Azərbaycan diplomatiyasının böyük uğuru

Müsahibimiz Milli Məclisin deputatı, politoloq Rasim Musabəyovdur.
- Rasim müəllim, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ölkəmizdə böyük əks-səda doğurdu. Aparıcı dövlətlərin liderləri, tanınmış ekspertlər bu hadisəni ümumilikdə ölkəmizin tarixində ən böyük uğur kimi qiymətləndirdilər. Onlar belə hesab edirlər ki, müstəqlliyinin cəmi 20 yaşı olan Azərbaycan dünyanın təhlükəsizlik sistemində iştirak edən 15 dövlətdən biri olmaqla, beynəlxalq aləmdə böyük nüfuz qazandığını təsdiqlədi. Bu mənada sizin fikirləriniz də oxucularımız üçün maraqlı olardı.
- Mən də belə hesab edirəm ki, Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi 20 illik müstəqillik dövründə diplomatiyamızın qazandığı ən böyük uğurlardandır. Azərbaycan xalqının sevinc hisslərini bəlkə də ən yaxşı şəkildə Prezident İlham Əliyev ifadə etmişdir. Prezident diplomatiyamızın möhtəşəm qələbəsi münasibəti ilə verdiyi bəyanatda demişdir: " Ölkəmizin həyatında çox əlamətdar və tarixi hadisə baş vermişdir. BMT Təhlükəsizlik Şurasına seçkilərdə Azərbaycan bu mötəbər təşkilatın üzvü seçilmişdir. Bu böyük qələbə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu, həqiqətən də böyük qələbədir. BMT Təhlükəsizlik Şurası dünyanın ən mötəbər qurumudur və Azərbaycan müstəqil dövlət kimi artıq bu qurumun üzvüdür".
Fərəhləndirici haldır ki, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmək üçün ölkəmiz çox gərgin bir mübarizəni, mən deyərdim ki, ölkələrin dünyadakı nüfuz mübarizəsi mərhələsini uğurla sona çatdırdı. Bu barədə kütləvi informasiya vasitələrində ətraflı məlumatlar yayılsa da, mən bu prosesi bir daha yada salmaq istərdim. Çünki məhz həmin səsvermə, dünya ölkələrinin seçim prosesi çox şeyi ifadə edir. Belə ki, səsvermənin gedişində biz 116 səs topladıq, sona qalan digər namizəd - Sloveniya isə cəmi 77 səs ala bildi. Bu məqamda xatırlatmaq istərdim ki, Sloveniya həm Avropa Birliyinin, həm də NATO-nun üzvüdür. Buna rəğmən, yəni həm Avropa ölkələrinin, xüsusən Fransanın dəstəyinə baxmayaraq hər dəfə səsvermə keçiriləndə Sloveniya daha az səs aldığı üçün Azərbaycan ilə sonadək rəqabət aparmaqdan imtina etdi. Ölkənin xarici işlər naziri Samuel Zboqar bəyan etdi ki, indiyədək keçirilən səsvermədə ölkələr öz mövqeyini ortaya qoydu və hansı dövlətin daha çox dəstək aldığı aydın oldu. Ona görə də Sloveniya BMT Təhlükəsizlik Şurasına namizədliyini geri götürür. Məlumdur ki, sonuncu səsvermədə Azərbaycan daha bir uğura imza ataraq, ona dəstək verən ölkələrin sayını daha da artırdı, 155 səs topladı, 24 dövlət bitərəf qaldı, 13-ü isə əvvəlki kimi, yenə öz namizədliyini geri götürən Sloveniyaya səs verdi.
Bu, bizim çox böyük qələbəmiz, parlaq uğurumuzdur. Yəni demək istədiyim odur ki, burada təkcə nəticə deyil, BMT Baş Assambleyasında gedən mübarizənin özü də bizim üçün çox müsbət məqamlarla yadda qaldı. İlk səsvermə zamanı bəziləri hesab edirdilər ki, namizədlər arasında daha çox şansı olan ölkələr Macarıstan ilə Sloveniyadır. Hətta antiazərbaycan əhval-ruhiyyəli bəzi ekspertlər belə bir fikir səsləndirirdilər ki, guya Azərbaycan ən çoxu 25 ölkənin səsini ala bilər. Elə səsvermənin birinci mərhələsində məlum oldu ki, onların "öncəgörmələri" bizim ölkəmizə deyil, digərlərinə aid imiş.
Hesab edirəm ki, səsvermənin nəticələrinə Azərbaycanın uğurla apardığı daxili və xarici siyasəti və diplomatik fəallığı əsaslı təsir göstərdi. Məlumdur ki, bizim ölkəmiz iqtisadi cəhətdən sürətlə inkişaf edir. Bir çox aparıcı dövlətlər, nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın Cənubi Qafqazın lider ölkəsi olduğunu çəkinmədən bəyan edirlər. Ölkəmiz bir neçə dünya əhəmiyyətli möhtəşəm layihə həyata keçirib. Bu da reallıqdır ki, hazırda Azərbaycanın iştirakı olmadan Cənubi Qafqazda heç bir layihə reallaşdırıla bilməz. Ölkəmiz sülh, sabitlik, əməkdaşlıq məkanı kimi artıq diqqətləri üzərinə çəkib.
Torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğala məruz qalmasına baxmayaraq, Azərbaycan hətta bu məsələnin də sülh yolu ilə həllinə çalışır. Mübaliğəsiz deyə bilərəm ki, tolerantlıq, dini, milli dözümlülük baxımından biz dünyaya nümunə ola bilərik. Biz dinlərarası, mədəniyyətlərarası dialoqa böyük töhfələr veririk, humanizm prinsiplərinin bütün dünyaya yayılmasına səy göstəririk. Bu məsələ ilə bağlı çox önəmli beynəlxalq tədbirlərə ev sahibliyi edirik. Son olaraq Bakı Humanitar Forumu bunun ən bariz nümunəsidir. Amma bəzi Qərb ölkələrinə nəzər yetirdikdə, görürük ki, burada ictimai rəy elə formalaşıb ki, keçirilən seçkilərdə cəmiyyətin, səsvermə hüququ olan insanların böyük əksəriyyəti radikal milliyətçilərə səs verirlər. Dini, milli dözümlülük isə hər gün daha da zəifləməkdədir. Yəni Azərbaycan həm də Qərb ölkələri üçün nümunədir. Təbii ki, bütün bunlar diqqətdən yayınmır və nəticə etibarilə hətta Macarıstanın və Sloveniyanın üzv olduğu nüfuzlu qurumlardakı ölkələr də Azərbaycanı dəstəklədilər. Azərbaycanı təkcə İslam Konfransı Təşkilatına üzv olan dövlətlər deyil, Ermənistan istisna olmaqla bütün MDB ölkələri və digərləri dəstəklədilər. Bunu da xüsusi vurğulamaq istərdim ki, Azərbaycan 15 MDB ölkəsi arasında Ukraynadan (2000-2001) sonra ikinci ölkədir ki, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilir.
- Məlumatlara görə, Ermənistan da bu iddiaya düşmüşdü...
- Bəli, Ermənistanın belə bir iddiası vardı. Lakin BMT-dəki real mənzərə ilə tanış olanda, onlar təşviş keçirdilər. Hər halda digər ölkələrin nümayəndələri ilə erməni diplomatlarının keçirdiyi görüşlərdə bir daha anlaşıldı ki, ermənilərin heç bir şansı yoxdur. Ermənistanda demokratiyadan, insan hüquqlarının qorunmasından danışmaq olmaz. Bu ölkə təcavüzkarlığı, pis əməlləri ilə ad çıxarıb. Ətrafdakı qonşularının hamısına qarşı torpaq iddiası irəli sürür. Azərbaycanın 20 faiz torpağı məhz Ermənistan tərəfindən işğal edilib. Ermənilər Gürcüstanın Cavaxetiya bölgəsinə iddialıdırlar. Qərbi Anadolunu, Cənubi Azərbaycanın böyük bir ərazisini öz torpaqları hesab edirlər.
Ermənistanın daxilində, hətta ABŞ-da və digər ölkələrdə erməni kriminal dəstələrinin, mafiyalarının mövcudluğu və onların rəsmi İrəvan ilə birbaşa əlaqədə olduğu heç kəsə sirr deyil. Xatırlayırsınızsa, kriminal erməni dəstələrinin bəzi üzvləri ABŞ-da həbs olunmuşdu. Ölkədə sosial-iqtisadi vəziyyət də acınacaqlı haldadır. Dözülməz durumdan bezən əhali xarici ölkələrə pənah aparır. Görün nə həddə çatıblar ki, onlar düşmən bildikləri Azərbaycana da sığınmaqdan çəkinmirlər. Bu yaxınlarda bir neçə erməni hərbçisinin və bir erməni ailəsinin bizim tərəfə keçdiyini yəqin ki, xatırlayırsınız. Bütün bunları dünya ictimaiyyəti də bilir. Bütün bunlardan sonra ermənilər nə üzlə BMT Təhlükəsizlik Şurası kimi ali orqana öz namizədliklərini verə bilərlər? Ermənistan namizədliyini irəli sürsəydi belə çox az sayda ölkənin dəstəyini ala və biabır ola bilərdi.
Ermənilərin məqsədi yalnız o idi ki, BMT Baş Məclisində Azərbaycanın əleyhinə təbliğat aparsınlar və bu yolla ölkəmizin Təhlükəsizlik Şurasına üzv seçilməsinin qarşısını alsınlar. Erməni diplomatları bu istiqamətdə çox səy göstərdilər. Onlar görüşdükləri hər bir dövlətin nümayəndəsini inandırmağa çalışırdılar ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsində tərəfdir və buna görə də adıçəkilən quruma seçilməsi doğru deyil. Ermənistan prezidenti Serj Sarkisyan da BMT tribunasından Azərbaycanın əleyhinə çıxış etdi. Lakin heç kəs nə erməni diplomatlarına, nə də Sarkisyana əhəmiyyət vermədi. Çünki, qeyd etdiyim kimi, hamı bilirdi ki, Azərbaycan misilsiz nailiyyətlərə imza atan, müasir, sürətlə inkişaf edən, beynəlxalq arenada etibarlı tərəfdaş kimi özünü təsdiq edən ölkədir. Bütün bunlar Azərbaycanın BMT TŞ-yə üzv seçilməsində həlledici amillər olmuşdur. Erməni lobbisinin, Ermənistanın Azərbaycana qarşı məkrli və düşmən siyasəti şəraitində 193 BMT üzvündən 155-i tərəfindən dəstəklənmək ölkəmizin beynəlxalq nüfuzunun, Azərbaycanın xarici siyasətinin təntənəsinin əyani göstəricisidir.
- BMT Təhlükəsizlik Şurasının funksiyası nədən ibarətdir? Ümumiyyətlə, bu mötəbər quruma üzv olmaq Azərbaycana hansı üstünlükləri qazandırır?
- Əvvəla onu vurğulamaq istəyirəm ki, bir çox beynəlxalq təşkilat olsa da, BMT dünyanın ən nüfuzlu təşkilatı kimi qalmaqdadır. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası isə çox mötəbər bir qurum, fəaliyyətdə olan siyasi orqandır. BMT-nin Nizamnaməsinə əsasən Təhlükəsizlik Şurası beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması kimi vəzifələri öz üzərinə götürüb. Şura beynəlxalq münasibətləri tənzim etmək, dövlətlər arasında hərbi toqquşmaya yol verməmək, hər bir təcavüzü aradan qaldırmaq və beynəlxalq sülhü təmin etmək üçün böyük səlahiyyətlərə malikdir. BMT-nin digər komitə və qurumlarının qərarları tövsiyə xarakterli olduğu halda, yəni ölkələr tərəfindən yerinə yetirilməsi, əsasən, məsuliyyət doğurmadığı halda, Təhlükəsizlik Şurasının qərarları mütləq yerinə yetirilməlidir.
Təhlükəsizlik Şurası BMT-nin hərbi gücü ilə hər hansı bir əməliyyatı aparmaq səlahiyyətinə malikdir və bu təşkilatın hərbi gücünün yaradılmasına və ondan istifadə olunmasına, başqa sözlə, hərbi qüvvənin yaradılması və istifadəsi funksiyalarının və tapşırıqların sayının, komanda vermək strukturunun, əməliyyat rayonuna qəbul edilmə müddətinin müəyyən edilməsi, həmçinin əməliyyata rəhbərlik etmək və maliyyələşdirmə qaydalarını müəyyən etmək və s. səlahiyyətlərə malikdir.
Məlumdur ki, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü vardır. Onlar Böyük Britaniya, Çin, Rusiya, ABŞ və Fransadır. Bundan başqa qurumun 10 qeyri-daimi üzvü var. Həmin üzvlər aşağıdakı regionlardan seçilir: beşi Afrika və Asiyadan, biri Şərqi Avropadan, ikisi Latın Amerikasından, ikisi Qərbi Avropadan (Avstraliya, Kanada da daxil olmaqla) digər regionlardan seçilir.
Təhlükəsizlik Şurası fasiləsiz olaraq fəaliyyət göstərir və onun üzvlərinin nümayəndələri daimi BMT-nin mənzil-qərargahında olur. Sədrlik bir ay müddətində onun hər bir üzvünə təqdim olunur və sədrlərin adı ingilis əlifba sırası ilə yazılır. Qərar qəbul etmək üçün bütün daimi üzvlərin səsləri nəzərə alınmaqla doqquz səs tələb olunur. Ancaq qeyri-daimi üzvlərdən fərqli olaraq, daimi üzvlərin veto hüququ olduğuna görə, onlardan biri və bir neçəsi hər hansı bir qərarın əleyhinə səs verdiyi halda, qərar qəbul olunmur. Daimi üzvün bitərəf qalması da, onun həmin qərara veto qoyması deməkdir.
Şuraya sülhün təhlükədə olması barədə şikayətlər daxil olarsa, qurum ilk növbədə tərəfləri məsələni sülh yolu ilə həll etməyə çağırır. Bəzi hallarda qurumun özü tədqiqat apararaq vasitəçilik xidməti göstərir. Təhlükəsizlik Şurası məsələnin araşdırılması üçün xüsusi nümayəndə təyin edə və ya Baş katibə bu təyinatı etmək üçün müraciət edə bilər. Proseslər nəzarətdən çıxdıqda və sülh çağırışları cavabsız qaldıqda, Təhlükəsizlik Şurası hərbi müdaxilə barədə qərar qəbul edə bilər. Bu funksiyanı isə adətən qurumun sülhməramlı qüvvələri həyata keçirir. Sülhməramlıların məqsədi münaqişə rayonunda gərginliyi azaltmaq, düşmən tərəflər arasında toqquşmaların qarşısını almaqdır.
Məlumdur ki, vaxtilə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 813, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilirdi. Lakin Təhlükəsizlik Şurasının daimi üzvləri olan böyük dövlətlər Ermənistanın təcavüzkar dövlət kimi tanınmasına razılıq vermədilər. Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal çıxmasına deyil, münaqişənin atəşkəs və danışıqlar yolu ilə həll olunmasına üstünlük verdilər. Ümidvaram ki, Təhlükəsizlik Şurasına üzvlüyü dövründə Azərbaycan bu məsələləri gündəmə gətirmək imkanına malik olacaqdır.

{nl}

Söhbəti qələmə aldı: Rauf ƏLİYEV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında