Şriftin ölçüsü:
21.12.2011 19:53 | Oxunma sayı: 905
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov APA-ya müsahibəsində Venesiya Komissiyasının "Siyasi partiyalar haqqında" qanun layihəsinə münasibətini açıqlamışdır.
Azərbaycan tərəfinin Venesiya Komissiyası ilə razılaşmadığı məqamlardan bəhs edən Əli Həsənov demişdir: "Avropa Şurası Venesiya Komissiyasının dörd tövsiyəsinin "Siyasi partiyalar haqında" qanun layihəsində nəzərə alınmayacağını onların diqqətinə çatdırmışdıq...
Bunlardan biri xarici vətəndaşların Azərbaycanda siyasi partiya yaratmaq, hakimiyyət uğrunda mübarizəyə qoşulmaq, yaxud siyasi partiyaları maliyyələşdirməsi məsələsidir. Biz buna gedə bilməzdik.
İkinci məsələ siyasi partiyaların dövlətin Konstitusiya quruluşuna qarşı zorakı yolla mübarizə aparacağı təqdirdə dövlətin həmin siyasi partiyanı qapatmaq və fəaliyyətini qadağan etmək məsələsidir. Biz bununla bağlı əvvəlcədən demişdik ki, Azərbaycan dövlətinin Konstitusiya quruluşuna, siyasi sisteminə qarşı zorakılıqla mübarizə aparan hər bir partiya müvafiq olaraq bağlanılacaq, onun fəaliyyətinə son veriləcək. Bu, Azərbaycanın Konstitusiya normasıdır.
Üçüncü məsələ siyasi partiyanın yaradılması üçün tələb olunan insan sayı məsələsi idi. Biz hesab edirik ki, Azərbaycanda mövcud olan hazırkı partiyaların sayı ölkə əhalisinin sayına və ölkənin siyasi palitrasına adekvat deyil, həddən artıq çoxdur. Ona görə də siyasi partiyaların daha da böyüməsi, birləşməsi, konsolidasiyası siyasətini qanunun əsası kimi qeyd etmişik. Biz hesab edirik ki, siyasi partiya qeydiyyatdan keçmək üçün 5 min nəfər tərəfdarının, yaxud partiya üzvünün siyahısını təqdim etməlidir. Venesiya Komissiyasının nümayəndələri də hesab edirlər ki, bu rəqəm 1000 olsa, bəlkə daha yaxşı olar. Bu, hər halda onların versiyasıdır, amma versiyalarını əsaslandırmırlar. Biz bu məsələdə də prinsipial olaraq mövqelərimizin üzərində dayandıq. Çünki düşünürük ki, 5 min üzvü olmayan siyasi partiya Azərbaycanda hakimiyyət uğrunda kifayət qədər dinamik fəaliyyət göstərə, siyasi mübarizə apara bilməz. Hətta bir deputatın seçilməsi üçün lazım olan 5 min səsi toplamağı da bacarmaz. Beləliklə də, dövlət maliyyələşməsinə iddia edə bilməz. Bu prinsipin siyasi partiyaların fəaliyyətinə maneçilik törədə biləcəyi kimi yox, əksinə, biz siyasi partiyaların birləşmiş, konsolidasiya olunmuş vəziyyətdə inkişafına stimul verəcəyini düşünürük.
Dördüncü məsələ isə siyasi partiyaların fəaliyyətinin dayandırılması proseduru idi ki, bizim layihədə həmin prosedur belə təqdim olunub: Siyasi partiya tərəfindən "Siyasi partiyalar haqqında" Qanununun pozulması və Konstitusiya quruluşuna qarşı zorakı mübarizə və digər hərəkətlər aşkarlandıqda, bu qurumun barəsində tədbir görülür.
Əvvəlcə xəbərdarlıq, sonra cərimə, sonda isə partiyanın fəaliyyətinin dayandırılması haqqında Ədliyyə Nazirliyi vəsatət qaldırır və məhkəmə qərar verir. Bu, ən demokratik, hüquqi normalara uyğun bir prinsipdir, dünyanın hər bir ölkəsində siyasi partiyaların fəaliyyəti bu yolla dayandırılır. Bu məsələ ilə bağlı da Venesiya Komissiyası ekspertlərinin öz fikirləri var. Onlar öz fikirlərində qala bilərlər. Hər halda biz Azərbaycanda siyasi partiya quruculuğunu Avropanın, dünyanın demokratik normalarına uyğunlaşdırmışıq.
Lakin bu qanun Azərbaycanda yarandığına görə, Azərbaycanın siyasi palitrasına uyğun olmalıdır, ölkəmizin siyasi həyatına və Konstitusiya quruluşuna uyğun gəlməli, Konstitusiyanın tələblərinə cavab verməlidir".
Bunlarla yanaşı, Ə. Həsənov "Siyasi partiyalar haqqında" qanun layihəsinə dəyişiklik ediləcəyini istisna etməyib: "Layihəyə dəyişiklik edilə bilər. Bunun üçün Milli Məclisin deputatları fikir mübadiləsi nəticəsində ortaq rəyə gəlməlidirlər. Yəni, dəyişiklik edilib-edilməməsi deputatların müzakirəsindən asılıdır. Bu qanunu parlament qəbul edəcək. Ona görə də parlamentin iradəsindən asılı olaraq, bu qanun dəyişdirilə də, ləğv oluna da, yaxud başqa qərar da qəbul oluna bilər".
Ə.Həsənov yeni "Siyasi partiyalar haqqında" qanun qəbul edildikdən sonra indiyə qədər qeydiyyatdan keçmiş siyasi partiyaların yenidən qeydiyyatdan keçməsinə ehtiyac olmadığını bildirib: "Əlbəttə, qanunun geriyə qüvvəsi yoxdur. Hazırkı partiyaların qeydiyyatı qüvvəsində qalacaq".
PA rəsmisi "Siyasi partiyalar haqqında" qanun layihəsinin Milli Məclisə nə vaxt təqdim olunacağını açıqlamayıb: "Düşünürəm ki, qanun layihəsinin Milli Məclisə yolu açılıb və sənəd parlamentə təqdim olunacaq".
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.