Amerikalı diplomat: Azərbaycanda "ərəb baharı" mümkün deyil

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Ədam Sterlinq ANS-ə müsahibəsində ölkəmizin son 5-6 il ərzində böyük inkişaf yolu keçdiyini bildirmişdir
Azərbaycanla ABŞ arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ili tamam oldu. Bu 20 il ərzində Azərbaycanın ABŞ-la olan əlaqələri necə inkişaf edib və hazırda hansı səviyyədədir? Bu gün 2 ölkə öz aralarında olan məsələləri necə həll edir? Bu və digər məsələləri ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Ədam Sterlinq ANS Televiziyasının "Əhatə Dairəsi" verilişində jurnalist Sevinc Osmanqızı ilə müzakirə etmişdir. Həmin müsahibəni oxuculara təqdim edirik.
- Cənab Sterlinq, ABŞ-Azərbaycan münasibətlərini bu gün necə qiymətləndirirsiniz?
-ABŞ-Azərbaycan əlaqələri bu 20 il müddətində çox böyük inkişaf yolu keçib. Eyni sözləri Azərbaycanın özünə də aid etmək olar. Yəni Azərbaycan özü də ötən 20 ildə böyük inlkişaf yolu keçib. Bu iki məsələni bir-birindən ayırmaq mümkün deyil. Azərbaycan çox mürəkkəb şəraitdə 20 il öncə müstəqilliyini bərpa etdi. Bu zaman ölkə bir sıra xarici qüvvələrin təsiri altında idi, eyni zamanda, silahlı münaqişəyə cəlb olunmuşdu. Belə bir məqamda ABŞ və Azərbaycan hər ikisi Azərbaycanın güclü inkişaf etmiş müstəqil dövlət olması ilə bağlı ortaq maraqları bölüşdülər. Bu məqsəd uğrunda ABŞ- Azərbaycana dəstək verməyə başladı. Qeyd etməliyəm ki, hazırda ABŞ Azərbaycan münasibətləri çox güclüdür, yaxşı səviyyədədir. Azərbaycan ötən 20 il ərzində qarşıya qoyulan ortaq məqsəd istiqamətində xeyli irəliləyiş əldə edib. Bu gün Azərbaycan və ABŞ çox güclü tərəfdaşdırlar. Onlar təhlükəsizlik, enerji və daxili islahatlar sahəsində ortaq maraqları bölüşürlər.
- Siz dediniz ki, bu gün ABŞ-la Azərbaycan arasında çox güclü əməkdaşlıq əlaqələri var. Belə olan halda necə olur ki, ABŞ-ın Azərbaycanda səfir vəzifəsi boş qalır? Əvvəlki səfir Metyu Brayzanın namizədliyini nə Senat təsdiqlədi, nə də Barak Obama onun səfirlik müddətini uzatdı. Bu necə baş verə bilir?
- Metyu Brayza təqribən bir il müddətində Azərbaycanda səfir kimi fəaliyyət göstərdi. Bu müddət ərzində o, çox gözəl xidmət edib. Onun bu fəaliyyəti dövründə ABŞ-Azərbaycan münasibətləri güclənib. Mən şəxsən fəxr edirəm ki, 1 il ərzində səfir Brayzanın müavini səviyyəsində çalışmışam. Brayza ölkələrimiz arasında əlaqələrin güclənməsinə çox böyük töhfə verib. Biz Senatın onun namizədliyinə səs verməməsinə çox məyus olduq və o, ölkəni tərk etməli oldu. ABŞ qanunvericiliyi 18-ci əsrdə yaranıb. Ona əsasən ABŞ prezidenti səfirliyə namizədlərin namizədliyini irəli sürür və Senat da bu namizədi təsdiqləməlidir. Prezident Obama ölkələrimiz arasındakı münasibətlərin əhəmiyyətini anlayaraq konstitusiya çərçivəsində ona verilən səlahiyyətlərdən istifadə edərək tətil təyinatından istifadə etmişdir ki, bu təyinata əsasən Brayza 1 il müddətinə səfir təyin olunub. Qeyd etməliyəm ki, prezidentlər bu səlahiyyətlərindən istifadə etdikləri halda onlar bunun üçün çox böyük dəyər ödəyirlər. Buna baxmayaraq, prezidentimiz ölkələrarası münasibətlərin əhəmiyyətini anlayaraq özünün bu müstəsna səlahiyyətindən istifadə etdi.
-Yeni səfir nə zaman təyin ediləcək və o, kim olacaq?
- Ümidvarıq ki, tezliklə ölkənizə yeni səfir təyin olunacaq. Vaşinqtonda bizim hökumətimiz yeni səfirin mümkün qədər qısa zamanda təyin olunmasının əhəmiyyətini anlayır. Ancaq mən səfirin nə zaman təyin olunacağı barəsində dəqiq məlumat verə bilmərəm.
- ABŞ-ın müdafiə naziri Leon Panettanın CBS-ə müsahibəsindən sonra bütün dünya İsrailin İrana hücuma hazırlaşmasından danışır. Bu nə dərəcədə realdır? Əgər belə bir hücum baş verərsə, Amerika da İrana qarşı müharibəyə qoşulacaqmı?
- İranla bağlı çox vacib məqam ondan ibarətdir ki, İranın müvafiq fəaliyyəti nəticəsində qlobal problem yaranıb. Buna da qlobal əks-təsir və reaksiya olmuşdu. ABŞ və bizim müttəfiqlərimiz, ümumiyyətlə, beynəlxalq ictimaiyyət onu çatdırmağa çalışır ki, İranın qarşısında iki aydın seçim dayanıb. Bunlardan birincisi indiki siyasəti davam etdirmək, nəticədə tam təcrid vəziyyətinə düşmək, sanksiyalarla, müvafiq siyasi addımlarla üzləşməkdir. İkinci variant isə ondan ibarətdir ki, beynəlxalq icitimaiyyətlə qarşılıqlı əlaqələrə, diplomatik münasibətlərə girmək və beynəlxalq ictimaiyyətə İranın nüvə proqramının həqiqətən də sülh məqsədlərinə xidmət etməsini sübut etməkdir. Hazırda əməkdaşlıq və müzakirə üçün obrazlı desək, İrana qapı açıqdır. ABŞ-ın və beynəlxaq ictimaiyyətin məqsədi ondan ibarətdir ki, bu məsələ həllini diplomatik yolla tapsın və İran beynəlxalq ictimaiyyətlə müzakirələrə girsin, sülhpərvər niyyətini nümayiş etdirsin.
-Əgər ən xoşagəlməz ssenari reallaşarsa, yəni ya İsrailin, ya da ABŞ-ın həqiqətən İrana hücumu, yaxud müharibəsi başlayarsa, o zaman siz Azərbaycanı harada görürsünüz? Siz dediniz ki, Azərbaycan ABŞ-ın strateji müttəfiqlərindən biridir. ABŞ-ın Azərbaycanla bağlı planları nədir?
- Mənim təmsil etdiyim ABŞ hökuməti anlayır ki, Azərbaycan İranın qonşuluğunda yerləşməklə çox xüsusi bir vəziyyətdədir. Hazırda bizim dövlət də daxil olmaqla, beynəlxalq ictimaiyyətin əsas diqqət yönəltdiyi bu məsələnin diplomatik həlli yoluna nail olmaqdır. İran beynəlxalq ictimaiyyəti bütün fəaliyyətinin sülh məqsədi daşımasına əmin etməli və bunu sübut etməlidir.
- Rəsmi Bakı bunu dəfələrlə bildirib ki, müharibə başlayarsa, heç zaman öz ərazisindən İrana qarşı istifadə olunmasına yol verməyəcək. Belə bir mövqe sizi məyus etmir ki?
- Azərbaycan öz ərazisindən necə istifadə etməklə bağlı özü qərar verir. Müsahibənin əvvəlində vurğuladığım kimi, ABŞ 20 ildir Azərbaycanın öz suverenliyini gücləndirməsinə kömək göstərir. Bu da öz növbəsində o deməkdir ki, Azərbaycan öz ərazisi ilə bağlı özü qərar verə bilər.
- Bu yaxınlarda ABŞ-ın dövlət katibi Hillari Klinton Fransa Senatının qondarma erməni soyqırımını tanımayanları cəzalandırmasına öz mənfi münasibətini bildirdi. Hər halda həm Fransa, həm də Türkiyə ABŞ-ın müttəfiqləridir. Pərdə arxası öz iki mütəfiqinizə bununla bağlı nə deyirsiniz?
- Həm Fransa, həm də Türkiyə ABŞ-ın NATO çərçivəsində uzunmüddətli mühüm müttəfiqidir. Bizim istəyimiz və arzumuz ondan ibarətdir ki, həm Türkiyə, həm də Fransa bu məsələni arxada qoysunlar və mümkün qədər tez ən güclü münasibət qursunlar.
- Soyqırımından danışarkən, gələn həftə Azərbaycanda Xocalı soyqırımının 20-ci ildönümü tamam olacaq. Ola bilsin ki, biz ilk dəfə bu soyqırımın xarici ölkələrin parlamentləri tərəfindən tanınmasının şahidi olacağıq. Amerikada da bu barədə düşünürlər?
- Hər bir hökumətin hər hansı qanun layihəsini, qanunu qəbul etmək səlahiyyəti, hüququ var. Bizim ölkənin bu məsələlərlə bağlı uzunmüddətli mövqeyi ondan ibarətdir ki, bu kimi məsələlər tarixçilər və xalqların ixtiyarına verilməlidir. Siyasətçilər xalqların və tarixçilərin yerinə qərar qəbul etməməlidirlər.
- Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyev Münhendə təhlükəsizlik konfransında suallardan birinə cavab verərkən bildirdi ki, Azərbaycanı Misirdəki hadisələr gözləmir. Siz "ərəb baharı"nın bizim regiona gəlişini gözləyirsinizmi?
-Öncə qeyd etmək istəyirəm ki, mən Prezidentin fikirləri ilə razıyam. İki ölkəni bir-biri ilə müqayisə etmək heç də məqsədəuyğun deyil. Ölkələr tarixlərinə, vəziyyətlərinə, şəraitlərinə görə bir-birindən fərqlənirlər. Mən də Azərbaycandakı vəziyyət barəsində mühakimə yürütmək üçün hər hansı bir ölkə ilə müqayisə aparmayacağam. Azərbaycandakı vəziyyətə baxdıqda görə bilərik ki, ötən 5-6 il ərzində ölkə çox böyük iqtisadi inkişaf yolu keçib. Bu da çox böyük imkanlar yaradıb, imkanların artmasına səbəb olub. Vətəndaşların öz hökumətlərinə inamını artırıb. Bununla paralel olaraq cəmiyyətdə çox böyük müsbət dəyişikliklər baş verib. Bu özlüyündə də sabitliyə gətirib çıxarır. Vətəndaşlar hökumətlərinin onlar üçün maneə, əngəl yaratmasına yox, kömək etməsinə inanırlar. Bundan başqa, keçən il Azərbaycan hökuməti çox vacib bir qanun-antikorrupsiya strategiyasını qəbul edib. Burada hökumət artıq çox gözəl şəkildə başa düşüb ki, korrupsiya halları xalqla hökuməti bir-birindən ayrı salır, onlar arasında uçurum yaradır, onları bir-birinə yadlaşdırır. Bu, uzunmüddətli sabitlik əldə etmək, cəmiyyətin güclənməsi üçün irəliyə doğru atılmış çox mühüm siyasi addımdır. Özü-özlüyündə bu fəaliyyətlər daxili demokratiyanın, iqtisadi islahatların bir hissəsidir. Hesab edirik ki, bu kimi islahatların davam etdirilməsi cəmiyyətdə uzun müddətli sabitliyin bərqərar olması baxımından böyük əhəmiyyət kəsb edir.
-Bu yaxınlarda Vaşinqtonda bitən hərbi məsləhətləşmələr barədə danışmaq istəyirəm. Bu məsləhətləşmələrdən sonra mətbuatda belə məlumatlar getdi ki, Azərbaycan ABŞ və NATO silahlı qüvvələrinə öz ərazisindən uçmağa icazə vermədi. Bu danışıqlarda nə müzakirə olunub və həqiqətən nə qərara alınıb?
- ABŞ-Azərbaycan ölkələri arasında təhlükəsizlik sahəsində əməkdaşlıq əladır. Bunun bir sübutu, göstərici kimi keçən ay Vaşinqtonda baş tutmuş iki ölkə arasında müdafiə məsələləri üzrə ikitərəfli məsləhətləşmələri qeyd edə bilərəm. Burada Azərbaycanın Müdafiə Nazirliyinin, ABŞ Dövlət Departamenti, eyni zamanda Müdafiə Departamentinin və digər müvafiq qurumların nümayəndələri iştirak etmişdilər, ətraflı müzakirələr aparmışdılar. Buraya ölkələr arasında olan əlaqələrin davam etdirilməsi, gücləndirilməsi daxildir. Dəniz sahəsində müvafiq infrastruktur müdafiəsi məsələləri, hərbçilər arasında qarşılıqlı əlaqələr və hərbçilərə təlimlərin keçirilməsi, eyni zamanda Azərbaycan qoşunlarının NATO standartlarına uyğunlaşdırılması məsələləri əhatə olunub. Biz Azərbaycanın hava məkanından istifadə etməyimizin səviyyəsi ilə razıyıq. Bununla bağlı heç bir şikayətimiz yoxdur. ABŞ hərbçiləri bu mənada, bu istiqamətdə qarşıya qoyulan məqsədləri yerinə yetirə bilirlər.
- Cənab Sterlinq, Azərbaycan, eyni zamanda, şimal qonşusu olan Rusiya ilə də çox intensiv danışıqlar, hərbi məsləhətləşmələr aparmaqdadır. Məsələn, Qəbələ RLS-lə bağlı. Yenə də mətbuatda gedən məlumatlara istinad etsək, gələcəkdə Azərbaycanda yeni stansiyanın yerləşdirilməsindən söhbət gedə bilər. Buna münasibətiniz necədir? Bu sizi narahat etmir ki?
- Hesab edirəm ki, Qəbələ RLS Rusiya və Azərbaycan hökumətlərinin razılıq əldə etməli olduğu məsələdir. Raketdən müdafiə məsələlərinə gəldikdə isə Prezident Obama hakimiyyətə gəldiyi ilk aylardan Rusiya ilə raketdən müdafiə sahəsində əməkdaşlıq üzrə öhdəliklərə sadiq olduğunu bəyan etmişdir. İki ölkənin bölüşdüyü müştərək təhdidlər vardır və eyni zamanda hər iki ölkənin müvafiq sahədə üst-üstə düşən imkanları mövcuddur. Hesab edirəm ki, Rusiya, Avropa və ABŞ bu sahədəki imkanlarını bir araya gətirsələr və bu sahədə əməkdaşlıq etsələr bu hər üç ölkənin marağında olar.
- Bəs Moskvada gedən məsləhətləşmələr barədə siz haradan məlumat tutursunuz?
- Qısa deyim ki, bu, ABŞ-a dəxli olan məsələ deyil. Bu, Rusiya ilə Azərbaycan arasında olan bir məsələdir.
- Cənab Sterlinq, bu yaxınlarda Münhendə Hillari Klintonla Azərbaycan Prezidenti İlham Əliyev arasında görüş keçirildi. Görüşün nəticələri barədə müxtəlif məlumatlar sızdırıldı. Sizdən eşitmək istərdik ki, bu görüşdə hansı məsələlər müzakirə edildi və hansı nəticələr əldə edildi?
- Prezident Əliyev və Klinton arasında görüşdə əsasən ABŞ-Azərbaycan əməkdaşlığı nəzərdən keçirilmişdi və hər iki tərəf bu münasibətlərin, əməkdaşlığın əla səviyyədə olduğunu qeyd etmişdi. ABŞ həmişə olduğu kimi Azərbaycana bütün sahələrdə göstərdiyi əməkdaşlığa görə, xüsusən regional təhlükəsizlik və Əfqanıstandakı fəaliyyətlərdə dəstəyinə görə öz minnətdarlığını bildirmişdi. Dövlət katibi həmçinin qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün əlindən gələni edəcək.
-Yəni Qarabağ danışıqlarında cənab Əliyevlə xanım Klinton arasında hər hansı razılıq əldə olundumu?
- Yaxşı olar ki, təfərrüatlara varmayım. Dağlıq Qarabağla bağlı məsələlələr müzakirə olunmuşdu, müəyyən irəliləyiş əldə olunmuşdu. Amma mən yenə də deyirəm ki, təfərrüatlara varmasam yaxşı olar.
- Azərbaycanda belə fikirlər səslənməkdədir ki, ümumiyyətlə, Minsk qrupundan imtina edilməlidir, Fransanın qərəzli mövqeyinə görə onun tərkibi dəyişməlidir. Sizin Minsk qrupunun həmsədri kimi bu deyilənlərə münasibətiniz?
- Azərbaycan hökuməti bu məsələ ilə bağlı rəsmi mövqe bildirməyib. Ona görə də mən buna hər hansı cavab verə bilmərəm.
- Cənab Sterlinq, qarşıdan Azərbaycan üçün çox vacib bir hadisə yaxınlaşmaqdadır. Bu da "Eurovision" Mahnı Müsabiqəsidir. Bir tərəfdən müxalifət etiraz aksiyalarının keçirilməsi barədə danışır, Siz bu müsabiqə ərəfəsində Azərbaycanda nələrin baş verməsini və ya hansı dəyişikliklərin yer almasını gözləyirsiniz?
- Mən şəxsən "Eurovision" Mahnı Müsabiqəsini çox gözləyirəm. Bilirsiniz ki, ABŞ bu müsabiqədə iştirak etmir. Burada olan amerikalılar üçün bu yeni, həyəcanverici, maraqlı bir haldır. Azərbaycanda yaşayan amerikalılar hər bir bakılı kimi Azərbaycanın qalib gəlməsini və Bakının bu böyük tədbirə ev sahibliyi edəcəyini böyük sevinclə qarşılayıb. Biz bu tədbirin keçirilməsini böyük səbirsizliklə gözləyirik. Bu o deməkdir ki, Azərbaycana çox yüksək səviyyədə beynəlxalq diqqət olacaq, ölkə beynəlxalq aləmin diqqət mərkəzində olacaq. Avropa mediası, avropalılar Azərbaycan barəsində daha çox məlumat əldə etməyə çalışacaqlar. Hesab edirəm ki, Azərbaycan üçün bu çox müsbət haldır. Bununla yanaşı, Azərbaycan son dövrlər dünya miqyasında meydana çıxan, müsbət mənada özünü göstərən bir ölkə olub. BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi Azərbaycanın dünyanın diqqət mərkəzində olmasına səbəb olub. Bu da, əlbəttə ki, normal haldır. Bütün bu məsələlər diqqətdə olmaqla yanaşı, bu ölkədəki vəziyyətlə bağlı sıx tanış olmaq imkanı da yaranır.
-Siz özünüz həmin vaxt Azərbaycanda olacaqsınızmı?
-Əlbəttə, mən mayda burada olacam. Çox ümidvaram ki, müsabiqəyə bilet də ala biləcəyəm.

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında