Əsrlərin mis yaddaşı

Soydaşımız, avtomobil mühəndisi, "Azərbaycan bayrağı" ordenli Qarabağ müharibəsi veteranı Şahid Həbibullayevin illərdən bəri misilsiz bir həvəslə, min bir əziyyətlə topladığı və bərpa etdiyi qədim mis əşyalar, 3 mindən çox xalq məişəti nümunələri kolleksiyası artıq nadir bir misgərlik muzeyi kimi ölkəmizdə və ondan uzaqlarda yaradıcısına geniş populyarlıq gətirmişdir.
Nüfuzlu qəzet-jurnallar onun haqqında yazır, telekanallar bu nadir xəzinədən filmlər çəkir. Tayı-bərabəri olmayan bu eksponatların yaxın-uzaq ölkələrdə nümayişi Azərbaycanın qədim, zəngin mədəniyyəti ilə tanışlığa qapı açır, ölkəmizin bugünkü həqiqətlərindən söz açmaq üçün fürsət yaradır. Sevindiricidir ki, ən qədim insan məskənlərindən biri olaraq açıq səma altında nadir muzeyə çevrilmiş Qobustan, orta əsrlərin Şərq memarlığı incisi İçərişəhər, ulu muğam və saz sənətimiz kimi, Şahid Həbibullayevin yaratdığı analoqu olmayan bu muzey də YUNESKO-nun himayəsi ilə bəşəri irs kimi dəyərləndirilib. Bu muzeyin eksponatlarına ölkəmizdə və xaricdə kimlər baxmayıb? - adi adamlar, siyasətçilər, sənət biliciləri, gözəllik aşiqləri...
Muzey bənzərsiz olduğu kimi, onu ərsəyə gətirən soydaşımız da bir sıra xüsusiyyətləri ilə heç kəsə bənzəmir. Fərasətlidir, açıqürəklidir, iradəlidir, cəsarətlidir, mərddir, səxavətlidir. Yeri gələndə tünddür, amansızdır. İstəyinə çatmaq üçün namərdlikdən başqa, hər yola əl atır. Haqlı olanda qalma-qaldan belə çəkinmir. Var-dövlətə nifrət etsə də pul qazanmağı bacarır. Əlinə düşəni illər boyu kolleksiyasını zənginləşdirməyə sərf edib. Son qəpiyini belə bütün varlığı ilə bağlandığı kolleksiyaçılıqdan əsirgəmir. Bütün bunlar bir yerdə böyük gücə, imkana çevrilib zəngin bir xəzinə yaratmaqda ona kömək olub.
Bu xəzinədə nələr yoxdur... Bir-birindən yaraşıqlı mis samovarlar, qazanlar, məcməyilər, səhənglər, sərpuşlar, kasalar, ləyənlər, çıraqlar, qəndillər, qılınclar, xəncərlər... Bir sözlə, adi evlərdən tutmuş saraylaradək insanlara gərək olmuş mis əşyalar... Özü də elə əşyalar ki, maddi dəyəri ilə yanaşı, həm də sənət nümunəsi kimi də qiymətli olub. İndi isə iri-xırdalığından, baha-ucuzluğundan asılı olmayaraq ötən əsrlərin nadir yadigarları kimi hər biri yüksək estetik dəyər daşıyır.
Bu nümunələrin hər birinin öz dövrü ilə bağlı, bu gün üçün önəm daşıyan tarixçəsi var. Şahid Həbibullayevin onları əldə etməsinin də ayrıca tarixçələri var. Mis əşyaların min bir naxışı qədim sənətkarların məharətinin nişanəsidir. Yazılar, işarələr, nişanlar da dünənin izi, sözü kimi çox mətləbləri qoruyub saxlayıb. Elə əşya var ki, çox böyuk qiyməti olsa da Şahid müəllim onu atılmış bir əşya kimi, bəzən də metal tullantısı kimi əldə edib. Eləsi də var ki, insafsız dəllaldan od qiymətinə alıb. Bəzən bir samovarın gövdəsini ölkənin bu tərəfindən, lüləyini, dəmkeşini, ayağını tamam başqa səmtindən tapıb. Birini yayın qızmarında, o birini qarda-çovğunda tapıb-gətirib.
Bu insanda bu qədər həvəs, güc, dözüm hardandır? Şahid Həbubullayevin rəhbərlik etdiyi "Magistral - Ekspress" ASC-nin bir neçə böyük otağını bəzəyən, çətinliklə toplandığı kimi, böyük diqqətlə də bərpa olunan, səliqə-sahman və nizamla yerbəyer edilən, adamı heyrətə gətirən əşyalarla ötəri tanışlıqdan sonra bu sualımıza cavab istədik. Adi bir insan kimi tez isinişib yaxınlaşdığımız Şahid müəllimin yaratdığı möcüzə ilə tanışlıq onu qeyri-adi bir məxluq, müqəddəs bir missiya daşıyıcısı kimi az qala əlçatmazlığa yüksəldirdi. Danışdıqları, anlatdıqları ilə müsahibimiz bu yaxın-uzaqlıq arasında boşluğa körpü saldı:
- 1952-ci ildə Oğuz rayonunun Muxas kəndində anadan olmuşam. Atamın sərt təbiəti ilə nənəmin həlimliyi arasında böyümüşəm. Xalq həyatının hər üzünü görmüşəm. Uşaqlıqdan əlimdən hər iş gəlir. Elə bu əşyaların çoxunu da özüm bərpa etmişəm. Ailəmizdə, ətrafımda çeşidli mis əşyalar olub. Onların gözəlliyi məndə qəribə duyğular yaradıb. Bu mis əşyalarla mənim daxili aləmim arasında nəsə maqnit kimi bir cazibə olub həmişə. Sanki, qanımda da mis tozu axır, nəfəsim mis qoxuyur. Mis mənə qəribə rahatlıq, xoşhallıq gətirir. Üz-gözümü görürsənmi, mən özüm də mis rəngindəyəm. Elə bil içimdə mis əriyir. Bu muzeyin kökü mənim içimdədir, bu gördükləriniz onun qol-budağıdır...
Bu yerdə müsahibim susdu və sonra qəti hərəkətlə dedi:
- Saqqızımı oğurladınız, mən danışmağı sevən deyiləm. Mənim sözümü bax bu qablar, əşyalar danışır. Onlar mənim insanlara demək istədiklərimdi. Xarici səfərlərdə, sərgilərdə dilini bilmədiyim adamlara bu dilsiz əşyalar mənim sözlərimi elə çatdırır ki, heç tərcüməçiyə ehtiyac olmur. Mənə söz veriləndə isə deyirəm ki, belə gözəl əşyalar, sənət nümunələri düzəldən xalq vəhşi, zalım ola, özgə torpağı işğal edə bilərmi?
Əgər ermənilər hər yerdə yalandan dedikləri kimi "ali" bir xalqdırsa qoy onlar da belə bir sərgi düzəltsinlər. Onlar məşğul olduqları sənətlərlə belə bir gözəllik yarada bilməyiblər. Onların sənəti adamların başını aldadıb, cibinə girməyə xidmət edib. Mən bu muzeylə elə bir həqiqəti dünyaya çatdırmağa çalışıram ki, onu başqa yolla etmək bu qədər təsirli, kəsərli olmur. Erməni eybəcərlikləri xalqımızın yaratdığı bu gözəlliklərlə müqayisədə daha aydın görünür...
Şahid Həbibullayev oğru, xain, vəhşi, qəsbkar ermənilərlə üzbəüz də döyüşüb. Qarabağ savaşı başlananda yaşına və tutduğu rəhbər vəzifəyə görə orduya çağırılmaqdan azad olsa da, özünə silahdaşlar toplayaraq müharibəyə gedib. Füzuli bölgəsində rəhbərlik etdiyi tabor düşmənin 40 kilometrədək geriyə oturdulmasında hünər göstərib, öndə olub. Döyüşlərdə yaralanıb...
Şahid müəllim avtomobil mühəndisi kimi də seçilib, irəli gedib. 26 yaşında rəhbər işə çəkilib. Tabeliyindəki sürücü ilə, çilingərlə dost-yoldaş olub. Yeri gələndə maşınlardakı nasazlığı özü aradan qaldırıb. Həmişə işi irəli aparıb. Yuxarıların yanında işçinin tərəfini saxlayıb, nöqsanı üzə deyib.
Bu gün çörəyini yenə hər üzünə bələd olduğu peşəsi ilə çıxardır. Ailəsini də dolandırır, ehtiyacı olanlara da əl tutur. Üstəlik, heç də asan başa gəlməyən, az xərc tutmayan belə bir qiymətli muzey yaradıb. Şübhəsiz, bu muzeyin ərsəyə gəlməsində başlıca işi Şahid Həbibullayevin cibindən çox, qəlbinin zənginliyi, Vətən sevgisinin, xalq təəssübkeşliyinin hüdudsuzluğu görüb. Bu muzeylə o, xalqımızın dünəni ilə sabahı arasında yaddaş, gözəllik körpüsü yaratmağa çalışıb. Bununla xalqımızın adını, tarixini mötəbər ünvanlara qovuşdurub. Sonda dedikləri də elə bununla bağlı oldu:
- Düzdür, mən bu muzeyi yaratmışam. Amma Heydər Əliyev Fondunun rəhbəri, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın verdiyi yüksək qiymət, dəstək olmasaydı mən əsas məqsədimə - bu xəzinəni dünyaya çıxartmaqla, xalqımızı bir az da çox tanıtmağa nail ola bilməzdim.
İndi Şahid Həbibullayevi ölkəmizdən kənarda tanıyanların, bu muzeydən xəbərdar olanların sayı az deyil, getdikcə də artır. Mis yaddaşımızın söylədiyi həqiqətlər Azərbaycana rəğbət və nüfuz gətirir.

{nl}

Tahir AYDINOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında