Daha bir şad xəbər xalqımıza növbəti sevinc, könül xoşluğu gətirdi, ümidlərimizə qol-qanad verdi, sabaha inamımızı artırdı. Gənc Azərbaycan dövlətinin suverenliyinin bərpasının 20-ci ildönümü günlərində ölkəmizin dünyanın ən nüfuzlu təşkilatı olan BMT-nin özək qurumuna - Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması növbəti böyük qələbəmizdir.
Dünyanın sülh, əmin-amanlıq baxımından taleyinə cavabdeh olan Təhlükəsizlik Şurasının daimi üzvləri olan ABŞ, Rusiya, Çin, Fransa, İngiltərə kimi güc və söz sahibi olan dövlətlərlə bir masa arxasında əyləşmək səlahiyyəti qazanmaq Azərbaycan Respublikası üçün öz varlığını duyurmaq, problemlərini həll etmək baxımından üstün bir şansdır. Ümid edirik, inanırıq ki, ölkəmiz bu imkandan istifadə edərək, dünyanın baş tribunasından yararlanaraq, 25 ilə yaxın müddətdə ağır qandal kimi ayağımıza vurulmuş Dağlıq Qarabağ münaqişəsinin həllində uğura nail olacaq.
Dövlətimizin növbəti beynəlxalq qələbəsi, görüb şahid olduğumuz kimi, xoş niyyətlə verilmiş bir bəxşiş deyil. Azərbaycan dövləti və diplomatiyası bu nəticəni əldə etmək üçün böyük mübarizələrdən, sestemli, ardıcıl, genişmiqyaslı daxili və xarici fəaliyyətin uğurlarından keçib gəlir. Hamımıza yaxşı məlumdur ki, 20 il əvvəl, bir sıra səbəblərdən dünyanın müxtəlif yerlərində Azərbaycanı ya tanımır, ya da ermənilərin qarayaxmaları nəticəsində bizi pis anlamda qəbul edirdilər.
Düşmənlərimiz bu ötən 20 ildə ölkəmizi gözdən salmaq, dünya birliyindən təcrid etmək üçün nələrə əl atmayıblar... Hər cür yalanı, böhtanı, təxribatı, təzyiqi dəf etmək üçün Azərbaycan dövləti öz qüdrətli memarı Heydər Əliyevin rəhbərliyi ilə qalibiyyətli bir mübarizə yolu keçib. Ulu öndərin ideya və əməllərini uğurla davam etdirən Prezident İlham Əliyev son 8 ildə Azərbaycanı sürətlə inkişaf edən, bəşəri dəyərlərə hörmətlə yanaşan, haqq işindən zərrə qədər də geri durmayan bir dövlət kimi tanıtmaqdadır.
Ölkəmizin dünya birliyinə qovuşaraq, özünə çoxlu dost və partnyor qazanması daxildə problemləri həll etmək, sosial-iqtisadi yüksəlişə, mədəni çiçəklənməyə nail olmaq, müdafiə baxımından qüdrətlənmək üçün əlverişli şərait yaradıb. Bu nailiyyətlər isə öz növbəsində regionun lider dövlətinə çevrilməyimizə, dünyada səsimizi gur eşitdirməyə, nüfuzumuzu artırmağa meydan açıb. Artıq Azərbaycan beynəlxalq aləmdə düşmənlərimizin əksər niyyətlərini puça çıxarıb. Biz dünyadan umduğumuzdan artığını indi dünya bizdən gözləyir.
Azərbaycan dünyanın enerji təhlükəsizliyində mövqeyini getdikcə artırır. Ölkəmizin geosiyasi imkanlarının fəallaşdırılması elə bir həddə çatıb ki, Qafqazda, Xəzər ətrafında, Şərqlə Qərb arasında hər hansı bir layihə Azərbaycanın razılığı və iştirakı olmadan həyata keçirilə bilməz. Azərbaycanı Təhlükəsizlik Şurasına aparıb çıxaran yol, bax, bu uğurlardan keçib gedir.
Azərbaycanın bu ali quruma üzv seçilməsi ölkəmizin qazandığı güc və nüfuzun növbəti parlaq göstəricisi oldu. Gərgin keçən səsvermələr dostlarımızın kifayət qədər olduğunu, əleyhdarlarımızın da bu reallıqla hesablaşdığını ortaya qoydu. Avropa məkanından Təhlükəsizlik Şurasına yeni üzv kimi məhz Azərbaycanın qəbul olunması həm də onu göstərir ki, xalqlar, dövlətlər ölkəmizə ədalətli, sivil, hörmətli bir münsif kimi inanır, etimad göstərirlər.
Bu qələbə həm də son illərdə xüsusi nəzərə çarpan uğurlar silsiləsinin yüksələn xətlə davamıdır. Azərbaycan çatdığı yüksəklikdən bacarıqla istifadə edir, beynəlxalq yarış meydanına inamla, qələbə əzmi ilə girir. Bu ilin mayında "Eurovision" müsabiqəsində musiqiçilərimizin qalib olması çatdığımız siyasi-iqtisadi, sosial-mədəni yüksəkliyin yaratdığı imkanlardan qaynaqlanır. Azərbaycan bu gün dünyaya qucaq açıb. Dünya da Azərbaycanın bu xoş məramını düzgün başa düşüb ona layiq olduğu münasibəti göstərir.
Bu günlərdə dövlət müstəqilliyimizin 20 illiyini qazandığımız uğurlardan doğan öyünc hissi, bugünümüzə məsuliyyət, sabahımıza inam duyğuları ilə qeyd etdik. Dostlarımız bizimlə bərabər sevindi, düşmənlərimiz isə xar oldu. Tarixdə çox dövlətlər qurmuş, dilini, dinini, mədəniyyətini qoruyub saxlamış xalqımız çağdaş dövlətinə də ləyaqətlə sahiblik edir. Bu, təkcə 9 milyonluq Quzey Azərbaycanda yaşayanların deyil, dünyanın hər yerinə yayılıb sivil bir xalq olduğumuzu təsdiqləyən 50 milyonluq soydaşlarımızın dövlətidir. Bu qələbə bizi bir daha inandırır ki, Azərbaycan addım-addım irəliləyir, qarşısına qoyduğu məqsədlərə qətiyyətlə çatır. Bu yol bizi arzularımızın yeni hüdudlarına aparır. Biz o yerə gedirik ki, orada ağrılarımız sona yetəcək, kəm-kəsirlərimiz bitəcək.
Biz yox yerdən qalxıb 1918-ci ildə dövlətçiliyimizi dirçəltdik. 70 il sovet rejimində milli varlığımızı qoruyub saxladıq. Zamanı gələndə dövlət müstəqilliyimizi yenidən bərpa etdik. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının 15 əlavə üzvünün sırasında yer alması isə o deməkdir ki, ölkəmiz dünya birliyində ən nüfuzlu, seçilən, etibar edilən mövqeyə qalxıb.
Bir əsr əvvəl məfkurə şairi Məhəmməd Hadi müstəqil dövlətlərini qurmuş xalqlara baxıb nisgillə deyirdi: "Yox millətimin xətti bu imzalar içində". İndi isə biz sevinclə, qürurla deyirik: Var millətimin xətti çox imzalar içində!
{nl}
Zəlimxan YAQUB, xalq şairi
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.