Azərbaycan Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun ilin yekunlarına dair Trend-ə müsahibəsi
- Yola saldığımız il Azərbaycanın xarici siyasətinin dünya arenasında bir sıra uğurları ilə yadda qalır. Onların arasında ölkənin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü, eləcə də YUNESKO-nun rəhbər strukturuna seçilməsi kimi mühüm hadisələr var. Bu önəmli hadisələr Azərbaycanın gələcək ictimai-siyasi və iqtisadi inkişafına necə təsir edəcək?
- Doğrudan da, sizin qeyd etdiyiniz kimi, bu il 20 illiyini qeyd etdiyimiz müstəqil Azərbaycanın xarici siyasətində, daxili siyasətində olduğu kimi, çox mühüm nailiyyətlər əldə edilib. Onların hamısı haqqında danışmağa təəssüf ki, nə vaxt, nə də bu gün imkan var. Amma bununla belə, mən həmin nailiyyətlərin bir neçəsini qeyd etmək istərdim. Azərbaycanın xarici və daxili siyasətinin təməlini ümummilli lider Heydər Əliyev qoymuşdur və onun formalaşdırdığı bu kurs onilliklər və ümumiyyətlə, gələcək üçün nəzərdə tutulmuşdur. Bu xarici siyasət kursu düzgün aparıldığı üçün bu gün biz o nailiyyətləri görə bilirik. Azərbaycan, doğurdan da, regionda lider dövlətdir. Bu həqiqətən də belədir, amma son hadisələr göstərir ki, Azərbaycanın nüfuzu, reytinqi və imkanları artıq regiondan daha geniş üfüqlərə yayılıb. Bununla bağlı mən sizə bir neçə nümunə göstərmək istəyirəm. Bu il Azərbaycan "Eurovision" mahnı müsabiqəsində birinci yerə çıxdı. Bu, təkcə bir müsabiqədə qələbə deyildi. Azərbaycan sübut etdi ki, mədəniyyət, incəsənət və digər humanitar sahələrdə Avropa xalqları içərisində özünəməxsus yer tutmaq imkanlarına malikdir. Özünüz gördünüz ki, bir neçə il ərzində həmin müsabiqədə Azərbaycan üçüncü, beşinci və birinci yeri qazandı. Bu müsabiqədə ölkələrin birinci yerə çıxması iki parametrlə müəyyənləşdirilir - rəsmi münsiflər heyəti tərəfindən və hər ölkənin əhalisinin SMS-ləri vasitəsilə. Rəsmi münsiflər heyəti Azərbaycana birinci yeri verməmişdi. Amma bizi öz ailəsinə qəbul edən Avropa ölkələri xalqlarının mövqeyi əsas oldu. Bu, çox mühüm hadisədir. Doğurdan da, Azərbaycan musiqi, ədəbiyyat, mədəniyyət sahələrində çox yüksək səviyyəyə malik olan bir xalqdır və bunu da sübut etdi. Bu, Azərbaycanın artıq sivilizasiya baxımından Avropa ölkələrinə inteqrasiyası deməkdir. Bunu Avropa xalqları özləri qəbul və təsdiq etdilər.
İkinci bir hadisə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qəbul edilməsidir. 2012-2013-cü illərdə Azərbaycan bu təşkilatın qeyri-daimi üzvü olacaq. Bu da asan başa gəlmədi. Yəni, burada da müəyyən bir rəsmilik və obyektiv mövqe nümayiş etdirməyə ehtiyac var idi. İki gün Azərbaycan bu prosesdə iştirak etdi və qələbə qazandı. BMT tarixində nadir hallarda, 20-30 ildən bir təsadüf edilir ki, bir ölkə ilə bağlı qərar 17-18 turda qəbul olunsun. Amma Azərbaycan özünə arxayın idi və özünə inamı çox idi. Çünki Azərbaycanın indiyə qədər keçdiyi yol, regionda və ondan da geniş üfüqlərdə qazandığı nüfuz və hörmət, beynəlxalq əməkdaşlıq sahəsində terrorizmə qarşı mübarizə, enerji, beynəlxalq yardım sahələrində töhfəsi dünyanın 193 ölkəsində Azərbaycana qarşı böyük inam və etimad hisslərini gücləndirib. Və ona görə də, çox böyük keşməkeşlərə baxmayaraq, Azərbaycan diplomatiyası özünə əmin olaraq axıra qədər getməyi qət etmişdi və buna davam etdi. Son anda, Sloveniya - Qərbin və Avropanın nümayəndəsi görəndə ki, heç bir şey alınmayacaq, heç bir təklif keçmir, təşəbbüs uğur qazana bilməz, öz namizədliyini geri götürdü və sonra dünyanın 155 ölkəsi konkret göstərdi ki, Azərbaycana inamını və etimadını sübut etməyə hazırdır və səs verdi. Bütün bu turlar ərzində Azərbaycan həmişə 110-120 səs topladı. Bu, o deməkdir ki, bu ölkəyə və onun Prezidentinə dünyada böyük etimad var.
Bizim bir münaqişəmiz var. Onun həllində dünyada gedən bütün prosesləri və bu münaqişənin həllinə olan münasibəti görürük. Biz tam ədalət görə bilmirik. İkinci Dünya müharibəsindən sonra beynəlxalq birlik beynəlxalq hüquq anlayışı deyilən bir mexanizm ortaya qoyub. Niyə onu tətbiq etmirlər? Bu gün hər bir dövlətin Azərbaycan kimi maraqları, problemləri var və bu dövlətlər də istəyirlər ki, onlara münasibət ədalətli olsun. Yəni, böyük məsələlərdən kiçik məsələlərə qədər bütün dövlətlər ədalət gözləyirlər və bu mövqeni də onlar məhz Azərbaycandan gözləyirlər. Ona görə də, bu 19 tur ərzində bu dövlətlər öz mövqelərini nümayiş etdirdilər. Bu, o deməkdir ki, Azərbaycan siyasi baxımdan, dünya ölkələri arasında artıq təkcə regional yox, beynəlxalq nüfuza malikdir. Düşünürəm ki, qarşıdakı 2 il ərzində Azərbaycan diplomatiyası Prezidentin apardığı xarici siyasət kursu çərçivəsində öz nüfuzunu daha da gücləndirəcək. Eyni zamanda, nəzərə alsaq ki, Azərbaycan bu gün beynəlxalq əməkdaşlıq məsələlərində dünyanın ən fəal dövlətlərindən biridir, hesab etmək olar ki, Azərbaycanın inkişafı bundan sonra daha da güclənəcək. Bizdə sabitlik və iqtisadi inkişaf çox güclüdür, digər sahələr də buna əsaslanaraq daha da inkişaf edəcəkdir. Bu nöqteyi-nəzərdən, mən Azərbaycanın gələcəyini daha da möhtəşəm görürəm.
35 il Azərbaycana rəhbərlik edən Heydər Əliyev Azərbaycanın və Bakının simasını dəyişmişdi. Amma son səkkiz il ərzində Prezident İlham Əliyev o simanı daha da gözəlləşdirdi. Xarici dövlətlərin rəhbərlərindən tutmuş, diplomatlara qədər Azərbaycana hər iki-üç aydan bir gələn qonaqlar Bakıya baxıb heyrətlənirlər. Nəzərə alsaq ki, dünyada müxtəlif proseslər, o cümlədən beynəlxalq böhran baş verir, Azərbaycan isə bunları hiss etmir və əvvəlki illərdə olduğu kimi, inkişaf etməkdə davam edir, o zaman daha böyük əminliklə demək olar ki, qarşıdakı illər Azərbaycan üçün daha uğurlu və daha böyük nailiyyətlərlə dolu olacaq.
- Azərbaycanın xarici siyasətində gələn il hansı istiqamətlər prioritet təşkil edəcək?
- Xarici siyasətimizdə yeni bir istiqaməti nəzərdə tutmuruq. Sadəcə olaraq, Azərbaycanın xarici siyasət kursu bütün dövlətlərlə gözəl əlaqələr qurmaqdan ibarətdir - ilk növbədə, qonşu dövlətlərlə, sonra strateji əlaqələr qurduğumuz dövlətlərlə, daha sonra isə geniş mənada hansı ölkələrlə əlaqələrimiz varsa, onlarla. Bu il biz YUNESKO çərçivəsində nə qədər addımlar atmışıq. Bu, Azərbaycanın nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir. Azərbaycan həmçinin müxtəlif beynəlxalq təşkilatlar və qruplar çərçivəsində - Afrika ölkələri, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı üzvü olaraq, öz fəaliyyət və nüfuz dairəsini həddindən artıq genişləndirib. Son bir-iki ay ərzində Cənubi Amerika dövlətlərinin nümayəndə heyətlərinin Azərbaycana çoxalan səfərləri göstərir ki, həmin ölkələr Azərbaycanla əlaqələr quraraq bu əlaqələrdən öz maraqları çərçivəsində istifadə etməyə üstünlük verirlər. Bu da təbiidir. Bu nöqteyi-nəzərdən, Azərbaycanın məqsədləri beynəlxalq aləmdə daha da fəal olmaq, daha ədalətli, demokratik prinsiplərlə bu əlaqələri inkişaf etdirməkdir.
- Yanvar ayından Azərbaycanın BMT Təhlükəsizlik Şurasında səlahiyyətlərinin icrasına başlanılır. Azərbaycan təşkilat çərçivəsində hansı prinsipial məsələləri qaldırmağı planlaşdırır?
- Bu, çox mühüm bir hadisədir. Ölkəmizin qarşısında çox mühüm və çətin bir iş durur. Azərbaycan Prezidenti İlham Əliyev bu qələbədən sonrakı gün bəyan etdi ki, Azərbaycan öz prinsiplərinə sadiq qalaraq, beynəlxalq münasibətlərin daha ədalətli, daha demokratik olması üçün bu istiqamətdə əlindən gələni edəcəkdir. Bununla bağlı hələlik konkret bir şey demək istəmirəm, çünki biz bu təşkilat çərçivəsində işləmək üçün artıq müəyyən addımlar atırıq. Şübhəsiz ki, BMT-dəki nümayəndəliyimizin fəaliyyəti daha da genişləndirilməlidir, Xarici İşlər Nazirliyində yeni bir qrup olmalıdır ki, dünyada gedən bütün proseslərlə bağlı Azərbaycanın mövqeyinin hazırlanmasında iştirak etsin. Mən düşünürəm ki, bu təşkilatda olduğumuz müddətdə nüfuzumuzdan və imkanlarımızdan istifadə edərək Dağlıq Qarabağ məsələsi ilə bağlı istədiyimiz nəticələri əldə edə bilməsək də, bu məsələnin həmin qurumun gündəliyinə çıxarılması ilə bağlı işlər görəcəyik.
- Sizin fikrinizcə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması nöqteyi-nəzərindən 2011-ci il hansı xüsusiyyətləri ilə yadda qalır? Problemin həllində irəliləyişə nail olunmasına mane olan əsas səbəblər hansılardır?
- Əsasən bir neçə məqamı qeyd etmək istəyirəm. Çox təəssüflər olsun ki, 2010-2011-ci illərdə bu münaqişənin həlli prosesində yalnız Rusiya Federasiyası və onun rəhbərliyi daha fəal oldu, digər iki dövlət (ABŞ və Fransa) yalnız həmsədrlər səviyyəsində münaqişənin həllində fəaliyyət göstərməklə kifayətləndilər. Düşünürəm ki, bu, düzgün deyil. Biz bu münaqişənin həllində hər üç dövlətin konkret mövqe ortaya qoymasını istəyirik. Bu da vacibdir və təbii bir istəkdir. İkincisi, mənim fikrimcə, xüsusilə həmsədr dövlətlər başda olmaqla, beynəlxalq birlik, beynəlxalq təşkilatların hamısı Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə dəstəkləməlidirlər. Bu istiqamətdə yalnız dəstək bəyanatından bir az irəli getmək lazımdır. Münaqişənin konkret olaraq həlli üzrə ərazi bütövlüyünün təmin olunması ilə bağlı addımlar atılmalıdır. Bu istiqamətdə mən beynəlxalq birliyin, xüsusi ilə də Avropada təhlükəsizliklə məşğul olmalı olan ATƏT-in mövqeyini qətiyyətli və konkret hesab etmirəm. Bu mövqe gücləndirilməlidir.
Nəhayət, üçüncü məqam ondan ibarətdir ki, bütün bunları görən, müşahidə edən Ermənistan rəhbərliyi hakimiyyətdə qalmaq üçün bütün vasitələrdən istifadə edir və danışıqlar prosesinin uzadılmasını bu vasitələrdən ən mühümü hesab edir.
Ermənistan tərəfində riyakarlıq o dərəcədə yüksəkdir ki, bir neçə ay həmsədrlər və müəyyən təşkilatların nümayəndələrinə "biz danışıqları aparmağa hazırıq, konstruktiv mövqe tuturuq" deyərək prosesi uzadır, bir neçə ay sonra isə bir bəhanə taparaq danışıqlar prosesinin irəliləməsinə mane olmağa aparan addımlar atırlar. Bu addımlar ilk növbədə, erməni xalqı üçün çox təhlükəlidir. Onlar başa düşməlidirlər ki, buradan başqa yerə köçüb getməyəcəklər və Levon Ter-Petrosyanın 1997-ci ildə "Hərb və ya sülh" məqaləsində yazdığı kimi, "elə bir vaxt gələr ki, biz diz çöküb yalvararıq ki, bizə imkan verin bunu edək, o zaman bizə bu imkanı verməzlər. İndi ağlımızı başımıza yığıb, düzgün addım atmaq lazımdır". Hər bir dövrdə müəyyən bəhanələr tapıb hakimiyyətdə qalmaq - istər Koçaryan, istər Sarkisyan olsun - bu, Ermənistan xalqının maraqlarına cavab vermir və bu proses uzun müddət davam edərsə, Ermənistan xalqını fəlakətə sürükləyə bilər.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.