Vladimir DOROXİN: Rusiya-Azərbaycan münasibətlərinin əsas xüsusiyyəti ondan ibarətdir ki, bu münasibətlər təbii xarakter daşıyır

Adətən ilin sonunda görülmüş işlərə yekun vurulur, perspektivlər müəyyən edilir. Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin AzərTAc-a eksklüziv müsahibəsində başa çatmaqda olan ilin Azərbaycan-Rusiya münasibətləri üçün necə keçməsi, iki ölkənin qarşılıqlı əlaqələrinin ən mühüm istiqamətləri və qarşıdakı dövr üçün planlar barədə danışmışdır. 
- Cənab səfir, Rusiya Dövlət Dumasına son seçkilərdən nə gözləyir?
- Bütün Rusiyanın adından danışmaq çətindir. Yaxşısı budur, özüm haqqında deyim.
Mən Rusiya Federasiyasının vətəndaşı kimi gözləyirdim ki, bu seçkilər son illərdə ölkədə həyata keçirilən və mənim fikrimcə, siyasət və iqtisadiyyat sahəsində nəzərəçarpacaq nəticələr vermiş fəaliyyət xəttinin davam etdirilməsi üçün şərait yaradacaqdır.
Bir səfir kimi, mən Rusiyanın xarici siyasət xəttinin, - o cümlədən Azərbaycana münasibətdə, - varisliyini təmin etməyə imkan verəcək nəticələr gözləyirdim.
Fikrimcə, ümidlərim doğrulur. Seçkilər ölkəni idarə edən partiyanın parlamentdə yerlərin çoxunu qazandığını təsdiqlədi və özünü doğrultmuş fəaliyyət xətti davam etdiriləcəkdir. Mənim üçün əsas məsələ budur.
- Siz başa çatmaqda olan ili Rusiya ilə Azərbaycan arasında münasibətlərin bütün spektri baxımından necə qiymətləndirirsiniz?
- Biz ölkələrimiz arasında münasibətləri strateji tərəfdaşlıq adlandırırıq. Bu, bir qədər quru səslənir və ola bilsin ki, sıravi oxucu üçün o qədər də aydın deyildir. Lakin başlıca məqamı fərqləndirsək, bu münasibətlərin əsasını qarşılıqlı etimad, hörmət və hər birimizin işlərinin yaxşı getməsində maraq təşkil edir.
Başa çatmaqda olan il haqqında bu nöqteyi-nəzərdən danışsaq, deməliyəm ki, biz Azərbaycan ilə dostluq, bir-birimizə tam etimad şəraitində yaşamışıq. Moskvada Azərbaycan deyəndə elə tərəfdaş nəzərdə tutulur ki, ondan heç bir xoşagəlməz hərəkət gözlənilmir. Mənim fikrimcə, burada Rusiya haqqında danışanda da Azərbaycana yalnız yaxşılıq istəyən ölkə nəzərdə tutulur.
Rusiya-Azərbaycan münasibətlərinin əsas xüsusiyyəti ondan ibarətdir ki, bu münasibətlər təbii xarakter daşıyır. İmzalanan sənədlər kağız üzərində qalmır, səfərlər rəsmiyyət xatirinə təşkil edilmir. Milyonlarla insanın taleyi bizim münasibətlərimizdən asılıdır. Zənnimcə, keçən il bu insanlar həmin münasibətlərin onların həyatına xoş təsirini hiss edə bilmişlər.
- Rusiya ATƏT-in Minsk qrupunun həmsədridir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində Rusiya mövcud imkanların hamısından istifadə edirmi?
- Biz səmimi deyə bilərik ki, Rusiya bir vasitəçi olmaqla, bu münaqişənin ədalətli həllinə kömək etmək üçün ondan asılı olan hər şeyi edir. Vasitəçilərin təkliflərində çox məqamlar vardır ki, onların barəsində hələ düşünmək və danışmaq olar. Bunu Rusiyanın xarici işlər naziri də yaxın günlərdə keçirilmiş ATƏT-in nazirlər müşavirəsində söyləmişdir. Digər tərəfdən, əlbəttə, həyat bir yerdə dayanmır və əlbəttə, demək olmaz ki, daha heç nə etmək mümkün deyil. Bəzən ATƏT-in Minsk qrupunun fəaliyyətindən narazılıq bildirilməsi bizim Dağlıq Qarabağ münaqişəsinin həllinə dair səylərimizi davam etdirmək və fəallaşdırmaq üçün stimuldur.
- Siz Rusiya-Azərbaycan ticari-iqtisadi münasibətlərinin indiki səviyyəsini necə qiymətləndirirsiniz?
- Rusiya Azərbaycan üçün qeyri-neft sektorunda bir nömrəli ticarət tərəfdaşıdır. Azərbaycan özünün qeyri-neft məhsullarını ən çox Rusiyada satır və əksinə, Azərbaycana idxal edilən malların əksəriyyəti - avtomobillər, ərzaq, maşınqayırma məhsulları Rusiyadan gətirilir. Bu il əmtəə dövriyyəsinin artım sürəti yaxşıdır. 2008-ci il bu baxımdan rekord ili olmuşdur, o vaxt əmtəə dövriyyəsinin həcmi 2,4 milyard dollar təşkil etmişdir. Cari ildə biz bu rəqəmi artıraraq 2,7-2,8 milyard dollara çatdıra bilərik. Bu, adi statistik göstərici deyil, bu, yeni iş yerləri, dövlət büdcəsinə ayırmaların artması deməkdir.
- Azərbaycan investisiyalar üçün açıq ölkədir. Rusiyalı sahibkarlar bu sahədə yaranan imkanlardan tam həcmdə istifadə edirlərmi? Onlar hansı sahələri özləri üçün daha cəlbedici hesab edirlər?
- Rusiyanın Azərbaycanda əsaslı vəsait qoyuluşları çox deyildir. Burada Rusiyanın iki bankı işləyir - "Nikoyl" və VTB. Keçən il "Aqrobank"ın nümayəndəliyi açılmışdır. Pivə istehsalı üzrə "Baltika" müəssisəsi də pis işləmir. Kənd təsərrüfatı, konsaltinq, incinirinq, sığorta sahələrində kiçik müəssisələr vardır.
Azərbaycanın xarici sərmayədarları olan ölkələrin siyahısında Rusiya sonuncu yerdədir. Bunun müxtəlif obyektiv və subyektiv səbəbləri var. Rusiya kapitalının Azərbaycanda daha fəal iştirakının təmin edilməsi bu istiqamətdə işləyən bütün strukturların, o cümlədən bir səfir kimi mənim də əsas vəzifələrimdən biridir.
Rusiya bazarında Azərbaycan investisiyalarının yaranması müsbət məqamdır. Azərbaycan Beynəlxalq Bankı əla işləyir. Stavropol və Krasnodar diyarlarında çay çəkici fabriklər tikilmişdir, konserv zavodu inşa edilir. Azərbaycanın iqtisadi inkişaf naziri Ş.Mustafayev bu yaxınlarda iş adamlarının böyük bir qrupu ilə Şimali Qafqaz respublikalarında səfərdə olmuşdur. Orada da çox işlər görülməsi nəzərdə tutulur.
Hazırda Rusiya və Azərbaycan investisiyaların qarşılıqlı müdafiəsi və təşviqi haqqında saziş üzərində işləyirlər. Ümid edirik ki, bu sənədin tezliklə imzalanması qarşılıqlı sərmayə qoyuluşlarının fəallaşmasına kömək edəcəkdir.
- Energetika sahəsində Rusiya-Azərbaycan dialoqu barədə nə deyərdiniz?
- Rusiya Azərbaycana enerji bazarında suveren oyunçu kimi münasibət bəsləyir. Azərbaycan öz enerji ehtiyatlarının sahibidir və öz neftini, qazını kimə, necə və harada satmaq məsələsini özü həll edir.
Bu il Azərbaycan Ukraynaya və Belarusa neft nəql etməyə başlamışdır. Azərbaycan nefti müəyyən dərəcədə Rusiya nefti üçün rəqibə çevrilmişdir. Lakin biz buna sakit münasibət bəsləyirik, çünki rəqabət dünyasında yaşayırıq. Azərbaycan da enerji bazarında Rusiyanın suveren siyasətinə müsbət yanaşır.
Enerji məsələləri üzrə Rusiya-Azərbaycan dialoqu iki istiqamətdə gedir. Birinci istiqamət təsərrüfat subyektlərinin - Rusiyanın "Qazprom" şirkətinin və Azərbaycan Dövlət Neft Şirkətinin qarşılıqlı əlaqələridir. Onların arasında bağlanmış müqaviləyə uyğun olaraq hazırda ARDNŞ Rusiyaya qaz nəql edir. Bu il həmin qazın həcmi 2 milyard kubmetr olacaqdır. Şirkətlər başqa layihələri də müzakirə edirlər.
Dövlət xətti ilə biz, ilk növbədə, Rusiya və Azərbaycan enerji sistemlərinin fəaliyyətini razılaşdırmaq istəyirik ki, lazımi məqamlarda elektrik enerjisinin mübadiləsi təmin edilsin. Bu sahədə saziş imzalanmaq ərəfəsindədir. İkinci istiqamət - Bakı-Novorossiysk neft kəmərinin imkanlarından tam istifadə etmək üçün bu kəmər haqqında müqavilənin təkmilləşdirilməsidir.
- Sizin fikrinizcə, hazırda ölkələrimiz arasında humanitar əməkdaşlıq hansı səviyyədədir?
- Bu əməkdaşlıq haqqında yalnız ən yüksək ifadələrlə danışmaq olar. Burada heç nə uydurmaq lazım deyil. Tərkibində bizim birlikdə yaşadığımız Sovet İttifaqı dağılmışdır. Rusiya və Azərbaycan bu prosesdən müxtəlif siyasi və iqtisadi maraqlarla çıxmışlar. Lakin müştərək mədəni irsə hörmət qorunub saxlanmışdır və bu, çox dəyərlidir. Rusiyadan Azərbaycana çoxlu ifaçılar, artistlər, teatr, musiqi kollektivləri gəlir. Özü də ona görə yox ki, bu səfərlər hansısa planlarda nəzərdə tutulmuşdur, ona görə ki, bu, yaradıcı xadimlər və tamaşaçılar üçün maraqlıdır.
Azərbaycanda rus dilinə münasibət əlverişli şərait yaradır. Təhsil sahəsində əlaqələrdə qarşılıqlı maraq qorunub saxlanmışdır. Humanitar əməkdaşlığın yaxşı bazası vardır və gələcəyə nikbin baxmaq olar.
- Cənab səfir, sizin fikrinizcə, perspektivdə Rusiya-Azərbaycan münasibətlərinin prioritetləri nədən ibarətdir?
- Azərbaycanın və Rusiyanın müstəqil dövlətlər kimi mövcud olduğu illər ərzində onlar hər iki ölkəni eyni dərəcədə qane edən formul tapmışlar. Bu formulun əsasını bir-birinin suverenliyinə, müstəqil siyasət yeritmək hüququna qeyd-şərtsiz və danışıqsız hörmət təşkil edir. Bu əsasda maraqların üst-üstə düşdüyü sahələrdə əməkdaşlıq etmək olar. Maraqlar üst-üstə düşməyən sahələrdə isə təmkinlə, əsaslandırılmış şəkildə dialoq aparmaq olar. Bu bazaya əsaslanaraq süni prioritetlər və hansısa əlamətdar tarix və ya yüksək səviyyəli səfər ilə əlaqədar məqsədlər seçmədən irəli getmək olar.
Elə praktiki məsələlər var ki, mən onlara prioritetlər və ya çağırışlar deməzdim. Onlar Rusiya-Azərbaycan münasibətlərində toplanan müsbət təcrübədən qaynaqlanır. Məsələn, Rusiyanın regionları ilə Azərbaycanın əlaqələri sahəsində çox böyük ehtiyatlar var və bu ehtiyatlardan daha yaxşı istifadə etmək lazımdır. Gənclər arasında əlaqələr də mühüm istiqamətdir. Bu əlaqələr Rusiya-Azərbaycan münasibətlərinin müsbət tarixi təcrübəsini gənc nəslə vermək amilidir.
Bu məsələlər haqqında problemlər kimi deyil, müsbət ruhda danışıram, düşünürəm ki, bu iki ölkə bir-biri üçün daha nələr edə bilər. Rusiya bunda maraqlıdır ki, Azərbaycan sabit, müstəqil və güclü dövlət kimi inkişaf etsin. Bizim ən böyük marağımız ölkənin cənub sərhədlərində məhz belə bir tərəfdaşın olmasıdır.
- Söhbət üçün çox sağ olun, cənab səfir.

{nl}

Albina ATLIXANOVA, AzərTAc-ın müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında