATS-dən 720-də optik bağlantı və ADSL xidməti göstərilməsi təmin edilmişdir.
Görülmüş işlərin nəticəsidir ki, son 5 il ərzində kənd ATS-lərinin elektronlaşması 71 faizdən 100 faizə, hər 100 nəfərə düşən sabit şəbəkə abunəçilərinin sayı kəndlərdə 5,9-dan 7,1-ə yüksəlmişdir. Bu bir dövlət, iki özəl şirkət tərəfindən Azərbaycan ərazisi optik kabel vasitəsi ilə informasiya şəbəkələri ilə təmin olunur. Artıq bütün rayon mərkəzləri və kəndlərin 30 faizi optik şəbəkəyə qoşulub. Bütün kəndlərin optik şəbəkə ilə tam əhatə olunması isə 2013-cü ilin birinci yarısına planlaşdırılıb. Hesab edirəm ki, şəhər və kəndlər arasında rəqəmsal uçurumun olmaması hər bir ölkənin İKT siyasətinin əsas istiqamətlərindən biridir və bu sahədə Azərbaycanda işlər məqsədyönlü şəkildə həyata keçirilir.
- Ölkədə İKT xidmətlərinin tətbiqi ilə bağlı mühüm işlər həyata keçirilir. Ancaq bu xidmətlərdən lazımi səviyyədə istifadə olunmur. Sizcə, səbəb nədir?
- Məlum olduğu kimi, kommunikasiya texnologiyaları, kompüterlər, mikroelektronika, nanotexnologiya və s. informasiya cəmiyyətinə keçidi təmin edən və informasiya texnologiyaları inqilabına səbəb olan texnologiyalardır.
Sözügedən inqilablar meydana gələndə onlardan ilk olaraq bəhrələnən və ya çox keçmədən müəyyən nəticələr əldə edən İngiltərə, Fransa, Almaniya, İsveç, ABŞ və s. ölkələr iqtisadi inkişafı təmin edən yeni texnologiyalar yaratdılar və dünya iqtisadiyyatında əhəmiyyətli yer əldə etdilər. Həmin ölkələr bunun məntiqi davamı kimi bu gün də İKT sahəsində dünyada lider ölkələrdəndir. Deməli, burada əhəmiyyət kəsb edən xüsusiyyət, dövrün mövcud müasir texnologiyalarının istifadə və istehsalını doğru şəkildə həyata keçirməkdir. Beləliklə, İKT sahəsində lider olmaq və iqtisadi inkişafı təmin etmək üçün informasiya cəmiyyətini səciyyələndirən informasiya və kommunikasiya texnologiyaları və digər yeni texnologiyaların ilk mərhələdə istifadəçisi və daha sonra istehsalçısına çevrilmək həyati zərurətdir. Yalnız belə olduğu halda ölkələr yüksək standartlar çərçivəsində inkişafı təmin edə bilirlər. Son illərin statistikası göstərir ki, Azərbaycan İKT sahəsində regionda liderliyini qoruyur. Bu, şübhəsiz ki, müəyyən faktorlara söykənir. Hələ bir neçə il bundan əvvəl Azərbaycanda İKT sektorunu inkişaf etdirmək barədə formalaşan "İKT sahəsi üzrə dünya standartlarına uyğun qanunvericiliyin formalaşması Azərbaycanı yaxın bir zamanda İKT üzrə regional liderə çevirə bilər" fikri zaman keçdikcə geridə qalmış oldu "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Elektron imza və elektron sənəd haqqında", "Elektron ticarət haqqında", "İnformasiya əldə etmək haqqında", "Telekommunikasiya haqqında", "Poçt haqqında", "Azərbaycan Respublikası əhalisinin dövlət reyestri haqqında", "Biometrik informasiya haqqında", "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının qanunları qəbul olundu. Bu qanunlarda rabitə və informasiya texnologiyaları sahəsi üzrə geniş islahatların aparılması, telekommunikasiya şəbəkələrində geniş modernləşmə işlərinin həyata keçirilməsi, xüsusiləşdirilmiş sərbəst iqtisadi zona-texnopark yaratmaq və s. nəzərdə tutulması gələcək perspektivlərin konturlarını müəyyənləşdirdi. Azərbaycanda İKT sahəsində əldə olunan uğurlar müvafiq olaraq cəmiyyətin xarakterinə də təsir etdi. Azərbaycanda informasiya cəmiyyətinin formalaşmasını daha da sürətləndirən və onun İKT sahəsində regionda liderliyini möhkəmləndirən amillərin sırasında insan faktorunu və rəqabəti unutmaq olmaz. İnkişaf rəqabətin məhsuludur və hər bir mərhələ müəyyən zaman tələb edir. İnnovasiya sistemlərindən bəhrələnərək İKT infrastrukturunun durmadan yüksəldilməsi əlaqəli olaraq digər proseslərin, o cümlədən istifadəçilər tərəfindən yeni texnologiyaların mənimsənməsi ilə bağlıdır.
Fikrimizcə, Azərbaycanda İKT istifadəçilərinin xidmətlərdən lazımi səviyyədə istifadə etməməsi barədə fikri təsdiqləmək mümkün deyildir. İzahatdan da göründüyü kimi, bütün dünyada yeni texnologiyalar o qədər sürətlə inkişaf etməkdədir ki, ilk növbədə, onun istifadəçilər tərəfindən mənimsənilməsi müəyyən vaxt tələb edir. Məsələn, 3G-dən istifadədə olduğu kimi. Bütün mobil operatorlar tərəfindən tətbiqinə cəmi bir neçə ay bundan əvvəl başlanılmasına baxmayaraq, artıq 2 milyondan çox istifadəçisi vardır. Bu müddət üçün heç də aşağı göstərici deyildir. Başqa bir misal internet-bankçılığı göstərmək olar. Çox az müddət içərisində respublikada bu xidmətlərdən yararlanan istifadəçilərin sayı artmaqdadır.
- Prezident İlham Əliyev bütün yerli və hətta mötəbər beynəlxalq tədbirlərdə, konfranslarda Azərbaycanda İKT sektorunun prioritet olduğunu, iqtisadiyyatın və gələcək inkişafın birbaşa bu sahə ilə bağlı olduğunu bəyan edir. Sizcə, cənab Prezidentin bu uzaqgörən siyasətinin təməlində hansı məqsədlər dayanır?
- Son illərdə dünyada informasiya və biliklərə əsaslanan rəqabətədavamlı iqtisadiyyatın qurulması, cəmiyyətin informasiya məhsulları və xidmətlərinə tələbatının dolğun ödənilməsi məqsədilə İKT infrastrukturuna və xidmətlərinə çıxışının təmin olunması mühüm əhəmiyyət kəsb edir. İnternet və texnologiyalar həyatımızın əvəzolunmaz tərkib hissəsinə çevrilmiş və iqtisadiyyatın elə bir sahəsi qalmamışdır ki, orada İKT-nin imkanlarından istifadə edilməsin. Bu məqamlar İKT-nin prioritet elan edilməsini şərtləndirən vacib amillərdir. Həmçinin, bu siyasət informasiya cəmiyyətinin inkişaf etməsinə, milli informasiya və kommunikasiya infrastrukturunun mütərəqqi texnologiyalar əsasında müasirləşdirilməsinə və ölkə üzrə əhatəsinin genişlənməsinə xidmət edir.
Cənab Prezident İlham Əliyev ilk dəfə İKT sektorunun prioritet sahə olduğunu elan edərkən Azərbaycan iqtisadiyyatının gələcəyinin bilavasitə bu sahə ilə bağlı olacağını vurğulamışdır. Bu gün tarixən təbii ehtiyatlara əsaslanan Azərbaycan iqtisadiyyatının texnoloji və innovasiya tutumlu iqtisadiyyata keçid məsələsi aktualdır. Təbii ehtiyatlardan əldə edilən gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsi uzunmüddətli inkişafa hesablanmış uzaqgörən siyasətin tərkib hissəsidir və iqtisadiyyatın bir çox sahələri arasından məhz İKT sektorunun ön plana çəkilməsi bilavasitə onunla əlaqədardır ki, İKT müasir həyatımızın ən gəlirli fəaliyyət sahəsinə çevrilmişdir. Fikirlərimi cənab Prezidentin "Euronews" telekanalına verdiyi müsahibə zamanı səsləndirdiyi "Mən Azərbaycanda informasiya texnologiyalarının gələcəyini neft və qazı öz zamanında əvəz edə biləcək bir sektor kimi görürəm" fikri ilə yekunlaşdırmaq istəyirəm.

{nl}

Müsahibəni qələmə aldı: M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında