Şriftin ölçüsü:
02.03.2012 02:26 | Oxunma sayı: 1015
Fransa Milli Assambleyası və Senatı tərəfindən qəbul olunmuş "Qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan" Qanunun qəbul edilməsi həm Türkiyədə, həm də Azərbaycanda böyük narazılıqlarla qarşılandı. Çünki həmin qanunda birmənalı olaraq göstərilirdi ki, qondarma "erməni soyqırımını" inkar edənləri bir il müddətinə cəza və ya 45 min avro məbləğində cərimə gözləyir. Qeyd edək ki, belə bir qanunun qəbul edulməsi elə Fransanın özündə ciddi narazılıq yaratmışdı. Əksər senatorlar və deputatlar bu qanunun Fransa Konstitusiyasının 33-cü maddəsinə və ifadə azadlığına zidd olduğuna görə ləğvini tələb edirdilər.
Fransanın Konstitusiya Şurası bu günlərdə həmin qanunu müzakirə edərək demokratiyaya və söz azadlığına zidd olduğunu müəyyənləşdirmiş və ədalətli qərar qəbul edərək qanunu ləğv etmişdir. Bununla da uydurma "erməni soyqırımı"nı inkara görə məsuliyyət müəyyən edən qanunun qüvvəyə minməsi cəhdlərinə son qoyuldu.
Konstitusiya Şurasının obyektiv qərarı Fransanın özündə də böyük rəğbətlə qarşılandı. Bu, həm də Azərbaycan - Türkiyə birliyinin növbəti uğuru kimi dəyərləndirilir. Artıq bütün dünyaya bəlli oldu ki, Azərbaycan - Türkiyə birliyinin qarşısında heç bir qüvvə davam gətirə bilməz. Azərbaycanda ziyalılar, tanınmış ictimai-siyasi xadimlər Fransa Konstitusiya Şurasının ədalətli qərarından razılqlarını bildirir, bunu iki qardaş ölkənin-Türkiyə ilə Azərbaycanın birgə uğuru hesab edirlər. Milli Məclisin deputatları ilə söhbətimiz də bu mövzuda oldu.
Zahid Oruc, Milli Məclisin deputatı:
- Fransa Senatı tərəfindən qəbul olunmuş ədalətsiz və qeyri-obyektiv qanuna Azərbacanla Türkiyənin kəskin etirazları artıq hədəfinə çatdı. Bu qanunun qəbuluna etiraz edən fransalı senatorların ölkəmizə səfəri zamanı keçirdiyi görüşlərdə də səslənən fikirlərdən bir daha aydın oldu ki, belə bir qanunun qəbulu qətiyyən yolverilməzdir. Senatorların Azərbaycan Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva ilə keçirdikləri görüşlərdə real həqiqətlərin ortaya qoyulması bir daha təsdiqlədi ki, belə bir qanunun qəbulu demokratiyanın beşiyi hesab edilən Fransanın imicinə böyük zərbə vuracaq, bu ölkənin beynəlxalq aləmdəki reytinqinə mənfi təsir göstərəcək. Artıq biz bu görüşlərin nəticəsini gördük. Hesab edirəm ki, Ermənistanın Fransa hesabına dirçəldilməsi və özünü məruz qoyduğu izolyasiyadan, ağır iqtisadi və siyasi şəraitdən çıxarılması imkanları bir az da tükəndi. Bu, öz-özlüyündə Ermənistanın əleyhinə ciddi bir diplomatik uğursuzluq kimi ortaya gəlib. Konstitusiya Şurasının bu qərarı Türkiyə ilə Azərbaycan arasında siyasi, diplomatik sahədə birgə fəaliyyətinin nəticəsidir və Ermənistanın əleyhinə çevriləcək bir prosesdir, gələcək dövr üçün daha böyük nəticələr əldə olunması üçün imkandır. Hesab edirəm ki, bundan sonra da Fransa prezidentinin bu sahədə atacağı addımların iflasa uğrayacağına böyük zəmin yarandı. Düşünürəm ki, bundan sonrakı zamanlarda şərtlər Azərbaycan və Türkiyə tərəfindən müəyyənləşdiriləcək. Artıq bütün dünya iki qardaş dövlətin birliyinin sarsılmaz olduğu və bu birliyin gücü hamıya bəlli oldu.
Fərəc Quliyev, Milli Məclisin deputatı:
- Mən hesab edirəm ki, Fransa Konstitusiya Şurasının belə bir qərar qəbul etməsi bizim uğurumuzdur. Fransa humanistlik nümayiş etdirsəydi, təbii ki, belə bir qanun qəbul olunmazdı. Eyni zamanda, Azərbaycan-Türkiyə təpkisinin qarşısında dayana bilmədi. Türkiyə-Azərbaycan qardaşlığı özünü bir daha təsdiqlədi. Türkiyədə və Azərbaycanda keçirilən mitinqlər, mən xüsusilə, Xocalı soyqırımının 20 illiyi ilə əlaqədar keçirilən yürüşdə - Azərbaycan Prezidentinin öndə getdiyi aksiyanı qeyd etmək istərdim, təsdiqlədi ki, bizim sevincimiz, dərdimiz Türkiyənin, qardaş ölkənin sevinci, dərdi də bizimdir. Ermənilərin Xocalıda törətdikləri soyqırımına etiraz olaraq Türkiyədə keçirilən kütləvi aksiyalar da iki ölkə arasında dostluq və qardaşlığın sarsılmaz olduğundan xəbər verir. Fransa Konstitusiya Şurasının qəbul etdiyi sözügedən qərar, həm də Avropada cəhdlər göstərən erməni lobbisinin təsiri aıtında belə hərəkətlərə yol vermək istəyənlərə tutarlı bir cavab oldu. Bununla yanaşı, bu qərar dünya erməniliyinin riyakarlığının qarşısına çəkilmiş bir səddir. Bütün bunlar Fransa cəmiyyətində Senat tərəfindən qəbul olunmuş qanunun qeyri-obyektivliyinə inananların sayını artırdı və ədalətsizlik aradan qaldırıldı.
{nl}
Söhbəti qələmə aldı: Ə.BƏDƏLOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.