Şriftin ölçüsü:
27.10.2011 00:24 | Oxunma sayı: 785
Müsahibimiz respublika Dövlət Mükafatı laureatı Əliağa Muxtarovdur.
- Əliağa müəllim, bəlli olduğu kimi, Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Bu şad xəbəri eşidəndə hansı hissləri keçirdiniz?
- Bu, bütün xalqımıza başucalığı gətirən bir hadisədir. Hər xalqa öz istiqlalına qovuşmaq nəsib olmur. Azərbaycan xalqı həqiqətən bu böyük şərəfə - istiqlala layiqdir. Azərbaycanın şərəfli tarixi, xalqımızın yüksək elmi, mədəni potensialı buna layiq olduğumuzu sübut edib. XX əsrin əvvəllərində xalqımız ilk dəfə öz milli azadlığına qovuşdu, Şərqdə ilk demokratik respublika qurdu. Lakin onu qoruyub saxlamaq o dövrdə mümkün olmadı.
İkinci dəfə Azərbaycan 20 il əvvəl dövlət müstəqilliyini bərpa edə bildi. Yaxşı yadımdadır, 1992-ci ilin martında ölkəmiz BMT-yə üzv qəbul olundu. Amma müstəqilliyimizin ilk dönəmlərində yenidən onu itirmək təhlükəsi yaranmışdı. Bu dəfə ulu öndər Heydər Əliyevin böyük siyasi təcrübəsi və titanik səyləri hesabına Azərbaycan xalqı öz istiqlalını qoruyub saxlaya bildi.
Son səkkiz ildə isə ulu öndərin layiqli davamçısı, Prezident İlham Əliyev müstəqilliyimizin daha da gücləndirilməsi, ölkəmizin dünya arenasında böyük nüfuz qazanması üçün ardıcıl və davamlı işlər gördü. Məhz bu ağıllı düşünülmüş siyasət öz real bəhrəsini verdi. Düşünürəm ki, Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi dünya birliyi dövlətlərinin müstəqil Azərbaycana, onun liderinə, bütünlükdə xalqımıza olan dərin inamını və hörmətini əks etdirir. Bir daha xalqımızı bu böyük qələbə münasibəti ilə təbrik edirəm.
- Siz 1977-ci ildə Azərbaycanın maşınqayırma sənayesindəki böyük uğurlarına görə bir qrup mühəndislə bərabər respublika Dövlət Mükafatına layiq görülmüsünüz. Həmin anları necə xatırlayırsınız?
- Əlbəttə, belə bir yüksək mükafata layiq görüldüyüm üçün həmişə fəxr etmişəm. Bu mükafatı Azərbaycanın o dövrdəki rəhbəri, ümummilli liderimiz Heydər Əliyev mənə şəxsən təqdim etdiyi üçün ikiqat xoşbəxt idim. Bu dahi siyasətçi hələ 1970-ci illərdə Azərbaycanın iqtisadi müstəqilliyinin güclü bünövrəsini qurmuşdu. Bu həqiqəti biz sonralar dərk etdik. Heydər Əliyev Azərbaycanı keçmiş SSRİ-nin ən güclü, yüksək tərəqqi etmiş respublikasına çevirmişdi. Azərbaycan xalqı ulu öndərin həm o dövrdəki, həm də müstəqillik ilərindəki tarixi xidmətlərini heç vaxt unutmayacaq.
Mən uzun illər Azərbaycanın maşınqayırma sənayesində çalışmışam. Bir neçə ixtiranın, 60-dan çox səmərələşdirici təklifin müəllifiyəm. Bu təkliflərin istehsalata tətbiqi sayəsində ölkəmizin sənaye müəssisələri vaxtilə yüz milyonlarla manat qazanc əldə etmişdi. Bu gün təqaüddə olsam da, öz zəngin təcrübəmi gənc mühəndislərlə yenə də həvəslə bölüşürəm. Macal tapan kimi, Bakıdakı maşınqayırma zavodlarına baş çəkirəm, buradakı əmək kollektivlərinin yeni uğurlarının şahidi olanda sevinirəm. Ürəyimdən gələn sözdür: Azərbaycanın iqtisadi tərəqqisi üçün hər birimiz əlimizdən gələni etməyə borcluyuq. Zaman bizi sınağa çəkir. Azərbaycanın parlaq gələcəyinə çox inanıram. Ən yaxın illərdə ölkəmizin dünyanın yüksək tərəqqi etmiş ölkələri sırasına çıxacağına əminəm.
- Sizcə, ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə kömək edə bilərmi?
- Heç şübhəsiz, bunun böyük təsiri olacaq. Bu problemin öz ədalətli həllini tapacağına daim inanmışam. Çox hörmətli dövlət başçımız Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bir daha qeyd etdi ki, Azərbaycanın ərazi bütövlüyü müzakirə obyekti olmayıb və ola bilməz. Mən siyasətçi deyiləm, amma hesab edirəm ki, Azərbaycanın Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi ölkəmizlə bağlı həqiqətlərin dünya birliyinin bütün dövlətlərinin liderlərinin diqqətinə çatdırılması və Dağlıq Qarabağ münaqişəsinin ədalətli nizamlanması üçün şans yaradır. Təbii ki, diplomatlarımız bu tarixi şansdan maksimum yararlanmağa çalışacaqlar.
Bir məqamı da vurğulamaq istərdim. Zaman keçdikcə, Azərbaycanın ədalətli mövqeyi ilə Ermənistan rəhbərliyi də hesablaşmağa məcbur olacaq. Çünki vaxt Azərbaycanın xeyrinə işləyir. Azərbaycanın haqlı olduğu hər kəsə gün kimi aydın olmağa başlayıb. Kimin haqlı, kimin təcavüzkar olduğu dünyaya bəlli olur. Həqiqəti gizlətmək mümkün deyil. Bu gün, təəssüf ki, qeyri-obyektiv, ikili siyasət yeridən dövlətlər də var, lakin onlar da bunu anlamalı, haqqı nahaqqa verməməlidir. Haqq, ədalət isə Azərbaycanın tərəfindədir!
{nl}
Söhbəti yazdı: M. HACIXANLI, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.