Xocalı yürüşü bizi Xocalı zəfərinə aparır

Xocalı qurbanlarının anım günündə ümumxalq yürüşündə iştirak edən xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Fikrət Qoca qəzetimiz üçün söhbətində aşağıdakıları bildirdi:
- Xocalı soyqırımının 20-ci ildönümü günü Bakıda keçirilən ümumxalq yürüşü bu günün və bir günün hadisəsi deyil. Bu yürüş hər birimizin qəlbində 20 ildir ki, yol gəlir. Bu gün biz aksiyanı başa çatdırıb evlərimizə getsək də, Xocalı yürüşü, yenə içimizdə davam edəcək. Bu yürüş müqəddəs kədərimizdən, odlu qəlbimizdən, soyuq nifrətimizdən, dönməz mübarizəmizdən keçə-keçə bizi Qarabağa, Xocalı zəfərinə aparacaq.
Bu yürüş 20 ildən bəri qəlbimizi parçalayan misilsiz bir soyqırımının dəhşətlərini kor gözlərə, kar qulaqlara, daş ürəklərə çatdırmaq üçün bir araya gəlib əzəmətli bir hüzn simfoniyası oxumağımızdır. Bu yürüş nəhəng bir qəzəb tonqalıdır ki, alovlu-istisi bəlkə soyuq qəlblərə yetişsin. Ulu Tanrı Azərbaycan xalqına, torpağın da, suyun da, havanın da, hər sərvətin də yaxşısını verib. Bunları qoruyub saxlamaq, qədrini bilmək üçün düşmənin ən acgözünü, ən vəhşisini də bizə qismət eləyib. Belə bir İlahi rəğbəti tədbirliyimizlə, ayıq-sayıqlığımızla cavablandırmalı idik. Yurdumuzdan çox yağılar ötsə də, babalarımız Tanrı əmanətini qoruyub bizə çatdırmışlar. Min təəssüf ki, yağılar vaxt gəldi ki, bizi üyütmək üçün uyuda bildilər.
Yaxşı, biz niyə düşməni dost bilib ona inandıq, bu qədər gec ayıldıq? Çünki biz heç vaxt başqalarına qarşı ürəyimizdə şübhə, kin gəzdirməmişik. Axırı da bu oldu ki, xain, kinli qəddar ermənilər başımıza bu qədər faciə, fəlakət gətirdilər. Erməni quldur dəstələri dünyanın gözü qarşısında Qarabağda soydaşlarımız yaşayan bütün kəndləri yer üzündən sildilər. Onların Xocalıda törətdikləri dəhşətli soyqırımı isə insanlıq adına böyük bir ləkədir. Adını insan qoyan məxluq, özünü xalq sayan bir toplum gərək belə bir qanlı qırğın törətməyəydi. Biz o gecəyədək ermənilərdən nə gözləsək, də belə bir yırtıcılıq gözləmirdik.
Xocalı faciəsi, gec də olsa, bizi tam ayıltdı. Düşmənin necə amansız, vəhşi heyvanlardan da qəddar olduğunu anladıq. Min təəssüf ki, ağlını itirmiş erməni güruhu bunu zəfər, hünər sayır. Xocalı qırğınına rəhbərlik etmiş indiki Ermənistan prezidenti Sərkisyan, görün, cəzasızlıqdan necə azğınlaşıb ki, xarici jurnalistə öyünclə deyib: "Biz Xocalıda dinc adamları öldürməklə azərbaycanlıların gözünü qırdıq, kimliyimizi onlara göstərə bildik".
Bəli, ermənilər tək bizə yox, bütün dünyaya necə mənfur məxluq olduqlarını göstərdilər. Ötən 20 ildə onların insanlığı alçaldan əməllərini dünyaya açıb göstərməyimiz üçün, ilk növbədə, erməni yalanlarını sübut etməli olduq. Artıq dünyada erməni haqsızlığını və qəddarlığını görən və qəbul edənlərin sayı artır. Belə hesab edirəm ki, bizim bugünkü yürüş bir daha erməni xislətini dünyaya təqdim edir. II Dünya müharibəsindən sonra ədalətsiz savaşlar, dinc insanların kütləvi surətdə öldürülməsi, etnik ayrı-seçkilik kimi qəddar əməllər bəşəriyyətə qarşı cinayətlər kimi dəyərləndirilib. Ermənilər bütün bunları bilsələr də, dünyaya meydan oxuyaraq beynəlxalq, hüquqa sayğısızlıq göstərdilər. Belə bir qudurğanlıq və cəzasızlıq onları daha böyük cinayətlərə iştahlandırır.
Xocalı soyqırımının dəhşətləri ötən 20 ildə bizi daha da birləşdirib, haqq işimiz uğrunda səfərbər edib. Bugünkü yürüşün ali məramı, dinc mütəşəkkilliyi, möhtəşəmliyi dünyaya göstərir ki, xalqımız düşməndən qat-qat sivil və güclüdür. Biz ermənilərə göstərdik ki, onlar bir daha belə cinayətlər törədə bilməzlər. Ötən 20 ildə apardığımız işlər ermənilərlə yanaşı, onların havadarlarının da maskasını yırtdı.
Xalqımızın indiki ayıq-sayıqlığı, itkilərdən dərs almaq bacarığı, müstəqil dövlətimizin iqtisadi-hərbi gücü bizi yaxın qələbəyə doğru aparır. Bu yürüşün əzəməti Xocalı zəfərimizin müjdəsidir.

{nl}

Söhbəti hazırladı: Tahir AYDINOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında