Azərbaycanın ən vacib strateji tərəfdaşlarından biri olan Amerika Birləşmiş Ştatları ilə diplomatik əlaqələrin qurulmasından 20 il ötür. 1991-ci il dekabrın 25-də Azərbaycanın müstəqilliyini tanıyan Birləşmiş Ştatlar 1992-ci il fevralın 19-da Prezident Corc Buşun bəyanatı əsasında ölkəmizlə diplomatik münasibətlərin qurulduğunu elan etmiş və həmin il martın 16-da Bakıda səfirliyini açmışdır. Ötən 20 il ərzində münasibətlərimizin inkişafı və Azərbaycan-ABŞ tərəfdaşlığında bir sıra aktual məsələlər barədə AzərTAc-ın xüsusi müxbiri ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Erik Rubinlə söhbət etmişdir.
- Cənab Rubin, bu gün görüşümüzün səbəbi bir növ təntənəlidir. Ölkələrimiz diplomatik münasibətlərin qurulmasının 20 illiyini qeyd edir. Bu illərə nəzər saldıqda, münasibətlərimizi necə səciyyələndirərdiniz?
- Mənim üçün nəzər salmağa doğrudan da çox şey vardır. Çünki mən Azərbaycan ilə əlaqələrin yaradılması üzərində hələ müstəqillikdən əvvəl çalışmışam - Dövlət Departamentində Sovet İttifaqı məsələləri üzrə şöbədə, o zaman dedikləri kimi, "qeyri-rus" millətləri ilə məşğul olurdum - həm müstəqilliyin tanınmasına, həm də burada Azərbaycan səfirliyinin açılmasına kömək edirdim. 20 il üstündən keçsə də, elə bil dünən idi. Amma düşünürəm ki, ümumiyyətlə, münasibətlərimiz çox müsbət bir hadisədir. Təbii ki, son 20 ildə həm Azərbaycan, həm də ABŞ bir sıra çətinliklərdən, ağrılı məqamlardan keçmişlər. Etiraf etməliyik ki, hər iki tərəf bu 20 il ərzində bir sıra faciələr yaşayıb. Bu il Azərbaycan öz tarixinin faciəli hadisələrinin 20 illiyini qeyd edir. Mən Bakıda 20 Yanvar hadisələri anılarkən olmuşdum. Bu da sizin üçün ağrılı bir tarixdir. Mən 20 Yanvar hadisələri baş verərkən sovet məsələləri üzrə şöbədə işləyirdim, hər şey çox yaxşı yadımdadır. Ona görə də, çətin məqamların olduğunu etiraf edirəm. Amma yenə də ümumilikdə, çox müsbət bir münasibət tarixinə baxırıq. Bu da bir sıra səbəblərə görədir: birincisi, başlanğıcın nə qədər mürəkkəb olduğunu xatırlasaq - Sovet İttifaqının dağılması tək xaricilər üçün deyil, Sovet İttifaqının əhalisi üçün də şok idi. Bu qəfil dağılma Azərbaycan, eləcə də Sovet İttifaqının digər ölkələri üçün iqtisadi və siyasi çətinliklərlə müşahidə olundu. Ona görə də 20 il əvvəli düşünsəniz, bu gün müxtəlif sahələrdə əldə etdiyimiz irəliləyiş ağlasığmaz görünür. Yəni, bizim münasibətlər hər iki paytaxtda sadəcə səfirliklər açmaq və iqtisadi böhranla bacarmaq səylərindən, nəhəng planların müzakirəsi, enerji dəhlizlərinin, bölgədə nəqliyyat arteriyalarının yaradılması kimi miqyasa keçmişdir. Bunların heç biri 20 il əvvəl təsəvvürəgəlməz idi. O zaman insanların yaşayış standartı çox aşağı idi. İndi isə həm enerji, həm də qeyri-enerji sektorunun inkişafı nəticəsində Azərbaycana gedərkən bütün dəyişiklikləri görmək valehedicidir. Bir də ki, 20 il əvvəl sizə kimsə desəydi ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü olacaq, bunu çətinliklə təsəvvür etmək olardı. Amma bu gün bu, reallıqdır. 20 il hər bir ölkə üçün çox az bir vaxtdır. Əvvəldə qeyd etdiyim bütün faciələr və ağrılı məqamları nəzərə alsaq, münasibətlərimizin inkişafı yalnız bir-birimizi anlamaqdan genişlənib, məsələn, Əfqanıstanda əməkdaşlıq kimi sahələrə keçib - 20 il əvvəl ABŞ ilə Azərbaycanın birgə işləyərək əfqan xalqına kömək etmək ideyası inanılmaz səslənərdi. Bu gün isə bu, gerçəkdir. Dediyim bütün bu səbəblərə görə bu ildönümü olduqca müsbətdir və 20 ilə nəzər salarkən bizə çox təəssüratlandırıcı bir tarixi xatırladır.
- Sizdə əməkdaşlığımızdakı vəziyyətlə bağlı ən son məlumatlar var, çünki Azərbaycana səfərdən yeni qayıtmısınız. Apardığınız müzakirələr nəyi əhatə edirdi? Açıqlamalara görə, əsasən təhlükəsizliklə bağlı danışıqlar aparmısınız.
- Müzakirələrdə bir çox sahələr əhatə edildi. Məncə, təhlükəsizlik çox mənada danışdığımız bütün məsələlərə aid idi. Məsələn, biz Azərbaycanın bilavasitə İranın qonşusu olduğunu anlayırıq və bu, bir neçə məsələni ortaya gətirir. Mən Bakıda olanda Azərbaycan hökuməti yəhudi təşkilatlarına qarşı törədilməsi planlaşdırılan terror aktını aşkar etdiyini elan etmişdir. Belə cəhdlər, bildiyiniz kimi, Tbilisidə də olmuşdur. Təbii ki, İranın bölgədə fəaliyyəti ilə bağlı təhlükəsizlik narahatlıqlarımızı biz Azərbaycan hökuməti ilə müzakirə edirik. Həmçinin, geniş mənada - biz başa düşürük ki, dünyada bu cür təhdidlərlə mübarizə aparmaq üçün birgə işləməliyik. Bu tipli əməkdaşlıq bizim Azərbaycan ilə münasibətlərimizin inkişafında uğurlu hissələrdən biridir - təhlükəsizlik, antiterror, hər iki ölkənin milli təhlükəsizliyinə təhdidlərin qarşısının alınmasına gəldikdə, biz çox əla əməkdaşlıq qurmuşuq. Bu əməkdaşlıq müstəqillikdən bəri inkişaf etmiş və təkmilləşmişdir.
- Cənubi Qafqaz kimi mürəkkəb regionda yerləşən dövlətlə orada səfiriniz olmadan münasibətləri davam etdirmək hansı çətinliklər yaradır?
- Bu, əlbəttə, təəssüfləndirici bir hadisədir. Bu bizə də xoş deyil. Dünyada ABŞ səfirləri vəzifələrindən bir sıra boş qalanı var - bu, mütəmadi bir hal almışdır. Lakin Azərbaycan ilə bağlı yaranan hal bir qədər nadir idi. Çünki bizim Azərbaycana səfir namizədimiz olduqca qabiliyyətli və mənim şəxsən dost hesab etdiyim bir kadr Senat tərəfindən təsdiqlənməmişdir. Əlbəttə, səfirlər vacib və dəyərli adamlardır. Sizin ölkədə səfirin olması bizim üçün yüksək prioritet məsələ olaraq qalır. Mən ümid edirəm ki, Bakıda tezliklə səfirimiz olacaqdır. ABŞ-ın Azərbaycandakı səfirliyi münasibətlərimizi inkişaf etdirmək üçün gərgin işi davam etdirir. Oradakı müvəqqəti işlər vəkilimiz istedadlı mütəxəssisdir. İşimizi dayandırmamışıq, təmas qurmağı, münasibətləri genişləndirməyi davam etdiririk. Lakin səfirin olması lazımdır və ümid edirəm ki, tezliklə olacaqdır.
- Erməni maraqlarını təmsil edən qrupların təzyiqi altında sabiq səfir Brayzənin əvvəlcə təsdiqlənməsi gecikdirildi, sonra isə tamam geri çağırıldı. Zənnimcə, bu illər ərzində biz daxili siyasətin ABŞ milli maraqlarına necə təsir göstərdiyini yaxşı öyrənmişik. Lakin bu, Azərbaycanda belə bir narahatlıq yaratmışdır ki, əgər Administrasiya erməni lobbisinin Kapitolidə təzyiqinə tab gətirə bilmirsə, gələcəkdə təsdiq olunacaq səfirin kiçik qrupun deyil, doğrudan da ABŞ-ın maraqlarını təmsil edəcəyinə kim təminat verə bilər? Siz Bakıda diplomat olsaydınız, ölkənizə düşmən mövqedən yanaşan qrupun nəzarətindən keçib gələn həmkarınıza etibar edərdinizmi?
- Mən bu narahatlıqların bir qismini eşitmişəm, amma onların əsaslı olduğunu düşünmürəm. Çünki bunlar bizim hakimiyyət sistemini, icraçı və qanunverici qolların səlahiyyətlərinin fərqini anlamamaqdan irəli gəlir. Səfir Brayzə geri çağırılmamışdır. Qanunverici orqan səfiri müəyyənləşdirmir. Konstitusiyamıza görə, Prezident ətraflı yoxlamadan sonra namizədi seçir, Senat isə həmin namizədliyi təsdiqləyib-təsdiqləməməyə bilər. İlk mərhələdə Senat cənab Brayzəni təsdiqləməyəndə, Prezident öz səlahiyyətlərindən istifadə edərək onu birillik təyin etdi. Bu, həm Prezidentin Bakıda səfirin olması vacibliyinə, həm də səfir Brayzənin qabiliyyətinə inamından irəli gəlirdi. Mətyu Brayzə geri çağırılmadı, sadəcə Senat tərəfindən təsdiqlənmədi. Lakin nə Prezident Obamanın, nə də Administrasiyanın onu geri çağırmaq niyyəti yox idi. Gələcək səfirlərlə maraqlananlara isə, cavabım bu olardı: gələn dəfə biz əmin olmağa çalışacağıq ki, Prezidentin seçdiyi namizəd - vurğulayıram ki, namizədin seçilməsi şəxsən Prezident tərəfindən qəbul edilən qərardır - tək qabiliyyətli deyil, həm də getdiyi bölgənin və ölkənin xüsusiyyətlərini başa düşən, Birləşmiş Ştatların maraqlarını təmsil edən birisi olsun. Təkrar etmək istəyirəm ki, bizim səfir namizədlərimizə veto qoyan yoxdur. Lakin namizədin Senat tərəfindən təsdiqlənəcəyinə də təminat verə bilmərik. Ümid edirəm ki, elə bir namizəd tapacağıq ki, onun təsdiqlənmə prosesi asan və tez olsun.
- ABŞ Sovet İttifaqının süqutundan sonra yeni müstəqil dövlətlərlə münasibətlərinə başlayarkən Konqres azad bazar və demokratik islahatları dəstəkləyəcək "Azadlığa Dəstək Aktı" adlı yardım paketi qəbul etmişdir. Yenə də erməni maraqlarını təmsil edən qrupun səyləri nəticəsində bu Akta düzəliş edilərək ABŞ hökuməti tərəfindən Azərbaycan hökumətinə yardıma qadağa qoyulmuşdur. 907-ci maddə adlı bu düzəliş münasibətlərimizə necə təsir göstərmişdir. Üstündən bu qədər vaxt keçdikdən sonra maddə nəyə görə, hələ də qanun kitablarında qalmaqdadır?
- Gəlin sonuncu sualdan başlayaq - hələ də kitablardadır, ona görə ki, Konqres onu ləğv etməyib. Bizim hakimiyyət sistemində Prezident və onun Administrasiyası qanunvericiliyi müəyyənləşdirmir - yalnız hansısa qanunvericiliklə bağlı lobbiçilik edə bilər. Parlament sistemi altında yaşayan ölkələr üçün bunu anlamaq çətindir ki, bizdə Administrasiya qanunvericilik təşəbbüsü ilə çıxış edə bilməz. Belə təşəbbüs ya Konqres üzvü, hərdən Prezidentin təmsil etdiyi partiyadan Konqres üzvü, ya da Prezident və icraçı hakimiyyətlə məsləhətləşmələrdən sonra təqdim oluna bilər. Lakin Administrasiya bir qanunun dəyişməsinə nəzarət edə bilməz. Amma bildiyiniz kimi, biz bu düzəliş ətrafında işləyərək qanunu pozmadan Azərbaycan ilə sağlam münasibətlər qura bilmişik. Düzəlişin istisnalarından istifadə edərək, 907-ci maddənin qüvvəsi artıq nə qədər vaxtdır dayandırılmışdır. Əvvəlki zamanlarda bu, problem idi, çünki Azərbaycanın bizim təmin etmək istədiyimiz yardıma ehtiyacı olan, bundan bəhrələnə biləcəyi günləri var idi. Lakin bu anda 907-ci maddə yalnız rəmzi məna daşıyır, çünki Azərbaycanın maddi yardıma ehtiyacı yoxdur. Biz bu məsələ ilə bağlı Azərbaycan hakimiyyətinin mövqeyini başa düşürük. Bu mövqe ilə Kapitolidə də yaxşı tanışdırlar. Lakin mən deyərdim ki, rəmzi məna daşımaqdan başqa düzəliş münasibətlərimizə heç bir əhəmiyyətli maneə törətmir.
- Bildiyimizə görə, sabiq sovet respublikalarına ayrılan ABŞ yardımında gələn maliyyə ili üçün böyük dəyişikliklər nəzərdə tutulub. Bunlar nədən ibarətdir?
- Ən böyük dəyişiklik onunla bağlıdır ki, xarici yardım proqramlarına ayrılan maliyyə azalır. Bu da Vaşinqtonda bütün sahələr üzrə büdcə kəsirləri və "Soyuq müharibə"dən sonra yaşadığımız ən çətin iqtisadi böhrandan bərpa olunmağımızla bağlıdır. Biz tədricən yardımımızı buna daha çox ehtiyacı olan ölkələrə doğru istiqamətləndiririk. Tədricən siz Avropa və Avrasiyada sürətlə inkişaf edən ölkələrə maliyyə kəsirlərimizin şahidi olacaqsınız. Təbii ki, Azərbaycan da bu təbəqədədir. Yardımın azalması heç bir siyasi məna daşımır. Sadəcə biz çətin seçimlərlə rastlaşırıq. Məsələn, mənim federal işçi kimi artıq ikinci ildir maaşım qaldırılmır, çünki hakimiyyətin qərarı ilə bu proses ikiillik, bəlkə də hələ çox müddətə dondurulmuşdur. Bu maliyyə çətinlikləri bölgəyə dair siyasətimizdə də əks olunur. Bununla yanaşı qeyd edim ki, dəyərli proqramları saxlamağa çalışmışıq. O cümlədən, təhsil mübadiləsi, insan mübadiləsi, Xəzər hövzəsində maraq doğuran ətraf mühitin qorunması üzrə yeni texnologiyaların inkişaf etdirilməsi proqramlarını, amma bu proqramlar yardım deyil, tərəfdaşlıq proqramlarıdır. Maliyyə azalsa da, biz vəsaiti daha ağıllı və səmərəli xərcləmək istəyirik ki, bu kimi əməkdaşlıqları qoruyub saxlaya bilək.
- Gəlin bir qədər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışaq. Mənim jurnalist müşahidələrimə görə, verdiyiniz bəyanatlarda son illər dəyişikliklər etmisiniz. Məsələn, "ABŞ Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir" ifadəsi 2008-ci ildən bəri mövqeyiniz ifadə olunarkən, demək olar ki, istifadə edilmir. Halbuki, əvvəllər bu ifadə həm bölgəyə səfərləriniz, həm BMT-də çıxışlarınız, həm Dövlət Departamenti tərəfindən siyasətiniz açıqlandığı hallarda həmişə istifadə olunurdu. Bəyanatlarınızın üstünə "su səpilməsinin" səbəbi nədir? Münaqişə ilə bağlı mövqeyinizdə dəyişikliklərmi var?
- Gəlin bundan başlayaq ki, bizim Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair siyasətimiz və mövqeyimizdə tamamilə heç bir dəyişiklik baş verməyib. Mövqeyimizin fundamental əsası həmişəki kimi, Helsinki Yekun Aktının prinsipləri, o cümlədən ərazi bütovlüyü, zor tətbiq edilməməsi və öz müqəddəratını müəyyənləşdirmə prinsipləri üzərində qurulub. Biz bunların hamısını tanıyırıq. Mövqeyimizdə hər hansı dəyişikliyə işarə etmək niyyətimiz yoxdur. ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi, Ermənistan və Azərbaycan arasında gerçək irəliləyişin əldə edilməsi üçün ab-havanın gücləndirilməsinə yardım edirik. Bu da o deməkdir ki, tərəfkeşlik edə bilmərik. Çalışırıq ki, istifadə etdiyimiz ifadələr tərəfləri bir-birinə qarşı qoymasın, əksinə yaxınlaşdırsın. Bu məsələ üzərində 20 ilə yaxın işləyən adam kimi, deyə bilərəm ki, yanaşmamızda heç bir dəyişiklik baş verməyib. Biz inanırıq ki, Minsk qrupu razılaşmanın əldə edilməsi üzrə prosesi irəli apara biləcək yeganə işlək çərçivədir. Belə faciəvi vəziyyətdə status-kvo qəbuledilməzidr. Mən bunu Prezident İlham Əliyev ilə görüşdə də bildirmişdim. Biz status-kvonu tamamilə rədd edirik. Vəziyyət təhlükəlidir. Lakin inanırıq ki, indiyə qədər işlədiyimiz çərçivə razılıq əldə etmək üçün ən yaxşısıdır. "Təkəri yenidən icad etməyə" ehtiyac yoxdur, çünki belə olan halda indiyə qədər əldə etdiyimiz irəliləyişi də itirə bilərik.
- Konqresmen Stiv Koen Xocalı faciəsinin 20 illiyi ilə bağlı Kapitolidə verdiyi bəyanatında vurğulamışdır ki, bu hadisələrin ildönümü Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səylərin artırılması zərurətini xatırladır və ABŞ-ı Minsk qrupunun həmsədri kimi bu uzunmüddətli münaqişənin nizamlanması ilə ciddi məşğul olmağa çağırmışdır. Vaşinqton son zamanlar danışıqlar prosesində "yüngülçəkili" iştirakına görə və Rusiyaya bu mənada üstünlüyü ələ keçirməsinə imkan verdiyinə görə tənqid olunur. Buna necə cavab verərdiniz?
- Xeyr, mən bu fikirlərlə razı deyiləm. Biz digər həmsədr ölkələrin oynadığı rolu yüksək dəyərləndiririk. Prezident Medvedevin İlham Əliyev və Serj Sarkisyanla vaxt ayıraraq prosesi irəli aparmaq üçün şəxsi roluna görə minnətdarıq. Zənnimcə, Rusiyanın bu mənada üstünlük əldə etməsini demək yanlışdır. Bu məsələ həm Prezident Obama, həm də dövlət katibinin şəxsi diqqətindədir. Hərdən bəziləri deyirlər ki, əgər doğrudan da fəal olsaydınız, indiyədək daha çox irəliləyiş əldə edilərdi. Məncə, bu, bir qədər ədalətsiz münasibətdir. Azərbaycan xalqı yaxşı bilir ki, bu çox mürəkkəb məsələdir. Hazırda həm biz, həm də digər həmsədrlər prosesdə əvvəlkindən də daha çox iştirak etmək, müsbət rol oynamaq niyyətindəyik. Bu il Minsk qrupu 20 illiyini qeyd edir. Ümid edirik, bu ildönümünü Minsk qrupunun uğurları və əldə edə bilmədiklərinə nəzər salmaqla, gələcək illərdə daha çox nailiyyət əldə etmək üçün şərait yaratmaqla qeyd edəcəyik. Emosiyalar yüksəkdir. Amma bizim tərəfdən prosesə sadiqliyimiz, iştirakımız və niyyətlərimizdə heç bir azalma yoxdur.
- Fransa qanunverici orqanının Osmanlı İmperiyası dövründə - 1915-ci ilin tarixi hadisələrini inkar edənləri cəzalandırmaq barədə qərarı Azərbaycan və Türkiyədə onun Minsk qrupunun həmsədri kimi qərəzli vasitəçi olduğu barədə fikirlərə gətirib çıxarmışdır. Fransanın danışıqlar prosesindən həmsədr kimi uzaqlaşdırılması və Türkiyənin gətirilməsi çağırışları gündən-günə çoxalır. ABŞ-ın bununla bağlı mövqeyi nədir?
- Biz Fransanın həmsədr kimi bu illər ərzində oynadığı rolu yüksək qiymətləndiririk. Düşünürük ki, bu rol çox əhəmiyyətli olubdur. Bu, Prezident Sarkozidən başlayaraq bütün rəsmilərin həmsədr öhdəliyinə sadiq qalmasını əks etdirir. Biz inanırıq ki, hazırkı struktur gələcək irəliləyişi əldə etmək üçün ən müvafiqdir. Hesab etmirik ki, Minsk qrupunun dəyişdirilməsi bu mərhələdə kömək edəcəkdir. Əksinə, bizi geri salacaqdır. Düşünürük ki, Minsk qrupunun bütün üzvləri prosesdə rol oynaya bilərlər və qurumun 20 illiyindən istifadə edərək bu barədə daha geniş müzakirə aparmaq istəyirik. Fransa qanununa və digər məsələlərə gəldikdə, biz bəyan etmişik ki, bu ayrı-ayrılıqda mürəkkəb olan məsələləri bir-birinə qatmaq lazım deyildir. Münaqişənin özü buraya digər tarixi məsələləri və münaqişələri qatmadan kifayət qədər qəlizdir.
- Son 20 ilin nailiyyətlərini qiymətləndirərkən Vaşinqtonda bölgəmiz üzrə mütəxəssislər demək olar ki, yekdilliklə ən böyük nailiyyətin Bakı-Tbilisi-Ceyhan ixrac boru kəməri layihəsi olduğunu hesab edirlər. Onların fikrincə, bu uğur tək ABŞ-Azərbaycan yox, ABŞ-ın sabiq sovet məkanında qurduğu uğurlu əməkdaşlıq nümunəsidir. Siz necə düşünürsünüz?
-Bəli, tamamilə belədir. Mən layihənin ən ilkin mərhələsinə dair müzakirələrdə iştirak edirdim. Hamı məsələyə çox skeptik yanaşaraq bunun heç vaxt baş tutmayacağını deyirdi. Həmçinin, ilkin müzakirələr Gürcüstanın qeyri-sabit olduğu bir dövrdə aparılırdı, BTC-yə "kəmər xülyası" kimi baxaraq gülürdülər. Bu layihəyə iştirakçı ölkələr və hətta bizim ölkə tərəfindən kifayət qədər yaradıcı düşüncə, siyasi mərdlik sərf edilmişdir. Çünki BTC yalnız ixrac kəməri deyil. Bu, bölgədə enerji marşrutlarının şaxələndirilməsi, enerji müstəqilliyinin yaradılması, hazırda digər layihələr üçün nümunə kimi istifadə edilən yeni infrastrukturun qurulması, iştirakçı ölkələrdə sürətli iqtisadi inkişafa səbəb olan ilk real addım idi. Bu layihə bizim hər üç ölkə -Azərbaycan, Gürcüstan, Türkiyə ilə müsbət münasibətlərimizin möhkəmləndirilməsinə kömək etmişdir. Azərbaycan ilə Gürcüstan arasında müsbət inkişafı görməkdən olduqca məmnunuq. Bu möhkəm münasibətlərin inkişaf etməsində BTC kəmərinin böyük rolu olmuşdur. Təbii ki, hələ görüləsi çox işlər var - biz müxtəlif hökumətlərlə yeni və təkmilləşdirilmiş infrastruktur, dəmir yolu, yollar və s. məsələlərlə bağlı müzakirələri davam etdiririk. Lakin BTC birinci idi. Özünü sübut edən, çoxsaylı çətinlikləri aşan bu ilk layihə bizə xatırladır ki, mürəkkəb olsa da, planlarımızı həyata keçirə biləcəyimizə inam vacibdir. BTC həm də bu gün digər layihələrlə, məsələn, "Şahdəniz" kimi olduqca cəlbedici layihə ilə nə etmək mümkünlüyünü bizə göstərdi. Ümumiyyətlə, bölgənin gələcəyi çox ümidvericidir. Burada nəqliyyat çətinlikləri mövcuddur. Bundan başqa, mövcud qeyri-sabitlik və münaqişələr hərdən layihələrin işlənilməsinin qarşısını alır. Bununla belə, resursların inkişaf etdirilməsi sürəti olduqca yüksəkdir. 20 il əvvəl buna heç kim inana bilməzdi. Amma bir nəsil vaxt ötməmiş bu mərhələyə çatmaq çox böyük irəliləyişdir. Üzərində işləyəcəyimiz hələ çox məsələ var - qlobal enerji istifadəsi, yeni enerji növləri və s. Sizin hələ nə qədər təbii ehtiyatlarınız var. Bunların ölkənizin iqtisadi mənafeyi uğrunda inkişaf etdirilməsini sübut etmisiniz. Zənnimcə, gələcək inkişaf sürəti də yüksək olacaqdır.
- İkitərəfli münasibətlərimizin daha bir sahəsi özünün kiçik ildönümünü bu yaxınlarda qeyd etmişdir - Azərbaycan-ABŞ Müdafiə və Təhlükəsizlik Əməkdaşlığı üzrə dialoqun on ili tamam olmuşdur. Bu dialoq Azərbaycan-ABŞ strateji tərəfdaşlığını necə möhkəmləndirmişdir?
- Bu, tərəfdaşlığımızı olduqca möhkəmləndirmişdir. Əməkdaşlığın əhatə etdiyi iki əsas sahə vardır. Birincisi, birgə işləmək, antiterror mübarizəsində təcrübə və məlumat mübadiləsi, milli təhlükəsizliyə təhdidlərlə birgə mübarizə aparmağı diqqətdə saxlayır. Bu sahə üzrə müsbət və çoxsaylı təmaslar qurmuşuq. İkincisi isə, əsgərlərimiz və hərbi komandanlarımızın birgə təlim apararaq, böhran hallarında əməliyyatlararası qabiliyyətin, ümumi terminologiya istifadəsinin təkmilləşdirilməsidir. Bunlarla bağlı hərbi dialoqumuz çərçivəsində daha çox nailiyyətin əldə ediləcəyinə ümid edirik. Bu il biz adıçəkilən səylər üzrə proqram və təmasları artıraraq hər iki tərəfdən daha çox qoşunların iştirakını təmin etmək yollarını müzakirə etmişdik. O cümlədən, Əfqanıstanda Azərbaycan mütəxəssislərinin özləri ilə gətirdiyi həm mədəniyyəti daha yaxşı başa düşmək, həm də digər sahələrlə bağlı təcrübə birgə səylərimizi artırmışdır. Bundan başqa, Azərbaycanın öz ərazisində NATO və İSAF qüvvələrinə yardım edərək Şimali Paylaşma Şəbəkəsində oynadığı mühüm nəqliyyat dəhlizi rolu da vardır. Bunların hamısı Azərbaycana gələcəkdə həm aviasiya, həm də nəqliyyat və daşımada vacib keçidə çevrilməyə yardım edəcəkdir. Azərbaycanın burada iştirakı onun NATO ilə təmaslarının artırılmasına səbəb olmuş, NATO ilə birgə fəaliyyət üzrə müzakirələrin sayını artırmışdır. Xatırlatmaq istəyirəm ki, görülən iş təkcə təlimləri deyil, gerçək layihələri, gerçək missiyanı əks etdirir. Mən Bakıda olarkən müdafiə naziri və onun heyəti ilə müdafiə və təhlükəsizlik əməkdaşlığı üzrə bir çox məsələlər üzrə müsbət söhbət apardıq. Gələcəyə baxarkən vacibdir ki, biz amerikalı və azərbaycanlı əsgərləri bir-biri ilə daha yaxından tanış edək, çünki onlar "soyuq müharibə" vaxtından qalan müxtəlif düşüncə tərzi, müxtəlif əməliyyat anlayışına malikdirlər. Lakin onlar artan sayda birgə çətinliklərlə qarşılaşdıqlarına görə, onlarla birgə mübarizə aparmağı da öyrənməlidirlər.
- Münasibətlərimizin 20 illiyini qeyd edərkən daha nəyi qeyd etmək istəyərdiniz?
- Bu tarixi Vaşinqtonda qeyd edəcəyimizdən çox məmnunuq. Sizin səfirlik tərəfindən təşkil ediləcək ziyafətdə iştirak edəcəyik. Ümid edirəm ki, münasibətlərimizin ilk 20 illiyinin inkişaf sürəti növbəti 20 il üçün də nümunə olacaqdır. Lakin növbəti illərdə biz insanlarımız naminə qarşıda duran bəzi çətin problemləri həll etməliyik. Mən bunun üçün əlimdən gələni etməyə hazıram.
-Söhbətinizə görə minnətdarıq.
{nl}
Şəfəq AKİFQIZI, AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.