Q.TƏBRİZİ: "Demokratik təfəkkürün beşiyi" olan Fransa öz nüfuzuna zərbə vurmamalıdır

"Erməni soyqırımı" faktını inkar edənlərin cəzalandırılması" barədə qanun layihəsinin Fransa parlamentində qəbul edilməsi təkcə Türkiyədə və Azərbaycanda yox, bütün dünyada yaşayan türklər və azərbaycanlılar arasında ciddi rezonansa və etiraza səbəb olmuşdur. Son günlər dünyanın müxtəlif guşələrindən soydaşlarımız, eləcə də digər tərəqqipərvər insanlar tərəfindən Parisə - Fransa Prezidentinə, hökumətinə, Senatına ünvanlanan çoxlu sayda etiraz məktubları, bəyanatlar, müraciətlər göndərilir.
Fransa parlamentinin bu gülünc və bədnam qərarına qarşı ilk etiraz səsini ucaldanlardan biri də Azərbaycan diasporunun təşkilatlanmasında və inkişafında danılmaz xidmətləri olan, Türk Xalqlarının Ümumdünya Assambleyasının fəxri sədri, hazırda Londonda yaşayan, Edinburq Universitetinin professoru Qulamrza Səbri Təbrizidir. Fransa parlamentinin "erməni soyqırımı" barədə qanun layihəsini qəbul etdiyi günün ertəsi professor Q.Təbrizinin bəyanatı yayılmışdır. Bununla bağlı Qulamrza bəylə əlaqə yaradıb həmsöhbət olduq. O dedi:
- Dekabrın 22-də Fransa parlamenti "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılması barədə son dərəcə gülünc bir qanun layihəsi qəbul etməklə, demək olar ki, bütün dünyanı heyrətləndirdi. Fransa parlamentinin 577 nəfər millət vəkilindən 41 nəfərin iştirak etdiyi həmin iclasda 30 deputat layihənin "lehinə" səs vermiş və qəbul olunmuşdur. Beləliklə, bütün dünyada demokratik təfəkkürün beşiyi hesab edilən Fransa parlamenti, bəlkə də, bütün tarixi ərzində ən şərəfsiz bir qanun layihəsinə imza atdı.
Heç kəsə sirr deyil ki, fransız xalqının görkəmli maarif xadimləri, sosioloqoları, politoloqları, filosofları nəinki Fransada, eləcə də bütün dünyada demokratik dəyərlərin inkişafında müstəsna rol oynamışlar. Bəşəriyyətin insan hüquq və azadlıqları uğrunda böyük inkişaf yolu başlanğıcını məhz Fransadan götürmüşdür. Bəs belə olan təqdirdə Fransa parlamentini ali ideyalardan uzaqlaşdıran və belə bir anti-demokratik addım atmağa vadar edən nə oldu? Şübhəsiz, erməni sevgisi, özlərinin təbirincə desək, "Kiçik bacı"ya olan məhəbbət. Məgər azad fikrə görə insanı həbs edərlər? Bunu heç totalitar rejimlər də özlərinə rəva görməzlər. Tarixdə bunu yalnız faşistlər ediblər. Belə bir addımı atmaqla Fransa özünü bütün dünyada rüsvay və xəcil etdi. "Erməni soyqırımı"nın uydurma olması dünya şöhrətli tarixçi alimlər tərəfindən danılmaz faktlarla sübuta yetirilmişdir. Erik Fayql (Avstriya), Con Makkartin, Brüs Feyn, Ceyms Cerrard (ABŞ), Samuel Uilms (İngiltərə), Jorj de Malevil (Fransa), Quram Marxuliya, Feliks Tsertsivadze (Gürcüstan), Arkadi Yarovoy, Yevgeni Boqat (Rusiya) və başqaları erməni yalanlarını ifşa ediblər. Bu gün Fransa parlamentinin uydurma və saxta "erməni soyqırımı" ilə bağlı çıxardığı qərarın özü insan hüquq və azadlıqlarının kobudcasına pozulması deməkdir. Fransa parlamenti bildirir ki, "erməni soyqırımını tanımayan vətəndaşlar ya 40 min avro dəyərində cərimə ödəməlidirlər, ya da onları həbs cəzası gösləyir". Belə çıxır ki, olmayan həqiqətləri sayəsində Fransa dövləti antibəşəri və antihumanist siyasətə üz tutub.
Bu gün dünyanın siyasi mənzərəsində "Frankomaniya" strategiyasının hədəfləri üzərində köklənmiş, hələ də Fransa dövlətinin müstəmləkəsi olaraq qalmaqda davam edən dövlətlərdə aparteid siyasəti özü bir antibəşəri addım hesab olunmalıdır. San Pyer, Haiti, Martinika, Qvadelupa, Qvineya, Əlcəzair, Tunis, Mərakeş, Mavritaniya, Seneqal, Sudan, Fil dişi sahili, Nigeriya, Burkina Faso, Toqo, Benin, Qabon, Konqo, Ubanqi-Şari, Kamerun, Madaqaskar, Çad, Yeni Kaledoniyas, Polineziya, Vanutau kimi ölkələrdə və digər coğrafi məkanlarda Fransa dövlətinin müstəmləkə siyasətinin nəticəsi olaraq son 200 ildə on milyonlarla günahsız insan, bütöv xalqlar soyqırımlarına məruz qalmışlar. Bu gün "erməni soyqırımı" deyə hay-küy salan Fransa XIX əsrin sonu və XX əsrin başlanğıcında Türkiyədə, Quzey Azərbaycanın İrəvan, Borçalı, Zəngəzur, Naxçıvan, Qarabağ, Şamaxı, Salyan, Quba, Bakı əyalətlərində, Güney Azərbaycanın Urmu, Xoy, Mərənd, Sulduz, Maku, Qoşaçay əyalətlərində, Gürcüstanın Axısqa və Pəmbək əyalətlərində yaşayan xalqların etnik və dini kimliklərinə baxmayaraq, onların soyqırımını törətmiş ermənilərə mümkün olan bütün vasitələrlə yardım etmişdir. Soyqırımına məruz qalan, yurd-yuvasından məhrum olan Anadolu türkləri, Güney Azərbaycan türkləri, kürdlər, yəhudilər, gürcü xalqları olmuşlar. Bütün bunlar tarixin acı həqiqətləridir.
Fransa parlamentinin yenidən tarixin bu acı həqiqətlərini pərdələmək üçün atdığı addımlar bu gün xalqlararası, dinlərarası, mədəniyyətlərarası dialoqlara qarşı atılmış bir antihumanist addımdir. Bu gün beynəlxalq birlik dünyada baş verən yeni və modernləşmə siyasətinin tərkibi kimi müharibələri, xalqlararası ədavətləri durdurmaq üçün hərəkətə keçdiyi bir məqamda Fransa parlamentinin belə bir qərar qəbul etməsi heç də başadüşülən deyil. Türk Xalqlarının Ümumdünya Assambleyasını təmsil edən bir alim və ağsaqqal olaraq Fransa parlamentinin uydurma və saxta "erməni soyqırımı" ilə qəbul etdiyi qərara öz etirazımı bildirməklə bəyan edirəm ki, Fransa dövlətinin və onun parlamentinin belə bir addım atması Türkiyədə və Azərbaycan Respublikasında, Cənubi Qafqazda sülh istəyən beynəlxalq birliyin bütün təşəbbüslərinə kölgə salmaqla yanaşı, həm də bu prosesin inkişafının qarşısının alınmasına xidmət edir. Bu gün Fransa bir dövlət olaraq ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ probleminin həllində heç bir ədalətli addım atmayacağını da bu qərarla bir daha təsdiq etmişdir.
Bəşəriyyətə Viktor Hüqo, Aleksandr Düma, Anatol Frans, Ann Holon, Jan-Pol Marat, Jan Kokto, Jül Vern, Lüi Jan Lümer, Pyer Bomarşe, Emil Zolya, Şarl de Qoll kimi dahilər vermiş bir xalqın və dövlətin bu gün antihumanist və antibəşəri addım atması Türkiyə xalqını Azərbaycan türklərini və eləcə də bütün Türk dünyasını hiddətləndirmişdir. Biz Fransa dövlətinin dünyada baş verən inkişafı nəzərə alaraq, belə yanlış mövqedən geri çəkilməsini, heç bir elmi, ictimai və siyasi əhəmiyyəti olmayan qərarına son qoymasını tələb edirik.
Biz Fransanın nüfuzlu ziyalılarına və alimlərinə müraciət edirik: Ölkənizdə vətəndaşların səsini qazanmış bir qrup deputatın öz şəxsi mənafeləri naminə dövlətin və fransız xalqının nüfuzuna xələl gətirmələri arzu edilən hal deyil. Fransa tarix boyu özünün görkəmli ziyalıları, dühaları ilə dünyada sevilmişdir. Çünki, bu dühalar təkcə fransız xalqının deyil, bəşəriyyətin vicdan səsi olmuşlar.
Biz Türkiyə, Azərbaycan, Qazaxstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Şimali Kipr cümhuriyətlərinə müraciət edirik: Fransa parlamentinin bu antihumanist və antibəşəri qərarını rəsmi şəkildə qınamaqla yanaşı, həm də öz nüfuzunuzdan, imkanlarınızdan istifadə edərək uydurma və saxta "erməni soyqırımı" tarixini ifşa edən əsərlərlə beynəlxalq səviyyədə hərəkətə keçməyinizi istərdik. Sizin hamınızı uydurma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılması barədə Fransa parlamentinin bədnam qərarının Senatda ləğv edilməsi uğrunda birgə mübarizə aparmağa dəvət edirik.
Qələmə aldı: Qüdrət PİRİYEV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında