Son illər ölkəmizdə həyatın bütün sahələrində olduğu kimi, bədən tərbiyəsi və idmanda da bir sıra uğurlar əldə edilmişdir. Bu barədə hər il 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə keçirilən tədbirlərdə ətraflı bəhs olunur. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov bizimlə söhbətində dedi:
- Ümummilli liderimiz Heydər Əliyev bədən tərbiyəsi və idmana yüksək qiymət verərək, çıxışlarının birində demişdir: "Sağlamlığın birinci yolu hər bir insanın öz orqanizmini fiziki cəhətdən inkişaf etdirməsi, bədən tərbiyəsi ilə daim məşğul olması və idmanı yüksək səviyyəyə qaldırmasıdır. Ona görə də biz idman haqqında danışarkən bunu böyük siyasi, milli problem kimi qəbul edirik, anlayırıq. Biz bu nöqteyi-nəzərdən də idmana qayğı göstəririk və göstərəcəyik". Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev ölkəmizdə idmanın inkişafına diqqət və qayğı göstərir. Ötən dövr ərzində həyatın bütün sahələrində olduğu kimi, idmanda da misli görünməmiş nailiyyətlər əldə edilib. 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə 2005-ci ildən qeyd edilir. Hər il bü əlamətdar gün münasibətilə ölkəmizin bütün regionlarında, o cümlədən Bakının rayonlarında müxtəlif tədbirlər təşkil olunur. Bu rəngarəng tədbirlər təkcə idman ictimaiyyətinin nümayəndələrinin deyil, şəhərin bütün sakinlərinin diqqətini çəkir. Həmin tədbirləri idman sahəsində görülmüş işlərin bir daha nəzərdən keçirilməsi və reallaşdırılacaq tədbirlərə baxış kimi də qiymətləndirmək olar.
Bu əlamətdar gün münasibətilə silsilə tədbirlər davam edir. Festivallar, dəyirmi masalar və seminarlarda yüzlərlə idmançı iştirak etmişdir. Ən böyük ümumşəhər tədbirimiz isə martın 5-də ulu öndərin heykəlinin ucaldığı, Heydər Əliyev sarayının qarşısındakı parkda oldu. Bayram tədbirində 30-dan çox idman növü üzrə nümunəvi çıxışlar göstərildi, Olimpiya və qeyri-Olimpiya növləri üzrə pavilyonlar nümayiş etdirildi.
- Azərbaycanda bədən tərbiyəsi və idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğı bu sahənin yüksək sürətlə inkişafına səbəb olmuşdur. Ötən il paytaxt idmançıları üçün necə yadda qaldı?
- 2012-ci il olimpiya ili olduğundan, 2011-ci il əsas hazırlıq illərindən biri kimi dünyanın bütün idman ictimaiyyəti üçün xüsusi önəm kəsb etmişdir. Ötən il idmançılarımızın qarşısında duran əsas məqsəd London Olimpiadasına daha çox lisenziya əldə etmək olmuşdur ki, onlar da bunun öhdəsindən layiqincə gəlmişlər. Olimpiya oyunlarına lisenziya əldə edilməsində paytaxt idmançılarının da böyük payı var. Yola saldığımız 2011-ci ildə güləş, bədii gimnastika, avarçəkmə, voleybol, boks və başqa idman növləri üzrə çox böyük nailiyyətlər əldə edilmişdir. Güləşçilərimiz ötən il iştirak etdikləri Avropa və dünya çempionatlarında 22 qızıl, 12 gümüş, 33 bürünc -67 medal qazanmış, London Olimpiadasına 7 lisenziya əldə etmişlər.
Bədii gimnastika üzrə də böyük uğurlar qazanılmışdır. Beynəlxalq miqyaslı yarışlardan 51-i qızıl, 53-ü gümüş və 68-i bürünc olmaqla, ümumilikdə 172 medal əldə edilmişdir. Gimnastımız Aliyə Qarayeva Monpolyedəki dünya çempionatında çoxnövçülük üzrə finalda bürünc medal əldə etməklə yanaşı, həm də London-2012-yə lisenziya qazanmışdır. Bundan başqa, bədii gimnastika üzrə yeniyetmələrdən ibarət qrup komandasının Minskdə keçirilən Avropa çempionatının finalında 5 gürzlə çıxış üzrə 3-cü yeri tutması da böyük nailiyyətdir. 2011-ci il avarçəkənlərin beynəlxalq yarışlarda 22 medal və London Yay Olimpiya Oyunlarına 4 lisenziya qazanmaları da uğurlu nəticə hesab olunur.
Ötən il paytaxtımızda reallaşan möhtəşəm yarışlardan biri boks üzrə keçirilən dünya çempionatı olub. Yüksək səviyyədə təşkil olunan yarışda idmançılarımız 1 qızıl və 1 gümüş medal əldə etmişlər. Dəri əlcək ustalarımız ötən il London Olimpiadasına 5 lisenziya da qazanıblar.
Ötən ilki nailiyyətlərdən danışarkən "Rabitə" voleybol klubunun Çempionlar Liqasının finalında çıxış etməsi və klublararası dünya çempionatının qalibi olması, şahmat üzrə kişilərdən ibarət yığma komandamızın Avropa çempionatında gümüş medal qazanmasını da qeyd etmək istərdim.
Ötən il təkcə paytaxtda 175-ə yaxın idman və kütləvi bədən tərbiyəsi sahəsi üzrə tədbir keçirilmişdir. Müxtəlif idman növləri üzrə keçirilən paytaxt çempionatları, kuboklar, birinciliklər, beynəlxalq yarışlar və spartakiadalarda idmançılar böyük fəallıq nümayiş etdirmişlər. Ümumilikdə, paytaxt çempionat və birinciliklərində 55 növ üzrə 30 mindən çox idmançı mübarizə aparmışdır.
Ötən aylar ərzində BŞGİBİ tərəfindən 16 idman növü üzrə 15 ölkəyə 31 ezamiyyə həyata keçirilmişdir. Həm idmançıların sayına, həm də əldə edilmiş medalların sayına görə bu, əvvəlki illərə nisbətən xeyli çoxdur. Paytaxt idmançıları bütün növlər üzrə yığma komandalarda say çoxluğu təşkil edirlər. Yarışlarda yüksək nailiyyətlər əldə edən xanım idmançılarımızın sayı da getdikcə artır. 2011-ci ildə paytaxtda bir sıra mötəbər yarışlar yüksək səviyyədə keçirilmişdir. Beynəlxalq turnirlərin təşkilində idarəmiz yaxından iştirak etmişdir. Könüllülərin hazırlanması və digər təşkilati məsələlərdə üzərimizə düşən vəzifələrin öhdəsindən lazımınca gəlməyə çalışmışıq.
- Paytaxtda idmanın maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində görülmüş işlər barəsində nə deyə bilərsiniz?
- Paytaxtda idmanın maddi-texniki bazasının getdikcə yaxşılaşdırılması istiqamətində ötən müddət ərzində çox böyük işlər görülüb və bu işlər davam etməkdədir. Yarışların hər bir şəraiti olan idman qurğularında keçirilməsi mühüm şərtdir. Digər tərəfdən, turnirlərdə iştirakçıların sayı çoxalır, bu da rəqabətin artmasına səbəb olur. Paytaxt yarışları, əsasən, Hövsan, Maştağa olimpiya idman komplekslərində, Pirallahı, Balaxanı, Kürdəxanı idman zallarında təşkil olunur. Bakıda bədii gimnastika və boks mərkəzləri, hovuz kompleksi, olimpiya stadionunun inşası davam edir. Güləş və cüdo mərkəzlərinin təməlqoyma mərasimlərinin keçirilməsi də nəzərdə tutulub. Ötən il təməli qoyulan Bakı Olimpiya stadionunu xüsusi qeyd etmək istəyirəm. 65 min tamaşaçı üçün nəzərdə tutulan və bütün beynəlxalq standartlara cavab verəcək Olimpiya stadionu Cənubi Qafqazın ən möhtəşəm stadionu olacaq. Tofiq Bəhramov adına respublika stadionunda bərpa işləri tamamlanır. Bundan başqa Olimpiya komplekslərinin tikintisi, sovetlər birliyində tikilib istifadəyə verilən, bu gün artıq yararsız hala düşən bir çox idman qurğularında əsaslı təmir işləri və onların yenidən qurulması maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində görülən işlərin əyani göstəricisidir.
- Artıq 2012-ci ilin ilk aylarını yola salırıq. İnanırıq ki, idmançılarımız bu il daha çox uğurlar qazanacaqlar.
- 2012-ci il Azərbaycan idmanı tarixində yadda qalan illərdən bir olacaq. Bildiyiniz kimi, bu il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "İdman ili" elan olunmuşdur. Bu il, Milli Olimpiya Komitəsinin yaranmasının 20 illiyini qeyd edəcəyik. 2012-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinə rəhbərliyinin 15 ili tamam olur. Bu müddət tarix baxımından o qədər böyük olmasa da görülmüş işlər nöqteyi-nəzərindən bir əsrə bərabərdir. Ölkəmizdə maddi-texniki bazanın möhkəmləndirilməsi, idman sahəsinin kütləviliyinin təmin edilməsi, seleksiya işləri, ev sahibliyi etdiyimiz beynəlxalq tədbirlər baxımından bunu deməyə bizə əsas verir. İdman növlərinin coğrafiyasının genişlədirilməsi ilə yanaşı, həm də tibbi bərpa, dopinqlə mübarizə, məşqçi və hakimlərin hazırlığı, ehtiyat qüvvənin hazırlanması, seleksiya işlərinə böyük diqqət yetirilməsi bu il də davam etdirilir. London Olimpiadasına əldə edilən lisenziyaların sayı artmaqdadır. Bu yaxınlarda Bakı daha bir mötəbər turnirə - 40-dan çox ölkənin nümayəndəsinin iştirak etdiyi karate üzrə yeniyetmələr və gənclər arasında Avropa çempionatına yüksək səviyyədə ev sahibliyi etdi. Boks üzrə "İpək yolu" beynəlxalq yarışı, taekvondo üzrə olimpiya oyunlarında iştirak edəcək hakimlərin hazırlığı ilə bağlı seminar, voleybol üzrə Çempionlar Liqasının 4-lər finalı, "Çalenç" kuboku yarışı, 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatı, bədii gimnastika üzrə beynəlxalq turnir, müxtəlif növlər üzrə beynəlxalq yoldaşlıq görüşləri, komandalarımızın seçmə qrup oyunlarındakı yarışları, digər idman növləri üzrə keçirilən yarışlar "İdman ili"ni daha məhsuldar edəcək.
Bildiyiniz kimi, paytaxtımız 2020-ci il yay olimpiya oyunlarını keçirməyə iddia edən şəhərlər sırasındadır. Bu, bir daha olimpiya hərəkatının inkişaf etdiyi ölkəmizin olimpiya fəlsəfəsinə sadiq qalmasının göstəricisidir. Olimpiya oyunlarını keçirmək üçün lazımi infrastrukturun olması və bu sahədə görülən genişmiqyaslı işlər olimpiya oyunlarının ölkəmizə gətiriləcəyinə geniş imkanlar yaradır. Bunu beynəlxalq idman təşkilatlarının rəsmiləri də dəfələrlə qeyd etmişlər. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqq Azərbaycan Milli Olimpiya Komitəsini digər ölkələrin milli Olimpiya komitələrinə nümunə göstərmişdir. Məhz beynəlxalq idman təşkilatlarının arzusu və istəyi ilə Azərbaycanda onlarla olimpiya lisenziyalı beynəlxalq turnirlər, mötəbər yarışlar, dünya və Avropa çempionatları keçirilmişdir. Ümummilli liderimiz Heydər Əliyevin bir kəlamını bir daha yada salmaq istəyirəm: "İdman kimi dövlət rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur".
Xalqımız, dövlətimiz 2012-ci ilin ən möhtəşəm idman hadisəsi olan London Olimpiadasında idmançılarımızdan yüksək nəticələr gözləyir. Əminik ki, idmançılarımız onlara bəslənilən ümidləri doğruldacaq və idman ölkəsi olan Azərbaycanın bayrağını Londonda yüksəklərdə dalğalandıracaqlar.
{nl}
Müsahibəni qələmə aldı, Leyla QURBANOVA, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.