Şriftin ölçüsü:
01.02.2012 11:04 | Oxunma sayı: 836
{nl}
Son vaxtlar yenə də erməni lobbisi, antitürk qüvvələr Azərbaycanla Türkiyə arasında siyasi, iqtisadi, mədəni və srateji tərəfdaşlıq əlaqələrinin gücləndirilməsindən narahat olmağa başlayıblar.Bu qüvvələr iki qardaş xalq arasında münasibətləri zəiflətməyə, ara qarışdırmağa və "bir millət, iki dövlət"in nümayəndələrini qarşı-qarşıya qoymağa cəhd edirlər. Erməni lobbisi ilə Ermənistanın havadarları çirkin niyyətlərinə çatmaq üçün ən iyrənc vasitələrə əl atır, qardaş ölkənin bəzi kütləvi informasiya vasitələrində Azərbaycana qarşı əsassız ittihamlar təşkil edir, bununla da iki qardaş arasına nifaq salmaq istəyirlər.
Erməni lobbisi və onlara himayədarlıq edən ermənipərəst qüvvələrin digər məqsədlərindən biri də Azərbaycanla Türkiyəni vahid siyasi xətdən yayındırmaq,onların arasında fikir ayrılığı yaratmaq və bu yolla ziddiyyətlərə, narazılıqlara yol açmaqdır.
Düşmən qüvvələrin xəbis niyyətləri heç vaxt baş tutmayacaq. Çünki Azərbaycanla Türkiyə əbədi qardaş, "bir millət, iki dövlət"dir. Milli Məclisin sədr müavini Bahar Muradova da Azərbaycan-Türkiyə münasibətlərindən danışarkən iki dövlət arasında əlaqələrin bütün sahələr üzrə yüksələn xətt üzrə inkişaf etdiyini diqqətə çatdırdı. O dedi ki, belə çirkin kampaniyalar, hansısa bir qəzetdə dərc olunan həqiqətdən çox-çox uzaq məqalələr qardaş xalqları bir-birindən ayıra bilməz. B.Muradovanın dediyi kimi, biz zaman-zaman belə hadisələrin şahidi olmuşuq.
Milli Məclis sədrinin müavini iki il əvvəl Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması və diplomatik əlaqələrin qurulması ilə bağlı imzalanmış protokolları xatırladaraq dedi: "İki il bundan əvvəl protokolların imzalanması məsələsində də belə hallar yaşanmışdı. Bu müddət ərzində neft-qaz anlaşması baxımından da əsası olmayan fikirlər Türkiyənin bəzi mətbu orqanlarında yer almışdı. Bütün bunlara baxmayaraq, Azərbaycan və Türkiyə rəsmi dairələri, o cümlədən yüksək səviyyəli rəhbərlik birlik nümayiş etdirərək bir daha təsdiqlədilər ki, iki qardaş arasına heç kim girə bilməz və bu birliyi hər hansı bir qüvvə sarsıda bilməz. Bu birliyi istəməyən, onu gözü götürməyənlərə bir daha məlum oldu ki, onlar öz "qara əməlləri" ilə heç nəyə nail ola bilməyəcəklər".
B.Muradova dedi ki, Azərbaycan hər zaman Türkiyəni dəstəkləyib və bundan sonra da dəstəkləyəcək. Fransa Senatında bu günlərdə "Qanunla tanınmış soyqırımıların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan"qanunun qəbul edilməsi Azərbaycanda hiddətlə qarşılanmışdır. Bu məsələdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin, Milli Məclisin və ictimaiyyətin nümayiş etdirdiyi mövqe bütövlikdə Azərbaycan dövlətinin mövqeyidir. Bunu kimsə şübhə altına ala bilməz. Əgər şübhə altına alanlar varsa, onlar bu məsələyə qərəzli yanaşanlardır və əsl həqiqəti görmək istəməyənlərdir. Əgər Türkiyə mətbuatında bizi və iki qardaş xalqın birliyini istəməyən dairələr, eləcə də Türkiyə-Azərbaycan yüksək səviyyəli əlaqələrini istəməyən qüvvələr tərəfindən müxtəlif "əsaslar" gündəmə gətirilirsə, mən çox istərdim ki, Azərbaycanın kütləvi informasiya vasitələrinin, həmçinin bəzi siyasi qurumların nümayəndələri bunun nədən qaynaqlandığını araşdırsınlar. Belə yalan məlumatları bizim kütləvi informasiya vasitələrində təkrarlamağa və bununla da Azərbaycanın yeritdiyi siyasəti şübhə altına almağa rəvac verə biləcək fikirlərə ehtiyac yoxdur.
B.Muradovanın fikrincə, Azərbaycan Prezidenti bütün səviyyələrdə belə məsələlərə öz münasibətini ifadə edib. Bir neçə gün bundan əvvəl Türkiyənin deputatlarından ibarət nümayəndə heyəti Azərbaycanda olmuşdur. Onlar bütün səviyyələrdə görüşlər keçirdilər. Bu görüşlərdə Azərbaycanın atdığı addımlar ardıcıl olaraq onların diqqətinə çardırıldı. Onlar həm ölkəmizdə olarkən, həm də Türkiyəyə qayıtdıqdan sonra bu sahədə Azərbaycanın atdığı addımları, xüsusilə də Azərbaycan Prezidentinin mövqeyini bir daha ictimaiyyətin diqqətinə çatdırdılar və çatdırmaqda davam edirlər. Ona görə də bəzi dairələrin iki qardaş ölkə arasına nifaq salmaq cəhdləri həmişəki kimi yenə də iflasa uğrayacaq. Bir daha bildirirəm ki, Türkiyə- Azərbaycan iş birliyi, mövqe birliyi, birgə fəaliyyəti daha yüksək səviyyədə olacaq və hər hansı bir qüvvə iki qardaş ölkənin birliyini sarsıda bilməyəcək.
{nl}
Söhbəti qələmə aldı: Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.