Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun "Media forum" saytına müsahibəsi
{nl}
- Əli müəllim, İran-Azərbaycan münasibətlərinin gərgin vaxtında bu ölkəyə səfərinizi zəruri edən nə idi?
- Azərbaycan xarici siyasətində qonşularla münasibətlərə xüsusi yer verir. Biz bu münasibətlərin rəvan olmasını, qonşuluq normalarının qorunmasını, qonşulardan bizə, bizdən də qonşulara ziyan vurulmamasını prioritet məsələ kimi daim diqqət mərkəzində saxlayırıq.
Bunu açıq deməliyik - son zamanlar, təxminən son iki ildə Azərbaycanla İran arasında mətbuat və informasiya sahəsində müəyyən ziddiyyətlər müşahidə olunmaqdaydı. İran ərazisindən yayımlanan ayrı-ayrı televiziyalar, radiolar, internet resursları və başqa kütləvi informasiya vasitələri Azərbaycanın həyatında baş verən prosesləri təhrif edərək müəyyən məsələlərlə bağlı qızışdırıcı, təhrikedici, antidövlət, antimillət mahiyyətli informasiyalar yayırdılar. Bunun qarşılığında Azərbaycan tərəfi də özünü müdafiə edərək bu məsələlərlə bağlı hər dəfə izahatlar vermək, faktları dəqiqləşdirmək, cavab vermək və digər işləri həyata keçirmək məcburiyyətində qalırdı. Yəni faktiki olaraq iki dövlət arasında informasiya, mətbuat, təbliğat, teleradio sahəsində problemlər müşahidə olunurdu.
Digər tərəfdən isə İranın teleradio kanalları mütəmadi olaraq Azərbaycanın efir məkanını pozurdu. Azərbaycan kanalları da müvafiq olaraq İran sərhədlərinə müəyyən qədər müdaxilə edirdi. Yayımın təsdiqlənmiş, hamının tərəfdar çıxdığı normaları, beynəlxalq kommunikasiya qaydalarına uyğun qəbul olunmuş prinsipləri var. Bəzən bu prinsiplərə müəyyən qədər əməl olunmurdu. Bəzi sahələrdə bilərəkdən, yaxud da texniki çatışmazlıqdan problemlər yaranırdı.
Bu məsələlərin nizamlanması tələb olunurdu və biz bu problemləri xeyli müddətdir İranın Azərbaycandakı səfirliyi ilə, Azərbaycanın İrandakı səfirliyi də İran hakimiyyəti ilə müzakirə edirdi. Təxminən bu ilin aprel ayından qarşılıqlı görüş məsələsinin zəruriliyi hər iki tərəfdən də qeyd olunurdu. Belə görüşlərdən birində yenə də İran tərəfinin dəvəti və bizim də razılığımızla bu görüşlərin keçirilməsi, o cümlədən mənim İrana səfərim planlaşdırıldı. Bunun nəticəsi olaraq səfər baş tutdu. Səfərdə məqsəd o idi ki, bu qeyri-normal vəziyyəti aradan qaldıraq və dövlətlərarası informasiya, təbliğat və digər məsələlərdə normal, sivil balans yaradaq.
- Kimlərlə görüşləriniz oldu? Görüşdüyünüz şəxsləri bu məsələlərin həllində səlahiyyətli hesab etmək olarmı? Səfər zamanı məqsədinizə nail ola bildinizmi?
- Səfərin məqsədinə çatıb-çatmadığını gələcək göstərəcək. Hər halda görüşlərimiz tam səmimi şəraitdə, qarşılıqlı anlaşma mühitində keçdi. Biz bir-birimizin arqumentlərini axıradək dinləyib onların ən doğruları ilə razılaşdıq. Bu məsələləri müzakirə etməyə qərar verdik. Eyni zamanda qeyri-normal saydığımız proseslərə müdaxilə etmək və bu məsələlərdə qarşılıqlı maraqların gözlənilməsinə çalışmaq sahəsində razılığa gəldik.
Kimlərlə görüşmək məsələsinə gəlincə, İranda ayrıca mətbuat və informasiya nazirliyi yoxdur. Bu ölkədə çap mediası, informasiya agentlikləri, informasiya resursları, dövlətin milli informasiya siyasətini və digər məsələləri İrşad və Mədəniyyət Nazirliyi həyata keçirir. İrşad və mədəniyyət nazirinin müavini mətbuat və informasiya siyasətini reallaşdıran ən yüksək statuslu hakimiyyət rəsmisidir. Teleradio, elektron mətbuat sahəsində fəaliyyəti İranın Milli Teleradio Təşkilatı həyata keçirir. Təşkilata prezidentin təyin etdiyi şəxs rəhbərlik edir. Hazırkı sədr İzzətullah Zərqamidir. Mən onunla görüşdüm və biz teleradio sahəsində olan bütün məsələləri, hətta tezliklər, teleradio istehsalatı, sərhədboyu yayımlar, teleradio fəaliyyətinin məzmunu və digər məsələlərin əksəriyyətini müzakirə etdik.
Təşkilat sədrinin üç müavini var, mən onlarla da görüşdüm. Müavinlərdən biri beynəlxalq yayıma, digəri informasiya texnologiyaları, tezliklər və digər məsələlərə nəzarət edir. Üçüncü müavin isə teleradio verilişlərinin məzmunu, islam dəyərlərinə uyğunluğu, İranın maraqlarının nəzərə alınması kimi məsələlərə cavabdehdir. Hər iki görüşdə bizi maraqlandıran bütün məsələlərə aydınlıq gətirdik, mövqeyimizi çatdırdıq.
Yazılı mətbuat və bu sahədə olan vəziyyəti isə irşad və mədəniyyət nazirinin müavini Məhəmmədcəfər Məhəmmədzadə, onun müavinləri, idarə rəisləri ilə müzakirə etdik.
Mənim üçüncü qrup görüşlərim İranın xarici siyasətini, dövlətin xarici əlaqələrini formalaşdıran Xarici İşlər Nazirliyində oldu. Xarici işlər nazirinin müavini cənab Fətullahi ilə görüşdüm. O, bilavasitə Azərbaycan, Asiya ölkələri, Avrasiya məkanı dövlətləri ilə əlaqələrə cavabdeh şəxsdir. İran Xarici İşlər Nazirliyinin rəsmisi Ramin Mehmanpərəstlə görüşdüm. O da İranın rəsmi sözçüsüdür və bütün dünya ölkələri ilə bağlı ölkəsinin mövqeyini ifadə edir.
İranda bu qurum və şəxslərdən kənarda mətbuat, informasiya siyasəti ilə məşğul olan yoxdur. Oradakı ruhaniyyət, Dini Şura və onun mətbuata nəzarətini, dövlət qurumları və onların mətbuata nəzarətini də adlarını çəkdiyim şəxslər həyata keçirir. Onların bir çoxu həm də öz idarələrində islam dəyərlərini mühafizə edən şuraların sədridir. Bu şuraların vəzifəsi islam dəyərlərinə əməl olunub-olunmadığına nəzarət etmək, bu məsələ ilə bağlı ideoloji siyasəti formalaşdırmaqdır.
- Azərbaycanın İrandan istəyi nə idi? Bu ölkənin rəsmiləri qaldırdığınız məsələlərə necə reaksiya verirdilər? İran rəsmilərinin istər ölkədaxili məsələlər, istərsə də beynəlxalq müstəvidə və İran ətrafında cərəyan edən proseslərlə bağlı Azərbaycandan istəyi nə oldu?
- Bizim İran rəsmilərindən birinci istəyimiz ondan ibarət idi ki, Azərbaycan xalqının iradəsinə əsaslanaraq yaratdığımız dövlətlə, onun konstitusiya quruluşu, dünyəvi xarakteri və bu dövlətin daxili-xarici siyasəti ilə bağlı İran tərəfinin əsassız müdaxilələrinə, bu sahələrlə bağlı müəyyən təzyiqlərə son qoyulsun. Əlbəttə, burada dövlətdən deyil, informasiya-mətbuat sahəsindəki fəaliyyətdən söhbət gedir. Mən orada açıq formada bəyan etdim ki, biz Azərbaycan dövlətini xalqın iradəsinə söykənərək yaratmışıq, bu, dünyəvi, demokratik dövlətdir, dövlətin ictimai-siyasi quruluşu, ictimai həyat normaları, daxili, xarici siyasətinin əsasları Azərbaycan Konstitusiyasında öz əksini tapıb və biz bu normalarla yaşayırıq. Onlara dedim ki, siz də öz xalqınızın iradəsinə, islamın normalarına söykənərək dövlət yaratmısınız. İran rəsmilərinin nəzərinə çatdırdım ki, biz qonşu dövlətlərik, bir-birimizin daxili siyasətinə müdaxilə etmədən bir-birimizin dəyərlərinə, seçiminə, xalqlarımızın iradəsinə hörmətlə yanaşmalıyıq və bir-birimizin daxilindəki proseslərə müdaxilə etməyə, arzuolunmaz təsir göstərməyə cəhd göstərməməliyik.
Mən açıq formada bəyan etdim ki, Azərbaycan dövləti olaraq bizim qarşımızda duran bir nömrəli məsələ Azərbaycan dövlətini qorumaq, onun təhlükəsizliyini, bütövlüyünü təmin etməkdir, Azərbaycan xalqının vahidliyini və birliyini qorumaqdır. Bizim bütün məsələlərimiz bundan sonra başlayır. İslamçılığımız da, türklüyümüz də bundan sonra başlayır, dünyəviliyimiz də, demokratikliyimiz də hamısı buna bağlıdır. Əgər bizim dövlətimiz yoxdursa, bizim milli birliyimiz qorunmursa, dövlətimizin suveren hüquqları pozulursa, o zaman, əlbəttə ki, biz buna qarşı çıxacağıq, buna qarşı tədbir görəcəyik və bu tədbirlərimiz də kifayət qədər iradəli olacaq.
İran tərəfi də müvafiq olaraq özünün milli birlik məsələsini, islam normalarını və başqa məsələləri ortaya qoyur. İran rəsmiləri də deyirlər ki, Azərbaycanda da bəzən bizim tariximizə müdaxilələr olur, Cənubi Azərbaycanla bağlı arzuolunmaz faktlar, fikirlər səsləndirilir, İranın bütövlüyü ilə bağlı arzuolunmaz çıxışlar olur. Onların bu iradları müvafiq formada müzakirə edilib qəbul olunurdu.
Bizim sonda gəldiyimiz ümumi nəticə ondan ibarət oldu ki, İranda da, Azərbaycanda da müzakirə etdiyimiz məsələlərlə bağlı ayrı-ayrı çıxışlar ola bilər, biz nə hansısa qəzetin yazısını, nə hansısa deputatın, ictimai xadimin çıxışını qadağan edə bilərik. Azərbaycandakı dini vəziyyət haqda ayrı-ayrı İran ruhanilərinin bəyanatları ola bilər, bizim də müxtəlif tarixçilərin, alimlərin İranla bağlı hansısa çağırışları, çıxışları ola bilər. Amma əsas məsələ odur ki, bunlar ayrı-ayrı çıxışlar olsun, dövlət siyasəti, dövlətin mövqeyi olmasın. Dövlətin mövqeyi bir-birinin dünyada tanınmış, beynəlxalq hüquqla təsdiqlənmiş suveren hüquqlarına, daxili siyasətinə müdaxilənin yolverilməzliyini təmin etsin.
- Azərbaycanın daxili işlərinə İrandan müəyyən müdaxilələrin olduğunu bildirdiniz. Bu müdaxilələr özünü nədə göstərir, hansı formada olur? Bunlar dini sahəyəmi, yoxsa dövlət quruluşuna edilən müdaxilələrdir?
- Bunu niyə məndən soruşursunuz? Gündəlik mətbuata, İranın "Səhər" televiziyasına, başqa telekanallarına baxın. Bundan başqa, bizdə, İranda, xarici ölkələrdə yaradılmış internet saytlarına - "İslam.az", "İslam.ir" və digər bu kimi saytlara daxil olsanız, bu mətbuat orqanlarında nələrin yazıldığına, Azərbaycanın daxili işlərinə hansı formada müdaxilələr edildiyinə şahid olarsınız. Mən açıq formada bəyan etdim ki, şiəlik məzhəbi ilə bağlı İrandan Azərbaycana müəyyən təzyiqlər var və bu təzyiqlər mətbuatda açıq görünür. İran mətbuatı dini məsələlərdə Azərbaycana təzyiq göstərir, orda özlərindən uydururlar ki, guya Azərbaycanda hicab qadağan olunub, islam dini sıxışdırılır, məscidlər bağlanır, insanların məscidlərə getməsinin qarşısı alınır və sairə.
Mən orada faktları ortaya qoydum və sübut etdim ki, Azərbaycanda islam sıxışdırılmır, hicab qadağan olunmayıb. Azərbaycan dünyəvi dövlət olaraq müxtəlif sahələr üçün geyim qaydaları tətbiq edir. Gömrükçünün, polisin, məmurun, sərhədçinin hər birinin öz geyim forması var. Məktəblinin də məktəbli geyimi var. Sadəcə olaraq hər bir vətəndaşdan qanunlara və iş yerlərində, məktəblərdə geyim qaydalarına əməl etməsi tələb olunur. Qalan yerlərdə hər bir insan hicab da bağlaya bilər, başaçıq da gəzə bilər, ictimai həyat normalarına zidd olmayan istənilən formada dolaşa bilər. Amma söhbət ondan gedir ki, qarşı tərəf bunu bizim islama arxa çevirməyimiz, bu dinin qaydalarını pozmağımız, onu sıxışdırmağımız kimi təqdim etməyə cəhd göstərir.
Açıq danışaq ki, bununla bağlı müəyyən ictimai narazılıqlar olurdu. Siz də, cəmiyyət də, bütün dünya da görür ki, biz bu məsələlərlə bağlı narahatıq və bəyan edirik ki, Azərbaycanda islam sıxışdırılmır. Amma "Səhər" televiziyası, başqa mətbuat orqanları davamlı olaraq məlumat yayır ki, yox, düz demirlər, vəziyyət belə deyil, pisdir və sairə. Bax, bunlardan söhbət gedir. Olmayan hadisələri də uydurub Azərbaycanı beynəlxalq aləmdə nüfuzdan salmaq, ölkəmizin islam dünyasında hörmətini aşağı salmaq siyasəti yürüdürlər.
Mən orada açıq formada dedim ki, dünyada 1 milyard 380 milyon nəfərə yaxın müsəlman var və onların 95 faizi hicabsız gəzir. Məgər onlar müsəlman deyil? Məgər müsəlmanlığın, islamın göstəricisi tək hicabdırmı? Biz hicab altında nə qədər əxlaqsızlıq, islama zidd hərəkətlər görürük. Nəyə görə hicab altında bunlar olur? Hər bir dövlətin ictimai həyat normalarına hörmətlə yanaşmaq lazımdır. Xalqların iradəsini zorlamaq olmaz, buna meydan vermək olmaz. Mənim xalqım, vətəndaşım, ictimai həyat normam budur. Siz də buna hörmətlə yanaşmağa borclusunuz. Sizin də həyat normanız odur və biz də ona hörmətlə yanaşmağa borcluyuq. Bunu da özümüzün qonşuluq prinsipləri hesab edirik.
Digər bir məsələ də var. Hamıya məlumdur ki, Azərbaycanla İranın uzun müddətli müştərək tarixi var. İran da, biz də uzun müddət böyük imperiyaların tərkibində bir yerdə olmuşuq. Sonra tale elə gətirib ki, ayrılmışıq. Onlar İran olaraq elə bir dövlət yaradıblar, biz də müstəqil Azərbaycan olaraq belə bir dövlət yaratmışıq. Onlar islam qaydaları ilə öz sistemlərini formalaşdırıblar, biz də dünyəvilik əsasında öz sistemimizi formalaşdırmışıq. Lakin biz keçmiş tariximizi öyrənərək bir-birimizin şəhər adlarını, ölkə adını təhrif etməməliyik, bir-birimizin tarixinə hörmətsizlik nümayiş etdirməməliyik. İki ölkə arasındakı indiki münasibətlərə, qonşuluq prinsiplərinə və gələcək əməkdaşlığa nə bizim, nə də onların tarixçiləri xələl gətirməlidir. Biz keçmişimizi bilmək üçün tarixi öyrənməliyik. Tarixi ona görə öyrənməməliyik ki, qayıdıb bir-birimizin ərazi bütövlüyünü tanımayaq və ya dövləti təhdid edək.
- İrandan Azərbaycana olan təzyiqləri və qeyd etdiyiniz digər məsələləri bu ölkənin dövlət siyasəti hesab etmək olarmı? Yoxsa bunu yalnız "Səhər" televiziyasının və digər mətbuat orqanlarının özfəaliyyəti kimi qiymətləndirirsiniz?
- Mən məhz bunu öyrənmək üçün ora getmişdim. Ora səfər etməkdə məqsədim o idi ki, görüm bizi narahat edən məsələlər İranın dövlət siyasətidir, yoxsa cəmiyyətin, ictimaiyyətin, mətbuatın ayrı-ayrı nümayəndələrinin açıqlamalarıdır. İran tərəfi də, biz də orada birmənalı şəkildə bəyan etdik ki, bu, dövlət mövqeyi deyil. İran rəsmiləri dedilər ki, biz İran dövləti olaraq belə düşünmürük, belə hərəkət etmirik. Mən də Azərbaycan dövlətinin mövqeyini çatdırdım. Mən çox arzu edirəm ki, bu məsələlər elə ayrı-ayrı insanların dünyagörüşünə söykənsin, dövlət mövqeyi olmasın. Orada mənə dedilər ki, ayətullahlar fitva verəndə İran dövlətinin marağından çıxış etmirlər, onlar dini qaydalardan çıxış edib müxtəlif fitvalar verirlər. Yəni belə məsələlər var. Hər halda mən düşünmürəm ki, Azərbaycana göstərilən təzyiqlər İran dövlətinin mövqeyidir.
- Bildirmisiniz ki, müzakirələr zamanı Azərbaycan və İran mətbuatında bəzi neqativ halların qarşısını almaq üçün hər iki tərəfin imkanlarını səfərbər etməsi məsələsində razılığa gəlinib. Azərbaycanda dövlət rəsmən bir neçə mətbuat orqanına - "Azərbaycan", "Xalq qəzeti", "Respublika", "Bakinski raboçi" qəzetlərinə, AzərTAc agentliyinə və AzTV-yə nəzarət edir. Başqa mətbuat orqanları isə azad sahibkarlığın bir hissiəsi kimi müstəqil hesab olunur. Belə olan halda dövlətin mətbuatda İranla bağlı neqativ halların qarşısını alması mexanizmi necə olacaq? Azərbaycan insanlarının ürəyində bir Cənubi Azərbaycan nisgili, sevgisi var. Hətta bəzi mətbuat orqanlarında Cənubi Azərbaycan məsələsi prioritet hesab olunur, daim bununla bağlı məqalələr yazılır. Azərbaycan mətbuatında İranın adı daha çox Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın haqlarının tapdanmasına, ana dilində təhsil ala bilməmələrinə görə mənfi formada hallanır. Bu hallarla bağlı neqativ yazıların qarşısını necə alacaqsız?
- Azərbaycan dünyəvi, demokratik dövlətdir və jurnalistlər də öz düşüncələrini, informasiya toplayıb yaymaqda tam sərbəstdirlər. Bəzi nadan jurnalistlərin mülahizələrinin əksinə olaraq mən Azərbaycandakı siyasi plüralizm mühitini İranla münasibətlərə görə pozmağa, dayandırmağa hazırlaşmıram. Heç vaxt belə bir fikrim olmayıb və olmayacaq. Əlbəttə, hər bir mətbuat orqanı öz prinsiplərindən, öz əxlaq normalarından çıxış edərək müxtəlif məsələlərlə bağlı fakt toplayıb yazı yazır, şərhlər verir. Amma söhbət ondan gedir ki, biz İranla bu məsələləri araşdırmağa çalışdıq ki, bu, dövlətin mövqeyidir, yoxsa ayrı-ayrı insanların. Belə qərara gəldik ki, bu, dövlətlərin mövqeyi deyil. Deməli, biz - dövlətə bağlı olan mətbuat orqanları, ictimai qurumlar, elə həmin tarixçilərimiz, akademiklərimiz, ziyalılarımız daim İranla qonşuluq münasibətlərini qoruyub-saxlamağa çalışacağıq. Əsas odur ki, hansısa deputatın çıxışı, hansısa jurnalistin yazısı Azərbaycanla İran arasındakı münasibətləri pozmasın, iki ölkənin əlaqələrinin pozulması tendensiyasına çevrilməsin. Əlbəttə, belə yazılar olacaq. Bizdə bəzi insanların Cənubi Azərbaycan nostaljisi, İrandakı bəzi dairələrin də Şimali Azərbaycan nostaljisi var. Bunlar olacaq. Hesab edirəm ki, bu cür ayrı-ayrı, tək-tək hallar heç vaxt bizim münasibətlərimizə xələl gətirməyəcək. Biz bu münasibətlərin xatirinə heç kimin əlini tutmayacağıq, gözlərini bağlamayacağıq, ağzını yummayacağıq. Əsas məsələ odur ki, bunlar dövlətdən qaynaqlanmasın.
Sərhədboyu yayım məsələsini, tezlikləri, ötürücülərin quraşdırılması və idarə olunmasını götürək. Bununla bağlı beynəlxalq normalar var. Bu ötürücülər ölkənin öz daxili ehtiyaclarının ödənməsinə yönəlməlidir. Ötürücülərin üzü onu quraşdıran dövlətin öz ərazisinə çevrilməlidir. Amma arxa tərəfə də bir qədər keçə bilər. Yoxsa sən gətir ötürücünü sərhəddə quraşdır və üzünü çevir başqa dövlətin ərazisiniə - bu, yolverilməzdir. Öz ərazində yaymağı özünə rəva görmədiyin şeyləri başqa dövlətin ərazisinə yaymaq açıq-aşkar informasiya müharibəsidir. Keçmişdə ABŞ və Qərb ölkələri SSRİ-yə qarşı, SSRİ də onlara qarşı belə ideoloji təxribatlar həyata keçirirdi. İndi söhbət ondan gedir ki, biz bunlara yol verməyək. Nəyə görə "Səhər" televiziyası İranda yayımlanmır? Kanalın ötürücüləri nəyə görə məhz Azərbaycana tuşlanıb? Mən bu məsələni tam açıqlıqla müzakirə etdim. Dedim ki, əgər "Səhər" kanalı yaxşıdırsa, niyə İranda yayımlanmır, pisdirsə, niyə Azərbaycana yayırsız. Dedim ki, o zaman icazə verin "Səhər"i retranslyasiya edib qaytaraq İrana, iranlılar da baxsın. Bu tipli başqa məsələlər də var. Biz dövlətlər arasındakı ictimai-siyasi, ideoloji məsələlərdə yaxşıya doğru addımlar ataq və dövlət olaraq iradəmizi göstərək - söhbət bunlardan gedir.
- İranın irşad və mədəniyyət nazirinin müavini Məhəmmədcəfər Məhəmmədzadə sizinlə görüşdə deyib ki, xaricdən maliyyələşən və Azərbaycanda fəaliyyət göstərən bəzi mətbuat orqanları iki ölkə arasındakı münasibətləri pozmağa çalışır, bunun qarşısı alınmalıdır. Eyni zamanda bildirib ki, Qərb KİV-lərinin informasiya sahəsində inhisarını dağıtmaq üçün Azərbaycan və İran mətbuat orqanları əməkdaşlığı genişləndirə bilər. Azərbaycanda xaricdən maliyyələşən və iki ölkənin münasibətlərini pozmaq istəyən mətbuat orqanlarının olması haqda deyilənlərlə razısınızmı?
- Burada söhbət ondan gedir ki, bəzən Azərbaycanda və İranda gedən proseslərlə bağlı biz informasiyaları birinci əldən, öz jurnalistlərimizdən, bizi informasiya ilə təmin etməli olan qurumlardan deyil, transmilli televiziyalardan, agentlik və qəzetlərdən alırıq. Məsələn, Liviyada baş verən proseslər haqda məlumatı Azərbaycanın hansı jurnalisti orada təmsil olunan AzərTAc-dan, AzTV müxbirlərindən ala bildi? Biz məlumatları CNN, "Euronews", BBC-dən öyrəndik. Bu televiziyalar da bir qayda olaraq Qərb dövlətlərinin maraqlarını ifadə edən məqamlarla yüklənmiş informasiya yayır, bir tərəfin fikrini verirlər, orada alternativ düşüncəyə yer yoxdur.
Görüşlərdə bu məsələ müzakirə olunurdu. Qeyd edildi ki, biz dünyada, xüsusən də öz ölkələrimizdə gedən proseslərlə bağlı informasiyanı birinci mənbədən almağa çalışmalıyıq. Bunun üçün də jurnalistlərimiz əməkdaşlıq etsin. Hansı dövlətdə İranın jurnalistləri varsa, Azərbaycan müxbirləri onlardakı video görüntüləri, məlumatları götürə bilsinlər. Hansısa dövlətdə Azərbaycanın müxbirləri varsa, İran KİV-inin nümayəndələri onların məlumatlarından, çəkilişlərindən bəhrələnsinlər. Birgə texniki əməkdaşlıq da müzakirə olundu. Bu yaxınlarda Bakıda "BakuTel" sərgi və konfransı keçirildi. Amma iranlılar bu tədbirə qatılmadı. İranda informasiya sərgisi oldu. Ora Azərbaycandan yalnız bir agentlik qatıldı. Bu tipli məsələlərdə əməkdaşlıq və birgə iştirak müzakirə olundu. Yəni informasiya verənlərlə alanlar arasında bilavasitə öz jurnalistlərimiz olsun.
- İran rəsmiləri ilə görüşdə yazıçı-publisist Rafiq Tağı haqda İran ayətullahı Məhəmməd Fazil Lənkəraninin verdiyi fitvanı müzakirə etdinizmi? Azərbaycan mətbuatı və cəmiyyəti hesab edir ki, Rafiq Tağının qətlinin arxasında İran, onun dini dairələri dayanır.
- Mən orada İranın rəsmi şəxsləri ilə görüşdüm. Ayrı-ayrı ayətullahların, höccətullahların bu məsələ ilə bağlı açıqlamaları dövlət siyasətinin bilavasitə istiqaməti olmadığına görə onlar bir qayda olaraq deyirdilər ki, Azərbaycanda da belə açıqlamalar olur. Deyirdilər ki, bu, dövlətin mövqeyi deyil, ayətullahın açıqlaması, fitvası onun dinlə olan münasibətləridir, İran dövlətinin fitvası deyil. Əlbəttə, görüşlərdə mən Rafiq Tağı məsələsinə toxundum. Bizim münasibətlərimizi kəskinləşdirə biləcək faktorlar sırasında nüfuzlu ictimaiyyət nümayəndələrinin, o cümlədən ruhanilərin açıqlamalarının olduğunu dedim, bunlara münasibət bildirdim. Dedim ki, Rafiq Tağının qətli ilə bağlı Azərbaycanda, dünyada yayılan informasiyalarda İranın adı çəkilir, hamı işarə edir ki, bu qətl İranın işidir, çünki ayətullahlar fitva verib və ona görə də bu qətl törədilib.
Əlbəttə, dövlət olaraq biz bunu təsdiqləmirik və bu fikirdə deyilik. Dövlət yalnız o zaman bu fikrə gələ və bu versiyanı təsdiqləyə bilər ki, istintaq sona çatsın, dəqiq faktlar açıqlansın, qatil tapılsın və qatil bunu etiraf etsin. Əgər hansısa ayətullahın açıqlaması buna əsas verirsə, onun qarşısı alınmalıdır. Düzdür, mən əminəm ki, İran dövləti ayətullahların çıxışlarının qarşısını almaq iqtidarında deyil, orada ruhaniyyətin öz normaları, fəaliyyət prinsipləri var, amma bütövlükdə biz bu məsələyə toxunduq.
- Və təbii ki, İran rəsmiləri Rafiq Tağının qətlində əli olmaları iddiası ilə razılaşmadılar...
- Qəti şəkildə inkar etdilər. Dedilər ki, İranın bu qətlə heç bir aidiyyəti yoxdur. Heç biz də bunu İranın etdiyində israrlı deyilik. Bu haqda bizim rəsmi açıqlamamız olmayıb. Bu yalnız mətbuatın mülahizəsidir və hər halda mən də bu mülahizəni onların diqqətinə çatdırdım.
- Yeri gəlmişkən, Rafiq Tağıya qəsddən 20 günə yaxın vaxt ötür. İstintaqda hər hansı yenilik varmı?
- Birinci açıqlamadan başqa əlavə bir məlumatım yoxdur. İstintaq gedir, müvafiq orqanlar bu işlə məşğuldurlar. Əgər əlavə məlumatlar olacaqsa, onu cəmiyyətə çatdıracağıq.
- Rafiq Tağı qətlə yetiriləndən sonra İran ayətullahları bir neçə açıqlama verdilər. Məhəmməd Fazil Lənkəraninin oğlu axund Məhəmməd Cavad Lənkərani Azərbaycan əhalisinə müraciət edərək Rafiq Tağının qətlə yetirilməsinə görə müsəlmanları təbrik edib. Amma Qafqaz Müsəlmanları İdarəsi buna heç bir reaksiya vermədi. Bu susqunluğu necə qiymətləndirirsiniz?
- Bunu onlardan soruşun. Mən Azərbaycanın dini inanclı insanları və onların qurumları adından danışa, onların buna reaksiya verib-verməmələrini, niyə münasibət bildirmədiklərini, necə reaksiya verməli olduqlarını deyə bilmərəm. Çünki bizim üçün o hətta ən yüksək dini rütbədə olsa belə, İranın bir vətəndaşı hesab olunur. Onun açıqlamasına dövlətin rəsmi münasibət bildirməsini məqbul saymadıq və bu gün də məqbul hesab etmirik. Amma rəsmi görüşdə mən bu haqda danışdım və onların diqqətinə çatdırdım ki, sizin ayətullahın belə bir açıqlaması olub.
Hərçənd həmin açıqlamanı mən birinci əldən eşitməmişəm və indiyədək rəsmi təsdiqini görməmişəm. Mətbuatda bu açıqlama təhrif oluna, onun adından da verilə bilər. Hər halda mətbuatda başqa məlumat da gedir. Mətbuatda gedən informasiyalara dövlət və ya rəsmi şəxslər yalnız o vaxt münasibət bildirir ki, onun dəqiqliyinə heç bir şübhə qalmasın.
- Siz İrandan qayıdandan bir gün sonra İranın "Ənsari-Hizbullah" təşkilatının Təbriz bölməsinin rəhbəri axund Ruhullah Becani prezident Mahmud Əhmədinejada açıq məktub yazaraq onun Azərbaycan Respublikası ilə bağlı siyasətinə etiraz bildirib. O, Azərbaycan və Prezident İlham Əliyev haqda kəskin fikirlər söyləyib. Bunu İranın öhdəliklərinə əməl etməyəcəyi və İrana səfərinizin nəticəsiz qalması kimi qiymətləndirmək olarmı?
- Mən belə hesab etmirəm. Azərbaycanda da minlərlə molla var. Bizim hər mollanın açıqlamasına münasibət bildirməyimiz doğru olmaz. Təbrizdəki bir mollanın çağırışı, açıqlaması dövlətin mövqeyi kimi qiymətləndirilə bilməz, həm də ümumiyyətlə Təbriz camaatının fikri ola bilməz. Ona görə də belə xırda məsələlərə vaxt ayırmağa dəyməz.
{nl}
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.