Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət nəticəsində ölkəmiz regionun ən qüdrətli iqtisadiyyatına malik dövlətinə çevrilmiş, beynəlxalq aləmdəki nüfuzu daha da artmışdır. Respublikamızın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası kimi mötəbər bir quruma qeyri-daimi üzv seçilməsi də dövlət başçımızın həyata keçirdiyi uğurlu xarici siyasətin məntiqi nəticəsidir. Azərbaycanda hər sahədə nəzərə çarpan sürətli inkişaf və xarici siyasətdə əldə edilən misilsiz nailiyyətlər dünyadakı diasporumuzun fəaliyyətini genişləndirməsinə də müsbət təsirini göstərmişdir. Amma xaricdəki diaspor təşkilatlarımızın əsas hissəsini gənclər təşkil etdiyinə görə ötən dövr ərzində onların mütəşəkkil bir şəkildə təşkilatlanmasına ciddi ehtiyac yaranmışdı.
Martın 12-də Bakıda, "Gülüstan" Sarayında hökumət və dövlət nümayəndələrinin, xaricdə yaşayan azərbaycanlı gənclər tərəfindən təsis edilmiş və respublikada fəaliyyət göstərən gənclər təşkilatlarının təmsilçilərinin, dünyanın nüfuzlu ali məktəblərində təhsil alan fəal azərbaycanlı tələbələrin, həmçinin Azərbaycan diaspor təşkilatlarının rəhbərlərindən ibarət 500-dək nümayəndə və qonağın iştirakı ilə Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayının keçirilməsi də məhz bir sıra xarici ölkələrdə yaşayan gənclərin təşkilatlanmasına yönəlmiş addım idi. Şübhəsiz ki, bu məsələdə ölkəmizdəki gənclərin fəaliyyəti də əhəmiyyətli rol oynayacaqdır. Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucovla söhbətimiz də bu mövzuda oldu. O dedi:
- Azərbaycan Respublikası müstəqilliyini yenidən bərpa etdikdən sonra iyirmi il ərzində tarixi və şərəfli bir yol keçmişdir. Ötən illərdə milli dövlətçiliyimiz xeyli möhkəmlənmiş, ölkəmiz bir çox sahələrdə, o cümlədən iqtisadi inkişafda böyük uğurlar qazanmış, qüdrətli ordu yaradılmış, respublikamızın regionda və beynəlxalq aləmdə nüfuzu artmışdır. Bu inkişafa gənclər də öz töhfələrini vermişlər. Ümummilli liderimiz Heydər Əliyevin nurlu yolunu müasir tələblərə uyğun yeni çalarlarla zənginləşdirərək davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında sıx birləşmiş gənclərimiz ictimai-siyasi, sosial-mədəni sahədə uğurla fəaliyyət göstərmiş, ümumi inkişafımızda mühüm rol oynamışlar.
Hər kəsə məlumdur ki, Azərbaycanın müstəqilliyinin ilk illərində, yəni 1990-1993-cü illərdə gənclər müxtəlif siyasi düşərgələrə, silahlı qruplaşmalara cəlb edilmiş, daxilimizdəki bədxahlar gənclərimizin pərakəndəliyindən istifadə edərək toqquşmalar, qarşıdurmalar yaratmışdılar. Həmin illərdə nə gənclik dövlətə bağlı idi, nə də dövlət gənclərlə məşğul olurdu. Vahid dövlət siyasəti olmadığından gənclərimiz Vətənimizə, millətimizə layiqli vətəndaşlar kimi formalaşa bilmirdilər. Lakin ümummilli liderimiz Azərbaycanda yenidən hakimiyyətə qayıtdıqdan sonra dövlətimizi, dövlətçiliyimizi xilas etməklə yanaşı, gənclərə diqqət və qayğını özündə ehtiva edən dövlət siyasətini də müəyyənləşdirdi. 1994-cü ilin əvvəlində məhz Heydər Əliyevin fərmanı ilə ilk dəfə Azərbaycanda Gənclər və İdman Nazirliyi yaradıldı. Nazirliyin yaradılmasında əsas məqsəd gənclərin problemlərini diqqət mərkəzində saxlamaq, onları səfərbər etmək və ölkəmizin inkişafında gənclərin yaxından iştirakını təmin etmək idi.
Bundan sonrakı dövrlərdə də gənclərlə bağlı bir sıra əhəmiyyətli addımlar atıldı. Konkret olaraq keçən il Prezident İlham Əliyev tərəfindən "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı haqqında" Sərəncamın imzalanması da bu mənada xüsusi əhəmiyyətə malikdir. Həmin sənəd bir daha göstərir ki, Azərbaycan dövləti gəncliyin inkişafına xüsusi diqqət yetirir. "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Proqramının icrası nəticəsində gənclərin məşğulluq, təhsil, asudə vaxtlarının təşkili və digər məsələləri həll olunacaq. Gənclər üçün xüsusi fond yaradılacaq və o fondun xətti ilə müxtəlif proqramlar həyata keçiriləcək. Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı iştirakçılarına ünvanladığı müraciətdə qeyd etdiyi kimi, Azərbaycanın gələcəyi gənclərimizin təhsilindən, yeniliyi tətbiq etmək bacarığından, vətənpərvərliyi və milli-mənəvi dəyərlərə sədaqətindən asılıdır. Odur ki, gənclərin hərtərəfli inkişafı, sosial problemlərinin həlli və cəmiyyətdə layiqli yer tutması üçün əlverişli şəraitin yaradılması dövlət siyasətinin başlıca istiqamətlərindəndir.
Hazırda ölkəmizin müasirləşdirilməsi, modernləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılır. Azərbaycan gəncləri yenilikçi olmaqla bu prosesə, müasir çağırışlara təkan verirlər. Sevindirici haldır ki, gənclərimiz təkcə ölkə daxilində deyil, ölkəmizdən kənarda, dünyanın bir sıra nüfuzlu dövlətlərində də fəallıq nümayiş etdirir, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması istiqamətində məqsədyönlü və ardıcıl iş aparırlar. Bu sahədə uğurlarımız da az deyil. Hazırda xarici ölkələrdə fəaliyyət göstərən 50-dən çox azərbaycanlı gənclər təşkilatı ümummilli məsələlərdə hər zaman vahid mövqedən çıxış edir, Azərbaycanın maddi-mədəni irsinin təbliğində fəallıq göstərirlər. "Xocalıya ədalət - Qarabağa azadlıq" beynəlxalq kampaniyası buna ən gözəl nümunədir. Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyeva tərəfindən başlanan kampaniya artıq öz nəticəsini vermişdir. Azərbaycan hakimiyyətinin də dəstəyi ilə dünyanın 70-dək ölkəsində aksiyalar, konfranslar keçirilmiş, İstanbulun Taksim meydanında izdihamlı yürüş-mitinq baş tutmuşdur. Bundan əlavə, müxtəlif ölkələrin parlamentləri qarşısındakı etiraz aksiyaları keçirilmiş, bir sıra ölkələrin nüfuzlu media qurumlarında Xocalı soyqırımı ilə bağlı məqalələr dərc olunmuş, yaşanan dəhşətli faciənin şəkilləri nümayiş etdirilmişdir.
Əldə edilən bütün nailiyyətlərə baxmayaraq, gənclərin vahid qurum şəklində fəaliyyət göstərməsi və bu qurumun müxtəlif təşəbbüslər, layihələr həyata keçirməsi çox vacib idi. Çünki bu, gələcəkdə Azərbaycan diasporunun güclənməsinə böyük töhfə verərdi. Ona görə də hələ 2010-cu ilin noyabrında Frankfurtda Dünya Azərbaycanlı Gənclərin I Konqresində Dünya Azərbaycanlı Gənclər Birliyi kimi bir qurumun yaradılması barədə təşəbbüslər irəli sürülmüşdü. Ötən iki il ərzində iş aparılmış və bu il martın 12-də "Gülüstan" sarayında Diasporla İş üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi, gənclər siyasəti ilə məşğul olan digər dövlət və ictimai qurumlarımızın, o cümlədən xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının iştirakı ilə Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı keçirilmişdir. Belə mühüm bir təşkilatın yaradılması, şübhəsiz ki, ölkəmizdə və dünyada yaşayan çoxmilyonlu Azərbaycan gəncliyi arasında həmrəyliyin, birliyin möhkəmlənməsinə əhəmiyyətli təsir göstərəcəkdir. Həqiqətlərimizin dünya birliyinə çatdırılmasına, əsasən də Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında müxtəlif ölkələrdə məlumatların dəqiqləşdirilməsinə imkan verəcəkdir. Dünya Azərbaycanlı Gənclər Birliyinin yaradılması gənclərin diaspor fəaliyyətində iştirakını daha da gücləndirəcək.
Fikrimi Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı iştirakçılarına ünvanladığı müraciətlə tamamlamaq istərdim. Dövlət başçımız demişdir: "Düşünürəm ki, Dünya Azərbaycanlı Gənclər Birliyi gənc nəslin mütəşəkkilliyinin artırılması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, diasporun möhkəmləndirilməsi və mədəni irsimizin təbliği istiqamətində gənclərimizin fəaliyyətini daha yaxşı əlaqələndirməyə imkan verəcəkdir. İnanıram ki, bu mötəbər məclisin keçirildiyi gün Azərbaycan gənclər hərəkatının tarixinə əlamətdar hadisə kimi daxil olacaqdır".
{nl}
Söhbəti qələmə aldı: Rauf KƏNGƏRLİ, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.