Novruz MƏMMƏDOV: Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmək şansı böyükdür

Nyu-Yorkda BMT-nin mənzil-qərargahında 2012-2013-cü illər üçün təşkilatın Təhlükəsizlik Şurasının (TŞ) Şərqi Avropa ölkələrindən yeni qeyri-daimi üzvlüyünə Azərbaycanın və ya Sloveniyanın seçilməsi üzrə səsvermənin bir neçə raundu nəticəsiz qalmışdır.
Ölkələrdən heç biri BMT Nizamnaməsində göstərildiyi kimi, səslərin üçdə ikisini toplaya bilməyib. Seçkilərdə Azərbaycana qələbə üçün cəmi 14 səs çatmayıb. Nəticədə, səsvermənin oktyabrın 24-də keçirilməsi haqqında qərar qəbul edilib.
Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Trend"ə eksklüziv müsahibəsində demişdir: "Oktyabrın 24-dək müəyyən proseslər gedəcək. Səsvermədə Azərbaycanın tərəfini saxlayan bir çox ölkələr var. Onlarla sonradan da danışıqlar davam etdiriləcək. Məndə olan məlumatlara görə, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Pakistan, İran Azərbaycanın mövqeyini dəstəkləyir. Bu proses bu gün və sabah davam edəcək. Bu gün yenə də Azərbaycanın şansı böyükdür, etimad böyükdür".
Novruz Məmmədov rəqib tərəfin də öz düşərgələrində müəyyən işlər aparacağını vurğulamışdır: "Yeganə arzu və istəyim ondan ibarət olardı ki, heç bir tərəfə güclə təzyiq göstərilməsin. Sadəcə olaraq, təbliğat aparılsın. İndi vəziyyət çox gərgindir. Azərbaycana yalnız 14 səs lazımdır və bundan sonra bu tarixi hadisə baş verə bilər - Azərbaycan BMT TŞ-nin üzvü ola bilər. Sloveniyaya isə təxminən 51 səs lazımdır. Əgər burada müəyyən bir dəyişiklik olarsa, demək, o ölkələrə çox güclü təzyiqlər olub ki, onlar öz mövqelərini dəyişiblər. Belə hallar baş verərsə, buna təəssüf etmək lazım gələcək".
Novruz Məmmədov daha sonra bildirmişdir ki, indi burada Avropa İttifaqının namizədi ilə qarşı-qarşıya gəlmək bir sıra dairələri çox narahat etməyə başlayıb. Ona görə də, səsverməni tələsik dayandırıb oktyabrın 24-nə təyin etdilər: "Bu məsələ bu gün bütün dünyanın diqqət mərkəzindədir. Çünki dünən Nyu-York şəhərində BMT-nin Baş Assambleyasının 66-cı sessiyası çərçivəsində Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüklə bağlı seçkilər keçirildi. Bura planetimizin müxtəlif bölgələrindən olan 5 ölkə seçilməliydi. Bu namizədlərin içərisində Azərbaycan da vardı. Azərbaycan Avropanın namizədləri içərisində idi. Yəni, Avropanın 3 dövlətindən - Macarıstan, Sloveniya və Azərbaycandan biri seçilməli idi. Qeyd edim ki, elə bu seçimə görə Azərbaycan çox gərgin və çətin vəziyyətdədir. Bilirsiniz ki, Avropa İttifaqı kimi güclü bir qurum daim öz namizədinin arxasında dayanır. Buna baxmayaraq, digərləri ilə müqayisə edəndə, bu seçkilər həddən artıq gərgin keçirilib. Baş Assambleyanın seçkilərinin tarixində bu cür hadisələr çox az-az olur. Əvvəllər də analitik proqnozlar verərək göstərirdilər ki, Azərbaycanın şansı çox azdır. Bəziləri hətta hesab edirdilər ki, Azərbaycanın şansı 20-25 faizdir. Lakin seçkilər çox gərgin olsa da, birinci raunddan sonra Macarıstan az səs toplayaraq kənarda qaldı. Azərbaycan və Sloveniya səsverməni davam etdirməyə başladılar. Səsvermə 9 raund davam etdi və 9 raund zamanı əvvəlcə səslər təxminən bərabər idisə, sona yaxın artıq Azərbaycanın mövqeyi həddən artıq möhkəmləndi və 9-cu raundda Azərbaycan 113 səs topladı. Sloveniya isə 77 səs topladı".
BMT-də səsvermənin, adətən, saat 21:00-dan - 22:00-dək davam etdiyini diqqətə çatdıran Novruz Məmmədov demişdir: "Səsverməni aparan iclasın sədri Qətərin nümayəndəsi idi. Lakin hansısa dairələr belə qərara gəldilər ki, səsverməni bir qədər tez də dayandırmaq olar. Bunun da səbəbini müəyyən mənada anlayıram. Yəni, Azərbaycanın belə bir şəraitdə birdən-birə bu qədər səs toplaması, görünür, çoxlarını narahat etmişdir".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında