Ölkəmizə rəsmi səfərə gələn Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviç martın 12-də Azərbaycan Televiziyasına müsahibə vermişdir. AzərTAc müsahibəni təqdim edir.
-Cənab Prezident, Siz bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb müzakirələr apardınız. Görüşünüz necə keçdi?
- Bu çox maraqlı və səmərəli görüş oldu. Xüsusilə də iqtisadi sahədə müzakirə apardıq. Bu müzakirələrdə hər iki tərəfdən iqtisadi sahənin mütəxəssisləri də iştirak edirdilər. Bu gün axşam hər iki ölkəni təmsil edən şirkət nümayəndələrinin iştirakı ilə biznes forum keçiriləcəkdir. Demək olar ki, bu bizim razı qala biləcəyimiz görüşlərdən biridir.
-Cənab Prezident, Azərbaycan ilə Xorvatiya arasında münasibətlərin bugünkü vəziyyətini necə qiymətləndirirsiniz?
- Ölkələrimiz arasında, sözün əsl mənasında, gözəl münasibətlər mövcuddur. Biz bütün mühüm məsələlərdə qarşılıqlı anlaşma əldə etmişik. Biz gənc ölkələrik və düşünürəm ki, bir-birimizin mövqelərini çox gözəl anlayırıq.
- Hansı sahələrə qarşılıqlı sərmayələr yatırmaq mümkündür?
- Çox gözəl siyasi əlaqələrlə yanaşı, biz iqtisadi münasibətlərə investisiya yatırmalıyıq. Enerji, neft, qaz, turizm, gəmiqayırma və digər sahələr kimi iqtisadi əlaqələrin bir neçə istiqamətində əməkdaşlığı artırmaq üçün hər iki tərəf maraqlıdır. Artıq həm Azərbaycanda, həm də Xorvatiyada hər iki ölkədən olan şirkətlər fəaliyyət göstərir. Məsələn, Azərbaycan üçün 5-6 gəmi hazırlanır, digər tərəfdən ölkənizdən neft idxal edirik.
- Konkret olaraq turizm sahəsində hansı əməkdaşlıq formalarına üstünlük verilə bilər?
- Xorvatiya turizm ölkəsidir. Bizim ölkəyə təkcə Avropadan deyil, Yaponiya, Çin, Avstraliya və Cənubi Amerikadan da çox sayda turist gəlir. Axı nəyə görə sizin ölkədən də olmasın?! Digər tərəfdən, sizin gözəl, olduqca əhəmiyyətli mədəni irsə malik ölkəniz vardır. İkinci dəfədir ki, buradayam. Lakin prezident kimi ilk rəsmi səfərimi həyata keçirirəm. Ölkənizi bəyənirəm və düşünürəm ki, bu zəngin mədəniyyəti öyrənmək üçün hər kəs buraya gəlib, bu zəngin mədəniyyətdən bəhrələnə bilər.
- Xorvatiya dost ölkə olaraq Azərbaycan şirkətlərinin sərmayələri üçün xüsusi, əlverişli şərait yarada bilərmi?
- Bizim bütün investorlarla bağlı problemlərimiz olur. Biz başa düşürük ki, qanunvericiliyimiz heç də həmişə investorlar üçün əlverişli olmur. Biz hazırda qanunvericiliyə bir sıra dəyişikliklər edirik. Biz yeni hökumətik və yeni hökumət də ölkəmizin, ilk növbədə, müxtəlif imicini formalaşdırır. Bu səbəbdən Baş nazirin birinci müavini, iqtisadiyyat naziri cənab Çaçiç bu səfərdə məni müşayiət edir. O, olduqca mühüm təmaslar quracaqdır. Mən, həmçinin Prezident İlham Əliyevin bəyanatından çox məmnun oldum ki, azərbaycanlı investorlar sosial cavabdehliyə xüsusi önəm verirlər. Bu da mühüm əhəmiyyət kəsb edir. Biz bu məsələyə çox həssas yanaşırıq. Fikrimcə, bu, gələcək əməkdaşlıq üçün çox gözəl bir zəmindir.
- Azərbaycanın kənd təsərrüfatı məhsullarının Xorvatiyaya ixracı perspektivlərinə necə baxırsınız?
- Mən artıq burada çox gözəl meyvə-tərəvəz məhsullarını tapdım. Bizdə də müxtəlif çeşidli, çox dadlı məhsullar vardır. Əlbəttə, düşünürəm ki, sizin məhsullarınıza maraq olacaqdır. Eyni zamanda, ümid edirəm ki, sizdə də bizim təkcə kənd təsərrüfatı məhsullarına deyil, kənd təsərrüfatı infrastrukturuna maraq oyanacaqdır. Bizim bu sahədə kifayət qədər təcrübəyə malik mütəxəssislərimiz vardır. Hesab edirəm ki, bu sahədə əməkdaşlıq edə bilərik.
- Xorvatiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə və Azərbaycanın ərazilərinin işğal olunması faktına münasibəti necədir?
- Biz sizin mövqeyinizi başa düşürük. Cənub-Şərqi Avropada, Xorvatiyadakı müharibə zamanı ölkəmizin ərazisinin üçdəbiri işğal olunmuşdur. Əfsuslar ki, biz savaşmalı olduq və sonuncu həlledici döyüşdə qalib gəldik. Amma digər tərəfdən bu, itkilərə səbəb oldu. Danışıqlar aparmaq hər zaman daha yaxşıdır. Buna görə də biz sizin mövqeyinizi dəstəkləyirik. Danışıqlar yolu daha yaxşıdır. Xüsusilə ona görə ki, bizim təcrübəmizin digər bir tərəfi də vardır. Müharibə bitdikdən sonra belə Xorvatiyanın şərqi torpaqlarının bir hissəsi hələ də işğal altında idi. Həmin ərazilərin Xorvatiya dövlətinə təkrar inteqrasiyası ilə bağlı BMT-nin dəstəklədiyi xüsusi bir proqram hazırlanmışdır. Bu çox uğurlu oldu. Artıq ölkəmiz sülh şəraitində yaşayır. Burada inteqrasiya olunmuş milli azlıqlar da vardır. Bu, doğrudan da, uğurlu bir proqram idi. Əgər müharibə ilə danışıqlar arasında seçim etməli olsanız, əlbəttə ki, imkan daxilində danışıqlar yolunu seçmək lazımdır.
- Sağ olun, cənab Prezident.
- Sağ olun.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.