Aleksey Ostrovski: "Azərbaycanın BMT-dəki yeni statusu Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir edəcək"

Rusiya Dövlət Dumasının üzvləri Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzvlüyünü yüksək dəyərləndirmişlər
"BMT-nin Azərbaycana göstərdiyi etimad ilk növbədə Azərbaycanın son illər qazandığı uğurlara beynəlxalq təşkilat tərəfindən verilən dəyərdir". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu fikirləri Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə komitəsinin sədri, deputat Aleksey Ostrovski demişdir.
Onun sözlərinə görə, bu uğur Azərbaycanın nüfuzlu təşkilatda statusunun dəyişməsinə səbəb olmuşdur: "Hesab edirəm ki, İlham Əliyev Heydər Əliyevin xarici siyasət kursunu layiqli davam etdirir. Azərbaycanın, İlham Əliyevin müstəqil mövqeyinə şəxsən rəğbət bəsləyirəm. O, Qərbin, dəqiq desək, iqtisadi tərəfdarlarının mövqeyinə əsaslanan yox, Azərbaycan xalqının maraqlarını diktə edən siyasət yürüdür. BMT-dəki yeni status Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə xidmət edəcək".
Komitə sədri Rusiya və Azərbaycanın strateji əməkdaşlığa malik dövlətlər olduğunu söyləmişdir: "Bu, həm prezidentlərin şəxsi münasibətlərində, həm də hər iki dövlətin bütün instansiyalarında müşahidə edilir. Biz regionun dövlətlərini dost və düşmən dövlətlərə bölmürük... Münaqişənin sülh yolu ilə həllini istəyirik. Hesab edirəm ki, Azərbaycanın BMT-dəki yeni statusu Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir edəcək".
Rusiya Dövlət Dumasının Kommunist Partiyasından olan deputatı Anatoli Lokot isə bildirib ki, ölkəsinin Azərbaycanın BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvlüyünə namizədliyini dəstəkləməsi olduqca vacib siyasi addımdır: "Bu, Rusiyanın xoş məramının göstəricisidir. İnanıram ki, Azərbaycanda bu dost dəstəyini yaxşı qiymətləndirəcəklər. Rusiya Azərbaycan üçün strateji dövlətdir. Bizi bağlayan tellər çoxdur. Unutmayaq ki, Azərbaycanda çoxlu sayda rus və rusdilli əhali yaşayır. Cənubi Qafqazla münasibətlərin Rusiya üçün olduqca böyük əhəmiyyəti var. Bir sıra Qərb dövlətləri bizim münasibətlərə maneə olmaq istəsə də, onların cəhdləri uğursuzluğa düçar olur".
"Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına müvəqqəti üzv seçilməsini Azərbaycanda müşahidə edilən müsbət dəyişikliklərə dünya ictimaiyyətinin və Rusiyanın verdiyi qiymət kimi dəyərləndirirəm". Bu fikirlər isə Dövlət Dumasının təhlükəsizlik komitəsinin sədr müavini, "Vahid Rusiya" (Edinaya Rossiya) partiyasından olan deputat Vladimir Kolesnikova məxsusdur.
Onun sözlərinə görə, bu, Azərbaycan cəmiyyətindəki demokratikləşmə prosesinə, cəmiyyət və insan təhlükəsizliyinin səviyyəsinə verilən qiymətdir: "Əvvəla, Azərbaycanda dəfələrlə olan insan kimi deyə bilərəm ki, bu ölkədən ancaq xoş təəssüratlarla ayrılmaq olar. Arzu edirəm ki, əldə edilən uğurlar Azərbaycanı daha da inkişaf etdirsin".
Vladimir Kolesnikov Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətin zəfər çalacağını söyləyib: "Arzu edirəm ki, bu münaqişənin həllində qanun qələbə qazansın, yəni, həll prosesində qanuna istinad edilsin".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında