Millətin gələcəyinə bu günün layiqli töhfəsi

Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə gənc nəsillə bağlayır, onun hərtərəfli inkişaf etməsinə şərait yaradır. Azərbaycan xalqının ümidi olan müstəqil Azərbaycan gənci öz həyatını qurarkən Azərbaycanın bu günü, gələcəyi haqqında düşünür, öz fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir. Buna gənclərin yüksək potensialı, əldə etdikləri elmi bilikləri, güclü vətənpərvərlik hissləri tam imkan verir. Dünyanın inkişaf etmiş, qabaqcıl ölkələri sırasında olan Azərbaycan gənclərinin müasir aparıcı qüvvə kimi formalaşmasında dövlət gənclər siyasətinin mühüm rolu olmuşdur. Dövlətin gənclər siyasəti böyük gənclər ordusu olan paytaxt Bakıda da uğurla həyata keçirilir. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasovla müsahibədə də həmsöhbətim bugünkü müstəqil dövlətçiliyimizin üzərində bərqərar olduğu dayaqlardan biri də Azərbaycan gəncliyinin olduğunu bildirdi və ölkəmizdə gənc nəslin mənəvi-ideoloji tərbiyəsinə, onların sağlamlığının qorunmasına xüsusi qayğı ilə yanaşıldığını qeyd etdi.
- Raqif müəllim, ötən il Azərbaycanın bütün sahələrində böyük uğurlar əldə edilib. 2011-ci il paytaxt gəncləri üçün necə yadda qalıb?
- Ötən il gənclərimiz böyük uğurlara imza atıblar. Azərbaycan gəncliyinin təşkilatlanması, diaspor ilə sıx əməkdaşlıq, Avropanın ən böyük musiqi yarışması olan "Eurovision-2011"də tarixi qələbə, idman sahəsində mötəbər yarışlarda əldə edilmiş böyük nailiyyətlər, bir çox yeni layihələrin, Avropa Şurasının gənclik və idman departamentinin xətti ilə keçirilən silsiləvi tədbirlərin, paytaxtımızın ev sahibliyi etdiyi tədbirlərin təşkilatçılığında gənclərin aparıcı rolu xüsusi qeyd olunmalıdır. Gənclər siyasəti Azərbaycan Prezidenti cənab İlham Əliyevin diqqətdə saxladığı sahələrdən biridir. Dövlət başçısı il ərzində mütəmadi olaraq gənclərlə görüşür, gəncləri daha fəal olmağa çağırır. "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının qəbul edilməsi də 2011-ci ilin ən mühüm hadisəsidir. İlk dəfə olaraq bu Dövlət Proqramının qəbulu geniş ictimai müzakirəyə çıxarılaraq gənclərin, tələbə təşkilatlarının, bir çox qeyri-hökumət təşkilatlarının, təklifləri və ünvanladığı fikirləri əsasında qəbul olunmuşdur. Asudə vaxtın səmərəli təşkili, vətənpərvərlik tərbiyəsi, ailə institutunun qorunub saxlanılması, beynəlxalq təşkilatlarda gənclərin rolu, sosial problemlərin həlli, ailənin qurulması, həqiqi hərbi xidmətə çağırış məsələsi, istedadların aşkarlanması, fiziki qüsurlu, valideyin himayəsindən məhrum olunmuş və məcburi köçkün və qaçqın ailələrində tərbiyə olunan gənclərin problemlərinin həlli, onların yeni-yeni proqramlarda özünü təsdiq edib, axtarışda olan iri şirkətlərə, dövlətin aparıcı strukturlarına işlə təmin olunmasına cəlb olunması məsələsi bu proqramda öz əksini tapmışdır. Bu proqram Azərbaycan gəncliyini yeni hədəflərə doğru aparır.
- Bakı şəhərinin əhalisinin böyük hissəsini gənclər təşkil edir. BŞGİİ tərəfindən gənclər siyasətinin həyata keçirilməsi istiqamətində hansı işlər görülür?
- Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi Gənclər və İdman Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyəti rəhbərliyi altında fəaliyyət göstərən ən böyük qurumlardan biridir. Bu da idarəmizin üzərinə əlavə məsuliyyət qoyur və biliklərin, kreativ düşüncələrin XXI əsrin çağırışlarını əks etdirən yeni-yeni hədəflərin fəth etməsi üçün daim axtarışda olmağımızı əsaslandırır. Yaşı 14-29 olan gənclər ölkə əhalisinin 31 faizini, yaşı 35-ə qədər olan gənclər 60 faizini təşkil edir. Bakı əhalisinin isə əksəriyyəti gənclərdir. Yeni qəbul olunmuş normativ-hüquqi sənədlər daha geniş gənclər kütləsini əhatə etməyə, daim yeniliyin axtarışında olmağa bizə əsas verir. BŞGİBİ Gənclər və İdman Nazirliyi tərəfindən təsdiq edilmiş tədbirlər planına əsasən, öz işini qurur. Tələbə gənclər təşkilatları, qeyri-hökumət təşkilatları, ictimai birliklər, orta məktəblər, ali təhsil müəssisələri, beynəlxalq institutlar, ölkə xaricində fəaliyyət göstərən gənclər təşkilatları, xaricdə təhsil alan gənclər vasitəsilə bu işlər davamlı şəkildə həyata keçirilir. Elektron KİV-lərin gündəlik tədbirlərimizi işıqlandırmasına, ümumiyyətlə cəmiyyətin geniş təbəqəsinə gənclər sahəsində görülən işləri çatdırmasına diqqət yetirilir. 1996-cı ildən indiyə qədər ənənəvi olaraq üç ildən bir ölkə gənclərinin forumu keçirilir. 2011-ci ildə də sayca 6-cı forum keçirildi, görülmüş işlərə yekun vuruldu, yeni perspektivlər müəyyən edildi.
- 2 Fevral Gənclər Günüdür. Bu əlamətdar günlə bağlı paytaxtda hansı tədbirlər keçirilir?
- 1997-ci ildə ulu öndər Heydər Əliyev 2 fevralın Gənclər Günü elan edilməsi ilə bağlı sərəncam vermişdi. Tarixə nəzər salsaq görərik ki, həm Sovet Birliyi dövründə, həm də müstəqillik dövründə ulu öndər Heydər Əliyev gənclərin problemləri ilə maraqlanmış, ilk görüşlərindən birini onlarla keçirmiş, çıxışlarında gənclərə inandığını, onlara etibar etdiyini demişdi. Məhz ulu öndərimizin müəyyənləşdirdiyi, Azərbaycan Prezidenti cənab İlham Əliyevin davam etdirdiyi uğurlu siyasət nəticəsində gənclər bu gün cəmiyyətdə öz yerini tutur. Gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların özlərini cəmiyyətdə təsdiq etməsində böyük rol oynamışdır. Hər il ənənəvi olaraq paytaxtda da Gənclər Günü geniş miqyasda qeyd edilir və bu dəfə də bir sıra tədbirlər həyata keçiririk. Milli qəhrəmanlarımızın tanıtımı, orta ümumtəhsil və orta ixtisas, eləcə də ali məktəblərdə gəncləri zərərli vərdişlərdən çəkindirmək məqsədilə bir sıra kampaniyaların, anım günlərinin keçirilməsi, elektron aksiyalarının təşkili, sərgilərin, inşa yazı müsabiqələrinin, idman yarışlarının keçirilməsi özündə böyük bir gənclər ordusunu cəmləşdirir. Gənclər Günü ilə bağlı müxtəlif proqramlar, qala konsertlər təşkil edilir. Bakının 11 inzibati rayonunun hər birində fərqlənmiş, il ərzində ölkədaxili, eləcə də beynəlxalq tədbirlərdə qalib və mükafatçılar sırasında yer almış gənclərin təltif edilməsi də nəzərdə tutulub.
- Paytaxtımız son illər bir sıra mötəbər tədbirlərə ev sahibliyi edib. Bakıda keçiriləcək beynəlxalq tədbirlərin təşkilində BŞGİBİ-nin üzərinə böyük vəzifələr düşür.
- Tamamilə doğrudur. Öz üzərində çalışan gənclərimiz bu cür tədbirlərin təşkilində yaxından kömək edirlər. Belə tədbirlərdən biri beynəlxalq mahnı müsabiqəsi "Eurovision-2012" "Öz alovunu yandır şüarı" altında baş tutacaq. Müsabiqənin bu ilki loqosunda Azərbaycanın əsas elementləri olan buta və od öz əksini tapıb. İştirak üçün 43 ölkə öz təsdiqini verib. Əcnəbi vətəndaşların, turistlərin şəhərlə tanış olması üçün xüsusi gənclər qrupu hazırlanır. Yüzlərlə fəal gənc könüllü qismində müsabiqənin təşkilatçılığında iştirak edəcək. Bu gənclər həm öz üzərlərində işləyib biliklərini artıracaq, həm də xarici qonaqları məlumatlandıracaqlar. Hər bir beynəlxalq tədbirin həyata keçirilməsi üçün həmin tədbirin fəlsəfəsi mövcuddur. "Eurovision" mahnı müsabiqəsinin bir fəlsəfəsi də ölkə mədəniyyətinin dünyaya çatdırılmasıdır. Muğamımız, milli musiqi alətlərimizin dünyaya çatdırılması üçün fürsətdən istifadə etməliyik.
- Gənclər siyasətinə verilmiş daha bir töhfə 2012-ci ilin "İdman ili" elan olunmasıdır.
-Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2012-ci ilin İdman ili elan olunması hər birimizi sevindirdi. Bununla belə üzərimizə böyük məsuliyyət düşür. Gənclərimiz bu il nailiyyətlərinin sayını daha da artırmalıdırlar. Bildiyiniz kimi, Bakı 2020-ci il Yay Olimpiya Oyunlarını keçirməyə iddiaçı şəhərlərdən biridir və ev sahibliyi barədə qərar 2013-cü ilədək verilməlidir. Bakının olimpiya oyunlarında əsas şüarı ("Biz birlikdə bacararıq") atalar sözümüz "El gücü, sel gücü"ndən götürülüb. İnfrastrukturumuzun mövcudluğu, maliyyə resurslarımızın olması, güclü iqtisadi inkişaf əsas verir ki, Olimpiya oyunlarının tezliklə Azərbaycana gətirilməsinə nail olaq. Ölkəmizdə 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatının, voleybol üzrə böyüklər arasında Çempionlar Liqasının final mərhələsinin, güləş üzrə beynəlxalq Qran-pri turnirinin, karate üzrə Avropa çempionatının keçirilməsi, əldə ediləcək nailiyyətlərlə idman ilimizi daha da zəngin edəcəyik. Maddi-texniki bazanın yaxşılaşdırılması, 11-ə yaxın Olimpiya İdman Kompleksinin inşası, bədii gimnastika üzrə kompleksin tikilib istifadəyə verilməsi, 60 mindən çox tutuma malik Olimpiya Stadionunun inşası, qapalı və açıq hovuzların tikilib istifadəyə verilməsi, bir sıra idman qurğularının bərpası və yenidən qurulması, şahmat məktəblərinin tikilməsi idman sahəsinin inkişafını daha da sürətləndirəcək. Futbolun və şahmatın inkişafını əhatə edən dövlət proqramları və onların icrası davam etməkdədir. Bu ildən pilot layihə kimi orta məktəblərdə şahmatın bir fənn kimi tədris edilməsi həm də intellektual biliklərə qoyulmuş bir sərmayədir. İntellektual səviyyədən danışarkən ali məktəblər arasında keçirilən "Nə? Harada? Nə zaman?", "Xəmsə" milli intellektual oyunlarında ildən-ilə artan rəqabətin səviyyəsini qeyd etmək istəyirəm. Bu da Azərbaycan gəncliyinin bilik səviyyəsinin yüksəldiyini göstərir.
- Bu gün paytaxt gənclərinin fəallığı qənaətbəxşdirmi?
- Müasir gənclərimizin daha geniş biliyə, mükəmməl təhsilə, yüksək dünyagörüşünə malik olması üçün tədbirlər görülür. Azərbaycanın dilbər guşələrinin tanınması ilə bağlı keçirilən müxtəlif tədbirlərdə, iqtisadiyyatımızın inkişafı nəticəsində gözəlləşən, abadlaşan və yeniləşən əyalətlərimizlə paytaxt və əyalət körpüsünü yaratmağa çalışırıq. Gənclərin iştirakı ilə yeni televiziya layihələri üzrə iş gedir. Mədəniyyətimizin təbliği, gənclik və din, gənclik və səhiyyə, gənclik və neft strategiyası belə layihələrdəndir. Bütün Azərbaycan gəncliyi Azərbaycan Prezidentinin çağırışına sadiqdir. Ölkə başçısı cənab İlham Əliyevin "neft kapitalının insan kapitalına çevrilməsi" çağırışı Azərbaycan gəncliyini öz üzərində daha çox çalışmağa, öz biliklərini artırmağa, bu bilikləri daha yüksək zirvələrə çatdırmağa sövq edir. Azərbaycanın uzunmüddətli inkişafına yönəldilmiş 2020-ci il konsepsiyasının yerinə yetirilməsində əsas yük məhz gənclərin üzərinə düşəcək və Konsepsiya vasitəsilə yeni zirvələr fəth ediləcək. Azərbaycan həqiqətlərinin dünyada təbliğ olunmasında, dünya həqiqətlərinin Azərbaycana çatdırılmasında gənclərimiz mühüm rol oynayırlar. Azərbaycan gənclyi işğal olunmuş torpaqlarımızın qaytarılması, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması sahəsində müxtəlif tədbirlərə, aksiyalara qoşulmuşdur. Heydər Əliyev Fondunun vitse-prezidenti, Ümumrusiya Azərbaycan Gənclər Təşkilatının sədri Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində bu il də tədbirlərimiz davam edəcək. Xocalı həqiqətlərinin dünyaya çatdırılması üçün kampaniya çərçivəsində tanınmış politoloq, sosioloq, hüquq-mühafizə strukturlarına, ali təhsil ocaqlarına elektron aksiyası vasitəsilə müxtəlif dillərdə məktublar göndəriləcək. Düşünürük ki, tezliklə erməni faşistlərinin törətdiyi Xocalı soyqırımı beynəlxalq aləmdə tanınacaq. Bütün Azərbaycan xalqı, eləcə də gənclərimiz Fransanın qondarma "erməni soyqırımı"na dair çıxardığı qərara görə məyus olub, haqq səslərini ucaldırlar. Onlar Minsk qrupunun həmsədri kimi fəaliyyət göstərən Fransadan hadisələrə obyektiv münasibət tələb edir, erməni faşistlərinin iç üzünü açmaq üçün mümkün vasitələrdən istifadə edirlər. Gənclərimiz tarix boyu digər millətlərə nümunə olublar və nümunə olaraq qalmalıdırlar. II Dünya müharibəsi zamanı Fransa partizan hərəkatında iştirak edərək 500 fransız uşağını faşistlərin məhvindən xilas edən azərbaycanlı Əhmədiyyə Cəbrayılov (1920-ci ildə Şəkidə anadan olub) Fransa xalqının azadlığı uğrunda döyüşlərdə böyük şücaət göstərib. Fransanın ən yüksək mükafatı olan Fəxri legion ordeni şəxsən Şarl de Qoll tərəfindən ona təqdim edilib. Ona Fransada keçirilən hərbi paradlarda generalların önündə getmək hüququ verilsə də, Əhmədiyyə bir dəfə də olsun bu hüquqdan istifadə etməyib. Belə faktlar yüzlərlədir və bir daha Azərbaycan xalqının, türk övladlarının, qəhrəman oğullarımızın Fransa, eləcə də digər ölkələrin gənclərinə qəhrəmanlıq nümunəsi göstərdiyini sübut edir. "Biz öz mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan çıxmış bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik", - bu müdrik sözləri ümummilli lider Heydər Əliyev öz çıxışında vurğulayaraq, gənclərimizi milli-mənəvi dəyərlər ruhunda tərbiyə etməyin vacibliyini bildirmişdir. Azərbaycan gəncləri hazırda dünyanın müasir, intellektli, yüksək səviyyəyə malik fəal gəncləridirlər. Bununla belə onlar, milli və bəşəri dəyərlərə hörmət edən insanpərvər, sülhsevər gənclərdir, hansı millətin nümayəndəsi olursa olsun, insanlıq naminə canlarından belə keçməyi bacaran igid oğullar və qızlardır. 2 Fevral - Gənclər Günü münasibətilə gənclərimizi təbrik edir, onlara daha böyük nailiyyətlər arzulayıram.

{nl}

Leyla QURBANOVA, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında