2011-ci il Azərbaycan üçün tarixi uğurlarla yadda qaldı

{nl}

Keçən il dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünü qeyd edən ölkəmizin apardığı uğurlu daxili və xarici siyasət onun iqtisadi inkişafını sürətləndirdi, regiondakı və dünyadakı mövqelərini möhkəmləndirdi. Keçirilən mühüm beynəlxalq tədbirlərin məkanına çevrilmiş Azərbaycan 2011-ci ildə həm də dünya miqyasında əldə etdiyi nailiyyətlərlə, uğurlarlarla diqqəti cəlb etdi. Ölkəmizin BMT-nin Təhlükəsizlik Şurası kimi mötəbər bir quruma qeyri-daimi üzv seçilməsi dünyadakı 50 milyonluq Azərbaycan xalqının hər bir nümayəndəsinin qəlbini fərəhləndirdi, qürur hissi yaratdı.Azərbaycan ötən il bir daha özünü tam təmin edən, güclü müdafiə və təhlükəsizlik sisteminə malik olan dövlət kimi təsdiq etdi. Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarda bir daha qətiyyətli mövqeyini ortaya qoydu, ərazi bütövlüyümüzün müzakirə mövzusu olmadığını növbəti dəfə bəyan etdi. Mühüm regional layihələri reallaşdıran və Qərbin enerji təhlükəsizliyində müstəsna rol oynayan ölkəmiz 2011-ci ildə həm də nüfuzlu Avropa dövlətlərinin diqqət mərkəzində oldu. Azərbaycan həmin dövlətlərlə dostluq münasibətlərini möhkəmləndirdi, qonşu ölkələrlə əlaqələrini daha da dərinləşdirdi, mühüm əhəmiyyətə malik anlaşmalar imzalandı. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquluyevlə söhbətimiz də bu və digər məsələlərlə bağlı oldu. O dedi:
- 2011-ci il Azərbaycanın tarixində özünəməxsus yer tutdu. Keçən il dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümü təntənəli tədbirlərlə qeyd olundu. Sevindirici haldır ki, məhz Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20-ci ildönümündə ölkəmiz dünyamiqyaslı iki böyük uğura imza atdı. Həmin uğurlar ölkəmizi dünyada tanıtdı və onun diqqət mərkəzində olmasına səbəb oldu. Bunlardan biri Azərbaycan nümayəndələrinin Düsseldorfda keçirilən "Eurovision" mahnı müsabiqəsinin qalibi olması, digəri isə ölkəmizin 155 dövlətin tam dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurası kimi dünyanın təhlükəsizlik sistemini idarə edən quruma qeyri-daimi üzv seçilməsidir.
Qazandığımız hər iki möhtəşəm uğur bizim 2012-ci ildəki nailiyyətlərimizə geniş imkanlar açır. Belə ki, "Eurovision" mahnı müsabiqəsinin qalibi olduğumuz üçün bu il həmin müsabiqə Bakı şəhərində keçiriləcək. Bilirsiniz ki, mahnı müsabiqəsi bütün dünya gənclərinin diqqət mərkəzində olan hadisədir. Ona görə də mən bu müsabiqəni ölkəmizin tanıdılması, onun mədəniyyətinin, incəsənətinin təbliği baxımından mühüm hadisə hesab edirəm. Digər tərəfdən, bu ildən etibarən iki il ərzində Azərbaycan BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzv kimi fəaliyyət göstərməyə başlayacaqdır. Dünyanın təhlükəsizlik siyasətini müəyyənləşdirən 15 dövlətin arasında olmağımız, problemlərimizi digərlərinə çatdırmaq, vəziyyəti izah etmək kimi müəyyən imkanlar verir. Təcrübədən məlumdur ki, bəzi böyük dövlətlər müəyyən qərarların qəbul olunmasında və ya hansısa digər məsələlərdə də qeyri-daimi üzvlərə müraciət edirlər. Bunun müqabilində, şübhəsiz ki, Azərbaycan da öz istək və arzuları ilə bağlı həmin dövlətlərlə müzakirələr aparacaqdır. Yəni təşkilata üzv olmaqla və gələcəkdə düzgün mövqedən çıxış etməklə bizim dünyadakı nüfuzumuz daha da artacaqdır.
Məlumdur ki, BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal altındakı torpaqlarının dərhal azad edilməsi ilə bağlı 813, 822, 874 və 884 saylı dörd qətnaməsi, eyni zamanda, Avropa Parlamenti, Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının bir sıra qətnamələri mövcuddur. Ümid edirəm ki, önümüzdəki iki il ərzində biz xüsusən BMT Təhlükəsizlik Şurasının həmin qətnamələrini qurumun gündəminə gətirə biləcəyik. Düzdür, TŞ-yə hər hansı bir məsələnin, o cümlədən Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin çıxarılması quruma üzv dövlətlər ilə əlaqələndirilmiş şəkildə baş verməlidir. Hesab edirəm ki, Azərbaycan özünün diplomatik çevikliyi və fəallığı ilə bu məsələni gündəmə gətirmək imkanı qazana bilər. Bundan başqa, bilirsiniz ki, hələ də Xocalı soyqırımına beynəlxalq birlik tərəfindən lazımi qiymət verilməyib. Bizim hüququmuzdur ki, beynəlxalq birlik tərəfindən, hətta BMT Təhlükəsizlik Şurası tərəfindən xüsusi məhkəmə yaradılmasını tələb edək. Yaradılacaq məhkəmə keçmiş Yuqoslaviyada - Bosniya-Hersoqovinada qətllər törədən şəxsləri mühakimə etdiyi kimi, Xocalıda kütləvi qətliamlar törədənləri də məsuliyyətə cəlb etməlidir. Azərbaycan bu məsələni həmişə diqqətdə saxlamalı və ardıcıl olaraq dünya birliyinin gündəminə gətirməlidir.
Ölkəmiz BMT Təhlükəszlik Şurasında həm türk dünyasının, həm də ümumilikdə İslam dünyasının bir hissəsi kimi müsəlman ölkələrinin problemlərinin müzakirəsi zamanı da fəallıq göstərməlidir. Yəni məncə, Azərbaycan bu mötəbər qurumda təkcə Şərqi Avropa ölkələrini deyil, eyni zamanda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətləri, həmçinin türkdilli dövlətləri də təmsil etməli, onların hüquqlarını müdafiə etməli, maraqlarını qorumalıdır. Belə olarsa, ölkəmizin adıçəkilən coğrafiyada nüfuzu daha da arta bilər. İstənilən halda, önümüzdəki iki il ərzində Azərbaycan beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına öz töhfəsini verəcəkdir.
2011-ci il dünya ölkələri üçün o qədər də sakit keçmədi. Qərb dövlətlərində - Avropada, Amerikada sosial-iqtisadi vəziyyətə etiraz olaraq kütləvi aksiyalar keçirildi. Əhali küçələrə axışdı. Bəzi ölkələrdə kütləvi iğtişaşlar qarətlərlə, talanlarla nəticələndi. Afinada, Londonda baş verənləri buna misal göstərmək olar. Bir sıra Avropa ölkəsi ciddi maliyyə böhranı ilə qarşı-qarşıya qaldı. Ərəb ölkələrində də kütləvi iğtişaşlar baş qaldırdı, inqilablar oldu. Faciəvi hadisələr yaşandı. Minlərlə insan həlak oldu. Təəssüf ki, bu gün bəzi ərəb ölkələrində həmin qanlı hadisələr yenə baş verməkdədir. Bütün bunların fonunda sevindirici haldır ki, Azərbaycanda bu cür hadisələr baş vermədi. Əksinə, ölkəmiz 2011-ci ildə iqtisadi cəhətdən daha da inkişaf etdi, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində addımlar atıldı, tikinti-quruculuq işləri sürətlə davam etdirildi. Bu baxımdan ötən ili ölkəmiz üçün uğurla il hesab etmək olar.
Azərbaycanın əsas problemi - Dağlıq Qarabağ münaqişəsinin 2011-ci ildə də həllini tapmaması bizi çox narahat edir. 2011-ci ildə də, təəssüflər olsun məcburi köçkünlər, qaçqınlar öz doğma yurd-yuvalarına qayıda bilmədilər. Vətən həsrəti ilə dünyasını dəyişən insanlar, necə deyərlər, nakam getdilər. Bu ağrı-acını bizim ölkəmiz çəkir və buna görə də Azərbaycan tərəfi münaqişənin həlli üçün əlindən gələni əsirgəmir. 2011-ci ildə həm Azərbaycan və Ermənistan prezidentlərinin, həm də xarici işlər nazirlərinin münaqişənin sülh yolu ilə həlli istiqamətində danışıqlar aparmaq üçün bir sıra görüşləri baş tutmuşdur. Təəssüf ki, erməni tərəfinin həmişə qeyri-konstruktiv mövqedən çıxış etməsi problemin sülh yolu ilə həlli imkanlarını tükəndirir. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altında olan torpaqlarından çıxarılması məsələsi münaqişənin yoluna qoyulması üçün ATƏT-in Minsk qrupunun təklif etdiyi yenilənmiş Madrid prinsiplərinin tərkib hissəsini təşkil edir. Lakin rəsmi İrəvan bu təkliflərə məsuliyyətlə və xoş niyyətlə yanaşmır. Ermənistanın bu qeyri-konstruktiv yanaşması münaqişənin sülh yolu ilə həllini mürəkkəbləşdirir. Belə olan halda bizim bir yolumuz qalır, o da müharibə yolu ilə torpaqlarımızı azad etmək. Ancaq ölkəmiz humanizm prinsiplərini üstün tutaraq çoxsaylı insan tələfatına səbəb olacaq müharibənin baş verməsini istəmir.
Məlumdur ki, son illər Ermənistan iqtisadi böhranın məngənəsində boğulur. Burada iqtisadi böhran hələ 2008-ci ildən başlanmışdır. Həmin il Ermənistanın hakimiyyət nümayəndələri də etiraf etdilər ki, iqtisadiyyat 15-20 faiz gerilədi. 2008-ci ildən bugünədək ermənilər hələ də bu geriləmənin qarşısını ala bilməyiblər. Hazırda Ermənistanın xarici borcu 4,5 milyard dolları keçib. Bu isə ölkənin büdcəsindən az qala 2 dəfə çoxdur. Ermənistandan kütləvi köç adi hal alıb. Xüsusən, gənclər ölkəni tərk edirlər. Bunun bir səbəbi sosial-iqtisadi çətinliklərdirsə, mənim fikrimcə, əsas səbəbi müharibə ehtimalının artmasıdır. Belə ki, Azərbaycanda ordu quruculuğunun yüksək səviyyədə aparılması, silahlı qüvvələrimizin lazımi müasir silah-sursatlarla, texnikayla tam təmin olunması Ermənistan ictimaiyyətini təlaşlandırıb. Onlar yaxşı anlayırlar ki, Azərbaycan hansı yolla olursa-olsun torpaqlarını işğaldan azad edəcəkdir. Prezident İlham Əliyevin birmənalı şəkildə "Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün hələ ki, sülh danışıqları aparır. Əgər danışıqlar nəticə verməsə, biz öz torpaq bütünlüyümüzü müharibə yolu ilə təmin edəcəyik" - kimi bəyanatlar verməsi də Ermənistan ictimaiyyətində ciddi narahatlığa səbəb olur. Qeyd etdiyim kimi, hazırda sülh danışıqları aparılır və görünən odur ki, təcavüzkar ölkədə hakimiyyətdə olan hərbi xunta sahiblərinin icazəsi olmadığına görə qeyri-konstruktiv mövqedən əl çəkmək niyyətində deyil. Belə olan halda müharibə qaçılmazdır. Bu mənada belə hesab edirəm ki, Ermənistanda baş verən kütləvi köç bununla əlaqədardır.
Artıq sirr deyil ki, hazırda Ermənistan öz iqtisadiyyatını İran və Türkiyənin hesabına saxlayır. Düzdür, bizim Türkiyə ilə çox yaxın strateji tərəfdaşlıq münasibətlərimiz vardır. Ancaq 2009-cu ildə imzalanan Sürix protokollarından sonra sərhədlərin açılması məsələsi gündəmə gəldi və yalnız Azərbaycan Prezidentinin və xalqının qətiyyətli mövqeyi, eyni zamanda Türkiyənin daxilindəki kəskin etirazlardan sonra gündəmdən çıxarıldı.
Yenidən ölkəmizin inkişafı məsələsinə qayıtmaq istərdim. Azərbaycanın 1994-cü ildə "Əsrin müqaviləsi"ni imzalaması və müəyyənləşdirilən düzgün neft strategiyası ölkəmizə böyük maliyyə vəsaitlərinin gətirilməsinə şərait yaratmışdır. Neftdən əldə olunan gəlirlərin ümumilikdə ölkəmizdəki infrastrukturun gücləndirilməsinə, yolların, yolötürücülərin, körpülərin tikilməsinə, səhiyyə müəssisələrinin, təhsil ocaqlarının və digər mühüm sosial obyektlərin inşasına, təmirinə sərf olunması çox önəmli strateji addımdır. Bu mənada neft pullarının ordu quruculuğu prosesinə sərf olunması da vacibdir. Bu, Azərbaycanın gələcəyi, sürətli iqtisadi inkişafı, turizm sektorunun və digər mühüm sahələrin canlanması baxımından əhəmiyyətldir. Çünki dünyada baş verəcək hər hansı bir maliyyə böhranı neftdən əldə olunan və saxlanılan gəlirlərə də təsirsiz ötüşmür. Həmin vəsaitlərin quruculuğa, yüksəlişə, intellektual potensialın gücləndirilməsinə, qeyri-neft sektorunun inkişafına sərf olunması, həm məlum riskləri azalda, həm də ölkəmizin yeni mərhələdə inkişafına təsir göstərə bilər.
Bütün dünya azərbaycanlıları dekabrın son gününü həmrəylik bayramı kimi qeyd edir. İndiki şərtlər çərçivəsində deyə bilərəm ki, Azərbaycan diasporu əvvəlki illərə nisbətən xeyli inkişaf edib, Azərbaycan gəncləri ölkəmizin haqq səsinin dünyaya çatdırılması istiqamətində məqsədyönlü işlər görürlər. Bir sıra diaspor təşkilatlarımızın birləşərək vahid bir qurum ətrafında cəmləşməsi, güclərini birləşdirməsi, qarşılıqlı şəkildə bir-birlərinə yardım etməsi xarici ölkələrdə bizim gücümüzü artırır. Keçirilən tədbirlər, təbliğat kampaniyaları çox önəmli nəticələr doğurur. Məsələn, Heydər Əliyev Fondu Azərbaycanın tanıdılması, təbliğ olunması istiqamətində böyük işlər görür. "Xocalıya ədalət" devizi altında keçirilən uğurlu kampaniya örnək təşkil edir.
2011-ci il iyulun 5-də Heydər Əliyev Sarayında Dünya Azərbaycanlılarının III Qurultayının keçirilməsi də əhəmiyyətli hadisədir. Dünyanın 42 ölkəsindən onlarla nümayəndənin iştirak etdiyi qurultayda xaricdəki cəmiyyətlərimizin birgə fəaliyyət strategiyası müasir dövrün tələbləri istiqamətində bir daha müəyyənləşdirildi, Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması, mədəni irsimizin və tariximizin təbliği, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması, onların yaşadıqları ölkələrdə cəmiyyətə inteqrasiya məsələləri yenidən nəzərdən keçirilərək mühüm qərarlar qəbul edildi. Lakin mütəşəkkil və çevik diasporun, güclü lobbinin yaradılması uzunmüddətli bir prosesdir. Erməni lobbisini götürək. Ermənilər yüz ildən artıqdır ki, diaspor quruculuğunu həyata keçirirlər və hazırda elə bir səviyyəyə çatıblar ki, fəaliyyət göstərdikləri ölkələrin siyasi elitasına təsir imkanları vardır. Ancaq məsələ burasındadır ki, əvvəllər ermənilər hər hansı Qərb ölkələrində bir addım atdıqda, bizim soydaşlarımız tərəfindən ona reaksiya ya az olurdu, ya da heç olmurdusa, indi dərhal reaksiya verilir. Amma bu uğurlarla qane olmaq düzgün deyil. Daha böyük uğurları diasporadan lobbi quruculuğuna keçdiyimiz zaman qazana bilərik.
Artıq 2012-ci il başlanmışdır. İlk növbədə arzu edirəm ki, Azərbaycan üçün elə bir əlverişli beynəlxalq şərait yaransın ki, Azərbaycan xalqı bu il öz torpaqlarını azad edə bilsin. Bütün sahələrdə islahatlar daha da dərinləşdirilsin və ölkəmiz inkişaf etmiş Qərb ölkələrinin səviyyəsinə çatsın. Ümid edirəm ki, 2012-ci il Azərbaycan tarixində daha bir şanlı səhifə olacaqdır. 2012-ci ildə ölkəmizə sabitlik, əmin-amanlıq, demokratik inkişaf, insanlara rifah arzulayıram.
Söhbəti qələmə aldı: Rauf KƏNGƏRLİ, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında