Elnur ASLANOV: Cənab Prezidentin hazırkı siyasəti Azərbaycanın 30-40 ildən sonrakı inkişaf perspektivlərinin möhkəm əsaslarını hazırlayır

Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun müsahibəsi
- 2011-ci ili necə dəyərləndirirsiniz?
- 2011-ci il Azərbaycan üçün ən yaddaqalan illərdən olacaqdır. Bu il siyasi, iqtisadi, sosial və hərbi sahələrdə geniş nailiyyətlər əldə edilib. Əlbəttə, bunlar bizim əldə etdiyimiz nəticələrdir, 2012-ci ilin astanasında isə biz yeni perspektivlər haqqında düşünməliyik. Müasir qloballaşan dünyanın xüsusiyyətlərinə uyğun olaraq biz yeni inkişaf meyillərimizi təyin etməli, iqtisadi fəaliyyət sferalarının beynəlxalq rəqabətə davamlılığını təmin etməliyik. İqtisadiyyatın keyfiyyətcə yeni mərhələyə qədəm qoyması, kreativ insan resurslarının formalaşdırılması bizim qarşımızda duran əsas çağırışlardır. Bu gün hər bir cəmiyyətin, kollektivin qarşısında əsas məqsəd yeni insan kapitalının formalaşmasıdır. Çünki biz istək və arzuların yeni dövrün tələblərinə, o cümlədən davamlı inkişafın təmini və ətraf mühitin qorunması ilə ahəngdar şəkildə təmin edilməsinə çalışmalıyıq.
Cənab Prezidentin hazırkı siyasəti Azərbaycanın 30-40 ildən sonrakı inkişaf perspektivlərinin möhkəm əsaslarını hazırlayır. Bu gün zəruri strateji seçimlərin edilməsi milli inkişafımızın davamlılığını şərtləndirir. Bu baxımdan "Azərbaycan 2020: gələcəyə baxış" inkişaf konsepsiyası gələcəyə ünvanlanmış konkret bir baxışın, inkişaf strategiyasının təcəssümü kimi Azərbaycan iqtisadiyyatının keyfiyyət transformasiyasını və beynəlxalq rəqabətə davamlılığını ön plana çəkir. BMT-nin, müxtəlif sahələrin ekspertlərinin bu işə cəlb edilməsi, Azərbaycan dövlətinin açıq, şəffaf siyasətinin bariz nümunəsidir. Regionun aparıcı dövləti kimi bizim fəaliyyətimiz regional əməkdaşlığın güclənməsinə töhfə verəcək, bölgə dövlətlərinin bu inkişafdan bəhrələnməsinə şərait yaradacaq. Bu isə bizim regional aktor statusumuzu gücləndirir və onun fəaliyyət imkanlarını genişləndirir.
Digər tərəfdən, Azərbaycan dövləti "qara qızılın insan kapitalına çevrilməsi" kontekstində geniş biliklərə və dünyagörüşünə malik yeni kreativ nəsil gənclərin formalaşmasına xüsusi önəm verir. 2007-ci ildə qəbul edilmiş və gənclərin müxtəlif xarici ölkələrin təhsil ocaqlarında təhsillərini davam etdirməsini nəzərdə tutan dövlət proqramı bu istiqamətdə atılan mühüm addımlardan biridir. Bu gün proqram uğurla davam etdirilir və təhsil almağa göndərilən tələbələrin sayı ildən-ilə artır. Bu gün xarici ölkələrdə müxtəlif proqramlar üzrə 10 minə yaxın tələbə təhsil alır. Bu yeni yaradıcı düşüncə, yeni dünyagörüşü, eyni zamanda Azərbaycan dövlətçiliyinə xidmət edəcək mühüm kadr potensialıdır.
Əlbəttə, milli inkişafımızın keyfiyyət transformasiyasında bu gənclərin rolu böyükdür. Prezident İlham Əliyevin qəbul etdiyi 2011-2015-ci illər Gənclərin İnkişafı Dövlət Proqramı və "Gənclər Fondu"nun yaradılması haqqında sərəncamı bu ilin ən əlamətdar hadisələrindəndir. Bu, gənclərlə işin yeni müstəvidə qurulmasına, onların ictimai həyatın bütün sahələrində fəal iştirak etməsinə və yeni inkişafın əsas qüvvəsinə çevrilməsinə imkan verəcək. Cənab Prezident aprel ayında keçirilmiş gənclərlə görüşdə bu istiqamətdə fəaliyyətin gücləndirilməsini və gənclərə dövlət qayğısının artırılmasını əsas vəzifə kimi qeyd edib. Bu məqsədlə gənclərin peşə hazırlığının təkmilləşdirilməsi, Gənclər Evlərinin yaradılması, Gənclər Mərkəzinin tikilməsi nəzərdə tutulub.
Eyni zamanda, Azərbaycan son illər ərzində Şərq və Qərb arasında intellektual diskussiya məkanına çevrilib, sivilizasiyaların və dinlərin dialoquna öz töhfəsini verir. Bu istiqamətdə keçirilən və müxtəlif mövzuları əhatə edən tədbirlər bunun bariz nümunəsidir. Bu il Bakıda keçirilən ikinci Beynəlxalq Humanitar Forum artıq ənənə halını alıb. Onun 2012-ci ildə yenidən Bakıda keçirilməsi nəzərdə tutulub. Bu isə Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyə həssas yanaşmasının və sülhün təmin edilməsinin müxtəlif yollarının axtarılmasına verdiyi önəmin göstəricisidir. Forumda cənab Prezidentin diqqət yetirdiyi məsələlərdən biri də multikulturalizm mövzusu olub. Multikulturalizm bu gün qaçılmaz bir fenomendir. Qərbin inkişaf etmiş ölkələrinə immiqrasiya axınının güclənməsi fərqli milli xüsusiyyətlərin vahid bir məkanda, vahid qanunlar çərçivəsində birgə yaşayışını təmin etmək zərurəti yaradıb. Bu həmçinin istənilən dövlətdə yaşayan digər millətlərin nümayəndələrinin hüquqlarının qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Buna görə də, Azərbaycanın təşəbbüsləri daha geniş məqsədləri əhatə edir və ümumi səylərin birləşdirilməsini zəruri edir.
Azərbaycan eyni zamanda qeyri-ənənəvi diplomatik vasitələrlə "mülayim güc" imkanlarını durmadan genişləndirir. Müxtəlif beynəlxalq tədbirlərin keçirilməsi, xarici ölkələrdən jurnalist qrupları və elm adamlarının dəvət edilməsi Azərbaycan haqqında dünya ictimaiyyətinin dolğun məlumatlandırılmasına birbaşa xidmət edir. Dünyanın tanınmış beyin mərkəzləri ilə əlaqələrin qurulması və birgə layihələrin həyata keçirilməsi də xüsusi əhəmiyyət daşıyır. Qeyd etməliyəm ki, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi bu il ərzində 7 ölkənin beyin mərkəzləri ilə ikitərəfli əməkdaşlıq sazişləri imzalayıb.
Bundan başqa, xüsusi diqqət cəlb edən digər bir məqam "Caucasus İnternational" adlı ilk elmi analitik dərginin işıq üzü görməsidir. Azərbaycan və Türkiyə beyin mərkəzlərinin birgə əməkdaşlığının məhsulu olan və ingilis dilində nəşr edilən bu dərgidə müxtəlif millətlərin nümayəndələri, türklər, gürcülər, amerikalılar, ruslar və digərləri məqalələr yazırlar. Analitik dərginin beynəlxalq arenada yayılması, beyin mərkəzlərinin abunəsinin artması onu tədqiqatçıların istifadə edəcəyi əsas vasitəyə çevirəcək.
- Xarici siyasətdə 2011-ci il əsas hansı nailiyyəti ilə səciyyələnə bilər?
- Bilirsiniz, bu il biz dövlətimizin gələcəyi üçün xüsusi əhəmiyyət kəsb edən və insanların xatirəsinə daim həkk olunacaq çox önəmli hadisələrin şahidi olduq. Mən xüsusilə beynəlxalq arenada, Prezident İlham Əliyevin uzaqgörən və çoxşaxəli xarici siyasət kursunun məntiqi uğuru olan Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini vurğulamaq istəyirəm. Bu, bizim hər birimizin qürur mənbəyidir və müstəqilliyimizin 20-ci ildönümünə təsadüf edir. Bilirsiniz ki, Təhlükəsizlik Şurası legitim gücdən istifadəyə malik olan yeganə siyasi orqandır. Beynəlxalq təhlükəsizliyin və sülhün əsas təminatçısı kimi onun əsas məqsədi hüquqi prinsip və normalara əsaslanan dünya nizamını mövcud mexanizm və vasitələrlə tənzimləməkdir. Əlbəttə, son dövrlərin tarixinə nəzər salanda, Təhlükəsizlik Şurasının üzləşdiyi çətinlikləri, qətiyyətsiz addımları və həyata keçirilməyən qətnamələrini görmək olar. Bu, beynəlxalq birliyin fəal üzvü kimi bizi narahat etməyə bilməz. Dağlıq Qarabağla bağlı qəbul edilmiş, lakin bu günə kimi həyata keçirilməyən qətnamələri xatırlamaq kifayətdir. Bu baxımdan Azərbaycanın bu quruma üzvlüyü mühüm əhəmiyyət kəsb edir. Birincisi, bu Azərbaycanın beynəlxalq siyasətdə malik olduğu yeni statusa uyğun fəaliyyət imkanlarının genişlənməsinin göstəricisidir. İkincisi, Azərbaycanın beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına verdiyi töhfənin dünya birliyi tərəfindən tanınmasıdır. Üçüncüsü, Azərbaycanın yeni dünya nizamında əsas etibarlı tərəfdaş olmasıdır. Azərbaycanın yeni qlobal xarakterli məsuliyyət daşıması eyni zamanda onun mültilateral çərçivədəki fəaliyyətinə yeni çalarlar əlavə edib.
Azərbaycan öz milli maraqlarına uyğun olaraq, regional məsələləri daim dünya birliyinin diqqətində saxlamaqla yanaşı, Ermənistanın təcavüzünü və Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti haqqında ən yüksək kürsüdən danışmaq iqtidarına malik olacaq və bu haqda dünya birliyini vaxtaşırı məlumatlandıracaq. Münaqişə ilə bağlı Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi üçün lazımı tədbirlərin görülməsi istiqamətində işin aparılması bizim qarşımızda duran əsas vəzifədir. Biz bu üzvlükdən maksimum dərəcədə yararlanıb əsas diqqəti münaqişənin sülh yolu ilə və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə yönəldəcəyik.
Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında obyektiv məlumatları dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün bu il ərzində məqsədyönlü fəaliyyət qurub. Diplomatik vasitələrlə yanaşı, qeyri-diplomatik vasitələrdən geniş istifadə edilib. Növbəti ildə bu fəaliyyət davam etdiriləcək.
- Azərbaycanda "Ümid" və "Abşeron" yeni qaz yataqlarının kəşf edilməsi nəyi vəd edir və Avropanın enerji təhlükəsizliyində Azərbaycanın roluna necə təsir edir?
- Azərbaycan tarixən özünün neft yataqları ilə tanınmış, uzun müddət dünyanın əsas neft ixracatçısı olub. Qaz isə neftə nisbətən yeni bir iqtisadi fenomendir və əsasən son dövrlər dünya bazarında strateji məhsul xarakteri alıb. Azərbaycanın qaz istehsalı "Şahdəniz" yatağında hasilatın başlanmasından sonra artıb və bu artım növbəti illərdə yatağın ikinci mərhələsinin işə başlamasından sonra daha güclü olacaq.
Eyni zamanda, yeni qaz yataqlarının kəşfi Azərbaycanın ixracat potensialını artırır, onun dünyanın əsas istehsalçıları sırasında qərarlaşmasını şərtləndirir. 2011-ci ildə "Ümid" və "Abşeron" yataqlarında geniş qaz ehtiyatlarının tapılması öz-özlüyündə böyük hadisə olmaqla yeni potensial yataqların mövcudluğundan xəbər verir. Qaz yataqlarının olması mühüm bir amildirsə, ölkənin xarici siyasətinin mahiyyəti, daxili sabitlik və inkişaf xüsusiyyətləri onun enerji siyasətinin formalaşmasına təsir edən əsas elementlərdir. Bu yataqların kəşfi xarici kapitalın davamlı olaraq Azərbaycana axınının və Avropa dövlətlərinin ölkəmizə olan marağının göstəricisidir.
Mövcud siyasi sabitlik və biznes mühiti sərmayəçilərin gəlməsi üçün münbit zəmin yaradır. Bizim xarici siyasətimiz və boru kəmərlərinin diversifkasiya iradəmiz Azərbaycanı Avropa ölkələri üçün çox cəlbedici bir tərəfdaşa çevirib. Hamıya məlumdur ki. Avropa qaza olan tələbatını ödəmək üçün cənub qaz dəhlizini inkişaf etdirməyə çalışır. Müxtəlif layihələr, o cümlədən "Nabucco" layihəsi nəzərdən keçirilir. Regionda sabitliyin və tərəqqinin əsas aparıcı qüvvəsi olan Azərbaycan Avropanı qazla təmin edəcək zəruri faktordur. O nəinki qaz ixracatçısıdır, eyni zamanda, Mərkəzi Asiya ölkələrinin enerji resurslarının daşınması üçün əsas tranzit yoludur. Göründüyü kimi, qaz amili Azərbaycanın geostrateji əhəmiyyətini yenidən dəyərləndirir.
- Azərbaycanın xarici ölkələrə investisiya potensialı haqqında nə deyə bilərsiniz?
- Qısa müddət ərzində Azərbaycan istər siyasi, iqtisadi, sosial, istərsə də demokratiya sahəsində böyük inkişaf yolu keçib. Ulu öndər Heydər Əliyevin əzmi və iradəsi sayəsində əldə edilən sabitlik siyasi və iqtisadi islahatların həyata keçirilməsinə və Azərbaycanın öz milli xüsusiyyətlərinə uyğun yeni inkişaf modelinin özünü təsdiq etməsinə rəvac verib. Son illərin iqtisadi göstəriciləri (misal üçün iqtisadi artım tempi, yoxsulluğun kəskin azaldılması, işsizliyin aşağı düşməsi), yeni iqtisadi fəaliyyət sahələrinin yaradılması ölkə iqtisadiyyatının sağlam özüllər üzərində və şaxəli şəkildə inkişaf etməsinin bariz nümunəsidir. Bazar iqtisadiyyatına keçidi başa vuran Azərbaycan bu gün kapital idxal edən ölkədən kapital ixrac edən ölkəyə çevrilmişdir. Azərbaycanın özəl və dövlət şirkətləri dünyanın müxtəlif ölkələrində sərmayələr yatırır, milli ideyaların daşıyıcılarına çevrilirlər. Azərbaycan Dövlət Neft Şirkəti bu sahədə öz fəallığı ilə seçilir. Bu il şirkət Avropanın tanınmış dövlətlərindən olan İsveçrəyə geniş sərmayə qoyub və bununla da Avropa bazarında öz mövqeyini möhkəmləndirib.
- İnformasiya kommunikasiya texnologiyaları Azərbaycanın əsas hədəfi və gələcək inkişafının əsas vasitəsidir ideyası iqtisadi inkişafın yeni mərhələsinimi nəzərdə tutur?
- Bilirsiniz, Azərbaycan sürətlə inkişaf edən ölkədir. Dövlət büdcəsi müstəqilliyin ilk illəri ilə müqayisədə 1000 dəfə artıb. Daxili imkanlar hesabına həyata keçirilən investisiya layihələri, iqtisadi fəaliyyət istiqamətlərinin genişlənməsi iqtisadiyyatın çoxşaxəli inkişafına xidmət edib. Qloballaşan müasir dünyada texnoloji tərəqqinin yeni nailiyyətləri kommunikasiya vasitələrinin şaxələnməsinə, internetin yaratdığı imkanlar sayəsində məlumatların daha sürətlə ötürülməsinə şərait yaradıb. Bu, insanların şüurunda, gündəlik həyatında dəyişikliklərlə müşahidə olunur.
İnformasiya kommunikasiya texnologiyalarının inkişafı cənab Prezident tərəfindən təyin edilən əsas prioritet sahələrdən biridir. Bizim gələcək inkişafımızın möhkəm özüllər üzərində qurulmasının əsasını texnoloji tərəqqi təşkil edəcək. Bu gün insan kapitalına verilən önəm məhz tədqiqat və inkişaflın vəhdətindən irəli gələn qaçılmaz bir amildir. Biz bununla gələcək inkişafımızın münbit zəminini hazırlayırıq. Qeyd etmək lazımdır ki, beynəlxalq təşkilatların hesablamalarına görə, əgər 2004-cü ildə vətəndaşların internetə çıxışı 7% təşkil edirdisə, bu gün bu rəqəm 60%-ə yüksəlib.
Bu, əlbəttə, böyük göstəricidir və bizim yeni inkişaf tendensiyalarına verdiyimiz qiymətin bariz nümunəsidir. Göstərilən rəqəmlərin obyektivliyinə şübhə yoxdur, çünki onlar beynəlxalq təşkilatların rəyidir. Azərbaycan dünyada gedən transformasiyalara uyğunlaşır və iqtisadiyyatın sürətli inkişafı onun müasir dünyanın reallıqlarına və xüsusiyyətlərinə adaptasiya bacarığına malik olmasının sübutudur.
Bu gün cəmiyyəti kompütersiz, internetsiz təsəvvür etmək çətindir. Çünki insanların gündəlik həyatının, daha geniş mənada həyat tərzinin tərkib hissəsi olan bu texnoloji nailiyyətlər yeni bir fenomenə çevrilib.
İnternet həm iqtisadi baxımdan, həm də insan inkişafı baxımından, yəni düşdüyü məkandan asılı olmayaraq mövcud proseslərə adekvat reaksiya vermək, əsaslandırılmış şəkildə öz mövqeyini ifadə etmək kimi keyfiyyətlərə yiyələnməsi üçün də xüsusi əhəmiyyət kəsb edir. Bu, yeni təfəkkürün formalaşmasında özünü büruzə verir.
- Gələcək inkişaf strategiyasının əsas xüsusiyyətlərini necə səciyyələndirərdiniz?
- Əlbəttə, gələcək haqqında fikir söyləmək çətindir, lakin vətəndaş və millət qarşısında məsuliyyət daşıyan hər bir vəzifəli şəxs gələcəyi dərindən təhlil etməli və hadisələrin axarını mümkün qədər müəyyən etməlidir. Belə olan halda bizim təsir imkanlarımız da artmış olur. Əgər Bismark iki il sonra baş verəcək prosesləri öncədən hiss etməyə xüsusi önəm verirdisə, müasir qloballaşan dünya uzun müddətə hesablanmış strateji seçimlər etməyi zəruri edib. Buna görə bizim siyasi strategiyamız müxtəlif amilləri nəzərə alır:
Birincisi, yaşadığımız regionun xüsusiyyətlərini nəzərə alaraq, mövcud və potensial təhdidlərin aradan qaldırılması üçün zəruri mexanizmlərin işlənib hazırlanmasının təmin edilməsi; İkincisi, qloballaşan dünyanın daşıdığı bütün universal konsepsiyaların, siyasi-iqtisadi proseslərin milli dəyərlərin qorunması və ümumi inkişaf fonunda nəzərdən keçirilməsi; Üçüncüsü, gələcək inkişafımızın öz milli xüsusiyyətlərimizlə uzlaşması əsasında təyin edilməsi; Dördüncüsü, Avropa institutlarına inteqrasiyanın davam etdirilməsi; Beşincisi, müxtəlif dövlətlərin iqtisadi inkişaf xüsusiyyətləri, uğurları və səhvlərinin təhlili əsasında milli inkişaf strategiyamızın daim təkmilləşdirilməsi; Altıncısı, insan amilinin siyasi, iqtisadi və sosial fəaliyyətimizin əsas məqsədi və qayəsi olması; Yeddincisi, yüksək keyfiyyətli təhsil, səhiyyə və sosial sığorta sistemi üzərində vətəndaşların rifahının təmin edilməsi; Səkkizinci, güclü vətəndaş cəmiyyətinin formalaşması, dövlət və üçüncü sektor arasında münasibətlərin daim möhkəmləndirilməsidir.
Bu sadaladığım elementlərin vəhdəti Azərbaycan xalqının xoşbəxt və təhlükəsiz gələcəyinin təminatçısına çevriləcəkdir.
Demokratiya Azərbaycan xalqının seçimidir və bizim inkişafımızın əsas çərçivəsidir. Avropa təsisatların uğurla inteqrasiya edən Azərbaycan universal dəyərlərina daşıyıcısına çevrilib. Hər bir dövlətin öz inkişaf xüsusiyyətləri demokratiyanın yüksəlişini və dərin kök salmasını şərtləndirir. Qərb dövlətləri uzun zaman kəsiyində demokratiyanın tərəqqisinə nail olublar. Biz isə bu gün bu yolun başlanğıcındayıq və əzmlə bu yolu davam etdirəcəyik.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında