Müsahibimiz respublika Sanitariya-Karantin Müfəttişliyinin rəisi Elşad Mahmudovdur.
{nl}
{nl}
- Elşad müəllim, insanların sağlamlığına ciddi ziyan vuran qida məhsullarının istehsalının və ölkəyə gətirilməsinin qarşısının alınması vacib məsələlərdən birinə çevrilib. Dövlətimizin başçısı da yaxın günlərdə bu məsələ ilə əlaqədar ciddi tapşırıqlar verdi. Rəhbərlik etdiyiniz təşkilatda bu sahədə hansı işlər görülür?
- Qabaqcadan qeyd edim ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş milli strategiya möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Hazırda ölkəmiz dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşulmaqdadır. Elə sahələr var ki, Azərbaycan təkcə regionda deyil, eləcə də dünyada lider dövlətdir. Ölkəmizin sürətli inkişaf yoluna qədəm qoyması dünyada həm əlaqələrimizi genişləndirmiş, həm də mövqelərimizi möhkəmləndirmişdir.
Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu artdıqca ölkəmizlə hərtərəfli əməkdaşlığa meyl edən dövlətlərin sayı da durmadan artır. Biz 10 il əvvəlki vəziyyətimizi xatırlasaq, bir daha aydın olar ki, ölkəmizlə hərtərəfli əməkdaşlıq edən dövlətlərin sayı xeyli artıb. Bu gün Azərbaycana xarici dövlətlərdən çoxlu sayda müxtəlif çeşidli ərzaq və qeyri-ərzaq məhsulları gətirilir. Bu məhsulların insanların sağlamlığına mənfi təsir göstərməsinin araşdırılması, onların müəyyənləşdirilərək idxalının qarşısının alınması vacib şərtlərdəndir.
İnsanların sağlamlığının qorunmasını daim diqqət mərkəzində saxlayan möhtərəm Prezidentimiz də aprelin 14-də Nazirlər Kabinetinin I rübün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bu məsələyə münasibət bildirərkən insan sağlamlığına ciddi ziyan vuran zərərli qida məhsullarının istehsalının və idxalının qarşısının alınması üçün ciddi tapşırıqlar verdi. Bu sahədə bizim də üzərimizə məsul vəzifələr düşür.
Səhiyyə Nazirliyinin qurumu olan Respublika Sanitariya-Karantin Müfəttişliyi 17 ilə yaxındır ki, fəaliyyət göstərir. Müfəttişliyin yaradılmasında əsas məqsəd ölkəmizin ərazisinə karantin infeksiyaları və digər yoluxucu xəstəliklərin gətirilməsinin və yayılmasının, digər bir vəzifə isə ölkəmizin ərazisinə təhlükəli ərzaq məhsulları və istehlak əşyaları idxalının qarşısını almaqdır. Qeyd edim ki, müfəttişlik yaranan gündən bu vaxta qədər qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirmiş, öz işini qüvvədə olan qanunvericilik aktlarının müvafiq tələbləri əsasında qurmuşdur. Tərəfimizdən həyata keçirilən tədbirlərin keyfiyyəti ildən-ilə daha da təkmilləşdirilmişdir.
Müfəttişlik öz fəaliyyətində "Sanitar-epidemioloji salamatlıq haqqında", "Yeyinti məhsulları haqqında" qanunlarını, Nazirlər Kabinetinin 9 mart 1993-cü il il tarixdə təsdiq olunmuş "Azərbaycan Respublikası ərazisinin sanitariya mühafizə qaydaları" haqqında qərarını, "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərə gətirilən mallara, texniki, tibbi, əczaçılıq, sanitar, baytar və ofitosanitar normaların, qaydaların və tələblərin tətbiq edilməsi haqqında" Sazişin təsdiq edilməsi barəsində Azərbaycan Respublikasının Qanunun və digər qanunvericilik aktlarını əldə rəhbər tutur.
Məlumdur ki, dünyanın müxtəlif dövlətlərindən respublikamıza çoxsaylı çeşiddə ərzaq və qeyri-ərzaq məhsulları idxal olunur. Təbii ki, bu məhsulların hamısı vaxtında - yəni əhalinin istifadəsinə verilməmişdən öncə operativ yoxlanılmalıdır. Hazırda idxal olunan məhsullar barəsində birbaşa məlumatımız olmasa da, gömrük orqanlarının tələbi əsasında müraciət edən hüquqi və fiziki şəxslərin idxal etdikləri məhsullar laborator müayinələrə cəlb edilir. Müayinələrin nəticələri sanitariya norma və tələbləri nəticələrinə cavab verərsə, həmin məhsullar dövlət gigiyena qeydiyyatına alınır və onlara tərəfimizdən gigenik sertifikat verilir.
- Ölkəyə idxal olunan məhsullar barəsində niyə rəhbərlik etdiyiniz müfəttişliyin birbaşa məlumatı olmur?
- 2009-cu il yanvar ayının 1-ə qədər müfəttişliyin dövlət sərhəd buraxılış məntəqələrində struktur bölmələri fəaliyyət göstərirdi. Lakin "bir pəncərə" prinsipinin tətbiq edilməsi ilə əlaqədar olaraq artıq dövlət sərhəd buraxılış məntəqələrində bu işi Dövlət Gömrük Komitəsi həyata keçirir.
Müfəttişliyin yalnız regionlar üzrə , məsələn, cənub və Qərb bölgələri üzrə Biləsuvarda, Astarada, Gəncədə, Samurda, ümumiyyətlə, gömrük əraziləri harada yerləşirsə, orada şöbə və bölmələrimiz fəaliyyət göstərir, ancaq sərhəddə olmamaq şərti ilə. Əgər idxal olunan məhsulların laborator müayinələrinin nəticələri sanitariya norma və qaydalarının tələblərinə cavab verməzsə, onda tərəfimizdən qəbul edilmiş qərarla həmin məhsulların realizasiyası qadağan edilir.
- Bu vaxta qədər hansı konkret qərarlar qəbul etmisiniz?
- Sanitariya norma və qaydaların tələblərinə cavab verməyən məhsulların realizasiya və satışının qadağan olunması barədə qərarlar qəbul etmişik. Məsələn, 2009-cu il ərzində "Türk Az" MMC-nin ünvanına gətirilmiş Braziliya mənşəli dondurulmuş toyuq əti farşı bakterioloji göstəricilərinə görə sanitar norma və tələblərinə cavab vermədiyinə görə həmin məhsulun əhaliyə realizasiyası və satışı tərəfimizdən qadağan edilib. Həmin ildə "Alba E" MMC-nin ünvanına gətirilmiş Ukrayna mənşəli "zolotova" nişanlı "Rossiyskiy bolşoy" adlı pendir bakterioloji göstəricilərinə görə sanitariya norma və qaydalarının tələblərinə cavab vermədiyinə görə, həmin məhsulun da realizasiyası xüsusi qərarla tərəfimizdən qadağan edilmişdir. 2010-cu ildə "Ozon - NN" MMC-nin ünvanına göndərilmiş Braziliya mənşəli dondurulmuş toyuq dərisindən götürülmüş nümunələrin laborator müayinələrin nəticələri yenə də bakterioloji göstəricilərinə görə sanitariya norma və tələblərinə cavab vermədiyinə görə, həmin məhsulun realizasiyasına qadağa qoyuldu.
Ümumiyyətlə, ölkəyə gətirilən ət məhsullarına ciddi nəzarət olunur. Laborator göstəriciləri sanitariya norma və qaydaları tələblərinə cavab verməyən məhsullar məhv edilir. Gəlin faktlara müraciət edək. 2009-cu ildə "Türk Az" MMC-nin ünvanına idxal olunmuş Braziliya mənşəli dondurulmuş toyuq əti farşı qeyd etdiyim kimi, bakterioloji göstəricilərinə görə sanitar norma və tələblərinə cavab vermədiyinə görə zay məhsulların yandırılması üçün ayrılmış xüsusi ərazidə məhv edilmişdir. Zərərli qida məhsulunun məhv edilməsi prosesi qanunvericilik aktlarının tələbləri əsasında həyata keçirilmişdir. Bu prosesdə bir neçə təşkilatın nümayəndəsi iştirak etdiyindən həmin zay məhsulların müxtəlif vasitələrlə yenidən satışa çıxarılması qeyri-mümkündür.
Diqqətinizə çatdırmaq istərdim ki, möhtərəm Prezidentimiz İlham Əliyevin Nazirlər Kabinetindəki çıxışı zamanı istər idxal, istərsə də istehsal vaxtı, həmçinin ticarət şəbəkələrində keyfiyyətsiz, insan sağlamlığı üçün təhlükə törədə bilən ərzaq məhsullarının qarşısının alınması ilə əlaqədar qəti tapşırıq verməsi təşkilatımızın hər bir üzvünün məsuliyyətini artırmışdır. Biz bu sahədə daim diqqətli olmuşuq. Bundan sonra isə daha məsuliyyətli olmaq tələb olunur. Təbii ki, biz bunu çox yüksək dəyərləndiririk və xalqda dövlət başçımızın insanların sağlamlığını daim diqqət mərkəzində saxladığı barədə bir daha əminlik yarandı.
Əməkdaşlarımız da idxal olunan məhsullardan yerlərdə nümunələr götürən zaman həmin məhsulların buraxılma tarixlərinə, anbarda saxlanılma şəraitinə, tez xarab olan məhsuldursa, onların saxlanılma temperaturuna, hansı formada qablaşdırılmasına qədər diqqətlə yoxlayırlar. Məhsulun idxal olunma vaxtına da ciddi nəzarət olunur. İş adamları artıq dərk edirlər ki, bu sahəyə nəzarət edən qurumlar məsələyə kifayət qədər ciddi yanaşır, yəni idxal olunan məhsullara bütün nəzarət formaları - laborator müayinələrindən tutmuş digər cəhətlərə qədər diqqətlə yoxlanılır. Ona görə də idxal olunan məhsullar arasında vaxtı keçmiş müşahidə olunmur.
Ancaq genetik dəyişilmiş məhsulları müəyyənləşdirmək mümkün deyil. Çünki idxal olunan məhsullarda genetik dəyişiklik barəsində hər hansı bir məlumat olmur. Bu barədə müvafiq qanun qəbul olunmalıdır. İnsanla təmasda olan bütün əşyalar qida qədər əhəmiyyətlidir. Məsələn, "Yeyinti məhsulları haqqında" qanunda ancaq yeyinti məhsullarından söhbət getmir. Yeyinti məhsullarının istehsalında istifadə olunan avadanlıqlardan, necə qablaşdırılmasından, hansı materiallardan istifadə olunmuş qablardan da söhbət gedir. Bunlar da vacib məsələlərdəndir. İnsanların istifadə etdiyi geyim əşyaları, mənzillərin təmiri zamanı istifadə olunan tikinti materialları mütləq yoxlanılmalıdır. İnsanlar üçün tam sağlam mühit yaratmaq naminə belə əşyaların təhlükəsiz olması öyrənilməlidir. Bütün bunlar "Salamatlıq haqqında" qanunda da öz əksini tapıb.
Hazırda Səhiyyə Nazirliyi ilə Dövlət Gömrük Komitəsi tərəfindən yoxlanılması vacib olan ərzaq və qeyri-ərzaq məhsullarının adlı siyahısı tərtib olunur. Bu məlumatlar aidiyyatı təşkilatlar üzrə kodlaşdırılacaq. Biz inkişaf etmiş bir ölkədə yaşayırıq. Əgər ərzaq və qeyri-ərzaq məhsullarında seçim varsa, demək biz bolluq içərisində yaşayırıq. Gəlin görək Ermənistanda belə bir seçim varmı? Təbii ki, yox! Çünki Ermənistan bu gün iqtisadi böhran içərisində boğulur.
- Rəhbərlik etdiyiniz sahədə işlərinizin beynəlxalq standartlara uyğunlaşdırılması üçün hansı vasitələrdən yararlanırsınız?
- Hazırda möhtərəm Prezidentimiz İlham Əliyevin düşünülmüş daxili və xarici siyasəti nəticəsində Azərbaycan çox böyük uğurla Avropaya və dünyaya inteqrasiya edir. Ölkəmiz bütün sahələr üzrə beynəlxalq standartlara uyğun inkişaf edir, beynəlxalq konvensiyalara qoşulur. Biz də fəaliyyətimizlə əlaqədar beynəlxalq tədbirlərdə fəal iştirak edirik. Onu da qeyd edim ki, əksər beynəlxalq tədbirlərin xərcləri orada iştirak edən dövlətlərin öz hesabına olduğundan Ermənistan maliyyə vəsaiti tapmadığından kənarda qalır. Biz isə belə tədbirlərdə çox fəal iştirak edirik. Bu da ölkəmizin iqtisadi qüdrətinin artmasından xəbər verir. Belə tədbirlərdə iştirakımız zəngin təcrübə toplamağımıza da müsbət təsir göstərir.
İnsanların sağlamlığının qorunması prioritet məsələlərdən biridir. Dövlət başçımızın tövsiyələrini əldə rəhbər tutaraq bu sahədə fəaliyyətimizi daha da genişləndiririk.
{nl}
Müsahibəni qələmə aldı: Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.