Gəncə dinamik sosial-iqtisadi inkişaf yolundadır

Son vaxtlar Gəncə şəhərində həyata keçirilən işlər bizim hər birimizdə qürur hissi oyadır. Gəncə hər gün, hər saat yeniləşir, müasirləşir, füsunkar bir məkana çevrilir. Şəhərin elə bir sakini yoxdur ki, həyata keçirilən irimiqyaslı tədbirlərə biganə qalsın. Bu baxımdan şəhər ziyalıları da daim hadisələrin ön sıralarında olur, öz təklif və tövsiyələrini verir, quruculuq işlərində yaxından iştirak edir, təşəbbüslərə qoşulurlar. Müsahibimiz Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Telman Məlikovdur.
- Telman müəllim, bu gün qədim Gəncə necə görünür?
- Ölkəmizin ikinci strateji, mədəni, tarixi mərkəzi olan qədim Gəncə bu günlər özünün min illərdən boylanan tarixinin ən şərəfli səhifələrini yazır və şəhər həyatının əsl intibahını yaşayır. Etiraf edək ki, müxtəlif vaxtlarda da şəhərimizdə tikinti, abadlıq, quruculuq və yenidənqurma işləri aparılmışdır. Lakin bugünkü möhtəşəmlik tarixiliyi qorumaqla müasirləşmək, şəhərsalma və milli memarlıq mədəniyyətinin ən qabaqcıl texnologiyalarının tətbiq edilməsi ilə səciyyələnir. Binalar, küçə və prospektlər, parklar və xiyabanlar, yaşayış məhəllələri, daxili yollar öz görkəmini dəyişir, göz oxşayır. Nəhayət, neçə illərin müzakirələrindən sonra şəhərimizə Göy-göldən, Qızıl Qayadan və Şəmkir su anbarından yeni içməli su kəmərinin çəkilməsi işinin reallaşması, şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması və eləcə də təmizləyici qurğuların tikilməsi, indiki və gələcək nəsillər üçün çox böyük diqqətdir.
Nəhəng quruculuq işləri ilə yanaşı, tarixi abidələrimizə və mədəni irsimizə də qayğı və diqqət artırılır. Müasir Gəncəmizin yeni simasını müəyyən edən abad prospekt və küçələrin, məktəblərin yeni layihələrinə baxdıqca nə qədər iftixar hissi duyursansa, dünya şöhrətli Azərbaycan şairi və mütəfəkkiri böyük Nizami Gəncəvinin anadan olmasının 870 illik yubileyinə hazırlıq işlərinin, kompleks silsilə tədbirlərinin təqdimatını geniş xalq müzakirəsinə verildiyini gördükdə bir o qədər də şərəf duyursan.
Şəhərimizə möhtəşəmlik gətirən bir yenilik də ondan ibarətdir ki, Gəncənin həm şərqdən, həm də qərbdən giriş qapıları və yolları yenidən qurulur. Belə ki, giriş qapıları Nizami Gəncəvinin əsərlərinin motivləri əsasında milli memarlıq üslubunda istinad divarları çəkilməklə şəhərin genişləndirilmiş inzibati ərazisində yenidən inşa edilir. Bütün bunlar Nizami Gəncəviyə olan sonsuz xalq məhəbbəti haqqında qonaqlarda zəngin təəssürat yaradır.
Gəncədə böyük sənaye komplekslərinin yaradılması şəhərdə işsizlik problemini həll edəcəkdir. Belə ki, metallurgiya kompleksinin yaradılması, alüminium və maşınqayırma zavodlarının işə salınması, Gəncə avtomobil zavodunun istehsal gücünün artırılması və sair yeni iş yerlərinin açılmasına, sakinlərin maddi-rifah halının daha da yüksəldilməsinə səbəb olacaqdır.
Şəhərimizdə aparılan quruculuq işlərinin vüsət almasından danışarkən bir cəhət də xüsusi vurğulanmalıdır. Belə ki, görülən işlər ən böyük zövqlə olmaqla yüksək keyfiyyətli materiallardan istifadə olunur. Bu, görülən işlərin təkcə bu gün üçün deyil, gələcək nəsillər üçün nəzərdə tutulduğunu göstərir. Bir sözlə, Gəncə dialektik inkişaf yolundadır.
- Bəs rəhbərlik etdiyiniz universitet şəhərdə aparılan nəhəng işlərlə ayaqlaşa bilirmi?
- Şəhərin gözəl, abad olması onun hər bir sakinindən, iş adamından, ziyalısından, təsərrüfat rəhbərindən də asılıdır.
Universitetin Şah İsmayıl prospektindəki inzibati təsərrüfat binasının fasad hissəsi müsir tərtibatda yenidən qurulmuş, həmin binanın və beşmərtəbəli inzaibati binanın 1050 kvadratmetr dam örtüyü mansard formasında yenidən düzəldilmişdir. Tədris binalarının daxilində 1800 kvadratmetr və xaricində əsaslı təmir işləri aparılmış və bu iş davam etdirilməkdədir.
Son bir ildə universitetin tədris-texniki bazasının yaxşılaşdırılması və zənginləşdirilməsi istiqamətində də xeyli işlər görülmüşdür. Belə ki, 140 ədəd kompyuter, 15 ədəd noutbuk, 50 ədəd printer, 56 ədəd proyektor və sair kimi avadanlıqlar alınmışdır. 2010-cu ildə universitetin bütün korpuslarında video-müşahidə (internetə bağlanmaqla) sistemi yaradılmışdır. Bu məqsdələ tədris prosesi gedən 90 auditoruyada müşahidə kameraları quraşdırılmış və dərslərin gedişinin birbaşa izlənməsi üçün rektorun iş otağında və tədris şöbəsində monitorlar quraşdırılmışdır. Bu sistem universitetin rektoruna və tədris şöbəsinə dərslərin keyfiyyətinə nəzarət etməyə və baş verə biləcək nöqsanlara dərhal reaksiya verməyə imkan verir. Müşahidə sistemi eyni zamanda geniş yaddaş imkanlarına da malikdir və ən azı bir ay müddətində keçilmiş dərsləri sonradan da izləmək mümkündür.
Universitetin bütün tədris və inzibati korpusları WIFI (kabelsiz) yüksək sürətli internet bağlantısı ilə təmin olunmuş, müasir avadanlıqlarla təchiz edilmiş internet-resurs mərkəzi yaradılaraq müəllim və tələbələrin istifadəsinə verilmişdir. Distant təhsili üçün yüksək texniki imkanlara malik elektronlaşdırılmış auditoriyalar yaradılmışdır. Mühazirə, məşğələ və laboratoriya dərslərinin interaktiv formada aparılması üçün proyektor və digər avadanlıqlarla təchiz olunmuş xüsusi auditoriyalar təşkil olunmuşdur.
Bütün ixtisaslarda təhsil kredit sisteminin tətbiqi ilə həyata keçirilir. Tədris şöbəsinin nəzdində kredit sistemi ilə təhsil alan tələbələrin yazılı imtahan işlərinin kodlaşdırılması və qiymətləndirilməsini həyata keçirmək üçün imtahanların gedişində yeniliklər tətbiq olunur. Bu məqsədlə Qeydiyyat-nəzarət bölməsi yaradılmışdır. 2010-2011-ci tədris ilində universitet rəhbərliyinin diqqət mərkəzində olan ən vacib məsələlərdən biri də biliyin qiymətləndirilməsində maksimum obyektivliyin və şəffaflığın təmin edilməsi olmuşdur. Bununla əlaqədar univeristetdə "Test" komissiyası yaradılmışdır. Yaz sessiyasında 450-ə qədər imtahanın test üsulu ilə keçirilməsi tələbələr tərəfindən rəğbətlə qarşılanmış və uğurlu nəticələr əldə olunmuşdur.
Azərbaycanda təhsil sisteminin islahatları ilə bağlı ən aktual məsələlərdən biri informasiya-kommunikasiya texnologiyalarını (İKT) tətbit etməklə təhsilin idarə olunmasının təkmilləşdirilməsidir. "2008-2013-cü illərdə Azərbaycanda təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nın icrası ilə bağlı universitetin kitabxanasında da bir sıra yeniliklər həyata keçirilmişdir. Bu yeniliklərdən ən başlıcası isə elmi-texniki kitabxanaların kompyuterləşdirilməsi üçün yaradılmış və MDB məkanında, o cümlədən Azərbaycanda ən geniş istifadə olunan və ən müasir tələblərə cavab verən "İRBİS 64 Unicode" (Avtomatlaşdırılmış Kitabxana İnformasiya İdarəetmə sistemi) proqramı ilə təchiz edilmişdir. Bununla bağlı kitabxana kompyuterlər və digər rəqəmsal avadanlıqlarla təmin olunmuş, lokal şəbəkə yaradılmış və internetə qoşulmuşdur. Artıq kitabxana proseslərinin avtomatlaşdırılmasına başlanmışdır. 2010-2011-ci tədris ilində yeni tədris ədəbiyyatlarının alınması, mövcud dərslik və dərs vəsaitlərinin çoxaldılması istiqamətində xeyli işlər görülmüşdür. Universitetdə tədris olunan 140-dan artıq fənnin mühazirə mətninin elektron variantı hazırlanaraq kitabxananın oxu zalına verilmişdir. Kitabxanada tətbiq edilən reproqrafiya üsulu oxucu əməyini xeyli yüngülləşdirməyə imkan verir. Belə ki, müvafiq texniki vasitələrin köməyi ilə onlar materialları konspektləşdirmək, köçürmək əziyyətindən azad olur və bu materiallardan kitabxanadan kənarda da istifadə etmək imkanı qazanırlar. Bu isə oxucuların bütün sorğu və tələbatlarının tam və hərtərəfli təminatına imkan verir.
Hazırda kitabxananın oxucularının sayı 2479 nəfərdir ki, bu da universitetin ümumi kontingentinin 91 faizini təşkil edir.
Ümumiyyətlə, universitetdə tədrisin keyfiyyətinin daha da yaxşılaşdırılması daim universitet rəhbərliyinin diqqət mərkəzindədir.
Hesab edirəm ki, universitetimizdə və eləcə də şəhərimizdə görülən geniş spektrli, qlobal xarakterli, öz keyfiyyətləri ilə səciyyəvi olan işlər qədim Nizami yurdu Gəncənin tarixində heç zaman olmamışdır.
- Qarşıdan dahi Nizaminin 870 illik yubiley tədbirləri gəlir. Kollektiviniz bu bayramı hansı yeniliklərlə qarşılayır?
- Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 870 illik yubileyinə hazırlıq işləri uğurla gedir. Ulu öndər Heydər Əliyev demişdir: "Nizami Gəncəvi elə böyük şəxsiyyətdir ki, onun yubileyi hər il qeyd olunmalıdır."
Biz də bu yubileyə ciddi hazırlaşmışıq. Nizami Gəncəvinin portreti metal üzərində döyülmüşdür. Tədris korpuslarının birinin fasad hissəsində şairin mozaykadan 4x7 metr ölçüdə portreti əks olunmuşdur.
Universitetin kitabxanasının informasiya zalında Nizami Gəncəvinin əsərləri, onlara çəkilmiş illüstrasiyalardan ibarət sərgi və şair haqqında yazılmış əsərlər nümayiş olunur.
Nizami Gəncəvi ilə əlaqədar universitetin internet saytında geniş portal yaradılmışdır. Kitabxanada eyni zamanda, Nizami Gəncəvinin azərbaycan və rus dillərində nəşr olunmuş əsərlərinin biblioqrafiyası, eləcə də dünyanın və Azərbaycanın tanınmış Nizamişünas alimlərinin əsərlərinin siyashısı tərtib edilmişdir.
Yubiley ərəfəsində bilik və idman yarışları, "Dəyirmi masa"lar təşkil olunmuş və bu iş davam etdirilir. Universitet Elmi-Şurasının qərarı ilə tələbələrə Nizami Gəncəvi adlı təqaüdün verilməsi müəyyənləşdirilmişdir.
İstər şəhərdə həyata keçirilən nəhəng abadlıq-quruculuq işləri olsun, istərsə də dahi şairin yubiley tədbirləri, o cümlədən digər işlər, bunların hamısı cənab Prezidentimiz İlham Əliyevin Gəncəyə və gəncəlilərə göstərdiyi hədsiz diqqət və qayğının parlaq təzahürüdür. Gərək bu etimadı doğruldaq, daim məsuliyyətli olaq, şəhərimizi sevək, onunla fəxr etməyi bacaraq.

{nl}

Söhbəti yazdı: Hamlet QASIMOV, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında