Ölkəmizin maliyyə imkanlarının ilbəil artması paytaxtda, eləcə də bölgələrdə mühüm infrastruktur layihələrinin reallaşdırılmasına imkan yaradır. Hazırda Azərbaycanda uğurlu sosial siyasət yeridilir, vətəndaşların üzləşdikləri problemlərin vaxtında aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Məhz bunun nəticəsidir ki, son illər sosial infrastrukturun yaradılmasına xüsusi diqqət yetirilir, əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsi getdikcə yaxşılaşdırılır. Elə əhalinin keyfiyyətli su ilə fasiləsiz təminatının yaxşılaşdırılması, eləcə də kanalizasiya şəbəkəsinin yenidən qurulması ilə bağlı həyata keçirilən işlər də məhz bu uğurlu sosial siyasətin nəticəsidir. Müsahibimiz "Azərsu" ASC-nin Strateji İnkişaf Departamentinin rəisi, əməkdar mühəndis Əhməd Məmmədovdur.
- Əhməd müəllim, məlum olduğu kimi, hazırda ölkə əhalisinin, demək olar ki, yarısı Bakı şəhəri və Abşeron yarımadasında yaşayır. Sirr deyil ki, ötən əsrin 60-70-ci illərində yaradılmış su təchizatı sistemi və kanalizasiya şəbəkəsi bugünkü tələbata cavab vermir. Hazırda bu problemin həlli istiqamətində hansı işlər həyata keçirilir?
-"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin perspektiv inkişaf planında və maliyyələşdirmədə əsas götürdüyü başlıca vəzifə məhz Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron yarımadasının su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və genişləndirilməsi ilə bağlıdır. Məlum olduğu kimi, hazırda Bakı və Abşeron yarımadasının su təchizatı sistemi dörd əsas mənbədən qidalanır. Bura Xaçmaz, Kür, Ceyranbatan və Oğuz-Qəbələ su mənbələri daxildir və bu mənbələr çox uzaqda yerləşir. Yeri gəlmişkən, bu yaxınlarda Oğuz-Qəbələ su mənbəyinin istifadəyə verilməsinin bir ili tamam oldu. Ölkəmizin şimal-qərbində yerləşən Oğuz-Qəbələ vadisinin yeraltı suları hesabına qidalanan Oğuz-Qəbələ-Bakı su kəməri hazırda paytaxtımızın içməli su təchizatında müstəsna rol oynayır. Məlumat üçün bildirmək istəyirəm ki, həmin mənbədən gələn su Bakı yaxınlığındakı ən hündür nöqtədən şəhərə daxil olur. Hazırda paytaxtın Yasamal, Nəsimi və Nərimanov rayonları bütövlükdə, Səbail rayonunun 70 faizi, Binəqədi rayonunun isə yarıdan çoxu bu kəmərin suyundan istifadə edir. İndi bu kəmərlə paytaxtımıza saniyədə 5 kubmetr su daxil olur.
Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi müəyyən işlərə yenidən baxmaq zərurətini yaratmışdır. Məhz bu məqsədlə paytaxtın mövcud suötürücü şəbəkəsinin yenidən qurulmasına başlanıldı, istismar müddətini başa vurmuş kəmərlər yeniləri ilə əvəz olundu. Oğuz-Qəbələ-Bakı kəməri ilə gələn su özüaxımlı rejimlə paytaxta daxil olduğu üçün bir neçə iri nasos stansiyasının fəaliyyəti dayandırıldı. Bundan əlavə, 50-dək məhəllədaxili nasos stansiyası ləğv olundu. Beləliklə də, məsələnin iqtisadi səmərəsi nəzərə alınaraq bütün istiqamətlərdə az enerji sərfiyyatının aparılmasını təmin edən layihələrə üstünlük verilməyə başlandı.
Hazırda Abşeron yarımadasında sürətli urbanizasiya və şəhərsalma prosesi gedir, yeni-yeni yaşayış massivləri yaradılır. Bütün bunları və gələcək perspektiv inkişafı nəzərə alan "Azərsu" Açıq Səhmdar Cəmiyyəti Bakı və Abşeron yarımadasının içməli suya olan tələbatının ödənilməsi üçün Ceyranbatan su anbarının imkanlarının artırılmasını vacib sayır. Məlumat üçün bildirirəm ki, Ceyranbatan su anbarı Samur-Abşeron kanalından qidalanır. Yaxın vaxtlarda isə Taxtakörpü su anbarının istifadəyə verilməsi ilə əlaqədar Ceyranbatan gölünün su ehtiyatları kəskin şəkildə artacaq. Bakı şəhəri və Abşeron yarımadasında 54-dək kənd və qəsəbə var ki, onların da təqribən 40-da su təchizatı sistemi qismən mövcuddur. İndi qarşıda duran başlıca vəzifə paytaxtın bütün yaşayış məntəqələrinin içməli su ilə tam təminatına nail olmaqdan ibarətdir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il may ayının 4-də təsdiq etdiyi "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda paytaxtın mərkəzi rayonlarının, eləcə də ətraf kənd və qəsəbələrin içməli su təchizatı sistemlərinin yenidən qurulması və kanalizasiya şəbəkələrinin yaradılması ilə bağlı mühüm tədbirlər nəzərdə tutulmuşdur. Artıq bu istiqamətdə konkret işlərin həyata keçirilməsinə başlanılmışdır. Yeri gəlmişkən, hazırda Abşeron yarımadasının paytaxtın su təchizatı sisteminə qoşulmayan bir cox qəsəbəsi var. Biz Mərdəkan, Şüvəlan, Qala, Zirə, Binə, Türkan, Pirallahı və digər qəsəbələri paytaxtın su təchizatı sisteminə qoşmaqla bu problemin həllinə nail olmaq niyyətindəyik. Bu, bizim qarşıya qoyduğumuz ən böyük prioritet məsələdir. Artıq bu məqsədə nail olmaq üçün Ceyranbatan ultrasüzgəcli sutəmizləyici quğusunun tikintisi sürətlə davam etdirilir. "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq Abşeron yarımadasında yerləşən bütün qəsəbələr üzrə su təchizatı və kanalizasiya sistemləri şəbəkəsinin layihələndirilməsi işləri başa çatdırılıb. Artıq həmin qəsəbələrin bəzilərində tikinti işlərinə başlanmışdır. "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin qarşısında duran başlıca vəzifələrdən biri də ən az enerji tutumlu layihələrə üstünlük verilməsindən ibarətdir. Artıq bu istiqamətdə də konkret işlərə başlamışıq. Belə ki, Ceyranbatanda təmizlənəcək su nasosla 190 metrlik səviyyəyə qaldırılacaq. Buradan isə yeni cəkiləcək kəmər vasitəsilə özüaxımli rejimlə Pirallahı qəsəbəsinə qədər nəql olunacaq. Onu da deyim ki, yol boyu yerləşən bütün qəsəbələrin yaxınlığında mümkün yüksəkliklərdə tənzimləyici su anbarları inşa ediləcək. Bu isə öz növbəsində həm Bakıətrafı qəsəbələrin içməli su ilə fasiləsiz təminatına imkan verəcək, həm də anbarlarda lazımi su ehtiyatının toplanmasına şərait yaradacaq. Belə bir sistemin indiyədək mövcud olmaması suyun birbaşa magistral kəmərlərdən götürülməsi məcburiyyəti yaradırdı ki, bu da su ehtiyatlarından səmərəsiz istifadəyə və itkilərə gətirib çıxarırdı. Bir məsələni də qeyd edim ki, sutəmizləyici qurğunun istifadəyə verilməsi və yeni supaylayıcı şəbəkələrin yaradılması paytaxtın şərq hissəsini tam əhatə edəcək. Beləliklə də, bu layihənin həyata keçirilməsi Abşeron yarımadasının 2035-ci ilə qədərki inkişafı nəzərə alınmaqla 2 milyon nəfərə qədər sakini yüksək keyfiyyətli içməli su ilə təmin etməyə imkan yaradacaq.
- Hazırda bütün dünyada içməli suyun keyfiyyətinin artırılmasına xüsusi diqqət yetirilir. Bəs, "Azərsu" Açıq Səhmdar Cəmiyyəti bu istiqamətdə nə kimi işlər görür?
- Bu, bizim qarşımızda duran ən vacib məsələlərdən biri, hətta deyərdim ki, birincisidir. Belə bir faktı diqqətinizə çatdırmaq istəyirəm ki, hələ vaxtilə "Bakıya bol-bol su gətirəcəyik" deyən ümummilli liderimiz Heydər Əliyev 2002-ci ilin dekabr ayında keçirilən müşavirədə paytaxta yüksək keyfiyyətli bulaq suyunun gətirilməsinin vaxtının çatdığını bildirmiş və bu məqsədlə Oğuz-Qəbələ zonasının yeraltı sularının öyrənilməsi barədə tapşırıq vermişdi. Göründüyü kimi, ulu öndərin ideya müəllifi olduğu həmin layihənin onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırılması məhz paytaxt sakinlərinin keyfiyyətli içməli su ilə təminatına xidmət edir. Yeri gəlmişkən, deyim ki, bu vacib məsələ dövlətimizin başçısı cənab İlham Əliyevin də daimi nəzarəti altındadır. Təsadüfi deyil ki, ötən il sentyabr ayının 8-də Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğusunun təməlqoyma mərasimində Prezidentimiz bu barədə demişdir:" İnsan sağlamlığı üçün əsas olan su təchizatı məsələlərində biz bu yüksək səviyyəni təmin etməliyik... Su həyat deməkdir. Təmiz su isə sağlam həyat deməkdir. Biz istəyirik ki, Azərbaycan vətəndaşları sağlam olsunlar, gənc nəsil sağlam olsun". Elə Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğusunun inşası layihəsinin əsas təşəbbüskarı da məhz Prezidentimiz cənab İlham Əliyevdir. Bir məsələni də qeyd edim ki, ultrasüzgəcli sutəmizləyici qurğularının inşası dünyada tamamilə yeni bir sahədir. Mübaliğəsiz demək olar ki, Ceyranbatanda tikilən qurğu məhsuldarlığına görə dünyanın ən iri sutəmizləyici qurğusudur. Müqayisə üçün deyim ki, hazırda Moskva şəhərində 250 min kubmetrlik, Almaniyada isə 80 min kubmetrlik qurğular mövcud olduğu halda, Ceyranbatan sutəmizləyici qurğusunun sutkalıq gücü 520 min kubmetr təşkil edəcək. Bu isə saniyədə 6 kubmetr suyun emal edilərək istehlakçılara verilməsi deməkdir. İçməli suyun keyfiyyətindən söhbət düşmüşkən, onu da diqqətinizə çatdırmaq istəyirəm ki, hazırda "Azərsu" Açıq Səhmdar Cəmiyyəti Bakı şəhərində dünya standartlarına tam cavab verən laboratoriya inşa etdirir. Bundan da əsas məqsəd paytaxta daxil olan içməli suyun keyfiyyətini daimi nəzarətdə saxlamaqdan ibarətdir. Belə ki, bu ilin yayında istifadəyə verilməsi nəzərdə tutulan yeni mərkəzi laboratoriyanın köməyi ilə içməli suyun 75-dək parametrini öyrənmək mümkün olacaq. Bir sözlə, gələcəkdə həm içməli suyun, həm də kanalizasiya sularının hərtərəfli, kompleks yoxlanılması məhz bu laboratoriyada həyata keçiriləcəkdir.
- Əhməd müəllim, son illər Azərbaycanın dövlət başçısı ölkə regionlarının dinamik və tarazlı inkişafını təmin etmək məqsədilə bir sıra vacib sənədlər, mühüm proqramlar qəbul etmişdir. Sirr deyil ki, hazırda regionlarda kəskin su çatışmazlığı sakinləri ən çox narahat edən məsələlərdəndir. Problemin həlli istiqamətində nə kimi işlər həyata keçirilir?
- Möhtərəm Prezidentimizin regionların inkişafı ilə bağlı qəbul etdiyi mühüm sənədlərdən biri də ölkənin kiçik şəhərlərinin və rayon mərkəzlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlıdır. İndiyədək bu layihələrin həyata keçirilməsi məqsədilə dünyanın müxtəlif maliyyə institutları ilə 1 milyard dollardan artıq məbləğdə kredit sazişləri imzalanmışdır. Artıq həmin müqavilələr üzrə konkret işlərə başlanmışdır.
Sevindirici haldır ki, indi Azərbaycan 1995-2000-ci illərdəki dövlət deyil. Artıq biz güclü iqtisadiyyatımız hesabına dünyanın qabaqcıl ölkələri sırasına qoşulmaqdayıq. İndi ölkəmizin iqtisadi qüdrəti və maliyyə ehtiyatları istənilən infrastruktur layihəsini reallaşdırmağa imkan verir. Ona görə də bir çox sahələrdə olduğu kimi, su təsərrüfatı sektorunda nəzərdə tutulan layihələri də öz gücümüzlə həyata keçirə bilərik. Elə Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi də məhz Azərbaycan dövlətinin iqtisadi qüdrətinin təntənəsi idi.
Azərbaycanın getdikcə artmaqda olan maliyyə imkanlarını nəzərə alan Prezident İlham Əliyev 2011-ci ilin dövlət büdcəsinə edilən əlavə və düzəlişlərdən sonra ölkənin 11 rayonunun su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üçün kifayət qədər vəsaitin ayrılmasına sərəncam vermişdir. Atıq həmin rayonlarda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrasına başlanmışdır. Yeri gəlmişkən, həmin işlərin sırasında Lənkəran və Mingəçevirdə görüləcək işlər diqqəti daha cox cəlb edir. Çünki bu şəhərlərdə əhali sıxlığı daha coxdur. Məlumat üçün bildirmək istəyirəm ki, Lənkəran şəhəri Xanbulançay dəryaçasından, Mingəçevir şəhəri isə eyni adlı su anbarından qidalanır. Hər iki şəhərdə yüksək keyfiyyətli içməli suyun alınması üçün ultrasüzgəcli qurğudan istifadə olunacaq. Ölkənin 11 rayonunun su təchizatının yaradılması zamanı kəmər boyu yerləşən kəndlərin də su ilə təminatına nail olunacaq. Qeyd etdiyim kimi, Bakı və Abşeron yarımadasına yönəldilən vəsaitlər burada kifayət qədər su ehtiyatlarının yaradılmasına imkan verəcək. Yəni Bakı istiqamətinə ötürülən suyun həcmi xeyli artdığından Kür sutəmizləyici qurğusunda emal olunmuş içməli suyun ölkənin digər şəhərlərinə yönəltmək imkanı yaranacaq. Artıq Kür sutəmizləyici qurğusu vasitəsilə ölkənin 7-8 rayonunun su təchizatının həyata keçirilməsi ilə bağlı layihələr işlənmişdir. Layihəyə əsasən, Talış kəndi yaxınlığında yerləşən sutəmizləyici qurğudan Şirvan, Salyan, Neftçala, Biləsuvar, Saatlı və Sabirabad istiqamətlərinə kifayət qədər içməli su nəql olunacaq. Belə yanaşmanın bir müsbət cəhəti də ondan ibarətdir ki, layihənin reallaşdırılması təkcə rayon mərkəzlərini deyil, eyni zamanda, 147 kəndin də su təchizatı problemini tam həll etməyə imkan yaradacaq.
- Bakı şəhərinin sürətlə böyüməsi, ətraf ərazilərdə yeni-yeni yaşayış massivlərinin salınması kanalizasiya şəbəkəsinin də əsaslı şəklidə yeniləşdirilməsini tələb edir...
-"Azərsu" Aşıq Səhmdar Cəmiyyətinin qarşısında duran həlli vacib məsələlərdən biri də məhz böyük Bakının kanalizasiya şəbəkəsinin tamamilə yenidən qurulmasından ibarətdir. Xatırlatmaq istəyirım ki, ötən əsrin 70-ci illərində böyük Bakının kanalizasiya şəbəkəsi yaradılarkən bütün çirkab sularının Hövsan aerasiya stansiyasına yönəldilməsi əsas götürülmüşdü. Uzun illər keçdikdən sonra məlum oldu ki, bu yanaşma düzgün deyil. Çünki paytaxtın qərb hissəsində yaranan çirkab sularının şəhərin, demək olar ki, mərkəzindən keçirməklə tamamilə əks istiqamətə yönəldilməsi özünü doğrultmur. Özü də bu zaman iri nasos stansiyalarından istifadə etmək xeyli əlavə enerji sərfiyyatına səbəb olur. Diqqət yetirək: Hazırda Xırdalanda yaranan çirkab suları buradakı nasos stansiyası vasitəsilə Binəqədi kollektoruna, sonra isə digər nasos vasitəsilə sənaye zonası kollektoruna qaldırılır. Sonda isə Hövsan Aerasiya Stansiyasına nəql olunur. Göründüyü kimi, 100 min kubmetr çirkab suyunun nəqli bir neçə prosesdən keçməklə həm də artıq enerji sərfiyyatına səbəb olur. Artıq "Azərsu" ASC sözügedən problemin həlli istiqamətində konkret işlərə başlamışdır. Bu məqsədlə Lökbatan dairəsi yaxınlığında sutkada 400 min kubmetr çirkab suyu təmizləmək imkanına malik yeni təmizləyici qurğunun inşasına başlanılmışdır. Bununla da, Xırdalan şəhərinin və ətraf ərazilərin çirkab sularının Xocasən gölünün yaxınlığına çıxarılaraq buradan Lökbatan təmizləyici qurğusuna ötürülməsi təmin olunacaq. Bundan əlavə, Böyükşorda yerləşən 4 saylı kanalizasiya nasos stansiyasından çirkab suları tunel vasitəsilə geri qaytarılaraq Xocasən gölünün qarşısından özüaxımlı rejimlə həmin istiqamətə yönəldiləcək. Yeri gəlmişkən, bir məsələni də qeyd edim ki, Abşeron yarımadası quraq bir ərazi olduğundan burada yaşıllaşdırma işlərinin aparılmasına ciddi ehtiyac var. Lökbatan çirkab təmizləyici qurğusu istifadəyə verildikdən sonra bu arada təmizlənmiş sular təkrar istifadəyə qaytarılaraq yaşıllıqların salınmasında istifadə ediləcək.
Bakı şəhəri gündən-günə dəyişir, gözəlləşir. Artıq ölkəmizin paytaxtı dünyanın ən yaraşıqlı şəhərlərinin sırasına qoşulur. Bu məsələni xüsusi diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev Bakı bulvarının genişləndirilərək Bayraq meydanından Sultanburnuna qədər uzadılması ilə bağlı göstəriş vermişdir. Belə olan halda mövcud "Zığ-1" və "Zığ-2" nasos stansiyaları da yeni bulvarın ərazisinə düşəcək. Bulvarın təmizliyinin qorunmasını təmin etmək məqsədilə "Zığ-2" nasos stansiyasından Sultanburnunadək 4 kilometr uzunluğunda tunel qazmaqla orada yeni təmizləyici qurğunun tikilməsi nəzərdə tutulur. Bununla da, nasos stansiyalarının bulvar ərazisindən tam çıxarılması mümkün olacaq.
Yeri gəlmişkən, hazırda Abşeronun bəzi sahilboyu ərazilərində çirkab suları təmizlənmədən dənizə axıdılır. Bunun qarşısını almaq üçün sahil boyu müxtəlif ərazilərdə 11-ə yaxın lokal çirkab sutəmizləyici qurğusunun inşası nəzərdə tutulur. Artıq ətraf ərazilərin çirkab sularının həmin qurğularda təmizlənməsini təmin etmək məqsədilə baş sxem də hazırlanmışdır. Hazırda Sumqayıt şəhəri yaxınlığında - Corat qəsəbəsinin ərazisində modern bir təmizləyici qurğunun tikintisi davam etdirilir. Buna bənzər işlər Koreya hökumətinin dəstəyi ilə Pirşağı qəsəbəsində də həyata keçiriləcək. Onu da deyim ki, Pirşağıda inşa ediləcək təmizləyici qurğu Azərbaycanda ən modern tipli bir qurğu olacacaq. Pirallahı və Türkan qəsəbələrində də bu tip qurğuların inşası planlaşdırılır. Bundan əlavə, Hövsan aerasiya stansiyasının yaxınlığında 200 min kubmetrlik çirkab təmizləyici qurğusunun da layihəsi artıq hazırdır.
Paytaxtın 20-ci Sahə və Bibiheybət ərazilərində vaxtilə intensiv şəkildə neft çıxarıldığından bu yerlər xeyli dərəcədə çirklənməyə məruz qalmışdı. Ancaq son illər həmin sahələrdə neft ehtiyatları tükəndiyindən orada yeni yaşayış massivinin salınması nəzərdə tutulur. Yaxın illərdə isə belə işlərin Ələt qəsəbəsinə qədər həyata keçirilməsi planlaşdırılır. Beləliklə də, böyük Bakını və bütövlükdə Abşeron yarımadasını sağlam, ekoloji cəhətdən təmiz bir mühitə çevirməyə nail olacağıq. Bu işlərin həyata keçirilməsi həm də Xəzər dənizinin təmizliyinin qorunmasına imkan yaradacaq.
{nl}
Müsahibəni apardı: Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.