Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun Yeni Azərbaycan Partiyasının saytına müsahibəsi
{nl}
- Novruz müəllim, məlum olduğu kimi, bugünlərdə Vilnüsdə ATƏT-in Xarici İşlər Nazirləri Şurasının toplantısı keçirildi. Bu toplantıda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilən bəyanata münasibətinizi bilmək istərdik...
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir sıra nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən sənədlər qəbul olunub, eləcə də bəyanatlar verilib. Məsələ ondadır ki, Ermənistan bu çağırışlara baxmayaraq, münaqişənin həllinə maraqlı deyil. İndiyə qədər gedən prosesdə, nəhayət, bu ilin iyun ayında prezidentlərin Kazan şəhərində keçirilən görüşü zamanı Ermənistan tərəfi məkrli mövqeyini, danışıqları uzatmaq və bunun üçün bəhanələr axtarıb tapmaq mövqeyini bir daha ortaya qoydu. Bu, bir daha beynəlxalq birliyə, bütün tərəflərə göstərdi ki, erməni rəhbərliyi, guya, özlərini danışıqlar prosesində maraqlı olduqlarını təqdim etsələr də, həqiqətdə isə danışıqlar prosesinin uzanmasında və bununla bərabər özlərinin hakimiyyətinin uzadılmasında çox maraqlıdırlar. Onlar bütün səylərini də bu məqsədlərə yönəldirlər. Məsələ burasındadır ki, həmin proses elə Madrid prinsipləri ilə bağlı danışıqlarda da getdi. Əvvəllər erməni tərəfi deyirdi ki, Madrid prinsiplərini guya Azərbaycan yox, Ermənistan qəbul edir. Nəhayət, Azərbaycan yenilənmiş Madrid prinsiplərini qəbul edəndən sonra məsələni müxtəlif bəhanələrlə uzatmağa başladılar və bu təklifləri qəbul etmədilər.
Vilnüsdə ATƏT-in Xarici İşlər Nazirləri Şurasının toplantısında verilən bəyanatda həmsədrlərin yenidən danışıqlar prosesini canlandırmasına dair çağırış edildi. Eyni zamanda, Azərbaycanın XİN rəhbəri toplantıda vəziyyətlə bağlı məlumat verdi. Bütün bunlar qeyd olunandan sonra əsas məsələ bundan ibarətdir ki, ATƏT-in özü bir təşkilat kimi təkcə həmsədrlərə arxayın olmalı deyil, eyni zamanda, bir qədər keçmişə nəzər salaraq həmsədr ölkələrin rəhbərlərinin münaqişənin həlli ilə bağlı çağırışlarını, bəyanatlarını nəzərə alıb beynəlxalq birliyi daha güclü formada bu münaqişənin həllinə yönəltməlidir. Fikrimcə, təkcə həmsədrlərə hansısa çağırışlar etmək kifayət etməz. Sadəcə olaraq, məsələ budur ki, beynəlxalq təşkilatların və ATƏT-in özünün də birinci missiyası təhlükəsizliyin təmin edilməsidir. Çünki bu qurum Avropada təhlükəsizlik və əməkdaşlığa xidmət etməyi qarşısına məqsəd qoyub.
Amma bu münaqişə nə qədər qalırsa, deməli, Avropada təhlükəsizlik təmin oluna bilməz. Bu baxımdan, bütün resursları toplayaraq münaqişənin həllində ədalətli mövqe tutaraq, tələb ortaya qoyulmalıdır. Axı Ermənistan işğalçı dövlətdir. Azərbaycanın ərazilərini 20 ildən artıqdır işğal altında saxladığı üçün onlar bu torpaqlardan rədd olub getməlidirlər. Ona görə də, mən hesab edirəm ki, bundan sonrakı mərhələ bu istiqamətdə getməlidir. ATƏT-in XİN Şurasının toplantısında verilən bəyanatda status-kvonun dəyişməsi zərurəti bir daha vurğulanıb. Düşünürəm ki, bu istiqamətdə səylər daha da güclənməlidir.
- Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair məsələ BMT Baş Assambleyasının gündəliyindədir. Bu məsələnin müzakirəsinin dekabr ayında keçirilməsi nəzərdə tutulurdu. Necə hesab edirsiniz, BMT müstəvisində növbəti dəfə problemin müzakirə edilməsi münaqişənin həlli prosesinə nə dərəcədə təsir göstərə bilər?
- Bəli, irəli sürdüyümüz bu məsələ BMT Baş Assambleyasının gündəliyindədir. Və istədiyimiz zaman biz bu məsələ ilə bağlı konkret mövqe bildirib onun müzakirəsini təşkil etmək üçün əlimizdən gələni edəcəyik. Amma mən düşünürəm ki, bunu bu ilin dekabr ayında etmək, bəlkə, o qədər də, məqsədəuyğun deyil. Bildiyiniz kimi Azərbaycan oktyabr ayında BMT Təhlükəsizlik Şurasına 2012-2013-cü illər üçün üzv seçilib. Bu nailiyyət gərgin mübarizə şəraitində qazanılıb. 155 dövlət Azərbaycanı müstəqil, ədalətli və dünya birliyinin layiqli üzvü kimi dəyərləndirərək öz dəstəyini verdi. Bu hadisə böyük şərəf olmaqla yanaşı, Azərbaycanın üzərinə çox böyük məsuliyyət qoyur. Bu mənada düşünürəm ki, biz bir qədər gözləsək yaxşıdır. Fikrimcə, məsələnin bu qurumda müzakirəsini ölkəmizin BMT TŞ-nın üzvü olduğu illərdə qaldırsaq, daha məqsədəuyğundur.
- Azərbaycan tərəfi Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşlərinin keçirilməsi təşəbbüsü ilə çıxış edir. Amma qarşı tərəf bunu qəbul etmir və Berlində nəzərdə tutulan ilk görüşə qatılmadı. Beynəlxalq birlik bu təşəbbüsü dəstəklədiyi halda, Ermənistan hakimiyyətinin belə görüşlərə qarşı çıxmasının mahiyyətində hansı amillər dayanır?
- Belə bir təşəbbüsün beynəlxalq müstəvidə dəstəklənməsi Azərbaycanın, doğurdan da, sülhə sadiq olduğu və danışıqlar prosesinə konstruktiv yanaşdığını bir daha nümayiş etdirir. Biz öz təşəbbüsümüzlə yenə də dünyaya bəyan edirik ki, bu münaqişənin sülh və danışıqlar yolu ilə həll edilməsi üçün əlimizdən gələni etməyə hazırıq və bunu da edirik. Baxmayaraq ki, əslində, indiki şəraitdə belə tədbirlərin aparılmasına çox da ehtiyac yoxdur. Bir ölkə başqa bir ölkənin ərazisini işğal edib və işğalçı dövlət bu ərazilərin azad olunması ilə bağlı BMT TŞ-nın dörd qətnaməsi, digər beynəlxalq təşkilatların qətnamələri olduğu halda, bunu yerinə yetirmir. Buna baxmayaraq, biz bir daha sübut edirik ki, münaqişənin sülh yolu ilə həll edilməsini istəyirik. Amma neçə illər öncə Azərbaycan belə tədbirlərə razılıq vermirdi. O zaman Ermənistan tərəfi çox canfəşanlıq edirdi ki, guya onlar qarşılıqlı etimadın yaradılmasını istəyirlər.
İndi Azərbaycan tərəfi bu görüşlərin keçirilməsinin təşəbbüskarı kimi çıxış edir. Bu isə o deməkdir ki, artıq Ermənistanın əlindən həmin arqument də çıxır. İndi Ermənistan rəhbərliyi bilmir nə etsinlər. Xatırlayırsınızsa, bu ilin sentyabr ayında Varşavada Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin sammitində Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsi təşəbbüsü irəli sürülmüşdü. Görün vəziyyət necədir ki, hətta Ermənistan prezidenti bu görüşdən də imtina etdi, nədənsə qorxaraq bu görüşə razılıq vermədi. Yəni məsələ belədir ki, bu gün Ermənistan rəhbərliyi başını itirib, heç bilmir ki, hansı addımı atsın, nə etsin ki, özünə beynəlxalq ictimaiyyət qarşısında bir qədər bəraət qazansın. Bunu bacara bilmir.
Amma nə qədər küncə sıxılmış olsa da, təəssüf ki, qərbdə Ermənistanın tərəfini saxlayan dairələr var. Çox təəssüflər olsun ki, həmin dairələrin səyləri bu proseslərdə özünü göstərir. Onlar bəzən gizli danışıqlar aparırlar, 6 naziri bir yerə yığıb protokol imzalatdırırlar ki, sərhədləri açın, bəzən isə bizə başqa təkliflər verirlər və s. Əlbəttə, bütün bunlar həmin dairələrə də, təşkilatlara və dövlətlərə də başucalığı gətirmir. 21-ci əsrdə dünyada beynəlxalq münasibətlərin xarakteri dəyişib və bu gün dünyada ən mühüm prinsip, ən çox hamının gözlədiyi və həyata keçirilməli olan ədalət prinsipidir. Ədalət prinsipindən sonra başqa dəyərlər gəlir. Birinci növbədə, beynəlxalq birliyin aparıcı qüvvələrinin və dövlətlərinin vəzifəsi ədalət prinsipini qoruyub saxlamaqdır.
Amma ümid edirəm ki, ikili standartlara son qoyulacaq. Doğrudur, ikili standartlar bizim kimi dövlətlərə çox mənfi təsir göstərir və inkişafımıza, problemlərimizin həllinə mane olur. Amma səmimiyyətlə deyirəm, ikili standartlar, ilk növbədə, bu yanaşmanı göstərən tərəflərin özünə çox böyük zərər gətirir. Gələcəkdə onlar bunu hiss etməli olacaqlar.
- 2012-ci ildə ATƏT-in Minsk qrupunun yaradılmasının 20 illiyi tamam olur. Sizcə, belə bir zamanda münaqişənin həlli prosesində hansısa irəliləyiş gözləmək mümkündürmü?
- Bu barədə konkret bir söz demək çətindir. Çünki qarşıdan gələn il ərzində həmsədr ölkələrdə müəyyən proseslər gözlənilir. Həmçinin, Avropada, dünyada bir sıra problemlər, xüsusilə maliyyə böhranı yaşanır. Eyni zamanda, Ermənistan tərəfi münaqişənin həllini uzatmaq üçün həmişə bəhanə axtarır. Amma bununla belə, düşünürəm ki, artıq beynəlxalq ictimaiyyətin və ATƏT-in üzərində güclü missiya dayanır. Necə ola bilər ki, 20 ildən artıq davam edən münaqişə ilə bağlı irəliyə doğru bir addım da atmaq mümkün olmasın? Bu, düzgün deyil. Belə bir halda, ATƏT də özünə olan inamı demək olar ki, itirir. Həmsədr dövlətlərin də özləri gərək düşünsünlər ki, necə olur, bu məsələ ilə bağlı atdıqları addımlar kiçik Ermənistan qarşısında heç bir nəticə vermir. Bununla bağlı düşünmək lazımdır. Mən hesab edirəm ki, belə bir situasiyada hansı proseslər gedirsə getsin, biz danışıqlarda intensivləşməni görməliyik.
- Yeri gəlmişkən, gələn il həmsədr ölkələrdə, eləcə də Ermənistanda seçkilərin keçirilməsi gözlənilir. Bəzi ekspertlər hesab edir ki, bu amil danışıqlar prosesində durğunluq yarada bilər.
- Qeyd etdiyim kimi, Ermənistan həmişə bəhanə axtarır ki, danışıqlar prosesini uzatsın. Danışıqlar prosesini uzatmağın vasitələrindən biri də bu durğunluğun əmələ gəlməsidir. Ona görə də, hesab edirəm ki, ermənilər belə bəhanələrə əl ata bilərlər. Amma Azərbaycanın ermənilərin belə bəhanələrdən istifadə etməsinə nə qədər dözümü, səbri olmalıdır? Biz gec-tez öz torpaqlarımızı işğaldan azad edəcəyik. Bunun üçün böyük iradə nümayiş etdiririk, sülh və danışıqlar yolu ilə münaqişənin həll olunmasına çalışırıq. Dünya birliyi də, beynəlxalq təşkilatlar da, xüsusilə Ermənistanın indiki avantürist rəhbərləri də bilməlidirlər ki, onlar üçün vaxt itirmədən ən vacib iş bu münaqişənin sülh yolu ilə həll olunmasıdır. Yoxsa Ermənistanın özü özünü uçurumun astanasına gətirib çıxaracaq ki, bu da onlara çox baha başa gələcək.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.