İnsan hüquqları sahəsində Milli Fəaliyyət Proqramı "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Strategiyasının müəyyən etdiyi məqsədlərə hədəflənmişdir

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov AzərTAc-a müsahibə vermişdir.
-Bir neçə gün əvvəl Azərbaycan Respublikasının Prezidenti İnsan hüquqlarının və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq məqsədilə Milli Fəaliyyət Proqramını təsdiq etmişdir. Bu haqda nə deyə bilərsiniz?
-İlk növbədə qeyd etmək istərdim ki, Milli Fəaliyyət Proqramı konseptual, miqyaslı xarakter daşıyır və "Azərbaycan 2020: gələcəyə baxış" inkişaf strategiyası çərçivəsində qarşıya qoyulan vəzifələr kontekstində nəzərdən keçirilməlidir. Bu sənəd göstərir ki, insan hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi siyasətin prioritetlərindən biridir.
Eyni zamanda, Milli Fəaliyyət Proqramı ölkədə insan hüquqlarının müdafiəsi sahəsində aparılan davamlı tədbirlərin tərkib hissəsidir.
Hələ 1998-ci il fevralın 22-də ümummilli lider Heydər Əliyev "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərman imzalamışdır. Fərmanda ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar edilməsi, aparılan genişmiqyaslı islahatlar nəticəsində insan hüquqlarının müdafiəsi sisteminin yaradılmasının zəruriliyi göstərilərək, bu sahədə inkişafın istiqamətləri müəyyən edilmişdir.
Bu fərmanın məntiqi davamı olaraq Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə Azərbaycanda ilk dəfə "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" təsdiq edilmişdir. Dövlət Proqramına əsasən həyata keçirilmiş tədbirlər nəticəsində ölkədə İnsan hüquqları üzrə müvəkkil təsisatı, İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu yaradılmış, insan hüquqları üzrə ədəbiyyatın nəşr edilməsinə, kütləvi informasiya vasitələrində bu mövzunun geniş işıqlandırılmasına, əhali arasında insan hüquqlarına dair geniş maarifləndirmə tədbirlərinin həyata keçirilməsinə, dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təmin edilməsi baxımından təkmilləşdirilməsinə təkan verilmişdir.
2006-cı il dekabrın 28-də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin gücləndirilməsinə xidmət etmişdir.
Bu il dekabrın 27-də Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi yeni Proqram isə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsinə yönəlmişdir.
Mahiyyət etibarilə hər iki sənəd bir-biri ilə bağlıdır. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə" sərəncamında qeyd edildiyi kimi Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənabları İTAR-TASS agentliyinə müsahibəsi zamanı qarşıda duran strateji məqsəd kimi Azərbaycanın tam transformasiya olunmasını göstərmişdir. Bu transofmasiyanın çoxşaxəli olacağını və bütün sahələri əhatə edəcəyini qeyd edən cənab Prezident ölkədə davamlı inkişafı təmin etmək üçün siyasi və iqtisadi islahatların paralel aparılmasının zəruri olduğunu xüsusi vurğulamışdır. Cənab Prezident qeyd etmişdir ki, demokratikləşmə, şəffaflıq, qanunun aliliyi olmadan inkişaf etmiş ölkə yaratmaq mümkün deyil. İctimai şüurun səviyyəsi, həm də mövcud tarixi təcrübə siyasi sistemin həmin meyarlara cavab verməsini şərtləndirir.
2011-ci il dekabrın 27-də təsdiq edilən Milli Fəaliyyət Proqramı məhz həmin hədəflərə yönəlmişdir.
-Milli Fəaliyyət Proqramı hansı məsələləri əhatə edir?
Milli Fəaliyyət Proqramında dövlətin insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyətinin konsepsiyası inkişaf etdirilərək müxtəlif istiqamətlər üzrə kompleks tədbirlərin həyata keçirilməsi, onların icrası, əlaqələndirilməsi, monitorinqi və qiymətləndirilməsi mexanizmi və qarşıya qoyulan məqsədlər müəyyən edilmişdir.
Ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi sisteminin daha da inkişaf etdirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, əhalinin müxtəlif qruplarının hüquqlarının daha səmərəli təmin edilməsi istiqamətində konkret tədbirlər nəzərdə tutulmuşdur.
Belə ki, proqramda qanunvericilik aktları qəbul olunarkən insan hüquqları meyarının rəhbər tutulması, Azərbaycan Respublikasının insan hüquqları sahəsində beynəlxalq müqavilələrə qoşulması prosesinin davam etdirilməsi, yeni qanunvericilik aktlarının qəbul edilməsi, ölkədə korrupsiya ilə mübarizənin gücləndirilməsi, şəffaflığın artırılması, əhaliyə göstərilən elektron xidmətlərin inkişaf etdirilməsi sahəsində fəaliyyətin vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıqda davam etdirilməsi ehtiva olunur.
Bundan əlavə, proqrama əsasən gələcəkdə insan hüquqları sahəsində maarifləndirmə, elmi-analitik tədbirlərin davam etdirilməsi, beynəlxalq təşkilatlarla, o cümlədən BMT-nin insan hüquqları sahəsində ixtisaslaşan qurumları, Qaçqınlar üzrə Ali Komissarlıq, UNESCO, UNİSEF, Dünya Bankı, habelə Avropa Şurası, Avropa İttifaqı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı və digər regional təşkilatlar ilə birgə əməkdaşlıq proqramlarının həyata keçirilməsi planlaşdırılır.
Milli Fəaliyyət Proqramının hazırlanması zamanı müxtəlif beynəlxalq təşkilatlar ilə həyata keçirilən əməkdaşlıq proqramları, müxtəlif sahələrə aid qanunvericiliyin islahatı prosesi, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Milli Fəaliyyət Planlarının hazırlanmasına dair Bələdçi kitabı, habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ nəzərə alınmışdır. Bu proqramda, eyni zamanda insan hüquqları sahəsində beynəlxalq öhdəliklərin davamlı implementasiyası üçün dövlət orqanlarına konkret tapşırıqlar verilir.
Sonda bir daha vurğulamaq istərdim ki, İnsan hüquqları sahəsində yeni Milli Fəaliyyət Proqramı "Azərbaycan 2020: gələcəyə baxış" konsepsiyasının hədəflərinə yönəlmişdir. Burada fikrimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözləri ilə bitirmək istərdim: "Biz ölkəmizi qanunun aliliyinin bərqərar olduğu, çox güclü sosial siyasəti, inkişaf etmiş iqtisadiyyatı və regionda möhkəm mövqeləri olan müasir və demokratik bir ölkə kimi görürük".
AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında