Şriftin ölçüsü:
07.02.2012 10:59 | Oxunma sayı: 1225
Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy AzərTAc-a müsahibəsində bu il oktyabrın əvvəlində Bakıda keçiriləcək Beynəlxalq Humanitar Foruma hazırlığın gedişini şərh edərək demişdir: "RF Prezidenti Administrasiyasının rəhbəri Sergey İvanov Bakı Beynəlxalq Humanitar Forumunun Təşkilat Komitəsinin sədri olmağa razılıq vermişdir". Forum Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının bu yaxınlarda seçiləcək Prezidentinin himayəsi altında keçiriləcəkdir.
O demişdir: "Təşkilat Komitəsinin məsələləri ilə Prezident Administrasiyalarının rəhbərləri məşğul olduğu üçün RF Prezident Administrasiyasının rəhbəri Sergey İvanov Forumun Təşkilat Komitəsinin sədri olmağa razılıq vermişdir, Azərbaycan ilə Rusiya arasında daha yaxşı münasibətlər yaradılmasına xeyli vaxt ayıran əvvəlki sədr Sergey Narışkin isə yeni qisimdə hökmən forumun qonağı olacaqdır. Mənim fikrimcə o, foruma hazırlıq prosesində əvvəlcə Azərbaycana səfər edəcəkdir".
M.Şvıdkoy demişdir: "Biz Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev və Prezident Administrasiyasının Humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə ilə məsləhətləşərək bu qənaətə gəlmişik ki, növbəti forum bundan əvvəlki forumda yaranmış ideyaları bir qədər inkişaf etdirməlidir. Bizim fikrimizcə, əvvəlki forumda əldə edilmiş bütün müsbət nəticələri qoruyub saxlayacağıq, lakin təbii ki, hər bir işdə inkişaf və yeni keyfiyyət tələb olunur".
Mixail Şvıdkoy demişdir: "Bakı Beynəlxalq Humanitar Forumu əsasən müasir biliklərin, humanitar elmin və bütövlükdə müasir elmin insan həyatı ilə sıx bağlı olmasına, bir sıra elmi kəşf və ideyaların bəşəriyyətin mövcudluğu dediyimiz vəziyyətə transformasiyasına istiqamətlənmişdir. Bu baxımdan, bəzi adamların intellektual Davos adlandırdığı forumun ideyası, şəksiz, böyük əhəmiyyət kəsb edir, çünki müasir dövrdə istər cari siyasi həyatda, istərsə də fundamental elmlər sahəsində nələr baş verdiyini insanlara bildirmək çox vacibdir. Bu mənada düşünürəm ki, biz iqtisadiyyata, fizikaya, koqnitiv elmlərə, yəni təbii, elmi və psixoloji bilikləri birləşdirən elmlərə həsr edilmiş "dəyirmi masaları" da saxlayacağıq. Təbii ki, multikulturalizm mövzusunu davam etdirəcəyik. Bu gün biz yüksək texnologiyalar sahəsində nələr baş verməsi və həmin texnologiyaların insanın dünyanı qavramasına, müasir insanın dünyagörüşünə necə təsir göstərməsi barədə danışırıq. Bir sözlə, biz forumun əhatə dairəsini genişləndirməyə çalışacağıq. Belə ki, birinci forumda altı "dəyirmi masa" vardısa, bu dəfə onların sayı yeddi və ya səkkiz olacaqdır. Ən başlıcası, biz Nobel mükafatına, dünyada mövcud olan digər nüfuzlu mükafatlara layiq görülmüş laureatları, dünya şöhrətli aparıcı alimləri Bakı forumuna cəlb etməyə çalışacağıq, onlar müasir insanın həyatı ilə müasir elmi təsəvvürlər arasında əlaqələrin ən mühüm problemləri barədə danışacaqlar. Bu gün dünyaya yeni ideyalar təklif edən ölkələr qazanırlar. Məlumdur ki, Azərbaycanın təbii sərvətləri çoxdur, lakin mənim fikrimcə, bütün dünyada olduğu kimi, Azərbaycanın da əsas sərvəti bu ölkənin xalqı, həmin xalqın intellekti, yaratmaq və qurmaq bacarığıdır. Bu mənada belə bir forum zəruridir".
Xüsusi nümayəndə humanitar məkanın və mədəniyyətlərarası dialoqun formalaşması prosesində Heydər Əliyev Fondunun mühüm rolunu xüsusi vurğulamışdır. Mixail Şvıdkoy sonda demişdir: "Heydər Əliyev Fondunun yaradılması Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin xatirəsinə hörmət və ehtiramın təbii ifadəsidir. Fonda ölkənin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etməsi də təbiidir. Bir qayda olaraq birinci xanımlar xeyriyyə fondları və humanitar fondlar yaradırlar, bu mənada Heydər Əliyev Fondu bugünkü beynəlxalq ənənələrə uyğundur. Mənim fikrimcə, bu fond bugünkü Azərbaycan haqqında dünyanı məlumatlandırmaqla Azərbaycan üçün və Azərbaycan xalqı üçün çox mühüm iş görür".
{nl}
Asya HACIZADƏ AzərTAc-ın xüsusi müxbiri
Moskva
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.