Saatlıda təbii fəlakətin qarşısı mütəşəkkilliklə alınır

{nl}

Kür və Araz çaylarının məcrasından çıxaraq daşması, uzunmüddətli və intensiv yağan yağışlar Aran bölgəsində, o cümlədən bu bölgənin mərkəzi sayılan Saatlı rayonunun Arazətrafı kəndlərin yaşayış məntəqələrində təhlükə mənbəyinə çevrilmişdir. Rayondakı vəziyyətlə bağlı ən son məlumatları rayon icra hakimiyyəti aparatı mətbuat xidmətindən almışıq:
- Araz çayı sahilboyu yaşayış məntəqələrində çox təhlükəli vəziyyət yaratmışdır. Rayonun Dəllər, Nərimankənd, Novruzlu, Hacıqasımlı, Kamallı, Bəylər, Qaralar, Qıraqlı və daha bir neçə kəndlərinin sel suları basması təhlükəsi yaranmışdır. Təbii fəlakətlərin törədə biləcəyi fəsadları aradan qaldırmaq üçün rayonda fövqəladə vəziyyət elan edilmiş, bütün idarə, müəssisə və təşkilatlar, yerli əhali səfərbər olunaraq təhlükə ocaqlarında fəlakətlə mübarizəyə cəlb edilmişlər.
Rayonun müxtəlif müəssisələrinin balansında olan 59 maşın-mexanizm və texnika, o cümlədən 7 ədəd "KA-302" markalı ekskavator, 22 ədəd yükünüözüboşaldan "KAMAZ" markalı avtomaşın, 16 ədəd hamarlayıcı buldozer, 5 ədəd "QAZ-53" markalı yükünüözüboşaldan maşın, "Belarus" markalı yığıcı və hamarlayıcı ekskavator təhlükə mənbələrinə səfərbər edilmişdir. 4317 işçi qüvvəsi son günlər fəlakət zonasında gecəli-gündüzlü çalışır. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları, su nasosları, Suvarma Sistemləri İdarəsinin 54 ədəd su nasosu çayətrafı yaşayış məntəqələrində və rayon mərkəzində sel sularının təmizlənməsində istifadə edilir.
Fəlakət zonasına gəlmiş canlı qüvvə və rayon ictimaiyyətinin köməkliyi ilə 73.000 ədəd kisələrə torpaq doldurularaq sel sularının qarşısının alınmasında istifadə edilmişdir. Qeyd etmək lazımdır ki, "Azərkörpü" ASC Saatlı rayonuna kömək məqsədilə buldozer, ekskavator, 30 min kisə və xeyli işçi qüvvəsi göndərmişdir. Təbii fəlakətlə mübarizədə Mil-Muğan Meşə Meliorasiya İdarəsinin kollektivi maşın və mexanizmləri, texnikası ilə daha böyük fəallıq göstərir. Hazırda bu idarənin 10-dan çox texnikası və 50-dən çox işçi qüvvəsi təbii fəlakətlə mübarizə aparır.
Rayona göndərilmiş canlı qüvvə və ictimaiyyət Kür və Arazın qovuşduğu ərazidə Saatlı rayonunun kəndləri ilə yanaşı qonşu Sabirabad rayonunun bir çox kəndlərinin də sel sularından xilas edilməsində köməkliklərini əsirgəmirlər. Sabirabad rayonunun sel suları altında qalmış 10 kəndindən 620 ailənin (2364 nəfər) Saatlı rayonuna köçürülməsində və yerləşdirilməsində rayon ictimaiyyəti qonşularının da köməyinə çatmağı unutmamışdır.
Etiraf edək ki, Saatlı rayonunun bir sıra kəndləri təhülkə qarşısındadır. Əslində, təbii fəlakət rayonumuzda daha böyük fəsadlar törədə bilərdi. Möhtərəm Prezidentimizin Şirvan şəhərində müvəqqəti məskunlaşmış sakinlərlə görüşü və keçirdiyi səyyar müşavirədən sonra insanlarda böyük ruh yüksəkliyi yarandı. Vaxtında qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, yerli əhalinin təşəbbüskarlığı və fəallığı, rəhbərliklə ictimaiyyətin monolit birliyi daha böyük fəsadların baş verməsinin qarşısını almışdır və almaqdadır.
Sonda mətbuat xidmətinin rəhbəri bildirmişdir ki, bütün bu çətinliklərə - təbii fəlakətin törətdiyi fəsadlara baxmayaraq, rayon rəhbərliyi və yerli sakinlər sayıqlıqlarını itirməmişlər. Nəzərdə tutulmuş bütün tədbirlər həyata keçirilmiş, iş və yaşayış ahəngi pozulmamışdır.
Saatlı rayonunda Sarısu gölünün bəndi yararaq rayonun bir çox kəndləri üçün təhlükə yaratması barədə mətbuat xidmətinin son məlumatında deyilir: "Saatlı, Sabirabad və İmişli kəndlərinin birləşməsində yerləşən Sarısu gölü Sabirabad rayonu ərazisindən Kür çayının bəndlərini basaraq hövzəyə axmasının təzyiqinə dözməyərək Baş Mil-Muğan kollektoru istiqamətindən bəndi dağıtmışdır. Nəticədə, rayonun Dəllər, Musalı, Nərimankənd kəndlərini və o cümlədən 100 evlik qaçqın şəhərciyini, bir qədər aralıda yerləşən Hacıqasımlı, Kamallı, Naharlı və Məzrəli kəndlərini təhlükə altında qoymuşdur.
Hazırda Surısu gölünün bəndi yarıb axan suları gölün ətrafındakı sahələri, həmçinin otlaq və əkin sahələrini basmaqdadır. Gölün dağılmış bəndi ərazisində rayonun əksər kəndlərindən köməyə gəlmiş insanlar, Fövqəladə Hallar Nazirliyinin və Daxili Qoşunların əsgərləri, rayonun idarə, müəssisə və təşkilatlarının maşın və mexanizmləri təhlükə ocağında gecəli-gündüzlü çalışırlar. Sel suları Dəllər, Nərimankənd və Musalı kəndlərinə və qaçqın şəhərciyinə çatsa da, hələlik heç bir tələfat vurmamışdır. Üç kəndin və qaçqın şəhərciyinin sakinləri evakuasiya edilmiş və rayon mərkəzində yerləşdirilmişdir.
Vəziyyət gərgin olsa da, sel suları ilə çox ciddi mübarizə aparılır. Təəssüfləndirici haldır ki, bəzi qüvvələr təbii fəlakəti siyasiləşdirməyə, mənbəyi olmayan məlumatlarla insanları qorxutmağa çalışaraq bəzi telekanallarda və qəzetlərdə həqiqətə uyğun olmayan materiallar yayırlar. Hələ üç gün bundan qabaq rayonun 7 kəndinin və qaçqın şəhərciyinin sel suları altında qalması barədə telekanallarda və qəzetlərdə yayılan məlumatların heç bir əsası yoxdur. Saatlı rayonunun həmin kəndləri və qaçqın şəhərciyi, həqiqətən, təhlükə qarşısındadır. Lakin dövlət səviyyəsində, ictimaiyyətin köməyi ilə aparılan mübarizə sel sularının qarşısının alınacağı barədə rayon əhalisində nikbin əhval-ruhiyyə yaradıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şirvan şəhərində əlaqədar qurumların rəhbərliyi ilə apardığı müşavirədən sonra sel suları ilə mübarizədə daha böyük canlanma yaranıb. Əminik ki, ölkə başçısının tapşırıq və göstərişlərindən sonra Saatlı rayonunda fəsadların və təhlükənin qarşısı alınacaq, rayonumuz bu böyük fəlakətdən qurtaracaqdır.
Seyid Rza Kərimov, Saatlı rayonu Hacıqasımlı kənd ağsaqqalı:
- Mən həyatım boyu belə bir daşqın görməmişdim. Dövlət başçımızın tapşırığından sonra təbii fəlakətin qarşısının mütəşəkkilliklə alınması insanlarda gələcəyə böyük ümid yaradıb. İnanırıq ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla aparılan siyasi kurs xalqı bu fəlakətdən də xilas edəcək.
Həsən Zülfüqarov, Saatlı rayon Novruzlu kənd ağsaqqalı:
- Söz yox ki, Araz çayı bizim kəndimiz üçün çox ağır vəziyyət yaradıb. Dövlət tərəfindən göndərilmiş qüvvələr təbii fəlakətin qarşısını çətinliklə də olsa, alır. Hələlik heç bir itki yoxdur. Biz möhtərəm Prezidentimizə güvənirik. İnanırıq ki, heç bir tələfat olmadan bu bəladan xilas olacağıq. Dövlət tərəfindən göndərilən qüvvə yerli əhali ilə birlikdə sel sularının qarşısının alınmasında böyük fədakarlıq göstərirlər.

{nl}

Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında