Dünyada nə qədər peşə var? Dəqiq sayını, yəqin ki, heç kəs bilməz. Bəs hansı peşə üstündür? Bu sualın cavabı var, amma fikirlər müxtəlif ola bilər. Keçən əsrin 80-ci illərində "Komsomolskaya pravda"nın müxbiri müxtəlif peşə sahiblərini və yaş qruplarını təmsil edən insanlar arasında keçirdiyi sorğuda belə bir sual qoymuşdu. Sorğunun nəticələri açıqlanarkən respondentlərin mütləq əksəriyyəti üstünlüyü müəllimlik və həkimlik peşələrinə vermişdi. Hətta bir nəfər fikrini əsaslandırmaq üçün böyük mütəfəkkir Mahatma Qandidən misal çəkmişdi: "İnsan inandığı şəxsə mal-mülkünü, müəllimə gələcəyini, təbibə isə canını, həyatını etibar edir".
Cəmiyyətdə ən yüksək məqam sahibi kimdir? sorğusuna isə respondentlərin çoxu "alim" cavabını vermişdi. Ümumiyyətlə, harada, hansı ölkədə və auditoriyada keçirilməsindən asılı olmayaraq, zənnimcə, bu sorğunun nəticələri reallığı əks etdirirdi.
"Rütbələr içində seçilir biri, hamıdan ucadır alimin yeri" - deyən dahi Nizami Gəncəvinin dövründə də bu, belə olub, bu gün də belədir, gələcəkdə də belə olacaq. Bütün dövrlərdə müəllimin, həkimin və alimin cəmiyyətdə hörməti və məqamı yüksək olub. Əlbəttə, burada söhbət, heç şübhəsiz ki, kamil peşə sahiblərindən gedir. Bu mənada ayrı-ayrılıqda öz peşəsinin kamillik zirvəsini fəth etmiş müəllimə də, həkimə də, alimə də həsəd aparmaq olar. Əgər bunların hər üçü bir nəfərin timsalında cəmləşibsə? Söhbətimiz belə nadir insanlardan biri - görkəmli pedaqoq, təbib, alim, Azərbaycan Tibb Universiteti otorinolarinqologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor Əzizağa Mirmehdi oğlu Talışinski barədədir.
Ömürlüyə bir nəzər: Əzizağa Talışinski 1942-ci il yanvarın 14-də Lənkəran şəhərində anadan olmuşdur. Lənkəran şəhər 3 nömrəli orta məktəbi qızıl medalla, Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirdikdən sonra təhsilini İ.Pavlov adına Ryazan Tibb İnstitutunun burun-boğaz-qulaq xəstəlikləri kafedrasının kliniki ordinaturasında və aspiranturasında davam etdirib. 1972-ci ildə dissertasiya müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi alıb. Bir il sonra Vətənə qayıdan Ə.Talışinki müsabiqə yolu ilə Azərbaycan Dövlət Tibb İnstitutunun burun-boğaz-qulaq kafedrasında assistent, sonra isə dosent vəzifələrinə seçilib. 1982-86-cı illərdə Moskva Burun-Boğaz-Qulaq Elmi Tədqiqat İnstitutunda doktoranturanı bitirib. 1986-cı ildə orada "Qulaq mənşəli sepsis və kəllədaxili ağırlaşmaların patogenezi, klinikası və müalicəsi" mövzusunuda doktorluq dissertasiyasını uğurla müdafiə edərək, bu dəfə tibb elmləri doktoru kimi Bakıya dönüb. 1987-ci ildə Azərbaycan Dövlət Tibb Universiteti otorinolarinqologiya kafedrasının professoru seçilib, 1995-ci ildən həmin kafedraya rəhbərlik edir. Azərbaycan Respublikasının əməkdar həkimidir.
B əri başdan deyim ki, professor Əzizağa Talışinskini iyirmi ildən çoxdur tanıyıram. Hələ keçən əsrin 70-ci illərində sovet ordusu sıralarında əsgəri xidmət zamanı "qazandığım" və uzun müddət mənə əziyyət verən ikitərəfli xroniki haymorit xəstəliyindən canımı bu mahir cərrahın qızıl əlləri birdəfəlik qurtarmışdır. Dəfələrlə görüşüb həmsöhbət olmuşuq. Və hər söhbətimiz zamanı qəlbi həyat eşqi ilə dolu, kamil əxlaq və iman sahibi olan bu insanı sanki yenidən kəşf etmişəm. Onun maraqlı söhbətlərinə, zəngin və hərtərəfli dünyagörüşünə heyran qalmamaq olmur. Buna görə də, çalışıram ki, sual verib, daha çox onu dinləyim. Yetmiş illik yubileyi ərəfəsində söhbətimiz zamanı da belə oldu: Peşə seçiminizi sizə kimsə məsləhət gördü, yoxsa təsadüfən oldu? sualımı belə cavablandırdı:
- Dahi Eynşteyn "təsadüf" anlayışı ilə bağlı bilirsiz, nə deyib? Deyib ki, materiyanın quruluşunu öyrəndikcə "təsadüf" sözünün nə qədər mənasız olduğunu anladım.
Bununla bağlı Aya ilk qədəm basan Amerika astronavtı Nil Amstronqun da fikirləri maraqlıdır. Onu yaddaş üçün qeyd etmişəm, qoy, olduğu kimi oxuyum, - deyib masanın üstündəki dəftərçəni vərəqləyir: Hə, tapdım, qulaq as Amstronqun fikridir: "İndi ən çox iyrəndiyim söz "təsadüf" sözüdür. Sənə bəlli olmayan qaranlıq, naməlum, sirli aləmlərə bələd olduqca anlayırsan ki, bu kainatda təsadüfi heç nə yoxdur".
Mən də bu fikirdəyəm ki, həyatda baş verənlərin, hətta bir təsadüf saydığımız hadisələr də bir qanunauyğunluğun nəticəsidir. Nəinki peşə seçimim, digər seçimlərim də Uca Yaradanın mənə bəxş etdiyi qismətdir. Çoxuşaqlı ailədə dünyaya göz açmışam. Ailənin sonbeşiyi - on birinci övladı olmuşam. Atam dünyasını dəyişəndə mənim 2 yaşım vardı. Elə həmin il- 1944-cü ildə böyük qardaşım Mirabbas Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdi. Böyük ailənin ağırlığı anamın, Mirabbasın və digər böyük bacı və qardaşlarımın çiyninə düşdü. Onlar əl-ələ verib kiçik uşaqların, o cümlədən mənim təhsil almağıma şərait yaratdılar. Orta məktəbdə oxuyarkən bütün fənlər üzrə əlaçı olmuşam. Amma kimya fənni məni daha çox cəlb edirdi. 1958-ci ildə Azərbaycandan bir qrup əlaçı şagirdi Moskvaya - Ümumittifaq Xalq Naliyyətləri Sərgisinə (ÜXNS) ekskursiyaya aparmışdılar. Bizim məktəbdən məni göndərmişdilər. Sərgidə kimya elminin və sənayesinin inkişafı perspektivləri ilə bağlı bir guşə yaradılmışdı. Orada kauçukun alınması prosesini əks etdirən nəhəng panno məndə böyük təəssürat yaratdı. Düyməni basarkən panno işıqlanır, göz önündə kimya elminin möcüzələri canlanırdı...
Həmin illərdə həyatımda baş verən digər bir hadisə də yaddaşımda mühüm iz buraxdı. Orta məktəbdə tətilə buraxılmışdıq. O vaxtlar respublika Elmlər Akademiyasının Biologiya İnstitutunda işləyən digər böyük qardaşım Həsənağagilə (sonralar biokimya elmləri doktoru oldu, dünyasını tez dəyişdi) qonaq gəlmişdim. Elmlər Akademiyasının indiki İstiqlal küçəsindəki binasında hansısa bayramla əlaqədar təntənəli mərasim keçirilirdi. Qardaşım həmin tədbirə məni də apardı. Tədbir başlanmazdan öncə bəstəboy, yaraşıqlı bir kişi binaya daxil oldu. Onu görən kimi bayaqkı səs-küydən əsər-əlamət qalmadı. O, tədbir iştirakçıları ilə salamlaşıb baş tərəfə keçdi. Yanında bir qız uşağı da vardı. Qardaşımdan onun kimliyini soruşdum. Dedi ki, Elmlər Akademiyasının prezidenti, akademik Yusif Məmmədəliyevdir, yanındakı da qızıdır. O dövrdə akademik Yusif Məmmədəliyev dünyaca məşhur alimlərdən idi. Haqqında çox eşitmişdim, amma üzünü birinci dəfə idi ki, görürdüm. Məni yaman ovsunlamışdı, gözümü onun nurlu çöhrəsindən ayıra bilmirdim.
Şübhəsiz, belə hadisələrin mənim kimya fənninə daha çox diqqət ayırmağıma təsiri oldu. Peşə seçimi edərkən isə, sanki daxilən bir səs mənə "həkim ol!" dedi. Sənədlərimi Tibb İnstitutuna verib qəbul olundum.
- Bəs necə oldu ki, burun-boğaz-qulaq həkimliyini seçdiniz?
- İnstitutda da əlaçı tələbə idim. Arzum kardioloq cərrah olmaq idi. Altıncı kursda oxuyanda fikrimi qardaşım Mirabbasa dedim. Mirabbas Talışinski o vaxt tibb elmləri doktoru, professor idi, İ.Pavlov adına Ryazan Tibb İnstitutunun burun-boğaz-qulaq xəstəlikləri kafedrasının müdiri işləyirdi. Onun çalışdığı klinikaya gedib işləri ilə yaxından tanış olduqdan sonra fikrimi dəyişdim. Amma o zaman başqa bir problem yarandı. İnstitutu bitirərkən məni aspiranturada saxladılar. Lakin nəzəri kafedrada. Mən də imtina etdim. Arzumu reallaşdırmaq üçün sərbəst təyinat almalıydım. Buna isə yalnız səhiyyə naziri icazə verə bilərdi. Çox qayğıkeş bir prorektorumuz vardı, mərhum Maqsud Əlizadə. Onun köməyi ilə nazir Fəxri Vəkilovun qəbuluna düşə bildim. Rəhmətlik yaxşı insan idi, məni dinləyib, razılıq verdi.
Ə zizağa müəllim 40 ilə yaxındır ki, pedaqoji fəaliyyətlə məşğuldur. Bu müddətdə Azərbaycan səhiyyəsi üçün səviyyəli tibbi kadrların hazırlanmasında danılmaz xidmətləri olub. On il bundan əvvəl, 60 illik yubileyi ərəfəsində onun haqqında məqalə hazırlayarkən Azərbaycan Tibb Unversitetinin rektoru, akademik Əhliman Əmiraslanovdan yubilyar barədə söz deməsini xahiş etmişdim. Əhliman müəllim demişdi: "Professor Əzizağa Talışinski qiymətli mütəxəssisdir: həm pedaqoq-alim kimi, həm də həkim kimi. Onun mühazirələri yüksək məzmununa, elmi informasiya tutumuna və analitik təhlilinə görə istər tələbələr, istərsə də gənc həkimlər üçün həmişə cəlbedici olur. Əzizağa müəllimin rəhbərliyi altında xeyli sayda milli tibbi kadrlar hazırlanıb, dissertasiyalar müdafiə edilib. Təsadüfi deyildir ki, bu cür keyfiyyətlərinə və yüksək mənəvi dəyərlərinə görə universitetin Elmi-Şurası onu məsul vəzifəyə - ən böyük kafedralardan birinə müdirliyə layiq bilib..."
Müəllim peşəsi barədə professor Ə.Talışinskinin öz fikri var: - Müəllimlik - təlim-təhsil vermək, elm öyrətmək müqəddəs işdir. "Mənə bir hərf öyrədənin qulu olaram", - demişdir Həzrəti Əli əleyhissəlam. Hər adam müəllim ola bilməz. Müəllimlik mənəviyyatca təmiz, obyektiv, millətin, xalqın sabahını düşünən, bu nəcib missiyanın məsuliyyətini daşıyan əqidəli insanların peşəsidir. Bu işlə məşğul olmaq istəyən insanda daxilən bir çağırış olmalıdır. Dərs dediyin, öyrətdiyin şagirdi, tələbəni sevməyi bacarmalısan, elə etməlisən ki, bunun qarşılığında o da səni sevsin, sənə hörmət etsin. Şübhəsiz, auditoriyadakı tələbələrin hamısı eyni səviyyədə deyil: tez qavrayanı da olur, zəif oxuyanı da. Hesab edirəm ki, müəllim dərsi auditoriyadakı ən yüksək biliyə malik tələbənin səviyyəsində deməlidir. Eyni zamanda, mövzunu elə başa salmalıdır ki, onu ən zəif hazırlıqlı tələbə belə başa düşə bilsin. Əgər mühazirə zamanı bircə tələbənin diqqəti özgə yerdədirsə, yaxud səs salırsa, təqsir müəllimdədir, deməli auditoriyanı ələ ala bilmir.
- Deyirlər ki, universitetdə tələbələrin imtahanda ən çox çəkindiyi müəllimlərdən biri də sizsiniz?
- Bilikli, intizamlı tələbə mənim gözümün işağıdır, heç vaxt onun qiymətini kəsmərəm. Əksinə, imtahanın, müəllimin yaratdığı xofu nəzərə alıb çalışqan tələbələrə bəzən güzəştə də gedirəm. Amma, məsuliyyətsiz, tənbəl tələbələrə qarşı tələbkaram. Həm universitetdə həmkarlarım, həm də dost-tanış xasiyyətimə yaxşı bələddirlər ki, imtahanda tapşırığı xoşlamıram. Bu məqsədlə kim mənə müraciət edibsə, demişəm: - Övladınızı bədbəxt etməyin, qoyun oxuyub-öyrənsin, gəlib qiymətini alsın. Tapşırıqla qiymət alıb diplom sahibi olan savadsız həkim kimə lazımdır? Onun nə qədər xəstəni bədbəxt edəcəyini heç fikirləşirsinizmi? Bəziləri haqlı olduğumu başa düşürlər, eləsi də olur ki, üzdə bildirməsə də, incik qalır.
Bilirsiz, mən həyatım boyu əqidəsiz, riyakar, obyektivlik hissini itirən insanlara nifrət etmişəm. Təkcə başqalarına qarşı yox, özümə, övladlarıma qarşı da tələbkaram . Özu də qat-qat artıq dərəcədə tələbkaram. Sinnimin bu çağında da mən ən çox mütaliə edən insanlardanam, dünya səhiyyəsində baş verən yeniliklərlə maraqlanır, bilmədiklərimi öyrənməyə çalışıram. Bircə faktı deyim: indiyədək 20-dən çox ölkədə keçirilən beynəlxalq, dünya və regional elmi qurultaylarda, konqres və simpoziumlarda ingilis dilində məruzələr etmişəm. Orta məktəbdə alman dili keçdiyimizə görə, ingilis dilini sonradan sərbəst öyrənmişəm. Dəfələrlə ingilis dilini öyrədən kurslara getmişəm. Sonuncu dəfə ikiillik kursu keçən il bitirmişəm. Təsəvvür edin ki, həmin kurslara gələnlər mənim övladlarım, tələbələrim yaşda idi.
Haşiyə: Professor Ə.Talışinski bir alim kimi də məhsuldar işləmişdir. İndiyədək 150-dən çox elmi işin, o cümlədən 5 ixtiranın, 1 monoqrafiyanın, Tibb Universitetinin tələbələri üçün dərs vəsaitinin və başqa tədris-metodiki vəsaitlərin müəllifidir. Onun elmi əsərləri dünyanın bir sıra ölkələrində, o cümlədən ABŞ, İsrail, Türkiyə, İsveçrə, İtaliya, Koreya, Avstraliya, Braziliya, Fransa və Yunanıstanda, habelə MDB respublikalarında çap olunmuşdur. O, uzun illərdir ki, Səhiyə Nazirliyinin baş otorinolorinqoloqu, respublika Otorinolarinqoloqları Elmi-Tibbi Cəmiyyətinin və Səhiyyə Nazirliyində otorinolarinqologiya üzrə attestasiya komissiyasının sədri olmuşdur. Əziz müəllim Beynəlxalq (İFOS) və Avropa (ERO) otorinolarinqoloji və rinoloji cəmiyyətlərin, ABŞ Otorinolarinqologiya, Baş və Boyun Cərrahiyyəsi Akademiyasının, habelə ölkəmizdə və xaricdə nəşr edilən bir sıra tibbi jurnalların redaksiya heyətinin üzvüdür.
"... Əzizağa Talışinski həkim kimi də respublikamızda öz sahəsi üzrə ən yaxşı mütəxəssislərdəndir. Burun-boğaz-qulaq üzrə ən yaxşı həkim sorağı ilə müraciət edənlərə, şəxsən, mən heç fikirləşmədən onu nişan verirəm". - Bu fikirlər də akademik Əhliman Əmiraslanova məxsusdur.
Azərbaycan Tibb İnstitutunda aldığı nəzəri biliklər sonradan İ.Pavlov adına Ryazan Tibb İnstitutunun burun-boğaz-qulaq xəstəlikləri kafedrasında və Moskva Burun-Boğaz-Qulaq Elmi Tədqiqat İnstitutunda qazandığı elmi praktiki vərdişlərlə birləşərək Ə.Talışinskinin yüksək səviyyəli peşəkar həkim kimi yetişməsinə səbəb olmuşdur. O, otorinolarinqoloji xəstəliklərin diaqnostikası və cərrahi müalicəsi sahəsində ən müasir dünya metodlarına dərindən bələd olan yaradıcı həkim kimi tanınır. İstər Ə.Qarayev adına uşaq xəstəxanasında, istərsə də 4 nömrəli şəhər xəstəxanasında işlədiyi uzun illər ərzində qulaq və burun mənşəli kəllədaxili ağırlaşmaların diaqnostikası və müalicəsi üzrə onun apardığı elmi-tədqiqat işlərinin nəticələri bu sahədə yeni istiqamət olmuş və yüzlərlə xəstənin həyata qayıtmasına kömək etmişdir.
Professor Ə.Talışinski öz sahəsi üzrə Azərbaycanda bir sıra "ilk"lərə imza atmış novator həkimdir. O, uşaqlarda 5 yaşdan sonra burun arakəsməsinin əyriliyi zamanı korreksiyaedici operasiya metodunu işləmiş və respublikada ilk dəfə tətbiq etmişdir. Ümumi anesteziya altında LOR cərrahi əməliyyatlarını aparmaq üçün Azərbaycanda ilk anestezioloji xidməti yaratmışdır...
Söhbət əsnasında soruşdum:
- Professor, məşğul olduğunuz sahə üzrə ölkəmizdə mövcud durum necədir?
- Nəinki Azərbaycanda, ümumiyyətlə dünyada qulaq-burun-boğaz xəstəlikləri, xüsusən burunətrafı ciblər və qulaq xəstəlikləri geniş yayılmışdır. Təəssüf ki, bu patologiyalar uşaqlar arasında daha çoxdur. Mən həmişə demişəm, yenə də təkrar edirəm: bu gün Azərbaycanda ixtisaslaşmış bürün-boğaz-qulaq xəstəlikləri xəstəxanasının yaradılimasına böyük ehtiyac var...
Ə zizağa müəllim şan-şöhrətli bir nəslin, kökün ləyaqətli davamçısıdır. Ümumiyyətlə, Talış xanlarının nəslindən Azərbaycan xalqına, dövlətçiliyinə sədaqətlə xidmət edən görkəmli sərkərdələr, ictimai xadimlər, alimlər, ziyalılar çıxmışdır...
Müsahibim öz nəsil şəcərəsi barədə dərin məlumatlıdır və bu barədə həvəslə danışır:
- Talış xanlarının əsli Cənubi Azərbaycandandır. XIX əsrin görkəmli tarixçisi Mirzə Əhməd "Əxbərnamə" əsərində yazır ki, Talış xanlığının əsasını qoyan Seyid Abbas bəyin valideynləri Ərdəbilin Xalxal məhəlləsində yaşayıblar. Ailə ağır maddi çətinliklə qarşılaşdığından XVII əsrin ortalarında Şirvan mahalına tərəf yollanır. Talış diyarından keçərkən yolüstü kəndlərin birində gecələyir. Seyid Abbasın atası yuxuda görür ki, onun övladları bu məmləkətdə hakimlik edəcəklər. Yoluna davam etməyib, Xarxatan kəndində məskunlaşır. Atanın yuxusu çin olur: bir müddət sonra oğlu Seyid Abbas Talış xanlığının hakimi təyin edilir. Həmin Seyid Abbas görkəmli dövlət xadimi, Azərbaycanın ilk general-leytenantı (çar I Aleksandr tərəfindən 1809-cu ildə verilib) Mir Mustafa xan Talışinskinin babasıdır. Mir Mustafa xan da bizim babamızdır.
- Eşitdiyimə görə, sizdə Mir Mustafa xandan qalma bir yadigar var: Qurani-Kərim. Üç yüz ildən artıq yaşı olan bu qiymətli kitab necə olub ki, sizə çatıb?
- Ulu babamız Mir Mustafa xanın sifarişi ilə hazırlanmış və qızıl haşiyələrlə bəzənmiş bu müqəddəs əlyazmanın ön səhifələrindən birində onun belə bir xatırlatması var: "Bu Kəlamüllahi - Məcidi mən nəslimin oğlan tayfasında qalamasını vəqf edirəm". Şübhəsiz, nəsil böyük olduğuna görə, ağsaqqallar şəcərəmizin bir növ rəmzinə çevrilən bu müqəddəs kitabın əmanət kimi kimə verilməsi barədə qərar qəbul ediblər. Məndən əvvəl həmin kitab nəslimizin çox hörmətli ağsaqqalı, Prezident təqaüdçüsü Hacı Mirhaşım Talışlıda idi. Səksən yaşı tamam olanda o, həmin əmanəti mənə verdi. Mən də, inşallah, onu elə bir ləyaqətli insana ötürməliyəm ki, bu müqəddəs Allah kəlamları gələcək nəsillərimizi həm qorusun, həm də onları kökdən ayrılmağa qoymasın.
Ə zizağa müəllim ailəcanlı kişidir. İki oğlu, bir nəvəsi var. Ömür-gün yoldaşı Məlahət xanım Tibb Universitetinin patoloji fiziologiya kafedrasında assistent işləyir. Tələbələrə üç dildə - Azərbaycan, ingilis və rus dillərində dərs deyir.
Böyük oğlu Aydın M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tibb fakültəsini bitirib. 2003 - 2008-ci illərdə Türkiyənin İzmir şəhərindəki 9 Eylül Uinversitetinin klinikasında burun-boğaz-qulaq xəstəlikləri və baş-boyun cərrahiyyəsi üzrə rezidenturanı bitirib, uzmanlıq dərəcəsi alıb. 2009-cu ilin iyun ayında otorinolarinqoloqların Braziliyanın San-Paulu şəhərində keçirilən XIX ümumdünya konqresində 82 ölkədən elm yarışına qatılmış 6 min həkimin arasında 6 nominasiyadan biri - rinologiya üzrə birinci yerin sahibi olmuşdur. Hazırda Leyla Şıxlinskayanın klinikasında işləyir.
Kiçik oğlu Toğrul isə ABŞ-da Nyu-York Universitetinin tibb fakültəsinin rezidenturasında oxuyur. Onun da uğurları ürəkaçandır. İnişil ABŞ universitetlərində təhsil alan rezidentlər arasında keçirilən bilik yarışında ən yüksək nəticəni Toğrul göstərmişdir.
- Övladlarınızdan, yəqin ki, razı olarsınız? - deyə soruşuruq.
- Narazılığım yoxdur, - deyir. - Amma həmişə həm onlara, həm də bütün tələbələrimə deyirəm ki, qazandığınız uğurlarla qane olmayın, daha çox çalışın, oxuyun, öyrənin, irəli gedin.
Sonda professor Ə.Talışinskini yubileyi münasibətilə təbrik edib, ona uzun ömür arzuladım. Gülümsəyərək belə cavab verdi:
- Filosoflardan hansı birininsə sözüdür: Doğumdan və ölümdən qaçmaq olmur. Bizə onların arasındakı ömrü yaşamaq qalır... Gərək kişi ömrü yaşayaq.
Qüdrət PİRİYEV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.