Türk dünyasının media nümayəndələri əməkdaşlığı daha da gücləndirəcək

Türkdilli ölkə və toplumların İkinci Media Forumundan təəssüratlar

{nl}

Ortaq zəngin mədəni irsə və soykökə malik türk xalqları arasında müxtəlif sahələrdə əlaqələr yenidən qurulur, münasibətlər doğmalaşır. Xalqların sanki öz keçmişinə, mədəni irsinə qayıdışı baş verir. Bu işdə ulu bir çinarın ayrılmaz budaqları sayılan türk xalqlarının media nümayəndələrinin üzərinə böyük və məsuliyyətli missiya düşür.
Bu günlərdə Bakıda keçirilən Türkdilli ölkələrin və toplumların İkinci Media Forumunda türk xalqlarının mediasının keçdiyi yol, müasir medianın üzləşdiyi problemlər və türk dünyası mediasının qlobal informasiya məkanına inteqrasiyası, türkdilli ölkə və toplumlarda sosial medianın inkişaf meylləri və gələcəkdə ümumi fəaliyyət strategiyası, birgə əməkdaşlıq, perspektiv addımlarla bağlı məsələlər müzakirə mövzusu oldu. Ortaq elektron resursların, televiziya kanalların yaradılması kimi ideyalar səsləndirildi.
Azərbaycan Prezidenti İlham Əliyevin forum iştirakçılarına ünvanladığı məktubda deyildiyi kimi "...Türkdilli ölkələrin və toplumların kütləvi informasiya vasitələri dövlətlərimizin və xalqlarımızın bir-biri ilə daha da yaxınlaşmasına, ortaq mədəni-mənəvi dəyərlərin təbliğinə, habelə müasir inkişafın müxtəlif aspektləri barədə dünyada çevik və dolğun məlumatların yayılması işinə böyük töhfələr verə bilərlər." Bu baxımdan Forumda iştirak edən və ölkələrində informasiya cəmiyyətinə xidmət edən jurnalistlərin fikir və təklifləri önəmlidir. Bakının qonağı olan və söhbətləşdiyim forum iştirakçıları qoyulan aktual məsələlərlə bağlı öz təəssüratlarını "Xalq qəzeti"i ilə bölüşdülər.
Fatma Dəmirəl, Şimali Kipr Türk Cümhuriyyəti informasiya dairəsi müdiri:
- Bu, mənim Bakıya ilk səfərimdir. Buna baxmayaraq, burda özümü vətənimdəki kimi hiss edirəm. Forumdaki çıxışımı tədbirə bir gün qalmış hazırladım. Ancaq heç həyəcanlanmadım. Burda iştirakçıları öz vətəndaşlarım hesab edirəm. Şimali Kipr Türk Cümhuritəyyində mətbuatın, medianın rolu böyükdür. İnternet vasitəsilə xəbərləri operativ olaraq, ötürə bilirik. Odur ki, əlaqə yaratmaq, istənilən nöqtədən ünsiyyət qurmaqda çətinliyimiz yoxdur. "Kipr" xəbər agentliyi uğurla fəaliyyət göstərir. On üç qəzet gündəlik olaraq nəşr edilir. Mətbuat nümayəndələri dörd cəmiyyətdə birləşiblər. "Bayraq" Radio-Televiziya qurumu isə peyk vasitəsilə yayımlanır. Türkdilli ölkə və toplumların İkinci Media Forumunda çox önəmli məsələlər müzakirə edildi. Qəbul edilən media platforması da türk dünyası mediasının inkişafı və birgə əməkdaşlığı baxımından çox əhəmiyyətlidir və bunun böyük gələcəyi olacağına inanıram.
Artıq elə bir dövrdə yaşayırıq ki, heç bir xalqı, dövləti və toplumu məhdudlaşdırmaq, informasiya məkanından təcrid etmək mümkün deyil. Bir xalqın iqtisadiyyatının, təhsilinin inkişafına mane olmaq mümkündür, ancaq onun kommunikasiya imkanlarına mane olmaq qeyri-mümkündür. Dünyada gedən proseslər göstərir ki, insanlar internet və medianın imkanlarından istifadə edərək təşkilatlanır, öz hüquqlarını sərbəst şəkildə tələb edə bilirlər. Bu baxımdan türkdilli ölkələrin media təmsilçilərinin bir araya gəlməsi bəlkə də bir qədər gecikib. Türk xalqlarının bu qədər çox ortaq dəyərləri, nöqtələri olduğunu təsəvvür etməzdim. Buna səbəb odur ki, əksər qardaş xalqlar oxşar tarixi dövrü, mərhələni yaşayıb. Ona görə də bir-birimizi daha yaxşı anlayır, fikirlərinə dəstək oluruq. Azərbaycanı çox sevirik, onun hər bir uğurlu addımını sevinclə qarşılayırıq. Bu yaxınlarda ölkənizin BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi də bizi ürəkdən sevindirdi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bir çox soydaşlarımızın qaçqın düşməsi, baş verən kütləvi qətliamlar ürəyimizi ağrıdır, bu olaylar həm də bizə tanışdır. Çünki vaxtilə biz də Kiprdə, Kosovoda bu cür oxşar faciələrlə üzləşmişik. Ancaq bütün bu çətinliklərə baxmayaraq, Azərbaycanın müstəqillik əldə etməsindən sonra getdikcə inkişaf etməsini təqdir edir, bəyənirəm. Azərbaycanın zəngin musiqisi var, forumdan bir gün öncə qonaqlar üçün təşkil edilən konsertdə bunun bir daha şahidi oldum.
Forumda ortaq internet xəbər saytının yaradılması təşəbbüsü oldu. Əgər bu ideya reallaşarsa, türk dünyasında baş verən olayların bir mərkəzdə cəmləşməsində müsbət addım olar. Gündəlik olaraq obyektiv və operativ informasiyaların ötürüləcəyi təqdirdə uğur əldə edəcəyimizə inanıram. Bakıdan çox gözəl təəssüratlarla ayrılıram.
Ersan Sarıkahya, "Türkman eli" kanalının təmsilçisi:
- Mən bu forumda Kərkük mediasını təmsil edirəm. Kərkükdə "Türkmən eli" qəzeti çıxsa da, geniş coğrafiyanı əhatə etmir. İstərdik ki, mətbu orqanların, nəşrlərin sayı daha çox olsun. Azərbaycanın biz Kərkük türkləri üçün yeri və əhəmiyyəti böyükdür. Biz bu ölkəni ana vətənimiz, Türkiyəni isə ata vətən hesab edirik. İstəyirik ki, dünyanın hər yerindən bizim səsimizə səs versinlər, Kərkükdə yaşayan soydaşlarımızın problem və qayğıları, həyat tərzləri ilə maraqlansınlar. Sözsüz ki, bu sahədə bizə yaxın olan ölkələrin medialarından çox şey umuruq. Bu yaxınlarda Kərkük qadınları üçün açılışı olmuş bina partlayış nəticəsində yerlə bir edildi. Təəssüf ki, bu mediada işıqlandırılmadı. Bu baxımdan türk dünyasının müxtəlif bölgələrində baş verən olaylardan operativ və dəqiq xəbər tutmaq üçün xalqlarımızın mediaları arasında güclü əməkdaşlığa ehtiyac var. Ona görə də bu cür beynəlxalq tədbir və forumları yüksək qiymətləndirirəm. Azərbaycanın İctimai televiziya və Türkiyənin TRT kanalları ilə əməkdaşlıq protokolumuz var. Bu əlaqələri daha da inkişaf etdirmək istəyirik. Azərbaycan mediasının zəngin təcrübəsi var. Ancaq biz 2003-cü ildən bu yana daha yeni media sahəsində addımlar atırıq. Peyk vasitəsilə yeganə bir kanal "Türkman eli" kanalı yayımlanır. Kərkük xəbər agentliyi fəaliyyət göstərir. Sevindirici haldır ki, artıq Kərkük uşaqları türkcə məktəbə gedir, doğma dildə təhsil alırlar. İraq Konstitusiyasına əsasən türkcə məktəblərin açılmasına qanuni olaraq nail olmuşuq. Bu o deməkdir ki, yeni nəsil latın qrafikalı əlifbayla, türkcə təhsilə yiyələnəcək. Bu bizləri sevindirir. Türk dünyası mediasının birgə əməkdaşlığı baxımından bir çox fikirlərimiz var. Sistemli şəkildə görüntü və yazılı xəbərlər mübadilə edilərsə, maraqlı olar.
Anar Teleuxankızı, "Egemen Kazakstan" qəzetinin təmsilçisi:
- Düşünürəm ki, bu cür mütəmadi görüşlərin keçirilməsi, jurnalistlərin bir araya gəlməsi bizə çox faydalı olacaq. Biz bir kökdən olan xalqlarıq, ona görə də tərcüməsiz də bir-birimizi anlaya bilərik. Bizim informasiya və fikir mübadiləsinə ehtiyacımız var. Belə ki, digər türkdilli ölkələrdə və toplumların yaşadığı regionlarda baş verən hadisələr haqqında xəbərimiz az olur. Biz türk dünyasında baş verənlərə qlobal informasiya məkanında daha çox nüfuz sahibi BBC, CNN və digər media qurumların tədqim etdiyi prizmadan baxmalı oluruq. Hələ ki, bizim ortaq informasiya agentliyimiz yoxdur. Düzdür, Qazaxıstanın Azərbaycanda media nümayəndələri var. Ancaq bu bizim üçün informasiya mübadiləsində kifayət etmir. Məncə, bütün bu işləri təşkil edəcək ortaq vahid bir mərkəzə ehtiyac var. Bu cür qurumun fəaliyyəti müsbət nəticələr əldə etməyə kömək edə bilər.
Nataliya Xarlampyeva, "Saxa Sire" qəzetinin baş redaktoru:
- Çox şadıq ki, bu foruma dəvət almışıq. Bizim böyük tariximiz, qədim soykökümüz var. Qloballaşma şəraitində adət-ənənələrin, mədəniyyətin qorunub saxlanılması və təbliğində medianın üzərinə çox iş düşür. Bu baxımdan forumda müzakirəni yüksək qiymətləndiririk.
Çokuur Gavriliyev, "Saxa" Milli teleyayım kanalının əməkdaşı:
- İşlədiyim televiziya kanalı, demək olar ki, 50%-nin verilişləri yakut dilində yayımlanır. "Saxa Sire", "Kıım" qəzetləri də ana dilində yayımlanır. Coğrafi baxımdan Yakutiya bir qədər şərqdə yerləşir. Odur ki, digər türk ölkələrindən uzaqdayıq. Türk dünyasında baş verənləri demək olar ki, çox az işıqlandırırıq. Bu gün dünya bir informasiya axınına qərq olub. Kim informasiyaya nəzarət edirsə, dünya onun əlindədir. Ona görə də türk xalqlarının media rəhbərlikləri əlaqələri gücləndirməli, mənəvi dəstək olmalıdırlar. Ortaq ünsiyyət vasitəsindən söhbət açıldı. Şərqdə yaşayan türk xalqlarının dilləri bir qədər fərqlidir. İstərdim, gələcəkdə birgə fəaliyyətdə bu nəzərə alınsın. Mən Türkiyədə təhsil aldığıma görə türkcə danışır, azərbaycanlı həmkarlarımla ünsiyyət qura bilirəm. Bu, məni sevindirir.

{nl}

Söhbətləşdi: Əfsanə BAYRAMQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında