Şriftin ölçüsü:
11.02.2012 11:11 | Oxunma sayı: 815
Amerikalı ekspert düşünür ki, "Senatın qəbul etdiyi qanun layihəsi qüvvəyə minsə, Fransa neytrallığını itirəcək"
Vaşinqtondakı "Sidar Global Advisors" qrupunun direktoru Cenk Sidarın APA -ya müsahibəsi.
- Ermənistanın və erməni lobbisinin istəyi ilə Fransa Senatı 1915-ci il hadisələrini "soyqırım" adlandırmaqdan imtinaya görə cəza nəzərdə tutan qanunu qəbul edib. Ermənistan ilk və ya son dəfə deyil ki, belə addım atır. Bu addımlar Ermənistanı hara aparacaq?
- Ermənistanın regionda və bütün dünyada mövqelərini zəiflədən bu cür qanunun qəbul olunmasında inadkarlığını başa düşmək çətindir. Bu qanun layihəsi fərdi azadlıqların və Avropa İnsan Hüquqları Konvensiyasının pozulmasıdır və mən əminəm ki, beynəlxalq birlik bunu bilir. Erməni diasporu Fransa Senatının qərarına qələbə kimi baxır. Amma mən əminəm ki, bu mövqe onsuz da yoxsulluqdan əziyyət çəkən Ermənistanın sabitlik və inkişaf perspektivlərinə ciddi zərbə vuracaq. Digər tərəfdən, Ermənistan dövləti diasporun maliyyə yardımı olmadan keçinə bilməz, buna görə də ölkə diasporun ideyalarından asılıdır. Bu cür cəhdlər Ermənistanı çox çətin vəziyyətdə qoyur və onun rifahına ciddi zərbə vurur. Bu addımlar həmçinin söz azadlığını, akademik və sosial müzakirələri məhdudlaşdırır. Bu addımların ciddi neqativ nəticələri olacaq.
- Türkiyəni Fransa Senatının qərarı ilə üzbəüz qoyan Ermənistan gələcəkdə Türkiyə ilə barışmaq şansına malikdirmi?
- Aydındır ki, ermənilər Türkiyə ilə barışıqda maraqlı deyillər və qapıları bundan çox əvvəl bağlayıblar. Erməni lobbisinin qlobal kampaniyası prosesi rəsmən əngəlləyəcək və gələcək barışığın bütün perspektivlərini məhv edəcək. Türkiyə isə heç nə itirməyəcək. Çətin iqtisadi və coğrafi şəraiti olan Ermənistan Türkiyə ilə barışıqda daha çox maraqlı olmalıdır. Buna görə də barışığın bütün perspektivlərini məhv edən belə bir qlobal kampaniyada Ermənistanın inadkarlığını başa düşmək çətindir. ABŞ Konqresində "soyqırım" qətnaməsi ilə bağlı hər hansı ciddi tədbir proqnozlaşdırılmır, baxmayaraq ki, erməni lobbisi mövcudluğunun yeganə səbəbi olan bu məsələdə təzyiq göstərir. Qanun layihəsi Ermənistan və Türkiyə arasında imzalanmış protokolları sarsıdır və açıq müzakirələrin keçirilməsinə mane olur. Çox güman ki, Ermənistan hökuməti və diasporu 1915-ci il hadisələrinin 100 illiyi ilə əlaqədar "soyqırım" iddialarının beynəlxalq aləmdə tanınması üçün kampaniyanı daha da genişləndirəcək. Türkiyə rəsmiləri bunun qarşısını almaq üçün yeni siyasət yürütməlidirlər. Amma Türkiyənin erməni tərəfini razı sala biləcək hər hansı bir ssenari təklif edəcəyi gözlənilmir.
- ABŞ Türkiyə-Ermənistan yaxınlaşması üçün nə təklif edə bilər?
- ABŞ Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşmasını istərdi, amma, eyni zamanda, maraqları olduğu bir regionda Türkiyə kimi mühüm müttəfiqi də itirmək istəməz. Mən ən azı 2012-ci ildə ABŞ-ın barışıq prosesinə ciddi surətdə cəlb olunacağını gözləmirəm. Xüsusilə Fransa parlamentinin qərarından sonra gərginliyin artdığı bir şəraitdə ABŞ hadisələrin gedişini kənardan izləməyə üstünlük verəcək. Türkiyənin regionda ABŞ-ın əsas müttəfiqi kimi strateji mövqeyi var və ABŞ erməni məsələsinə görə Türkiyə ilə münasibətlərini riskə ata bilməz. Artıq Fransa senatorları qanun layihəsi ilə bağlı Konstitusiya Şurasına müraciət ediblər və şura qanunun Konstitusiyaya uyğun olub -olmadığını müəyyənləşdirəcək. Yəqin ki, Vaşinqton da məsələnin yekununu gözləyəcək.
- Fransa ATƏT-in Minsk Qrupunun həmsədridir, bu ölkənin Senatı isə belə bir qanun layihəsi qəbul edib. Bu qanun layihəsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına necə təsir göstərəcək?
- Əgər qanun layihəsi qüvvəyə minsə, Fransa neytrallığını itirəcək və böyük ehtimalla bu, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini dayandıracaq. Bu, həm də Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı ilə nəticələnəcək. Ümumiyyətlə, erməni diasporu qanun layihəsini qələbə hesab etsə də, bu, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Ermənistanın maraqlarına da ziyan vuracaq. Görünür, proseslər Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyinin xeyrinə cərəyan edəcək və Ermənistanı regional proseslərdən uzaqlaşdıracaq.
- Sizcə, Azərbaycan və Türkiyə erməni təbliğatına qarşı birlikdə necə addım ata bilərlər?
- Azərbaycan Türkiyəyə erməni lobbisinin kampaniyasına müqavimət göstərməkdə yardım edə bilər, lakin ABŞ-dakı Azərbaycan diasporu Türkiyənin mövqeyinin qəbuluna nail olmaq iqtidarında deyil. Erməni diasporunda olan maliyyə vəsaiti və təşkilatçılıq bacarığı Azərbaycan diasporunda yoxdur və onun üzvləri ABŞ-da hətta birbaşa Azərbaycanla bağlı olan məsələləri qaldırmaqda çətinlik çəkirlər. Ona görə də erməni lobbisinin digər ölkələrdə oxşar qanun layihələrinin qəbul olunmasına yönəlmiş kampaniyasına müqavimət göstərməkdə Azərbaycan lobbisinin Türkiyəyə hansı mühüm dəstəyi verə biləcəyini söyləmək çətindir. Buna baxmayaraq, mən güman edirəm ki, hər iki ölkə hökuməti birlikdə fəaliyyət göstərəcək və icmalar daha da yaxınlaşacaq.
- Avropaya inteqrasiya ilə bağlı Azərbaycan və Türkiyənin gələcəyi necə olacaq?
- Parlamentin tarixə müdaxiləsi tendensiyası Azərbaycan və Türkiyənin Avropa strukturlarına inteqrasiyasını yavaşıladacaq. ...Türkiyə ictimaiyyətinin Avropa Birliyinə münasibəti pisdir. Sözsüz ki, bu, türklərin Fransa ilə bağlı fikirlərinə ciddi təsir edib. Hər iki ölkədə insanlar getdikcə avropalı oyunçuların obyektivliyinə inamı itirəcəklər. Qərb ölkələri üçün türkləri və azərbaycanlıları bu məsələlərdə obyektivliklərinə inandırmaq çətin olacaq.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.