Zuvandçay paleolit düşərgəsi

Son vaxtlarda aparılan arxeoloji qazıntılar zamanı tapılmış maddi mədəniyyət nümunələri sübut edir ki, Zuvand mağarası dünyada məşhur Azıx paleolit düşərgəsindən sonra Azərbaycanın ərazisində qeydə alınmış ikinci paleolit qədim insan məskənidir. Arxeoloji və paleontoloji materiallar Zuvandçay düşərgəsində ibtidai insanların 100-120 min il əvvəl məskunlaşdığını təsdiqləyir

{nl}


Axtarışlar, tapıntılar
Azərbaycan bəşəriyyətin beşiyi olan nadir ölkələrdən biridir. Burada həyat çox erkən yaranmışdır. Təkcə bu faktı demək kifayətdir ki, Azıx paleolit düşərgəsindən tapılmış Quruçay mədəniyyətinə aid arxeoloji və paleontoloji nümunələr Azərbaycanın bütün dünyada ən qədim ibtidai insan məskənlərindən biri olmasını sübut edir. Azərbaycan arxeoloqlarının uzun illərdən bəri Lerik rayonu ərazisində apardıqları arxeoloji kəşfiyyat işləri, nəhayət ki, bu il Zuvandçay vadisində daş dövrünə aid qədim insan düşərgəsinin aşkar edilməsi ilə nəticələndi. Bu barədə daha ətraflı və dəqiq məlumat almaq üçün həmin ərazidə aparılan arxeoloji kəşfiyyat işlərinə 25 ildən bəri rəhbərlik edən görkəmli arxeoloq, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu daş dövrü arxeoloji şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əsədulla Cəfərova müraciət etdik.
- Əsədulla müəllim, uzun illərdir ki, Lerik rayonu ərazisində arxeoloji kəşfiyyat işi aparan ekspedisiyaya rəhbərlik edirsiniz. Bu ərazidə arxeoloji işlərin aparılmasına maraq nədən yarandı?
- Kiçik bir düzəliş edim: mən Azərbaycanımızın, demək olar ki, bütün ərazisində arxeoloji işlər aparmışam. 1985-ci ildən bəri respublikanın cənub zonasında - Lənkəran, Astara, Lerik və Masallı rayonları ərazisində arxeoloji kəşfiyyat işləri aparan ekspedisiyaya rəhbərlik edirəm. Məlum olduğu kimi, ölkəmizin ən səfalı guşələrindən olan bu ərazi öz təbii coğrafi şəraitinə görə ibtidai insanların yaşaması üçün çox əlverişlidir. Bu mənada Lerik rayonunun ərazisi daha münasib və cəlbedicidir. Bura həmişə tarixçilərin, arxeoloqların diqqət mərkəzində olmuşdur. Bircə faktı deyim ki, məşhur arxeoloq Jak-dö Morqanın rəhbərlik etdiyi arxeoloji ekspedisiya hələ 1898-1902-ci illərdə Lerik ərazisindəki kurqanlarda, digər tarixi abidələrdə arxeoloji-kəşfiyyat işləri aparmışdır. Onlar buradan tunc və dəmir dövrlərinə aid tapdıqları maddi-mədəniyyət nümunələrini Fransaya aparmışlar. Həmin eksponatlar hazırda Parisin məşhur Sen-jermen muzeyində nümayiş etdirilir.
Sonrakı illərdə yerli arxeoloqlarımız da burada tədqiqat aparmışlar. Qeyd edim ki, 1985-ci ilədək bu ərazidə aparılan arxeoloji tədqiqatlar zamanı eneolit, tunc, dəmir, antik dövrlərinə və orta əsrlərə aid maddi-mədəniyyət qalıqları tapılmışdır. Lakin burada qədim daş dövrünə aid insan düşərgələri qeydə alınmamışdı.
Aparılan arxeoloji kəşfiyyat işləri nəticəsində Zuvandçay vadisində mağaralar və qaya sığınacaqları qeydə alındı. Lerik rayonu ərazisini İranla sərhəd boyunca Talış silsiləsi, bundan şimalda Peştəsər silsiləsi, sonra isə Buravar silsiləsi əhatə edir. Talış və Peştəsər silsilələri arasında Zuvand çökəkliyi yerləşir. Ən yüksək zirvələri Kömürgöy (2492 m) və Qızyurdudur (2433 m).
Əsasən üçüncü geoloji dövrdə formalaşmış Talış dağları bir növ Kiçik Qafqaz dağlarının davamıdır. Lakin Kiçik Qafqazdan fərqli olaraq Talış dağlarında vulkanik proseslər daha kəskin olmuş, ona görə də buradakı mağaralar vulkanik yolla əmələ gəlmişdir. Talış dağlarının yüksək zirvələri tamamilə çılpaqdır. Çökəkliklərdə isə əsasən seyrək meşəliklər, meşəli çəmənliklər və dağ meşələri vardır.
Lerik-Zuvand zonasında mağaralar əsasən Zuvandçayın yatağından 75-100 metr yüksəklikdə yerləşir. Arxeoloji kəşfiyyat işləri zamanı Lerik - Zuvand yolunun 9-cu kilometrliyində bir neçə mağara aşkar etdik.
Zuvandçay vadisində ən möhtəşəm dağ zirvələrindən biri Dəliklidaş zirvəsidir. Bu zirvədə içərisində torpaq çöküntüsü olan mağara var. Mağara Lerik - Buzeyir yolunun 9-cu kilometrliyində, Zuvand çayının sol sahilində, Buzeyir kəndindən 3 kilometr şərqdə yerləşir. Mağara kəndin yaxınlığında olduğu üçün ona Buzeyir mağarası deyilir. Buzeyir kəndi dağın ətəyində, mağara isə Talış dağlarının zirvəsində, dəniz səviyyəsindən 1650 metr, çayın inidiki yatağından isə 200 metr yüksəklikdə yerləşir.
1985-ci ilin yayında Buzeyir mağarasında kəşfiyyat qazıntısı apardıq və düşərgənin çöküntülərində 5 təbəqə qeydə alındı. Mağarada kəşfiyyat qazıntısı zamanı poleolit dövrünə aid əmək alətləri və ovlanmış heyvan və quş sümükləri tapıldı.
1990-cı ilin iyul-avqust aylarında Buzeyir paleolit düşərgəsində qazıntılar zamanı mağaranın çöküntülərində 6 təbəqə qeydə alındı. Mağaranın birinci və ikinci təbəqələrindən orta əsrlər, tunc və eneolit dövrlərinə aid gil qab qırıqları, III və IV təbəqələrindən daş məmulatı və ovlanmış heyvan sümükləri tapıldı.
- Bu tapıntılar nədən soraq verirdi?
- Buzeyir mağarasında aparılan arxeoloji qazıntılar zamanı tapılmış daş məmulatların texniki və tipoloji xüsusiyyətlərinə əsasən demək olar ki, onlar mustye mədəniyyəti dövründə hazırlanmışdır. Əmək alətləri içərisində əsas yeri itiuclular və qaşov tipli alətlər tutur. Bu cənub ərazisində daş dövrünə aid aşkar etdiyimiz ilk qədim insan məskənidir. Əgər o vaxta qədər insanların burada məskunlaşması tarixi 10-15 min il əvvəllərə aid edilirdisə, yeni tapıntı bu ərazidə ibtidai insanların mustye dövründən, yəni 100 min il bundan əvvəl yaşadıqlarını söyləməyə əsas verir. Buzeyir düşərgəsindən daş dövrünə aid maddi mədəniyyət qalıqlarının tapılması Azərbaycan ərazisində paleolit dövrü insanlarının daha geniş ərazilərdə yaşadıqlarını göstərir.
Rəhbərlik etdiyim paleolit arxeoloji ekspedisiyanın ən böyük uğuru bu ilin iyul-avqust aylarında Zuvandçayın sol sahilində yerləşən mağarada ilkin arxeoloji kəşfiyyat işləri zamanı oldu.
Zuvandçay mağara düşərgəsi Lerik yolunun 11-ci kilometrliyində, Buzeyir kəndinin yaxınlığında, Zuvandçayın sol sahilində yerləşir. Mağara düşərgəsi dəniz səviyyəsindən 1630 metr yüksəklikdə, çayın indiki yatağından 200 metr hündürlükdədir.
Zuvandçay mağarasında ilkin arxeoloji qazıntı işləri düşərgənin 6-10-cu kvadratlarında aparılmışdır. Qazıntı zamanı düşərgənin çöküntülərində hələlik 5 arxeoloji təbəqə müəyyən olunmuşdur. Qazıntılar aparılan sahədə düşərgənin ümumi qalınlığı 1,8 metrə bərabərdir. Lakin düşərgənin çöl tərəfinə getdikcə çöküntünün qalınlığı artır. Gələcəkdə aparılan arxeoloji qazıntılar zamanı daha yeni mədəni təbəqələrin qeydə alınması güman edilir.
Zuvandçay mağara düşərgəsinin I və II təbəqələrində aparılan arxeoloji qazıntılar zamanı orta əsrlər, antik, tunc və eneolit dövrlərinə aid gil qabların qırıqları tapılmışdır. Mağara düşərgəsinin 3-5-ci təbəqələrində aparılan arxeoloji qazıntılar zamanı isə daş dövrünə aid quş və heyvan sümükləri aşkar olunmuşdur.
Zuvandçay paleolit düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı çöküntülərdə bir neçə ocaq layları qeydə alınmışdır. Bu, düşərgə sakinlərinin ocaqdan istifadə etdiklərini söyləməyə əsas verir.
Arxeoloji qazıntılar zamanı Zuvandçay düşərgəsinin 3-5-ci təbəqələrindən 500-dən artıq sümük qırıqları tapılmışdır. Düşərgədən tapılmış sümük məmulatı çapılıb doğranmış vəziyyətdədir. Bu da onların əksəriyyətinin hansı heyvan və quş növlərinə aid olmasını müəyyənləşdirməkdə çətinlik törədir. Ancaq sümük məmulatı içərisində 30-dan artıq çənə və diş qeydə alınmışdır. Məhz həmin çənə və dişlər əsasında sümük məmulatının hansı heyvan və quş növlərinə aid olmasını müəyyən emək mümkündür. Bunlar dağ keçisi, cüyür, keçi, tülkü, quş və müxtəlif gəmiricilərin sümükləridir. Tapılmış sümük məmulatları mağara sakinlərinin ovçuluqla məşğul olduqlarını göstərir və bu bölgədə heyvanat aləmini tədqiq etməyə imkan verir.
Zuvandçay mağarasında apardığımız arxeoloji qazıntılar zamanı 55 ədəd daş məmulatı tapılmışdır. Onların arasında əmək alətləri, qəlpələr, istehsal tullantıları və çay daşları vardır. Buradan tapılmış daş məmulatlarının texniki və tipoloji xüsusiyyətlərinə görə onların mustye mədəniyyəti dövründə hazırlandıqlarını söyləmək olar.
- Zuvandçay mağarasından tapılmış maddi mədəniyyət nümunələrinin nə kimi elmi əhəmiyyəti var?
- Çox böyük əhəmiyyəti var. Əvvəla, Lerik rayonu ərazisində bu vaxta qədər daş dövrünə aid arxeoloji və paleontoloji materiallar ancaq Buzeyir mağarasında tapılmışdı. Zuvandçay mağarasından paleolit dövrünə aid maddi mədəniyyət qalıqlarının tapılması Buzeyir mağarasında sakin olan daş dövrü insanlarının Zuvandçaydan oraya köçməsini söyləməyə imkan verir. Əgər Buzeyir paleolit düşərgəsində ibtidai insanların yaşayış sahəsi 100 kvadratmetrdən bir qədər artıqdırsa, Zuvandçay mağarasında qədim insanların yaşayış sahəsi 600 kvadratmetrə bərabərdir.
Son arxeoloji qazıntılar zamanı tapılmış maddi mədəniyyət qalıqları, çöküntünün stratiqrafiyası və yaşayış sahəsinə görə Zuvandçay mağarası Azıx paleolit düşərgəsindən sonra Azərbaycan ərazisində qeydə alınmış II paleolit düşərgəsidir. Aparılan arxeoloji qazıntılar nəticəsində tapılmış arxeoloji və paleontoloji materiallara əsasən Zuvandçay mağara düşərgəsində ibtidai insanların 100-120 min il bundan əvvəllərdə məskunlaşdığını söyləmək olar. Bu, ilkin versiyadır, tədqiqatlarımız davam edir. Sonrakı tapıntılar həmin tarixin daha qədim olduğunu təsdiqləyə bilər.

{nl}

Müsahibəni apardı: Qüdrət PİRİYEV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında