Əli Kərimli Azərbaycana düşmən qüvvələrin əlində alətə çevrilmişdir

Nuhəli KƏRİMOV: Bütün qohum-əqrəba cana doyub, istəyirik yığışıb gələk Bakıya, deyək ki, daha bəsdir, əl çək bu xəyanətkar əməllərdən, Əli Kərimli!
AXCP sədri Əli Kərimlinin gəncləri dağıdıcı mitinqlərə, dövlətə qarşı xəyanətkar əməllərə çağırması, xarici himayədarlarının sifarişlərini yerinə yetirərək ölkədə çaşqınlıq yaratmaq cəhdi nəinki ölkə əhalisində, hətta onun yaxın qohumlarında da ikrah hissi oyatmışdır. Onun yaxınları həmin əməllərə etiraz əlaməti olaraq Yeni Azərbaycan Partiyasına üzv olaraq Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi xətti dəstəklədiklərini bildirmişlər.
AXCP sədrinin əmisi oğlu, orta məktəbdə onun müəllimi olmuş "Azərbaycan fermeri" qəzetinin baş redaktoru Nuhəli Kərimov redaksiyamıza müraciət edərək Kərimovlar nəslinin ağsaqqalı kimi Əli Kərimlinin xəyanətkar əməllərinə qarşı etirazını bildirmişdir:
- Nuhəli müəllim, istərdik öncə ölkəmizin inkişafı, beynəlxalq aləmdəki əlaqələri barədə fikirlərinizi bölüşəsiniz.
- Azərbaycanın sürətli inkişaf yoluna qədəm qoyması artıq dünya ictimaiyyətinə də bəllidir. Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş dövlət siyasətinin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi xalqımızı xoşbəxtliyə aparır, ölkəmizin dünya birliyindəki mövqeyini daha da möhkəmləndirir. Bu gün Azərbaycan dünyanın sürətlə inkişaf edən dövlətlərindəndir. Bunu təkcə ölkəmizin ziyalıları yox, dünyanın tanınmış ictimai-siyasi xadimləri, ekspertləri və iqtisadçıları da qeyd edirlər. Bu yaxınlarda ölkəmizdə səfərdə olan xarici qonaqlardan biri dedi ki, Azərbaycanın son 20 ildə əldə etdiyi nailiyyətlər 100 ildə əldə edilə biləcək uğurlara bərabərdir. Respublikamızın inkişafı, aparılan tikinti-abadlıq və yenidənqurma işləri göz qabağındadır. Azərbaycanın xarici siyasət sahəsində nail olduğu uğurlar da ən yüksək zirvəyə çatıb. Mən ölkəmizin BMT kimi çox nüfuzlu bir qurumun Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini nəzərdə tuturam. Bu seçkidə dünyanın 155 dövlətinin Azərbaycanı dəstəkləməsi o deməkdir ki, artıq ölkəmiz dünya miqyasında inkişaf etmiş demokratik ölkə kimi tanınır. Bu günlərdə Gürcüstanın Prezidenti Mixeil Saakaşvili ölkəmizdə səfərdə olarkən dedi ki, Azərbaycan təkcə sürətlə inkişaf edən ölkə deyil, həmçinin regionun lideri, qlobal səviyyədə tanınan dövlətdir. Azərbaycan bu gün müstəqil dövlət kimi həm ictimai-siyasi sabitliyinin davamlı olmasına, həm iqtisadi inkişafına, həm də insanların həyat səviyyəsinin yüksək olmasına görə bir çox dövlətlər üçün nümunədir.
- Bu qədər uğurlar qazanıldığı bir vaxtda adını müxalifət qoyan bəzi qruplar, xüsusilə də AXCP sədri Əli Kərimli niyə xalqı etiraz aksiyalarına, gəncləri dağıdıcı mitinqlərə çağırır?
- Yaşadığımız kəndin böyük hissəsi bir-biri ilə qohumdur. O cümlədən, Əli Kərimlinin də valideynləri, digər qohumları da bu kənddə yaşayır. Kərimovlar nəsli məni özlərinə ağsaqqal seçib. Doğrusu, belə bir əmin-amanlıq, bolluq dövründə Əli Kərimlinin insanları dövlətə qarşı etiraz aksiyalarına çağırması məni xeyli təəccübləndirdi. Yaxşı, indi nə istəyirsən? Bütün dünya Azərbaycandakı inkişafdan danışdığı halda Əli Kərimli bunları görmək istəmir. Mən bunu paxıllıqdan başqa bir şey adlandırmazdım. Bax, elə bu paxıllığına, Azərbaycanın beynəlxalq aləmdə artan reytinqinə qısqanclıqla yanaşdığına görə bu gün onun ətrafında bir nəfər də olsun tanınmış ziyalı, cəmiyyət tərəfindən qəbul edilən şəxsiyyət yoxdur. Əbülfəz Elçibəyin komandasından hazırda Əli Kərimlinin ətrafında heç kim qalmayıb. Onun ətrafındakıları görəndə qohum-əqrabamız xəcalət çəkir. Görün onlar kimlərdir: "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid, həmin qəzetin kommersiya direktoru olmuş Azər Əhmədov, Ruslan Bəşirli və digərləri. Diqqətli oxucular bu adamları çox yaxşı tanıyır, onların hansı əməllərlə məşğul olduqlarını da bilməmiş olmazlar. Bir neçə il öncə Azərbaycan xalqı göz yaşları ilə Xocalı soyqırımının ildönümünü yad etməyə hazırlaşdığı bir vaxtda Qənimət Zahidlə Azər Əhmədov Bakıda ən bahalı restoran - saunada rus qızları ilə eyş-işrətlə məşğul idilər. Hələ bir utanmaz-utanmaz saunada olarkən şəkillərini də çəkdirib internet səhifələrinə yerləşdirmişdilər. Sonralar Azər Əhmədov yaxın qohumu olan bir qız uşağı ilə millətimizi gözdən salan hərəkətlərlə məşğul oldu. Onun bu biabırçı hərəkətləri hamıya bəllidir. Hansı birini deyəsən? Saymaqla qurtaran deyil. Budur Əli Kərimlinin ətrafı. Biz belə şeyləri görəndə Əli kimi qohumumuzun olmasından xəcalət çəkirik. Ona görə də kəndimizdəki bütün qohumlar ondan üz döndərib. Hamı ona nifrət edir. Qohumlarımızın hamısı Əliyə etiraz əlaməti olaraq hamılıqla Yeni Azərbaycan Partiyasına üzv oldu. Artıq bütün qohumlarımız Əli Kərimlinin iç üzünə bələddir. Onun "Mənə xaricdən söz veriblər ki, sənin komandanı hakimiyyətə gətirəcəyik" deməsinə də inanan yoxdur. Bu iyrənc komandanın kimlərdən ibarət olduğunu dedim. Başı Azərbaycanın düşmənlərinin çirkli pullarına necə qarışıbsa, qohumların xeyrinə - şərinə də gəlmir. Yaxşı bilir ki, gəlsə də heç kim ona salam verməyəcək.
- Son vaxtlar Əli Kərimli gəncləri dağıdıcı mitinqlərə, dövlətə qarşı etiraz aksiyası keçirməyə çağırır. Siz bu aksiyaların keçirilməsinə bir əsas görürsünüzmü?
- Azərbaycanda hər kəs öz işi-gücü ilə məşğuldur. Son illər xeyli iş yerləri açılıb. Faydalı əməklə məşğul olanlar Əli Kərimlinin hər hansı bir çağırışına əhəmiyyət vermir. Onun sözlərinə inananlar tüfeylilərdir. Küçədə bir-iki ağız qışqırandan sonra Əlidən 5-10 manat alıb özlərini bir küncə verərək ya narkotik maddə qəbul edəcək, ya da spirtli içki alacaqlar. Ağıllı, düşüncəli gənclərin onun ətrafında nə işi var? "Yeni fikir" adlı Gənclər Birliyinin sədri Ruslan Bəşirli həbsxanadan məktub yazaraq, tutduğu əməllərə görə peşman olduğunu bildirib. Yəqin ki, xatırlayırsınız, 6-7 il əvvəl Əli Kərimli ona da şirin vədlər verərək, aldadıb Tbilisiyə - ermənilərlə danışıqlara göndərmişdi. Sonradan o, özü hər şeyi etiraf etdi. 7 ilə yaxındır ki, həbsxanadadır. Gəlin görək, Əli Kərimli bu müddət ərzində bir dəfə də olsun onunla maraqlanıbmı, ailəsinə baş çəkibmi? Xeyr! Ötən il aprelin 2-də aldadıb mitinqə gətirdiyi gənclərdən biri də peşman olduğunu, onu aldatdıqlarını bildirib və dövlət başçısından əfv olunmasını xahiş edir. Mən də qəzetlərdən oxudum. O, tutduğu əməldən peşman olduğunu bildirir. Sən demə, onu da Əli Kərimlinin yanında dolaşan - guya müşavirdi - çirkli pullardan faydalanan öz dayısı aldadıbmış. Ümumiyyətlə, Əli Kərimlinin insanları aldatmaq köhnə peşəsidir. O, hələ orta məktəbdə oxuyanda da yalançı idi. Onun elçiləri tez-tez kəndə gəlib pulla mitinqlərə adam toplamaq istəyirdilər. Onları elə qovmuşuq ki, bir daha gələ bilməzlər.
- O, heç bir yerdə işləmir. Bəs bu qədər pulu haradan alır?
- Əli Kərimli Azərbaycana düşmən olan qüvvələrin əlində alətə çevrilib. Bu qüvvələr çirkli pullardan Əli Kərimliyə ötürür və müəyyən tapşırıqlar verirlər. Əsas tapşırıqları da ölkədə iğtişaşlar törətmək, etiraz aksiyaları təşkil etmək, icazəsiz mitinqlər keçirməkdir. Mitinqdə isə, asayiş keşikçiləri ilə qarşı-qarşıya durmaq və mütləq yaralanmaqdır. Ən azı özləri-özlərinə xəsarət yetirib onlara verilmiş çirkli pulları "yumalıdırlar". Əli Kərimlidən soruşmaq lazımdır ki, gəncləri mitinqlərə çağırırsan, bəs sənin oğlun haradadır? Öz oğlunu Londonda hər cür şəraiti olan, tam təhlükəsiz bir yerdə yerləşdirib, camaatın uşaqlarını isə burada dağıdıcı mitinqlərə çağırır. İndi ki, xalqa belə canıyanansan, öz oğlunu da mitinqçilərə qoş. Onun oğlu Londonda orta məktəbdə oxuyur. Buna görə Əli Kərimli hər il 41 min dollar təhsil haqqı ödəyir. Haradan alır bu pulları? Hamısı dediyim kimi, ölkəmizə düşmən olan qüvvələrin, erməni lobbisinin verdiyi pullardır. Bütün qohum-əqrəba cana doyub, istəyirik yığışıb gələk Bakıya, deyək ki, daha bəsdir, əl çək bu xəyanətkar əməllərdən. Bəsdir bizi xəcalətdə qoydun. Bir ətrafına bax, gör əhatəndəkilər kimlərdir. Belə bir məsəl var, dostunu göstər, kim olduğunu deyim. Gec də olsa, xəyanətkar əməllərdən əl çək, sən də Vətən, xalq, millət üçün faydalı bir iş gör.

{nl}

Söhbəti qələmə aldı: Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında