Azərbaycan dünya təhlükəsizlik sistemində, dünya idarəçiliyində iştirak hüququ qazanıb

Müstəqilliyinin bərpasının 20-ci ildönümündə Azərbaycan Respublikasının həyatında növbəti tarixi hadisə baş vermişdir. Ölkəmiz BMT Təhlükəsizlik Şurasına seçkilərdə bu mötəbər təşkilatın üzvü seçilmişdir. Sevindirici haldır ki, iki gün ərzində keçirilən seçkilərdə Azərbaycan bütün mərhələlərdə üstünlük əldə etmişdir. Birinci turda 3 namizədin arasında 1-ci yeri tutan ölkəmiz , sonda 155 ölkənin dəstəyini, etimadını qazanmışdır. 
Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibətilə Prezident İlham Əliyevin verdiyi bəyanatda vurğuladığı kimi, müstəqilliyimiz dövründə - 20 il ərzində belə böyük uğurun əldə edilməsi, doğrudan da tarixi nailiyyətdir. Biz 20 il ərzində müstəqil ölkə kimi özümüzü dünyada təsdiq edə bilmişik. Biz sübut edə bilmişik ki, Azərbaycan etibarlı tərəfdaşdır, Azərbaycan dost ölkədir və dostların sayının artması bizim siyasətimizin təntənəsidir. Bu səsvermənin müstəqilliyimizin 20 illiyinə təsadüf etməsi çox rəmzi məna daşıyan bir hadisədir. Bu, göstərir ki, ötən illər ərzində Azərbaycan müstəqil dövlət, dünyada böyük şöhrətə malik olan ölkə kimi özünü göstərib.
Məsələ ilə bağlı Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, siyasətşünas Mübariz Əhmədoğluya müraciət etdik. Mübariz Əhmədoğlu Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini müstəqil Azərbaycan Respublikasının tarixində çox mühüm hadisə, parlaq qələbə kimi qiymətləndirərək dedi:
- Ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, Azərbaycanın dünya təhlükəsizlik sistemində, dünya idarəçiliyində iştirakı deməkdir. Çox dövlətlər var ki, bu arzu ilə yaşayırlar, daim bu cür təşəbbüslərlə çıxış edirlər. Cəmi 20 illik müstəqillik tarixinə malik olan Azərbaycan bunu bacardı, bu möhtəşəm uğuru qazandı. Halbuki müstəqilliyimizin ilk 5 ili ölkəmizdə bir sıra hadisələr, o cümlədən dövlət çevrilişlərinə cəhdlər ilə yadda qaldı. Daha sonrakı 5 il isə, necə deyərlər, müstəqilliyimizin ilk illərində ölkədə törədilən dağıntıların aradan qaldırılmasına sərf olundu. Yəni bizim sərbəst düşüncəylə xarici siyasət yürütməyimizin 10 illik tarixi var. Biz məhz son 10 ilin nəticəsi olaraq bu möhtəşəm uğuru qazandıq, dünyanı idarə edən quruma seçildik.
Bu, bütün Azərbaycan dövlətinin, xalqının, dünya azərbaycanlılarının qələbəsidir. Amma ədalət naminə mən bunu şəxsən Prezident İlham Əliyevin fərdi qələbəsi hesab edirəm. Çünki bu ideya da, bu məqsəd uğrunda çalışma metodikası da Azərbaycan Prezidentinə məxsusdur. Ona görə də hesab edirəm ki, Prezident İlham Əliyev ümumilikdə Azərbaycanın tarixində olan ən görkəmli dövlət xadimləri ilə eyni sırada dayanır.
Böyük qələbədir. Azərbaycan kimi ərazi cəhətdən kiçik, 9 milyon əhalisi olan bir ölkə 2 il ərzində dünyanın problemlərinin həllində iştirak edəcək. Ən əsası isə mən belə hesab edirəm ki, gələcək illərdə də Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyi məsələsi gündəmə gələcək və yenidən ölkəmizin bu quruma seçiləcəyinə şübhə etmirəm. Çünki BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmək üçün müəyyən meyarlara cavab vermək lazımdır. Dünyanın təhlükəsizlik sisteminin qorunmasında iştirak etmək, onun problemlərini dərk etmək lazımdır. Bu gün Azərbaycan qlobal təhlükəsizlik sisteminin qorunmasında fəal iştirak edir. Avropanın enerji təhlükəsizliyində, yaxın gələcəkdə isə ümumilikdə dünyanın enerji təhlükəsizliyinin qorunmasında aparıcı ölkələrdən birinə çevriləcəkdir.
Azərbaycan Cənubi Qafqaz regionunun lider dövlətidir. Bunu tək biz demirik. Bu gün Avropa və dünya siyasətçiləri də Azərbaycanı Cənubi Qafqazın lider ölkəsi kimi təqdim edirlər. Bölgədə lider olan ölkəmiz, ümumilikdə Qafqazda söz sahibidir. Yəni bu, o deməkdir ki, bundan sonra Qafqaz regionu ilə bağlı məsələlərdə həm də daha çox Azərbaycan ilə hesablaşacaqlar.
Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, dünyada gedən geosiyasi proseslər fonunda ölkəmizin özünü çox rahat hiss etməsi mənasına gəlir. Yəni kiməsə dünyada baş verən proseslər mürəkkəb görünür, o cümlədən regionumuzda da mürəkkəb münasibətlər sistemi formalaşmışdır. Burada Rusiyanın, ABŞ-ın, Türkiyənin, İranın, Avropa Birliyinin maraqları kəsişir. Fərqli mövqelər bəzən ziddiyət yaradır. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyini irəli sürməklə göstərdi ki, bütün regional və qlobal məsələlərin həllində fəal iştirak etmək əzmindədir !
BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməyimizdə çox önəmli məqamlar var. Onlardan biri də budur ki, biz 116, daha sonra isə 155 dövlətin daimi səsini qazanmış olduq. BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlərin seçilməsi üçün təxminən 15 dəfə səsvermə keçirildi. Hamısında da bizə 110-dan çox dövlət səs verdi. Bu, o deməkdir ki, istənilən məsələdə biz bu dövlətlərə bel bağlaya, sözümüzü deyə bilərik. Söz yox, sonuncu turda bizim diplomatların fəal səyi nəticəsində 45 dövlət də bizi dəstəkləyən ölkələrin sırasına qoşuldu. Beləliklə, biz 155 səs aldıq və Azərbaycanın BMT Baş Assambleyasında 155 səs alması həqiqətən də böyük nailiyyətdir. Regionumuzda bu qədər səs ala biləcək ikinci bir ölkənin olmaması da bizim uğurumuzun miqyasını göstərir.
BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməyimiz bizim qarşımızda böyük üfüqlər, perspektivlər açır, yeni inkişaf strategiyası müəyyənləşdirir. Dünyanın problemlərinin həllində iştirak etməklə yanaşı, biz çalışacağıq ki, regionun da problemlərini həll edək. Dünyanın problemlərinin həllində iştirak etmək üçün çox böyük maddi bazaya malikik. Bu gün Azərbaycanın 40 milyard dollaradək valyuta ehtiyatı var. 40 milyard dollar dünyanın kasıb ölkələrinə yardım etməyə, aclıqla, xəstəliklərlə mübarizədə bizə şərait yaradır. Azərbaycanın siyasi rəhbərliyinin uğurlu daxili və xarici siyasəti var. Bunun özü də önəmli amildir və dünya ölkələri bunu qeyd-şərtsiz qəbul edirlər. Yəni bizim həm böyük valyuta ehtiyatlarımız, həm də müasir dünyanın tələblərinə cavab verən düzgün siyasətimiz var. Bu isə bizə həm də regional problemlərin həllində fəal iştirak etməyə imkan verir. Ümumilikdə, bunu deyə bilərəm ki, ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi bizim indiyədək gördüyümüz işlərin dünya dövlətləri tərəfindən dəstəklənməsinin bariz nümunəsidir, təsdiqidir.
- Oxucularımız üçün daha aydın olması üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvünün fəaliyyət mexanizmi barədə də məlumat verərdiniz.
- BMT Təhlükəsizlik Şurası, əslində BMT-nin dünyanı idarə edən ən ali qurumudur. Təhlükəsizlik Şurasının 5 daimi üzvü var. Bunlar ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransadır. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri olan 10 dövlət isə iki ildən bir seçilir. BMT Təhlükəsizlik Şurasının 15 üzvünün hamısının istənilən məsələni şuranın iclasının müzakirəsinə çıxarmaq hüququ var. Yəni Azərbaycan da Rusiya, ABŞ, Çin kimi BMT Təhlükəsizlik Şurasının iclaslarının gündəliyinə istədiyi məsələni sala, müzakirə edə bilər, digər dövlətlərin problemlərini gündəmə gətirə bilər. Amma bir fərq var ki, o da veto qoymaq hüququdur. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvünün veto qoymaq hüququ yoxdur. Yəni burada bir məsələ gündəmə gələrsə, 5 daimi üzvdən biri buna veto qoysa, o məsələ gündəmdən çıxarılacaqdır. Ancaq qeyri-daimi üzvün belə bir hüququ yoxdur.
- Məlumdur ki, Ermənistan da BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olmaq arzusundaydı. Lakin real mənzərəni nəzərdən keçirən erməni ekspertləri belə qənaətə gəliblər ki, ölkə ancaq 20 ildən sonra bu arzusunu reallaşdırmaq imkanına malik ola bilər. Azərbaycan isə bu gün 155 səslə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib. Bu, ayrı-ayrılıqda Azərbaycanın və Ermənistanın dünyadakı nüfuzunun hansı səviyyədə olmasının aydınlaşdırılması baxımından da önəmli bir hadisədir. Bunu həm də dünyanın rəsmi İrəvana bir mesajı kimi qəbul etmək olarmı?
- Burada iki vacib mesaj var. Bunlardan birincisini Azərbaycan Ermənistana ünvanlayıb. Bakı bu addımı atmaqla Ermənistanı başa salmağa çalışır ki, kiminlə qonşudur və kiminlə ayaqlaşmağa cəhd göstərir. Ermənistan kimdir ki, bizimlə rəqabət aparmaq sevdasına düşsün. Rusiyanın siyasətşünasları da Azərbaycanın dünyada böyük nüfuz qazandığını açıq-aşkar ifadə edirlər. Erməni saytlarının yazdığına görə, vəziyyəti qiymətləndirən rus ekspertlər Azərbaycanın 110 dövlətin dəstəyini alması faktını ortaya qoyaraq İrəvana tövsiyə ediblər ki, rəsmi Bakının mövqeyi ilə hesablaşsın.
İkinci bir məsələ dünyanın Ermənistana verdiyi mesajdır. Dünya dövlətləri Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyini dəstəkləməklə onun çox böyük etibara sahib, statusu yüksək bir ölkə olduğunu ortaya qoymuş oldular. Həqiqətən də kiçik dövlət olan Ermənistanın 4,5 milyard dollar həcmində xarici borcu olduğu halda, Azərbaycanın 40 milyard dollar valyuta ehtiyatı var və onu istədiyi yerə sərf edə bilər. Bu gün Avropa maliyyə böhranı içərisindədir. Biz istəsək bu vəsaiti Avropaya da yönəldə bilərik. Nazirlər Kabinetinin 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyev də bildirdi ki, Azərbaycan Balkanlara və Şimali Qafqaza investisiyalar qoyacaq. Bütün bunları görən beynəlxalq birlik Ermənistana yerini göstərdi.
Ən maraqlısı isə odur ki, Ermənistan prezidenti Serj Sarkisyan BMT Baş Assambleyasında həyasızcasına Azərbaycanın əleyhinə çıxış etdi. Ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsinin yolverilməz olduğunu bildirdi. Ancaq bundan bir neçə gün sonra Azərbaycan 155 ölkənin səsini qazanaraq mötəbər quruma üzv seçildi. 155 dövlət səsini Azərbaycana verməklə Ermənistana və onun prezidentinə yerini göstərdilər. Dünya dövlətləri bir daha göstərdi ki, Ermənistan artıq sözü heç yerdə eşidilməyən forpost, Azərbaycan isə xüsusi əhəmiyyətə malik tərəfdaş ölkə, önəmli müttəfiq və nüfuzlu dövlətdir.

{nl}

Müsahibəni apardı: Rauf ƏLİYEV, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında