Mikayıl Hüseynov: Rusiya azərbaycanlıları Rusiyada parlament seçkilərində fəal iştirak etmiş və "Yedinaya Rossiya" Partiyasına səs vermişlər

Ümumrusiya Azərbaycan Konqresinin baş katibi Mikayıl Hüseynov verdiyi müsahibədə demişdir: "Azərbaycan diasporunun nümayəndələri Dövlət Dumasına dekabrın 4-də keçirilmiş seçkilərdə səsvermədə fəal iştirak etmişlər".
O demişdir ki, Konqresin Rusiyadakı bütün regional bölmələrinin rəhbərlərindən alınmış məlumata görə həmvətənlərimiz ÜAK-ın III qurultayında konqresin müraciətinə cavab olaraq parlament seçkilərində çox fəal iştirak etmiş və "Yedinaya Rossiya" Partiyasına səs vermişlər. M.Hüseynov demişdir: "Mən Rusiya vətəndaşları olan, seçkilərdə iştirak etmiş, öz vətəndaş mövqeyini ifadə etmiş və Rusiyanın daha da inkişafına yönəlmiş siyasi xətti dəstəkləmiş bütün azərbaycanlılara səmimi minnətdarlığımı bildirmək istərdim. Çoxmillətli Rusiyanın tərkib hissəsi olan Azərbaycan diasporu bu seçkilərdə iştirak edərək siyasi sistemin sabitliyinə tərəfdar olduğunu bildirmiş, ölkəni geriyə, populizm və ictimai parçalanma dövrünə yuvarlanmaqdan müdafiə etmiş çoxluğun yanında qalmışdır. Rusiyanın bütün Azərbaycan diasporunu birləşdirən Ümumrusiya Azərbaycan Konqresi bundan əvvəlki seçkilərdə olduğu kimi, bu seçkilərdə də ölkəni modernləşmə və tərəqqi yolu ilə aparan "Yedinaya Rossiya" Partiyasını dəstəkləmişdir. Azərbaycan diasporu hələ seçkiqabağı mübarizənin başlanğıcında ölkənin əsas siyasi hadisəsinə cəlb edilmişdir, çünki həmvətənlərimiz bu cəmiyyətə sıx inteqrasiya etmiş, onun ayrılmaz tərkib hissəsinə çevrilmişlər. Onlar iqtisadiyyata böyük töhfə verir, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər".
Mikayıl Hüseynov seçkiqabağı kampaniya dövründə ÜAK-ın diasporla öz işini necə qurması barədə sualı şərh edərək bildirmişdir ki, lap yaxın vaxtlarda diasporun həyatında mühüm ictimai-siyasi hadisə baş vermişdir - bu təşkilatın üçüncü qurultayı keçirilmişdir. O demişdir: "Siyasi baxımdan, qurultay həmvətənlərimizin fəaliyyətinin güclənməsinə, ölkə üçün bu qlobal siyasi hadisədə onların iştirakına ciddi təkan vermişdir. Bunu xatırlatmaq kifayətdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qurultay nümayəndələrinə təbrik məktubunda Rusiyanın ictimai-siyasi həyatında iştirak etməyə maksimum maraq göstərməyin zəruriliyi qeyd edilmişdir. Eyni fikir ÜAK-ın III qurultayının nümayəndələrinin çıxışlarında da səslənmişdir".
Mikayıl Hüseynov daha sonra bildirmişdir ki, Azərbaycan diasporu hələ seçkiqabağı dövrdə də fəallıq göstərmişdir. O demişdir: "Federal KİV-lər bizim fəallığımıza biganə qalmamışlar. Məsələn, noyabrın 30-da "Respublika Başkiriya" qəzetində "Azərbaycan Konqresi Rusiyanın indiki hakimiyyətinin milli siyasətini dəstəkləyir" sərlövhəli məqalə dərc edilmişdir. Bununla yanaşı, Azərbaycan diasporunun nümayəndələrinin Yaroslavl vilayətindən olan senator Anatoli Lisitsın ilə görüşü (29 noyabr 2011-ci il) Yaroslavl vilayət qəzetlərinin əsas xəbəri olmuşdur. Omsk vilayətində çıxan "Arqumentı nedeli" qəzeti də öz səhifələrində bizim bu regiondakı fəallarımızın "Yedinaya Rossiya" Partiyasında deputatlığa namizədlərlə görüşünə xüsusi diqqət ayırmışdır.
Ümumrusiya Azərbaycan Konqresinin rəhbərliyi "Yedinaya Rossiya" Partiyasının Kazan, Uxta, Ulyanovsk, Perm, Krasnoyarsk şəhərlərindəki, Kemerovo və Bryansk vilayətlərindəki, Primorsk diyarındakı, Komi, Çeçenistan və İnquş respublikalarındakı nümayəndələrinin görüşlərində məmnuniyyətlə qeyd edir. Zabaykalye diyarı qanunvericilik məclisinin sədrinin müavini ilə Azərbaycan diasporunun görüşünü xüsusi qeyd etmək lazımdır. Bütün bunlar Azərbaycan diasporunun nümayəndələrinin onlar üçün ikinci Vətənə çevrilmiş Rusiyanın gələcəyinin quruculuğu işində bilavasitə marağı olmasını və bu işdə iştirakını əks etdirir. Bunlar bəlağətli sözlər deyildir. Yadınızdadırsa, hələ vaxtilə sarsılmaz hesab edilən Sovet İttifaqı dövründə milyonların sevimlisi, SSRİ xalq artisti Müslüm Maqomayev bu cür suallara həmişə qısa bir cümlə ilə cavab verərdi: "Azərbaycan mənim atam, Rusiya anamdır". Doğrudan da, valideynləri ayırmaq olmadığı kimi, biz də özümüzü ümumi ailəmizdən kənarda təsəvvür edə bilmərik. Məhz bu səbəbdən biz hər iki ölkəyə kömək etməyə və onları dəstəkləməyə hazırıq".
ÜAK-ın baş katibi Mikayıl Hüseynov sonda qeyd etmişdir ki, Azərbaycan diasporu "Yedinaya Rossiya" Partiyasına səs verməklə bu siyasi partiya ilə daha sıx əməkdaşlığa ümid edir. O vurğulamışdır: "Biz əminik ki, "Yedinaya Rossiya" fraksiyası Rusiyanın əzəmətini və nüfuzunu bundan sonra da artıracaqdır. "Yedinaya Rossiya" Partiyası çoxmillətli Rusiyanın miniatür formasını xatırladır. Biz istərdik ki, bu partiyanın çoxmillətli fəalları Rusiyada milli siyasət və tolerantlıq məsələlərinə xüsusi diqqət yetirsin. Biz inanırıq ki, "Yedinaya Rossiya" Partiyasının və bütövlükdə yeni parlamentin üzvlərinin ardıcıl və məqsədyönlü fəaliyyəti bu partiyanın başladığı kursu uğurla davam etdirməyə imkan verəcək və çoxmillətli ölkəmizin sakinlərinin xoşbəxt gələcəyi naminə yeni zəfərlərlə əlamətdar olacaqdır".

{nl}

Asya HACIZADƏ AzərTAc-ın xüsusi müxbiri
Moskva

{nl}

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında