Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20 illiyi münasibətilə ölkənin ictimai-siyasi həyatında fəal iştirakına görə Prezident İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalına layiq görülmüş vətəndaşların sırasında İzzət Müzəffər oğlu Abdullayevin də adı var.
Soydaşımız bu yüksək mükafata Cəlilabad rayonunun inkişafındakı xidmətlərinə görə təqdim olunub. Bu günlərdə Cəlilabadda keçirilən ümumrayon toplantısında "Tərəqqi" medalı təntənəli surətdə İzzət Abdullayevə təqdim olunub, ictimaiyyət nümayəndələri ağsaqqal həmyerlilərini bu şərəfli təltifə görə təbrik ediblər.
Tonlantıda çıxış edib ictimai-siyasi fəaliyyətinə verilən qiymətə görə Prezident İlham Əliyevə minnətdarlığını, qədirbilənliyə görə cəlilabadlılara razılığını bildirən veteran həyatının ən ciddi uğurlarını ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi, Azərbaycan kəndini yüksəliş yoluna çıxardığı dövrdə qazandığını vurğulayıb. Ulu öndərin ümumxalq xatirə günü ərəfəsində İzzət Abdullayevlə görüşdük, həmin yüksəliş salnaməsinə nəzər saldıq. Müsahibimiz dedi:
- İnsan həyatının mənası özünə və ətrafına nə dərəcədə gərəkli olması ilə ölçülür. Bu baxımdan mən özümü xoşbəxt insan sayıram. Atam İkinci Dünya müharibəsində həlak olsa da, babamın və anamın himayəsi ilə böyüyüb iki ali təhsil almışam. Uzun illər Muğanda meliorasiya və su təsərrüfatlarına rəhbərlik etmişəm. Ötən əsrin 70-80-ci illərində ümummilli lider Heydər Əliyevin seçimi və etimadı ilə Cəlilabad Rayon İcraiyyə Komitəsinin sədri işləmişəm. Həyatda qazandığım ən ciddi uğurlar ulu öndərin Azərbaycanda kənd təsərrüfatının yüksəlişi ilə bağlı tarixi fəaliyyətindən qaynaqlanmışdır.
Muğanda yüz min hektarlarla istifadəsiz torpaqların əkinə yararlı vəziyyətə gətirilməsi, məhsuldarlığın bir neçə dəfə yüksəldilməsi ilə bağlı respublika rəhbəri Heydər Əliyevin həyata keçirdiyi genişmiqyaslı, proqram xarakterli tədbirlərdə fəal iştirak etməyimi həyatımın ən mənalı illəri sayıram. O illərdə Azərbaycan kəndini ayağa qaldırmaq, sivil həyata qovuşdurmaq üçün rayonları kənd-kənd, oba-oba gəzən, pambıqçılıq və üzümçülük kimi yüksək gəlirli sahələri inkişaf etdirmək üçün görülən işlərlə yerindəcə tanış olan unudulmaz lider dəfələrlə bizim Cəlilabad rayonunda da olmuşdu. Bu görüşlərin birində böyük rəhbər rayon su təsərrüfatı idarəsinin rəisi kimi mənim mülahizə və təkliflərimi də diqqətlə dinləmiş və Bakıya dönən kimi konkret işlərə göstəriş vermişdi.
Beləliklə, Muğanın mexaniki suvarma şəbəkəsi yüksək dağətəyi və dağlıq ərazilərədək uzadıldı. O vaxt deyildiyi kimi, "bir vedrə su iki vedrə üzümə" çevrildi. Cəlilabadda üzüm istehsalı bir neçə ildə 20-30 min tondan 266 min tona yüksəldi. Rayonumuz bu sahədə respublikada ön mövqeyə çıxdı. O vaxt Cəlilabad qonşu Ermənistanın verdiyindən çox üzüm istehsal edirdi.
