Xəbər verdiyimiz kimi, mayın 20-də Avropa Parlamenti "Avropa İttifaqının Cənubi Qafqazda strategiyasına dair tələb" adlı qətnamə qəbul etmişdir. Bu qətnamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərinə xüsusi yer verilmişdir. Sənəddə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindən və ona bitişik rayonlarından dərhal çıxarılması barədə tələb təsbit olunmuşdur. Münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, dövlətlərin ərazi bütövlüyü çərçivəsində nizamlanmasının vacibliyi, qaçqınların və məcburi köçkünlərin hüquqlarının və onların doğma yurdlarına qayıtması imkanının təmin edilməsinin zəruriliyi vurğulanır.
Azərbaycan Respublikasının Avropa İttifaqında daimi nümayəndəsi, ölkəmizin Belçikadakı səfiri Emin Eyyubov bu qətnamənin əhəmiyyəti və regionda proseslərin gələcək inkişafına onun təsiri barədə fikirlərini AzərTAc-ın müxbirinə müsahibəsində bölüşmüşdür.
-Cənab səfir, icazə verin əvvəlcə sizi həqiqətən tarixi əhəmiyyətli bu qətnamənin qəbul edilməsi münasibətilə təbrik edim. Siz bu sənədi, ümumiyyətlə, necə qiymətləndirərdiniz?
-Təşəkkür edirəm. Bu təbriklər bütövlükdə bizim ölkəyə - dövlətimizin başçısı İlham Əliyevə, hökumətin və parlamentin üzvlərinə, diplomatlara, mətbuatın, akademik dairələrin və vətəndaş cəmiyyətinin nümayəndələrinə, bir sözlə, Avropa ictimaiyyəti ilə, Avropa İttifaqının qurumları ilə ardıcıl və dönmədən izahat işi aparanların hamısına ünvanlanmalıdır.
Qətnamənin qəbul edilməsində bu məsələyə dair məruzəçi, Avropa Parlamentinin Bolqarıstandan olan üzvü cənab Yevgeni Kirilov xüsusi rol oynamışdır. O, qəti və prinsipial mövqeyini axıra qədər qoruyub saxlamış, qətnamənin mətnini dəyişdirmək və ya heç olmasa, müzakirəni sonraya saxlamaq məqsədi ilə erməni tərəfinin təzyiq göstərmək üçün çoxsaylı cəhdlərinə uymamışdır.
Qətnamə üzərində işin gedişində Avropa Parlamentinin tərkibinə daxil olan bütün əsas fraksiyalar və siyasi qruplar - Avropa Xalq Partiyası, liberallar, sosialistlər, "yaşıllar" konstruktiv rol oynamışlar. Avropa Parlamenti tərəfindən qəbul edilmiş qətnamə beynəlxalq birliyin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə ədalətli yanaşmasının möhkəmlənməsi işinə sanballı töhfə olacaqdır. Bu qətnamə dinc nizamlama prosesi ətrafında ümumi ab-havaya hökmən müsbət təsir göstərəcəkdir.
Qətnamədə indiki status-kvonun aradan qaldırılması birmənalı şəkildə tələb edilir (2-ci bənd), göstərilir ki, bu vəziyyət "zorakılıqla və beynəlxalq qaydalara uyğun legitimləşdirilmədən" yaranmışdır (6-cı bənd). Tərəflər konstruktiv mövqe tutmağa dəvət edilir. Avropa Parlamenti qeyri-konstruktiv tərəf dedikdə, əlbəttə, yeniləşdirilmiş Madrid prinsipləri barədə mövqeyini hələ də bildirməyən və artıq çoxdan razılaşdırılmış məsələlərin müzakirəsinə vaxtaşırı qayıdaraq danışıqları pozmağa çalışan Ermənistanı nəzərdə tutur. Avropa Yerevana növbəti dəfə müraciət edərək onu vasitəçilərin son təkliflərini qəbul etməyə və indiki status-kvonun dondurulacağı barədə ümidlərdən imtina etməyə çağırır.
Əlbəttə, erməni tərəfi bu qətnamənin tövsiyə xarakterli olmasına və hüquqi nəticələr doğurmayan xarakterinə istinad edərək onun əhəmiyyətini azaltmağa çalışır. Lakin bir fakt mübahisəsizdir ki, Avropa Parlamentinin qətnaməsi Aİ-nin beynəlxalq proseslərə münasibətinin özünəməxsus bir barometridir və şübhəsiz, Cənubi Qafqaz regionunda cərəyan edən proseslərlə əlaqədar sonrakı addımlar və mövqenin formalaşması üçün oriyentir olacaqdır.
Azərbaycan bu münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında ədalətli həlli uğrunda mübarizəyə çox əlverişsiz şəraitdə başlamışdı. Azərbaycan ərazisinin işğal edildiyi, dinc əhalinin etnik təmizlənməyə məruz qaldığı bir vaxtda ölkəmiz faktiki informasiya blokadasında idi. Bir sıra hallarda dünya münaqişə ətrafında vəziyyətə məhz ermənilərin mövqeyindən yanaşırdı. Erməni diasporunun bir sıra ölkələrdə gördüyü işlər hamımıza məlumdur. Sayca heç də çox olmayan bu etnik icma kifayət qədər sıx birləşmiş, yaxşı təşkilatlanmışdır. Onun xüsusi strukturları, KİV-ləri sosial və siyasi cəhətdən fəaldır. Buna görə də erməni diasporu hakimiyyət orqanlarına və ictimai rəyə təzyiq göstərmək üçün ciddi təsir vasitələrinə malikdir. Erməni diasporunun nümayəndələri hələ Ermənistan-Azərbaycan münaqişəsi başlanana qədər çoxlarının siyasi təbliğat və lobbizim nümunəsi adlandırdığı kampaniyaya rəvac vermişdi. Azərbaycan hadisələrin bu cür inkişafına hazır deyildi. Buna görə də 1990-cı illərin əvvəlində dünya Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzə, torpaqların ələ keçirilməsinə, Xocalı qırğınına və digər cinayətlərə faktiki olaraq göz yumurdu.
O vaxtdan illər keçmişdir və indi erməni lobbiçiləri artıq "bir qapıya oynamaq" iqtidarında deyildir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uzaqgörən modernləşmə strategiyası sayəsində ölkəmiz inkişaf etdikcə onun beynəlxalq nüfuzu artır, regionda təsiri güclənir və bununla da erməni təbliğat maşınının guya "hər şeyə qadir" olması barədə mif puç olur. 1990-cı illərin ortalarından başlayaraq dövlətimizin məqsədyönlü səyləri nəticəsində beynəlxalq birlik Cənubi Qafqazda vəziyyətə daha çox maraq göstərməyə və Ermənistana xoş gəlməyən, məsələn, Xocalıda qadınların və uşaqların qırılması, Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun 800 minlik azərbaycanlı əhalisinin haraya "yox olması" barədə suallar ünvanlanmağa başlayır. Təcrübə göstərir ki, manipulyasiyaların qarşısında həqiqət və prinsipiallıq nümayiş etdirildikdə xarici ölkələrdəki auditoriya onu məhz kimin aldatdığını başa düşür. Nəticədə insanlar və təşkilatlar münaqişəyə daha ədalətli mövqedən yanaşırlar.
Avropa Parlamentinin son qətnaməsi qəbilindən olan sənədlərin qəbul edilməsi, ilk növbədə ölkəmizin və onun dostlarının psixoloji qələbəsidir - ədalətsiz stereotiplər və yalan üzərində qələbədir. Bizim gizlədəsi bir şeyimiz yoxdur, biz bu münaqişənin tarixinin və bugünkü vəziyyətinin ətraflı araşdırılmasından çəkinmirik. Əksinə, biz düzgün informasiyanın beynəlxalq ictimaiyyətə çatdırılması üzrə fəal işi davam etdirəcəyik. Münaqişə zonasının xəritəsi sirr deyildir və kimin təcavüzkar, kimin təcavüz qurbanı olduğunu başa düşmək üçün bu xəritəyə nəzər salmaq kifayətdir.
-Sənədlə tanış olarkən, ilk növbədə diqqəti cəlb edən məqam Cənubi Qafqaz dövlətlərinin ərazi bütövlüyü prinsipinin dəfələrlə (ən azı üç epizodda) təsdiqlənməsi və məlum olduğu kimi, erməni separatçılarının yeganə arqumenti olan, özü də səhv kontekstdə yozulan bədnam "millətlərin öz müqəddaratını təyin etmək hüququ"nun ümumiyyətlə adının çəkilməməsidir. Düzdür, buna görə biz sevinmirik (məlum olduğu kimi, ölkəmiz beynəlxalq hüquq çərçivəsində xalqların öz müqəddəratını təyin etmək hüququnu həmişə dəstəkləmişdir), bununla belə, sizin fikrinizcə, bu fakt Avropa İttifaqının separatçılara ünvanlanmış gizli, lakin eyni zamanda kifayət qədər aydın mesajı deyildirmi ki, milli azlıqların öz müqəddəratını təyin etməsi dövlətin ərazi bütövlüyünü əsla poza bilməz və pozmamalıdır.
-Son dərəcə əhəmiyyətli faktdır ki, Avropa Parlamentinin deputatları qətnamə layihəsi üzərində işin gedişində geniş yayılmış belə stereotipləri üstələyə bilmişlər ki, beynəlxalq hüququn iki prinsipi - dövlətin ərazi bütövlüyü və təyini-müqəddərat hüququ bir-biri ilə guya aradan qaldırıla bilməyəcək ziddiyyət təşkil edir. İndiki vəziyyətdə tərəzinin bir gözündə erməni tərəfinin "kreativ" uydurmaları, o biri gözündə isə çoxsaylı beynəlxalq-hüquqi sənədlər, ilk növbədə 1975-ci il Helsinki Yekun Aktı dayanır. Həmin sənəddə bu uydurma dilemma uğurla həll edilmişdir. Məlum olduğu kimi, Avropada təhlükəsizliyin müasir arxitekturasının təməlini qoymuş bu sənəddə birmənalı şəkildə göstərilmişdir ki, təyini-müqəddərat hüququ (müstəmləkə kontekstindən fərqli mənada) ərazi bütövlüyü prinsipinə müvafiq olaraq həyata keçirilməlidir. Azərbaycan tərəfi münaqişənin lap əvvəlindən bu yanaşmanın tətbiq edilməsinin tərəfdarı idi. Avropa Parlamentinin üzvləri ərazi bütövlüyü prinsipini dəstəkləyərək Azərbaycan Respublikası ərazilərinin hərbi yolla işğalının davam etdirilməsi üçün istifadə olunan faktların təhrif edilməsi taktikasını birmənalı şəkildə rədd etmişlər. Qeyd etmək istəyirəm ki, həmin sənədin mətninə xalqların təyini-müqəddərat hüququna istinadlar daxil etmək barədə bəzi deputatların çağırışlarına cavab olaraq cənab Kirilov bildirmişdir ki, o, Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə həmin iradları məmnuniyyətlə qəbul edərdi, bir şərtlə, Avropa Parlamenti oxşar iradları Gürcüstan ərazisindəki münaqişələr barəsində də irəli sürmüş olsun. Beləliklə, praktiki olaraq eyni təbiətə malik münaqişələrə münasibətdə "ikili standartlar" praktikasını tətbiq etmək üçün göstərilən növbəti cəhdin qarşısı alınmışdır.
-Maraqlıdır ki, artıq bu gün səhər Ermənistan mətbuatında ermənilər üçün biabırçı aktın - qətnamədə təyini-müqəddərat hüququnun adının çəkilməməsinin ilk "face-saving" interpretasiyası dərc edilmişdir. Məsələn, erməni internet-KİV-lərinin birində orijinal bir izah verilmişdir - guya "Arsax" artıq öz müqəddəratını təyin etmişdir, bu artıq "dünənki gündür", indi isə gündəmdə dayanan məsələ onun "ərazi bütövlüyünün" möhkəmləndirilməsi məsələsidir. Siz ermənilərin özlərinə təsəlli vermək üçün bu cür mühakimələrini necə şərh edərdiniz?
-Bu cür izahlar açıq-aşkar gülünc xarakter daşıyır və yəqin ki, ilk növbədə, daxili auditoriyaya ünvanlanmışdır. Qondarma "DQR" Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qeyri-legitim, separatçı qurumdur və Ermənistan da daxil olmaqla dünyanın heç bir ölkəsi tərəfindən tanınmamışdır. Qəbul edilmiş qətnamədə bir daha vurğulanır ki, beynəlxalq birliyin rolu müasir sivil dünyada qəbul edilmiş davranış qaydalarını başa düşmək istəməyən erməni tərəfinə bunu bir daha izah etmək, onu inandırmaqdır ki, təcavüz, etnik təmizləmələr və işğal kimi metodlar keçmişdə qalmalıdır. Biz qətnamənin bu bəndini məhz bu kontekstdə nəzərdən keçiririk. Bundan əlavə, Avropa Parlamenti tərəfindən qəbul edilmiş formullar onu göstərir ki, Avropa ictimaiyyəti keçmiş DQMV ətrafında işğal edilmiş Azərbaycan rayonlarının "girov" kimi saxlanması və Dağlıq Qarabağ regionunun statusuna dair danışıqlarda həmin rayonlardan "xırda pul" kimi istifadə etmək istəyən erməni tərəfinin taktikası ilə razılaşmır.
-Bir maraqlı məsələ də var - əgər Dağlıq Qarabağa bitişik işğal edilmiş ərazilər indi artıq Avropa Parlamenti səviyyəsində bu vilayətə heç bir aiddiyyəti olmayan ərazilər kimi tanınmışdırsa (Laçın da onlara aiddir), bu, Azərbaycanın Dağlıq Qarabağ regionu ilə Ermənistan arasında quru sərhədi yaradılması barədə ermənilərin daha bir arzusunun puç olması demək deyildirmi?
-Bir daha təkrar edirəm, kimin kimi işğal etdiyini başa düşmək üçün sadəcə olaraq işğal zonasının xəritəsinə nəzər salmaq kifayətdir. Qətnaməni dəstəkləmiş deputatlar bilirlər ki, Laçın keçmiş DQMV-nin ərazi hüdudlarından kənarda yerləşir. Onlar bunu da bilirlər ki, Ermənistan həmin ərazilərə etnik erməniləri, o cümlədən xarici ölkələrdən gəlmiş repatriantları məskunlaşdırmaq istəyir ki, hamını fakt qarşısında qoysun və bu torpaqların öz qanuni sahibinə qaytarılmasını mürəkkəbləşdirsin. Bu qətnamənin qəbul edilməsi beynəlxalq birlik tərəfindən erməni tərəfə göndərilmiş daha bir siqnaldır: sərhədlərin dəyişdirilməsi və xalqların köçürülməsi barədə fantastik sxemlərdən imtina etməyin vaxtı çatmışdır. Konstruktiv mövqe tutmaq və münaqişənin tezliklə, həm də Ermənistanın regiondakı bütün qonşularla, həqiqətən mehriban münasibətlərini təmin edə biləcək formada həllini tapmaq barədə fikirləşmək vaxtı çatmışdır.
- Qətnamədə Qarabağ ermənilərinin adları çəkilməsə də, Cənubi Qafqazın üç dövlətinə açıq müraciətlə milli azlıqların hüquqlarına hörmət etməyə, 55-ci bənddə isə onlara yüksək səviyyəli muxtariyyət vermək barədə çağırış əks olunmuşdur.
-Bu çağırışlar erməni tərəfinin guya təyini-müqəddərat hüququna və ərazi ilə birlikdə Azərbaycandan ayrılmaq hüququna malik olan hansısa "Qarabağ xalqı"nın mövcud olması barədə sevimli tezisinə növbəti zərbədir. Bununla əlaqədar, Avropa Parlamentinin qətnaməsində erməni tərəfə bir daha xatırladılır ki, indiki vəziyyətdə təyini-müqəddəratın ən yüksək həddi "daxili təyini-müqəddərat" ola bilər. Bir daha vurğulamaq istəyirəm ki, Azərbaycan tərəfi Avropa İttifaqının bir sıra ölkələrində sınaqdan keçirilmiş, qarşılıqlı faydalı və ən davamlı nizamlama variantını təklif edir.
Sonuncu qətnamənin bütün müddəaları faktiki olaraq Ermənistana izah edir ki, XXI əsrdə normal dövlət, xüsusən münaqişələrin nizamlanması çərçivəsində hansı norma və prinsipləri rəhbər tutmalıdır. Avropa Parlamenti aydın şəkildə bəyan etmişdir ki, qonşu dövlətin ərazilərinin işğal edilməsinə heç bir arqumentlə, o cümlədən təyini-müqəddərat hüququ ilə bəraət verilə bilməz.
-Qətnamənin bir neçə yerində köçkünlərin öz evlərinə qaytarılmasının zəruri olmasından bəhs edilir. Üstəlik, preambulanın D bəndində qaçqınlardan və daxili köçkünlərdən "münaqişədə siyasi vasitə" kimi istifadə edilməsinin yolverilməz olması vurğulanmışdır.
-Axırıncı fraza ilə Avropa Yerevana açıq-aydın xəbərdarlıq edir ki, o, Dağlıq Qarabağın və ətraf rayonların azərbaycanlı əhalisini Dağlıq Qarabağın qəti statusu müəyyən edilənə qədər təqib etməkdən, onları girov kimi saxlamaqdan əl çəkməlidir. Dağlıq Qarabağın Azərbaycanın tərkibində statusu yalnız bütün əhalinin tam, birbaşa və bərabərhüquqlu iştirakı ilə müəyyən edilə bilər. Bu əhali isə həm erməni icmasını, həm də azərbaycanlı icmasını əhatə edir. Bunun üçün öz yurdlarından qovulmuş azərbaycanlıların doğma evlərinə təhlükəsiz qayıtması üçün şərait yaradılmalıdır, bu isə yalnız hərbi işğal başa çatandan sonra mümkündür. Bu, icmalararası dinc yanaşı yaşamaq və münaqişə zonasının iqtisadi dirçəlişi kimi uzun bir prosesin, hər iki tərəfin hər iki istiqamətdə istifadə etməsi üçün bütün nəqliyyat xətlərinin və kommunikasiyaların açılması prosesinin başlanğıcı olacaqdır.
-Qaçqınlar və daxili köçkünlər barədə bir əlamətdar fakt da ondan ibarətdir ki, qətnamənin 8-ci bəndində Dağlıq Qarabağdan qovulmuş insanların oraya qaytarılmasından bəhs edilərkən onlar "qaçqınlar" deyil, məhz "daxili köçkün şəxslər" adlandırılır. Bu isə, 1951-ci il Cenevrə Konvensiyasına əsasən o deməkdir ki, Dağlıq Qarabağ növbəti dəfə Azərbaycanın tərkib hissəsi kimi tanınır. Axı Azərbaycan icması keçmiş DQMV-də doğma evlərini tərk edərkən dövlət sərhədini keçməmiş, öz doğma dövləti hüdudlarında qalmışdır.
-Tamamilə doğrudur. Avropa Parlamenti bu faktı təsbit etməklə haqlı olaraq vurğulamışdır ki, münaqişə zonası, təcavüz və işğal zonası məhz Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayondur və ilk növbədə oradan qovulmuş dinc əhalinin qaytarılmasından söhbət getməlidir. Bu olmasa bölgə üçün status müəyyən edilməsi prosesi barədə fikirləşmək belə mümkün deyildir. Çünki bu proses demokratik və hüquqi normalara müvafiq olmayacaqdır. Yeri gəlmişkən qeyd etmək istərdim ki, qətnamə layihəsinin müzakirəsinin gedişində erməni tərəfi özünün azsaylı "dostları" vasitəsilə israrla çalışırdı ki, daxili köçkün şəxslərə bütün istinadlar çıxarılsın, onlar "qaçqınlar" termini ilə əvəz edilsin.
-Məlum olduğu kimi, Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən və Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsini, erməni separatçıların birtərəfli qaydada "müstəqillik" elan etməsini pisləyən qətnamələr bundan əvvəl BMT Təhlükəsizlik Şurası, BMT Baş Məclisi, Avropa Şurası, İKT, ATƏT, habelə dünyanın aparıcı dövlətlərinin parlamentləri tərəfindən qəbul edilmişdir. İndi Avropa İttifaqının növbəsi çatmışdır. Sizin fikrinizcə, Aİ-nin Cənubi Qafqaz istiqmatində fəallaşması və onun regionda fəal oyunçuya çevrilməsi nə ilə bağlıdır? Axı, əvvəllər belə fəallıq görünmürdü?
-Ola bilsin, bu fəallaşmanın arxasında, gec də olsa bir məqamın dərk edilməsi dayanır ki, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi Cənubi Qafqazda sabitliyin təmin edilməsindən təcrid olunmuş şəkildə mümkün deyildir. Qətnamənin məzmununa diqqət yetirsək, orada Cənubi Qafqazın üç dövlətinin Avropaya inteqrasiyası prosesində dondurulmuş münaqişələrin ləngidici rolu etiraf edilir (preambulanın F bəndi; qətnamənin 1-ci bəndi).
-Nəhayət, sonuncu sual. 12-ci bənddə Türkiyə-Ermənistan prosesi ilə ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar arasında əlaqə olmadığı qeyd edilir. Həqiqətdə Ermənistan-Azərbaycan münaqişəsi nizamlanmayınca Ermənistan-Türkiyə sərhədinin açılacağına ümid olmadığını nəzərə alsaq, qətnamənin bu bəndini Avropa Parlamenti tərəfindən Ermənistan üçün "dağıdıcı" qətnamə qəbul edilməsinin acısını bir qədər şirinləşdirmək üçün Ermənistana təsəlli "konfeti" hesab etmək olarmı?
-Həmin bənddə o da deyilir ki, proseslərin birində əldə edilən tərəqqi bütün region üçün uzunmüddətli müsbət nəticələr verə bilər. Həmin tezis Azərbaycan tərəfin bu inamını bir daha təsdiq edir ki, regionda əsas problem Türkiyə ilə Ermənistan arasında sərhədin bağlanması deyil, Azərbaycan Respublikasının ərazilərinin hərbi yolla işğalının davam etməsidir. Qətnamə layihəsinin müzakirəsinin gedişində deputatların çoxu deyirdi ki, əvvəllər onlar Ermənistan-Türkiyə sərhədinin açılmasının Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına şərait yaradacağı barədə ənənəvi mövqedən çıxış edirdilər. Lakin indiki mərhələdə Avropa siyasətçiləri arasında getdikcə daha çox başa düşülən belə bir tezis daha əsaslı görünür ki, Qarabağ münaqişəsinin nizamlanmasında müəyyən irəliləyiş olsa, bu, Ermənistanla Türkiyə arasında sərhədin açılmasına müsbət təsir göstərəcəkdir.
{nl}
Müsahibəni aldı: Vüqar SEYİDOV AzərTAc-ın xüsusi müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.