Firuz Mustafa: Ədəbiyyatda özünə qarşı rəhmsiz olmalısan

Firuz Mustafa tanınmış nasir, dramaturq, filosof və esseistdir. Müxtəlif dövrlərdə nəşr olunmuş 30-dan çox kitabın müəllifidir. Teatrlarda onun onlarca pyesinə quruluş verilmişdir. Qeyd edək ki, son illər internetin geniş yayılması F.Mustafanın əcnəbi oxucular arasında da populyarlığını artırıb. O, bu gün internetdə əsərləri ən çox oxunan, haqqında yüksək rəy bildirilən azərbaycanlı yazıçılardan biridir. Əməkdaşımız Firuz Mustafa ilə görüşərək, ondan müsahibə alıb. Müsahibəni oxucularımıza təqdim edirik. 
- Firuz müəllim, siz çox məhsuldar yazıb-yaradan qələm sahiblərindənsiniz. Ötən il sizin üçün hansı uğurlarla yadda qaldı?
- 2011-ci ildə bir neçə nəsr əsərim yenidən çap olunub. Pyeslərim bir sıra teatrların səhnələrində oynanılıb. Keçən il üç bədii və bir fəlsəfə kitabım işıq üzü görüb. Bütövlükdə, ötən ili yaradıcılıq baxımından uğurlu il hesab etmək olar.
- Keçən il artıq yeddinci dəfə nəşr olunan "Dəniz köçü" povest-pritçanız barədə, qısa da olsa, söz açmağınızı istərdik.
- "Dəniz köçü" əsəri insan və təbiət arasındakı qarşılıqlı harmoniyadan və həssas determinist əlaqədən bəhs edir. Gərgin süjet xəttinə malik olan bu povest-pritçada baş verən gözlənilməz hadisələr sürətli kino kadrları kimi bir-birini əvəz edir.
Qeyd edim ki, bu əsər təkcə həmvətənlərimiz arasında deyil, internetin yaratdığı hüdudsuz imkanlar nəticəsində böyük bir coğrafi ərazidə yerləşən rusdilli oxucular arasında da populyardır. Əsərin ingilisdilli variantı da maraqla qarşılanıb. Əsərin məziyyətləri barədə çoxlu rəylər alıram. Povestin U.Disneyin məşhur multiplikasiya filmləri tipində ekranlaşdırılmasını vacib sayanlar da çoxdur. Bu, necə deyərlər, kinematoqrafın işidir. Hər halda, "At günü" povestimlə bərabər, "Dəniz köçü"nün də əcnəbi kitabsevərlərin rəğbətlə qarşılamaları mənim üçün çox xoşdur.
- Ötən il "Sklerozlar üçün yaddaş" adlı kitabınız da nəşr olundu. Bu kitabı bir istedadlı tənqidçi artıq "qəlbə və ağıla işıq saçan sözlər" adlandırıb. Bu janra müraciət etməyinizə nə səbəb oldu?
- Bu kitabda topladığım kəlamlar indiki SMS tipli adını vaxtilə dəqiqləşdirə bilmədiyim qısa fikirlərdir. Həmin kəlamlar bir vaxtlar qəzet və jurnallarda "1001 kəlam"başlığı altında dərc olunub. Son illər yeni fəlsəfi və həyati fikirlər meydana gəldiyi üçün onları kitab halında nəşr etdirdim.
- Siz yaradıcılığınızda fəlsəfə ilə ədəbiyyatı uğurla sintez edən qələm sahibisiniz. Keçən il yeni fəlsəfi əsəriniz də nəşr olunub. Bu barədə nə deyərdiniz?
- Yəqin ki, günümüzün elmi dövriyyəsində, daha dəqiq desək, terminologiyasında, ən çox işlədilən ifadə və sözlər bunlardır: qloballaşma və mədəniyyət. Məhz mən kitabı elə bu cür - "Qloballaşma və mədəniyyət" adlandırmışam. Burada qloballaşma və mədəniyyət fenomeni arasındakı qarşılıqlı mürəkkəb əlaqənin bir sıra məqamlarını sosioloji və fəlsəfi aspektdə araşdırmışam.
Qloballaşmanın mahiyyətində hərfi mənada "böyük" və "nəhəng" anlam dayanır. Amma əslində bu böyüklük özlüyündə bir kiçiklik və ya kiçilməni ehtiva edir. Yəni bir yandan böyüyən dünya, digər tərəfdən kiçilir. Bir daha deyirəm, qloballaşma sanki böyük bir sunamidir, ondan qaçıb gizlənmək mümkün deyil, çalışmaq lazımdır ki, milli identikliyimizi qoruyaq.
- Siz bədii ədəbi janrların, demək olar ki, hamısında qələminizi sınamısınız. Etiraf edək ki, ədəbi mühitdə sizi daha çox dramaturq kimi tanıyırlar.
- Dramaturgiya məni ona görə cəlb edir ki, burada kəskin ehtiraslar, barışmaz ziddiyyətlər əks olunur. Həyat həqiqətləri çeşidli fikirlərin toqquşmasından üzə çıxır. İldırım çaxanda göy üzü necə işıqlanırsa, yaxşı dram əsəri də həyatımıza elə aydınlıq gətirir. Mən 40-a yaxın dram əsəri yazmışam. Onların böyük əksəriyyəti paytaxt və bölgə teatrlarında oynanılıb, indi də oynanılır.
- Mənə bəllidir ki, Azərbaycandakı əksər teatrlar sizin əsərlərinizi səhnəyə qoyub, bircə Azərbaycan Dövlət Akademik Milil Dram Teatrından başqa. Səbəbi nədir?
- Mən hansısa əsərimin hansısa teatrda oynanılması üçün heç vaxt xüsusi israr və təşəbbüsdə bulunmuram. Tanınmış rejissor Ağakişi Kazımov milli teatrın səhnəsində bir əsərimi səhnələşdirməyə hazırlaşırdı. Lakin Ağakişi müəllim indi orada işləmir. Əsərimin taleyi isə hələ də naməlumdur.
- Teatr tənqidçisi Əsəd Cahangir yazır ki, "ən azı üslub cəhətdən, ən çoxu isə teatrın ardıcıl yeniləşmə tələbi naminə F.Mustafanın pyesləri ana teatrımızın səhnəsinə yol tapa bilər və inanırıq ki, teatrın başladığı yeni repertuar siyasəti nəticəsində bunu gözləmək çox da lazım gəlməyəcək"...
- Mən Əsəd müəllimin fikirlərinə hörmətlə yanaşıram. Bir daha deyirəm, bu məsələ məndən yox, teatrın rəhbərliyindən asılıdır.
- Son illər tərcümələriniz az dərc olunur. Niyə?
- Mən N.Berdyayev, F.Nitsşe kimi filosofların, S.Yesenin, A.Blok, V.Şukşin kimi şair və yazıçıların əsərlərini, habelə "Putin. Birinci şəxsdən" kitabını Azərbaycan dilinə tərcümə etmişəm. Tərcümə çox gərgin zəhmət və vaxt tələb edən işdir. Hazırda tərcümə ilə məşğul olmağa sadəcə vaxtım çatmır.
- Dünyanın qüdrətli filosoflarının həyat və yaradıcılığı barədə sizin esselərinizi böyük zövqlə oxuyuram. Bu seriyanı davam etdirmək fikriniz varmı?
- Hegelin, Kantın, Berdyayevin, dünyanın başqa görkəmli filosoflarının həyat və fəlsəfi baxışları barədə esselər yazmışam. Dostlarım da xahiş edirlər ki, bu istiqamətdə işlərimi davam etdirim. Lakin hazırda daha çox türk etnoslarının tarixini araşdırmaqla məşğulam. Bu yaxınlarda "100 türk etnosu" adlı kitabım nəşr olundu. İlk rəylər göstərir ki, əsər geniş ictimaiyyətin diqqətini cəlb edib.
- Çağdaş Azərbaycan ədəbiyyatının vəziyyəti barədə düşüncələrinizi bilmək istərdik?
- Müasir Azərbaycan ədəbiyyatı anlayışı ümumi bir anlamdır. Bu ədəbiyyatın içində istedadlılar da var, istedadsızlar da, qrafomaniya ilə məşğul olanlar da var, özünü ədəbiyyata həsr edənlər də. Yəqin ki, heç bir normal düşüncə sahibi bu mövcud durumu bir kəlmə ilə, yəni "hə" və ya "yox" kəlməsi ilə cavablandıra bilməz.
- Bu gün bədii sözün təsir dairəsinin daraldığını iddia edənlər az deyil. Sizcə ədəbiyyatla, yazı-pozu ilə məşğul olmaq fərdi işdir, yoxsa ictimai-siyasi?
- Düzü, cavab verməyə çətinlik çəkirəm. Axı, bəzən "fərdi əməyin" məhsulu, yəni ortaya gələn əsər, milyonlarla adamı silkələyib ayağa qaldırır və bu olur ictimai-siyasi iş. Bütün hallarda ədəbiyyat insanı nəcib və məğrur olmağa sövq edir.
- Firuz müəllim, bu yaxınlarda 60 yaşınız tamam olur. Hər bir yubiley, ilk növbədə, hesabatdır. Yaradıcı insan üçün, təbii ki, bu, həm də yaradıcılıq hesabatıdır. Bu mənada, arxaya boylanıb "Mən ədəbiyyat üçün nə etmişəm?" sualına nə cavab verərdiniz?
- Bu sualın daha dəqiq cavabını oxucular və zaman verə bilər. Gəlin bunu onların öhdəsinə buraxaq. Mən sualı bir qədər fərqli qoyardım. Soruşardım ki, "Ədəbiyyat sizə nə verib?" Cavab verirəm: ədəbiyyat mənim üçün həyatda reallaşdıra bilmədiyim layihələri kağız üzərində həyata keçirmək üçün bir vasitədir. Düzdür, bizdə ədəbiyyat üzrə layihələri maliyyələşdirməyə cəhd edənlər az olur. Səbəb sadədir: ortada maddi vəsaitlər olmur. Bizdə belə layihələrə, təəssüf ki, pul ayırmırlar.
- Sizcə, bədii əsərlər nə zaman uzunömürlü olur?
- Ədəbiyyat və əbədiyyat məsələsi hər bir yaradıcı insan kimi məni də çox düşündürüb. Qənaətim budur ki, əgər sən özünə qarşı həmişə tələbkar, hətta rəhmsiz ola bilsən, ədəbiyyat əbədiyyata çevrilə bilər. Çünki özünəvurğunluğu və qeyri-təvazökarlığı nə ədəbiyyat qəbul edir, nə də əbədiyyət.
- Firuz müəllim, həyatda ən böyük arzunuz nədir?
- Qarabağın azad olacağına inanıram və o günü səbirsizliklə gözləyirəm.

{nl}

Söhbəti yazdı: M.HACIXANLI, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında