Azərbaycanda düzgün müəyyənləşdirilmiş strategiya dövlətin sosial və siyasi dayaqlarını daha da möhkəmləndirib

Artıq yeni ilin ilk günlərini yaşayırıq.Lakin xalqımız hələ də yola saldığımız 2011-ci ilin xoş ovqatından,qazanılan uğurların təəssüratlarından ayrıla bilmir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki,ötən ilin uzun müddət xatirələrdə yaşayacağı faktı öz təsdiqini tapsın.Müstəqilliyimizin 20 illik tarixində Azərbaycan məhz 2011-ci ildə xarici siyasət sahəsində ən böyük uğuruna imza atdı. Ölkəmiz BMT Təhlükəsizlik Şurasına qeyri- daimi üzv seçildi və bununla da beynəlxalq aləmdə sayılıb-seçilən dövlətlərdən biri olduğunu təsdiqlədi. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, həyat səviyyəsinin yüksəldilməsi isiqamətində atılan addımlar və növbəti əfv fərmanının imzalanması da məhz yola saldığımız ildə baş vermişdir. Dövlət başçımızın ötən ilin sonunda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində imzaladığı əfv fərmanı yüzlərlə ailəyə sevinc,xoş bayram əhval-ruhiyyəsi bəxş etdi. Digər sahələrdə qazanılan uğurlar da 2011-ci ili uzun müddət xalqımızın xatirəsində yaşadacaq. Respublikamızın tanınmış ictimai-siyasi xadimləri,ziyalıları,siyasi partiyaların nümayəndələri ötən ilin yekunlarını, Azərbaycanın öz inkişaf tempini qoruyub saxlamasını yüksək dəyərləndirirlər. Milli Məclisin deputatı Fərəc Quliyevlə söhbətimiz də bu mövzuda oldu.
- Hamımıza yaxşı məlumdur ki, Azərbaycan müharibə şəraitində yaşayan bir ölkədir.Lakin buna baxmayaraq, liberal iqtisadi islahatlar davam etdirilmiş,iqtisadi sahədə qanunvericilik beynəlxalq standartlara uyğunlaşdırılmışdır.Biz müşahidələrimiz əsasında bir daha əmin olduq ki, Azərbaycan ötən il də bütün ölkələrlə bərabərhüquqlu, qarşılıqlı etimada əsaslanan, səmimi əlaqələrin tərəfdarı kimi çıxış etmişdir. Bu da ölkəmizin dostlarının srateji tərəfdaşlarının sayını artırmışdır. Müharibə şəraitində yaşayan ölkə üçün belə nailiyyətlərin qazanılması təbii ki, həyata keçirilən siyasətin düzgün müəyyənləşdirilməsinin nəticəsidir. Bizi narahat edən əsas məsələlərdən biri Dağlıq Qarabağ probleminin həll edilməməsi oldu. Bu da təbii ki, bizim iradəmizdən asılı olmayan bir məsələdir. Çünki Ermənistan tərəfi bu məsələnin həllində daim qeyri-konstruktiv mövqe nümayiş etdirdi,beynəlxalq hüququn norma və prinsiplərinə laqeyd yanaşdı.Bir sıra beynəlxalq qurumlar həmişə olduğu kimi, yenə də ikili standartlardan çıxış edərək Ermənistanın bu inadkarlığını görməməzliyə vurdu.Mən Ermənistan - Azərbaycan,Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin bu məsələdəki passivliyini xüsusilə qeyd etmək istərdim.Uzun illərdir ki, bu sahədə heç nəyə nail ola bilməyən bu qurumun Ermənistanın hələ də işğalçılıq missiyasından əl çəkməməsinə laqeyd münasibət göstərməsi hər kəsdə təəccüb doğurur.Həmsədr dövlətlər - ABŞ, Rusiya və Fransa öz üzərlərinə götürdükləri missiyanı demək olar ki,yerinə yetirə bilmədilər. Bu dövlətlər Dağlıq Qarabağ probleminin aradan qaldırılmasında kifayət qədər səy göstərmədilər.Mən Avropa Birliyinin ali təmsilçisi Ketrin Eştona məktubla müraciət edərək bildirmişdim ki, bu təşəbbüsü Avropa Birliyi öz üzərinə götürməlidir və ATƏT-in Minsk qrupu yardımçı bir funksiya daşımalıdır. Mən niyə buna xüsusi toxunuram? Son zamanlar Fransanın davranışları bunu göstərdi ki,artıq bu tipli ölkələr birmənalı şəkildə tərəf tuturlar və münaqişənin nizamlanmasında maraqlı deyillər, həm də daha çox ermənilərin tərəfindən çıxış edirlər. Elə Fransa Milli Assambleyasının qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan çox ədalətsiz qərarına nəzər yetirək. Parlamentdə belə bir qeyri-obyektiv qərar qəbul edən bir dövlətin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ədalətli mövqe nümayiş etdirməsi qeyri-mümkündür.
ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri olan Fransada belə bir qanun layihəsinin qəbul olunması bu ölkənin neytral mövqe tutacağını şübhə altında qoyur. Ona görə də belə ölkələr münaqişənin nizamlanmasındakı fəaliyyətlərini dayandırmalıdır. Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin bu vaxta qədər həllini tapmamasında bir sıra dövlətlərin marağı var. Bu məsələlər ölkəmizin daha sürətlə inkişafına mane olur. Bütün bunlara baxmayaraq Azərbaycan Qafqazda aparıcı lider dövlət olduğunu bir daha təsdiqlədi. Ölkəmiz öz inkişaf tempini ciddi şəkildə qoruyub saxlaya bildi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq normaları əsasında, Azərbaycanın milli maraqlarına uyğun həlli istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirildi. Dünyanın hər yerini maliyyə və iqtisadi böhran bürüsə də ölkəmiz bu böhranlardan yan keçə bildi. Sosial sahənin inkişafı, əhalinin rifah halının yüksəldilməsi başlıca vəzifələrdən biri oldu.Ötən il ölkənin sənaye potensialı daha da gücləndirilmiş, yeni istehsal sahələri yaradılmış, çoxlu sayda yeni iş yerləri açılmış, sahibkarlığın inkişafına dövlət dəstəyi daha geniş şəkildə davam etdirilmişdir. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramları həyata keçirilmiş, bölgələrin siması dəyişmiş, bütün ölkədə əsaslı yenidənqurma işləri aparılmışdır.
Azərbaycanın xarici siyasət sahəsindəki uğurları daha yaddaqalan olmuşdur. Mən çox sevinirəm ki, Qazaxıstanda keçirilən türkdilli dövlətlərin son zirvə toplantısında Azərbaycan Prezidenti cənab İlham Əliyev birmənalı şəkildə türkdilli dövlətlərin davranışında artıq real procelərin həyata keçirilməsi çağırışını etdi. Bundan əvvəl Dünya Azərbaycanlılarının qurultayı keçirildi və orada Prezident İlham Əliyev 50 milyonluq azərbaycanlıya Azərbaycan dövlətinin qarant olacağı mesacını verdi. Bu vədlərin yerinə yetirilməsi istiqamətində çox ciddi addımlar atıldı. Artıq türkdilli dövlətlərlə əməkdaşlıqla bağlı müqavilələr də ortadadır. Bu müqavilələrdən biri Milli Məclisdə ratifikasiya olunub. Türkiyə ilə hərtərəfli əməkdaşlıq sahəsində əsaslı addımlar atılıb. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına geyri-daimi üzv seçilməsi isə mən deyərdim ki,xarici siyasət sahəsində qazanılan ən böyük uğurumuzdur. Azərbaycan ümumbəşəri məsələlərin həllində əsas söz sahiblərindən birinə çevrilib. Ölkəmizin atrıq dünyada sayılıb-seçilən dövlətlərdən biri olması bizi çox sevindirir. Onu da qeyd edim ki,artıq Azərbaycan Avropanın enerji təhlükəsizliyi məsələlərinin həllində əsas tərəfdaşlardan birinə çevrilmişdir. Bu da çox maraqlı və ciddi bir tendensiyadır ki, Azərbaycanla hesablaşmadan bölgədə hər hansı bir layihənin həyata keçirilməsi mümkün deyil.
Mən Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüyəm. Bu qurumun ilk sessiyasında qərara alındı ki, ikinci sessiya Şərq tərəfdaşlığı ölkələrindən birində, yəni Azərbaycanda keçirilsin. Əlbəttə, bu çox ciddi bir uğurdur. Yəni beynəlxalq aləmdə Azərbaycana göstərilən böyük etimaddır. Ermənilərin çox ciddi etirazlarına baxmayaraq, artıq bu qərar qəbul olundu. Onların heç bir təklifi keçmədi. Bu da ondan xəbər verir ki, artıq Azərbaycanın nüfuzu getdikcə artır, dünya birliyindəki mövqeləri möhkəmlənir. Xarici siyasətimizin daha bir uğuru dünyanın əksər ölkələrinin Dağlıq Qarabağla bağlı açıq mövqe nümayiş etdirməsi, bu məsələdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin mövqeyinin dəstəklənməsidir.
Qeyd etdiyim kimi, Azərbaycanın müharibə şəraitində olmasına baxmayaraq sosial, iqtisadi, siyasi və mədəni sahələrdə yaddaqalan uğurlar qazanılmışdır. Bir sıra çatışmazlıqların olması reallıqdır. Belə hallar bütün ölkələrdə mövcuddur. Əsas odur ki,bu nöqsanların aradan qaldırılması üçün siyasi iradə ortaya qoyulub. Azərbaycan Prezidentinin korrupsiyaya qarşı mübarizə ilə əlaqədar ciddi tədbirlər görməsi, bununla bağlı müəyyən qərarlar qəbul etməsi, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi sahəsində qarşıya qoyulan vəzifələrin icrası ondan xəbər verir ki, Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu,demokratik inkişaf, dövlət başçısının həyata keçirdiyi siyasətin əsasını təşkil etmişdir.
Mənim ən böyük arzularımdan biri bu il Dağlıq Qarabağ probleminin öz həllini tapmasıdır. Bu problem həll olunarsa, Azərbaycan bütün sahələr üzrə daha sürətlə inkişaf edəcək. Bütün bunlara baxmayaraq, ötən il ölkəmiz inkişaf tempini qoruyub saxlamışdır. Bu da Azərbaycanda düzgün müəyyənləşdirilmiş strategiyanın nəticəsidir. Bu strategiya dövlətin sosial və siyasi dayaqlarını daha da möhkəmləndirib.

{nl}

Söhbəti qələmə aldı: Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında