Müsahibimiz Milli Məclisin deputatı, politoloq Sahib Alıyevdir.
- Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi hər kəsdə böyük sevinc hissləri doğurdu. Bu sevincli xəbər sizdə hansı təəssüratları yaratdı?
- Bu xəbəri eşidəndə, ilk olaraq, ulu öndər Heydər Əliyevin 1990-cı illərin əvvəllərində digər dövlətlərə yanaşma barədə söylədiyi "Biz düşmənləri neytrallaşdırmalı, neytralları dosta çevirməliyik" - sözlərini xatırladım. Demək, bu strategiya uğurla reallaşdırılır. Və bir daha əmin oldum ki, cənab Prezident heç vaxt arxasında real faktlar dayanmayan sözlər söyləmir. Yəqin siz də bir neçə dəfə Prezident İlham Əliyevin çıxışlarında "Ölkəmizin beynəlxalq nüfuzu getdikcə artır, bizimlə çoxları hesablaşır, Azərbaycanın istəyi olmadan bu regionda heç bir layihə reallaşa bilməz" kimi fikirləri eşitmisiniz və görürük ki, bu, gəlişi gözəl sözlər deyil.
Düz 155 dövlət bizim BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyümüzü dəstəklədi. Onu da deyək ki, Asiyanın ən böyük dövlətlərindən biri olan, nüvə ölkəsi Pakistan qarışıq (129 səs) BMT Təhlükəsizlik Şurasının yeni üzvlərindən heç biri bizim qədər dəstək qazana bilmədi. Bizim bu uğurumuzun nə demək olduğunu anlamaq üçün məncə, uzun illər müstəmləkəsi kimi yaşadığımız bir dövlətin - Rusiyanın Xarici İşlər Nazirliyinin bəyanatına baxmaq yetər. Rusiya Xarici İşlər Nazirliyinin bizim BMT Təhlükəsizlik Şurasına üzv olmağımızla bağlı bəyanatında bildirilir ki, bu, Azərbaycanın yüksək beynəlxalq nüfuzunun və apardığı fəal xarici siyasətin göstəricisidir.
Burada bir məsələni də qeyd etmək istəyirəm. Bilirsiniz ki, indi geosiyasi flkutasiyalar bifurkasiya nöqtəsinə gəlib çıxmaq üzrədir. Yəni biz qlobal keçid mərhələsindəyik. Dünyanın geosiyasi mənzərəsi dəyişir. Və belə bir məqamda BMT Təhlükəsizlik Şurasının üzvü olmaq təkcə uğur deyil, həm də dövlətdən məsuliyyət tələb edir. Prinsipial məsələlərlə bağlı səsvermə zamanı ancaq sözün əsl mənasında müstəqil dövlətlər öz simalarını qoruyub saxlaya bilərlər. Özünün müstəqil siyasət yeridəcəyinə, öz milli maraqlarından çıxış edə biləcəyinə əmin olmayan dövlətin BMT Təhlükəsizlik Şurasına üzv olmağındansa, olmamağı yaxşıdır. Məsələyə bu prizmadan yanaşdıqda qeyd etməliyik ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv olmaqla təkcə prestijli deyil, həm də cəsarətli bir addım atıb. Bu addım qazanılan dövlətçilik təcrübəsinə, ölkənin iqtisadi potensialına və onun başçısının möhkəm siyasi iradəsinə dayanılaraq atılan bir addımdır.
- Sizcə, belə bir uğurun əldə edilməsi əvvəlcədən proqnozlaşdırılan idimi? Bu sualı ona görə verirəm ki, Şərqi Avropadan Azərbaycan ilə yanaşı BMT Təhlükəsizlik Şurasına namizədliyini irəli sürən hər iki dövlət, həm Macarıstan, həm də Sloveniya NATO və Avropa İttifaqı kimi nəhəng qurumların üzvləridir.
- Açığı yüz faiz əminliklə heç kim deyə bilməzdi ki, Azərbaycanın bu istəyi baş tutacaq. Amma bizim bu məsələdə uğur əldə edəcəyimizin mümkünlüyü proqnozlaşdırılan idi. Birincisi, ona görə ki, rəsmi Bakı artıq çoxdan bu yöndə hazırlıqlar görürdü. Yəqin xatırlayırsınız, cənab Prezident ayrı-ayrı zirvə görüşlərində, beynəlxalq tədbirlərdə, iş rejimi nə qədər ağır olsa belə, dünya siyasətində elə də önəmli rol oynamayan dövlətərin başçıları ilə də vaxt tapıb görüşürdü. Və o zaman özlərini siyasətçi adlandıran bəziləri buna irad da tuturdular ki, hər hansı üçüncü dərəcəli bir dövlətin başçısı ilə görüşüb danışıqlar aparmaqda məqsəd nədir, bununla Azərbaycan hansı problemini həll edəcək? Yəqin indi analayırlar, bəli, anlayırlar ki, böyüklüyündən-kiçikliyindən asılı olmayaraq hər bir BMT üzvünün bir səsi var və həlledici məqamlarda həmin dövlətin səsi ondan dəfələrlə böyük və güclü olandan heç də az əhəmiyyətli rol oynamır. İkincisi, əgər xatırlayırsınızsa, 2008-ci ilin martında Azərbaycan işğal altındakı torpaqlarda vəziyyət barədə məsələni BMT Baş Assambleyasının gündəliyinə çıxarmaq istəyir və Minsk Qrupuna həmsədrlik edən hər üç dövlət ABŞ, Rusiya və Fransa bunun əleyhinə çıxırdılar. Bu cür nüfuzlu dövlətlərin etirazlarına baxmayaraq, o zaman Azərbaycan öz istəyini reallaşdıra bildi. Səsvermədə 39 dövlət qətnaməni dəstəklədi və ancaq 7 ölkə bunun əleyhinə çıxdı. Bu təcrübə də onu göstərirdi ki, Sloveniya və Macarıstanın arxasında kimlərin, hansı qurumların dayanmasından asılı olmayaraq biz onlardan daha çox səs toplaya bilərik və topladıq da.
İnamla deyə bilərəm ki, Azərbaycanın bu qurumda təmsil olunmağa, ona üzv olmuş, olan və olacaq bir çox dövlətlərdən daha çox mənəvi haqqı çatır. Çünki BMT Təhlükəsizlik Şurasının daimi üzvləri də daxil olmaqla bir sıra dövlətləri misal gətirmək olar ki, onlar hər hansı bir problemin həllinə yanaşmada, məsələn, Kosovonun müstəqilliyini götürək, ya ikili standartlara yol verir, ya da böyük dövlətlərin diqtəsi altında çıxış edirlər. Amma Azərbaycan haqqında bunu demək olmaz. Azərbaycan bu qəbildən olan məsələlərdə beynəlxalq normaları və təbii ki, milli maraqlarını əsas götürür. Daha Ermənistan kimi gah nala, gah mıxa vurmur. Yəqin xatırlayırsınız, ermənilər Kosovonun müstəqilliyini toy-bayram kimi qarşılayaraq bunun Dağlıq Qarabağ separatçı rejiminin tanınmasına da yol açacağından dəm vururdular. Amma baxın, aradan nə qədər vaxt keçib, rəsmi İrəvan Rusiyanın qorxusundan Kosovonun müstəqilliyini tanıdığını hələ də bəyan edə bilmir. Və yaxud da bəzi böyük dövlətlər Kosovonun müstəqilliyinə yanaşmada bir, Abxaziyanınkına yanaşmada isə başqa cür mövqe ortaya qoyurlar. Bax bu cür faktları nəzərə alaraq BMT Təhlükəsizlik Şurasına üzvlük məsələmizə təkcə dövlətimizin nüfuzu və diplomatik çəkisi prizmasından deyil, həm də mənəvi nöqteyi-nəzərdən baxdıqda bir azərbaycanlı kimi qürur duyursan. Çünki bizim alnımız hər kəsin qarşısında açıqdır. Bizim BMT Təhlükəsizlik Şurasının üzvlüyünə təkcə potensialımız yox, haqqımız da çatır.
- Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyünün Ermənistanı necə qıcıqlandırdığını biz həmin ölkənin mediasında gedən yazılardan aydın görürük. Ermənilər nədən bu qədər narahatdırlar?
- Ermənilərin narahatçılıqları təkcə xislətlərindəki gözügötürməzlikdən irəli gəlmir. Onlar gözəl anlayırlar ki, ölkəmiz BMT Təhlükəsizlik Şurasına təkcə bu qurum çox prestijli olduğu üçün üzv seçilməyib. Bu üzvlük Azərbaycana imkan verir ki, Dağlıq Qarabağ problemini BMT çərçivəsində yenidən ön plana çıxara bilsin. Və yenə də təkrarlayıram ki, 2008-ci il martın 14-də qəbul edilən qətnamə onu göstərdi ki, bu məsələ gündəmə gətiriləcəyi halda ermənilər yenə də uduzacaqlar.
Burada bir məsələni də sizin diqqətinizə çatdırmaq istəyirəm. Bilirsiniz ki, Minsk qrupuna həmsədrlik edənlər, eyni zamanda, bir çox digər dövlətlər də Dağlıq Qarabağ münaqişəsinin ancaq sülh yolu ilə həllinin mümkün olduğunu bildirirlər. Açığı bir azərbaycanlı kimi, Azərbaycan parlamentinin Qarabağdan seçilmiş üzvü olaraq bu məni qıcıqlandırır. Bilmirəm, həmin dövlətlərin səsləndirdikləri bu fikirlər istəkdi, yoxsa təhdid. Əgər istəkdirsə, onda elə həmin həmsədr ölkələrdən soruşula bilər ki, nədən az qala 20 ilə yaxındır bu problemi həll etmirlər. Buna nə maneçilik törədir, həmin həmsədr ölkələrdən son dərəcə asılı olan Ermənistanın mövqeyimi? Axı hər kəs, elə onlar özləri də gözəl bilirlər ki, əgər beynəlxalq hüquq normalarından çıxış edərək, Ermənistandan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirməsini tələb etsələr, bu münaqişə öz həllini tapar. Orası da var ki, Dağlıq Qarabağ məsələsi erməni cəmiyyəti üçün artıq 90-cı illərdəki qədər aktual deyil. Aparılan ən müxtəlif sorğular da onu göstərir ki, indi erməniləri ən çox düşündürən sosial-məişət problemləridir. Yəni Qarabağ məsələsi Ermənistan cəmiyyəti üçün öz aktuallığına görə 4-5-ci yerdə dayanır.
Nə isə, mətləbdən uzaq düşməyək. Bayaqkı suala qayıdaq. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzvlüyü imkan verir ki, Dağlıq Qarabağ məsələsi bu yüksək tribunada bir daha qaldırılsın. Bunun ardınca isə Azərbaycan Minsk qrupu həmsədrləri də daxil olmaqla BMT üzvləri qarşısında Ermənistana yanaşmada bu qurumun Nizamnaməsinin 6-cı və 51-ci bəndlərinə əməl olunmasının zəruriliyini qaldıra bilər. Xatırladım ki, BMT Nizamnaməsinin 6-cı maddəsində bu nizamnamənin prinsiplərini ardıcıl olaraq pozan ölkənin həmin qurumun üzvlüyündən çıxarılması məsələsi yer alıb. 51-ci maddədə isə bildirilir ki, BMT üzvü olan ölkə öz torpaqlarını işğaldan azad etmək üçün güc tətbiq edə bilər. Təbii ki, ermənilər bundan xəbərdardırlar. Və ondan da xəbərdardılar ki, get-gedə beynəlxalq konyuktura onların arzulamadıqları bir yöndə dəyişir , bəlkə də dəyişdirilir - desək, bu, daha doğru olardı. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü, Avroviziya yarışmasında qələbə çalmağımız və bu yarışmanın 2012-ci ildə Bakıda keçirilməsi, eyni zamanda Bakının Qafqazda ən müxtəlif beynəlxalq tədbirlərin düzənləndiyi bir mərkəzə çevrilməsi, BMT Baş Assambleyası, Avropa Şurası, Avropa Parlamenti kimi qurumlarda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilən qətnamələr bunun əlamətlərindəndir.
{nl}
Söhbəti qələmə aldı: Rauf ƏLİYEV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.