Mən təkcə rayondakı görüşlərdə deyil, Bakıda Mərkəzi Komitənin plenum və büro iclaslarında iştirakım zamanı da Heydər Əliyevin kəndin ümumi yüksəlişinə necə həssaslıqla, qayğı və tələbkarlıqla yanaşdığının canlı şahidiyəm. Respublika rəhbəri pambığa, üzümə, meyvə-tərəvəzə, tütünə, baramaya və s. sadəcə, məhsul kimi deyil, kəndin varlanmasının, ağ günlərə çıxmasının, sosial-mədəni cəhətdən yuxarı qalxmasının real özülü kimi baxırdı. O buna böyük uğurla nail oldu və kəndin min illərdən bəri davam edən ağır, məhrumiyyətli tarixində intibahın, qızıl dövrün müəllifi və təşkilatçısı oldu. Xalqımız, haqlı olaraq, Heydər Əliyevi kəndin yüksəliş salnaməsinin yaradıcısı sayır.
Azərbaycan kəndi o dövrdə 1 milyon ton pambıq, 2 milyon ton üzüm verməklə daxmalardan çıxıb çıraqban evlər məmləkəti oldu, kənd adamı ağ günə çıxdı. Təəssüf ki, qüdrətli lider Heydər Əliyev Moskvaya ölkə rəhbərliyinə aparılandan sonra bu yüksək səviyyə tədricən əldən verildi. Qarabağ münaqişəsi başlananda və dövlət müstəqilliyinin ilk 2 ilində isə kənd unuduldu, ulu öndərin yaratdıqları dağıdıldı.
1993-cü ilin böhranlı yayında xalqın harayına səs verib ölkə rəhbərliyinə qayıdan ümummilli lider Heydər Əliyev dövlət müstəqilliyimizi xilas etməklə yanaşı, əsaslı islahatlarla kəndi də yeni inkişaf yoluna çıxardı. Torpağın kəndliyə verilməsi, aqrar infrastrukturun yenidən yaradılması ölkəmizdə aqrar yüksəlişə meydan açdı. Yarım əsrlik əmək fəaliyyətimin 47 ilini həsr etdiyim meliorasiya və su təsərrüfatı sistemi də ulu öndərin uzaqgörənliyi ilə qorunub saxlandı və dövlət himayəsinə götürüldü. Doğma rayonum Cəlilabad yenə ölkəmizdə aqrar məhsullar bolluğu yaradılmasında fəallığı ilə seçilir.
Bütün bunları xatırladıqca qəlbimdə ulu öndərə bəslədiyim sevgi və ehtiram yeni məna ilə dolğunlaşır. Mənim bioqrafiyam Heydər Əliyev yoluna xidmətlə şərəflənib. Yaşımın ahıl vaxtında unudulmamağım, respublikanın seçmə adamları ilə bir sırada müstəqil Azərbaycanın "Tərəqqi" medalı ilə təltif olunmağım məni bir daha inandırdı ki, Heydər Əliyev yolu ən doğru yoldur. Heydər Əliyev amalına xidmət etmək adamı cəmiyyətdə ucaldır.
Bu mükafatın bir dəyəri də ondadır ki, məni ona ümummilli liderin ən layiqli davamçısı İlham Əliyev layiq görüb. Mən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov medalı ölkə Prezidenti adından yaxama taxanda həmyerlilərimə üz tutub dedim: "Heydər Əliyev yolu xalqa xidmət, mənalı ömür yaşamaq yoludur".
Sonda bildirək ki, İzzət Abdullayev bu gün də melioratorların sırasındadır. Bakıda övladlarının yanında yaşamaqla, Elmi-Tədqiqat Hidrotexniki və Meliorasiya İnstitutunda çalışır. Uzun illər təcrübədə əldə etdiyi biliklər əsasında apardığı tədqiqatı bu yaxınlarda - 73 yaşında elmi iş kimi müdafiə edib.
Doğru deyiblər ki, düz yol insanı irəli və yüksəlişə aparır. Bu da həqiqətdir ki, torpağa dayaqlanıb xalqa qulluq edənlər mötəbərlik qazanırlar. İzzət Abdullayevin mənalı ömür yolu bunun yetərli bir sübutudur.
{nl}
Tahir AYDINOĞLU, "Xalq qəzeti"
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.