Elmar MƏMMƏDYAROV: 2011-ci il Azərbaycanın xarici siyasəti üçün uğurlu il oldu

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun 2011-ci ilin yekunlarına dair Trend-ə eksklüziv müsahibəsi
- Cənab nazir, yola saldığımız il Azərbaycan diplomatiyasının dünya arenasında bir sıra uğurları ilə yadda qalır. Onların arasında ölkənin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü, eləcə də YUNESKO kimi nüfuzlu beynəlxalq təşkilatın rəhbər strukturuna seçilməsi kimi mühüm hadisələr var. Bu önəmli hadisələr Azərbaycanın gələcək ictimai-siyasi və iqtisadi inkişafına necə təsir edəcək?
- Sizin də qeyd etdiyiniz kimi, 2011-ci il bütövlükdə ölkəmiz üçün, eyni zamanda, xarici siyasətimiz üçün uğurlu bir il olmuşdur. Azərbaycan Respublikasının BMT-nin Təhlükəsizlik Şurasına 155 səslə seçilməsi Azərbaycanın artıq dünya ictimaiyyəti tərəfindən etibarlı bir tərəfdaş kimi qəbul edildiyi anlamına gəlir. Azərbaycan Respublikası öz müstəqilliyinin bərpasının 20 illiyini qeyd edərkən, bu qədər gənc bir dövlət ikən, belə bir mötəbər quruma seçilməsi xarici siyasətimizin balanslaşdırılmış şəkildə düzgün istiqamətdə qurulmasından xəbər verir. Ölkəmiz, eyni zamanda, YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin vitse-prezidenti seçilmişdir. Bu il ərzində şimal qonşumuz Rusiya Federasiyası ilə sərhədlərin delimitasiyası prosesi tamamlanmış, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında müqavilənin ratifikasiya sənədlərinin mübadiləsi həyata keçirilmişdir. Əlbəttə ki, bütün bu uğurlar ölkəmizin beynəlxalq aləmdə nüfuzunun daha da artmasına, Azərbaycanın etibarlı bir tərəfdaş kimi müxtəlif sahələrdə, iqtisadi, ticarət, mədəniyyət, humanitar və digər sahələrdə əməkdaşlığa daha açıq olmasına təkan verəcək və ölkəmizin həm siyasi, həm də iqtisadi cəhətdən güclənməsinə gətirib çıxaracaqdır.
- Sizin fikrinizcə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması nöqteyi-nəzərindən 2011-ci il hansı xüsusiyyətləri ilə yadda qalır? Problemin həllində irəliləyişə nail olunmasına mane olan əsas səbəblər hansılardır?
- 2011-ci ildə həm Azərbaycan və Ermənistan prezidentlərinin, həm də xarici işlər nazirlərinin münaqişənin sülh yolu ilə həlli istiqamətində danışıqlar aparmaq üçün bir sıra görüşləri baş tutmuşdur. Təəssüf ki, bu görüşlər erməni tərəfinin münaqişənin həllinə qeyri-konstruktiv yanaşması səbəbindən real nəticələrə gətirib çıxarmamışdır. Münaqişənin həlli istiqamətində erməni işğalçı qoşunları işğal olunmuş ərazilərdən çıxarılmadan, yəni ərazilər işğaldan azad olunmadan heç bir irəliləyiş ola bilməz. Bu da yenilənmiş Madrid Prinsiplərinin tərkib hissələrindən biridir və təəssüf ki, erməni tərəfi bu təkliflərə məsuliyyətli və xoş niyyətlə yanaşmır. Ermənistanın bu qeyri-konstruktiv yanaşması münaqişənin sülh yolu ilə həllini mürəkkəbləşdirir. Ermənistan qoşunlarının işğal edilmiş torpaqlardan çıxarılması etimad yaratma tədbirlərinin aparılmasına, kommunikasiyaların bərpasına və ümumiyyətlə, regionun inkişafına rəvac verəcəkdir. XXI əsrdə bir dövlətin digər dövlətin ərazisini silah gücü ilə öz nəzarəti altında saxlaması qəbuledilməzdir. Münaqişə ilə bağlı mövcud vəziyyət, Minsk qrupunun həmsədr ölkələrinin rəhbərləri tərəfindən edilmiş bəyanatlarda vurğulandığı kimi, artıq qəbuledilməzdir.
- Siz münaqişənin həlli üçün əməkdaşlığın hansı yeni forma və yollarını görürsünüz? Yeni struktur və təşkilatların, o cümlədən Təhlükəsizlik Şurasının (Azərbaycanın üzvlüyü müddəti ərzində) bu prosesə cəlb olunması mümkündürmü?
- Bildiyiniz kimi, ATƏT-in Minsk qrupu münaqişənin həlli istiqamətində artıq uzun illərdir fəaliyyət göstərsə də, münaqişə hələ də həll olunmamış qalır. Torpaqlarımız hələ də işğal altındadır və məcburi köçkünlərimiz hələ də öz doğma yerlərinə qayıtmayıblar. Biz 2012-ci ilin yanvar ayından etibarən BMT-nin Təhlükəsizlik Şurasının üzvü qismində fəaliyyətə başlayacağıq. Vurğulamaq lazımdır ki, BMT-nin Təhlükəsizlik Şurasına hər hansı bir məsələnin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin çıxarılması TŞ-nin üzv dövlətləri ilə əlaqələndirilmiş şəkildə baş verməlidir. BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı artıq dörd qətnaməsi, eyni zamanda, Avropa Parlamenti, Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının bir sıra qətnamələri mövcuddur, lakin təəssüf ki, erməni tərəfi bu qətnamələrə məhəl qoymur. Dünya birliyi Ermənistanı beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etməyə sövq etməlidir.
- Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmini prosesində mühüm rol oynayır. Planlaşdırılan enerji hasilatı və nəqli layihələrinin həyata keçirilməsi Azərbaycanın dünyada siyasi və iqtisadi əhəmiyyətini nə dərəcədə artıracaq?
- Neft və qaz kəmərlərinin, digər müvafiq infrastrukturun tikintisi də daxil olmaqla, Azərbaycanın neft sektorunun inkişafı artıq ölkənin iqtisadi yüksəlişinə tövhə vermiş, regional və qlobal əməkdaşlıq üçün əlavə imkanlar yaratmışdır. Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft kəmərləri və Cənubi Qafqaz qaz kəməri kimi regional infrastruktur layihələrin uğurla həyata keçirilməsi ilə nəticələnən bu əməkdaşlıq Cənubi Qafqaz regionunun əhəmiyyətini artırmış, Avropa və qlobal enerji təhlükəsizliyinə töhfə vermiş və Avropa üçün yeni, həyati əhəmiyyətli enerji mənbələrinin əsasını qoymuşdur. Azərbaycanın karbohidrogen ehtiyatları, strateji coğrafi yerləşmə ilə birlikdə, ölkəni əhəmiyyətli enerji mənbəyinə və beynəlxalq enerji təchizatı sisteminin vacib tərkib hissəsinə çevirir. Yalnız enerji istehsalçısı və ixracçısı kimi deyil, eyni zamanda, vacib tranzit ölkəsi kimi Azərbaycanın regionun mərkəzi oyunçusu və beynəlxalq arenada əhəmiyyətli iştirakçı olaraq imkanları getdikcə artır.
Azərbaycanın coğrafi yerləşməsi ölkənin dünya bazarlarına çıxışını şaxələndirmək imkanı verir. Azərbaycanın tranzit imkanlarının gücləndirilməsi ölkə iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı strategiyasının vacib elementidir. Habelə, Azərbaycanın Türkiyə və Gürcüstanla birgə reallaşdırdığı geostrateji əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Qars dəmiryol xətti, Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında qaz alqı-satqısı və tranziti məsələlərinə dair sənədlər paketinin və Azərbaycanla Türkiyə arasında TransAnadolu qaz kəmərinin tikintisi layihəsi üzrə Anlaşma Memorandumunun imzalanması regional əməkdaşlığın sürətləndirilməsi və gücləndirilməsi üçün vacib addım olacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında