Ariel Kohen: BMT Təhlükəsizlik Şurasına üzv seçilmək üçün Azərbaycanın şansı Macarıstanın şansından çoxdur

"BMT Təhlükəsizlik Şurasında üzvlüyə nail olmaq üçün mürəkkəb diplomatik gedişlər etmək lazımdır. Bir çox Avropa İttifaqı ölkələri artıq burada təmsil olunduğuna görə Azərbaycanın şansı Macarıstandan çoxdur". Bu açıqlamanı APA-nın Vaşinqton müxbirinə ABŞ-ın "Heritage" Fondunun Rusiya və Avrasiya məsələləri üzrə baş elmi işçisi Ariel Kohen verib. 
"Bundan əlavə, Rusiya və digər keçmiş sovet ölkələri, həmçinin Azərbaycanın fəal üzvü olduğu İslam Əməkdaşlıq Təşkilatı üzvlərinin əksəriyyəti də Azərbaycanı dəstəkləyəcəklər".
Analitikin fikrincə, Sakit okean regionundan tutmuş Atlantik okeanının hər iki tərəfi ilə mükəmməl əlaqələri olan tolerant, plüralist müsəlman ölkəsinin ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi çox vacibdir.
"Azərbaycanın BMT Təhlükəsizlik Şurasında yer əldə etmək cəhdləri bir neçə il əvvəl üzərinə götürdüyü əzmli diplomatik təbliğat proqramının maraqlı və məntiqi davamıdır". Bu fikirləri isə "Azərbaycan gündəliyi" və digər kitabların müəllifi, Montana Universitetinin siyasi elmlər üzrə professoru Tomas Qolts bildirmişdir.
Analitik Azərbaycanın müsəlman dünyasından dəstək alması üçün ölkəmizə üstünlük verən amillər sırasında İslam Konfransı Təşkilatının tədbirlərinə, müxtəlif mövzularda keçirilən beynəlxalq konfranslara respublikamızın ev sahibliyi etməsini, kiçik ölkələrin BMT-dəki nümayəndələrinin Azərbaycana səfərinin təşkilini xatırlatmışdır: "İyunda məndən Azərbaycan Diplomatik Akademiyasında Karib ölkələrindən - Yamayka, Nikaraqua, Kolumbiya və s. olan diplomatlar qarşısında çıxış etməyi xahiş etmişdilər. Afrika ölkələrindən olan daha bir qrup üçün kurs iyulun axırına planlaşdırılmışdı. Ola bilsin ki, bundan da çox kurs keçirilib. Bu səfərlərin təşkili BMT-dəki nümayəndə heyətlərinin rəğbətini qazanmaq məqsədi daşıyır. Bu rəğbətin BMT Təhlükəsizlik Şurasında üzvlüklə nəticələnib-nəticələnməməsi isə ayrı məsələdir, çünki mən əminəm ki, digər namizədlər də beynəlxalq diplomatiya səhnəsində fəaliyyət göstərirlər".
BMT Xəbər Mərkəzinin məlumatına görə, üzv ölkələr Baş Assambleyada yerli vaxtla saat 10-da görüşəcəklər. Şura üzvləri gizli səsvermə yolu ilə seçiləcək, üzv seçilmək üçün üçdə iki səs çoxluğu tələb olunur.
Azərbaycandan başqa, Macarıstan, Sloveniya (Şərqi Avropadan); Qırğızıstan, Mavritaniya, Mərakeş, Pakistan və Toqo (Afrika və Asiya-Sakit okean ölkələrindən); Qvatemala (Latın Amerikası və Karib ölkələrindən) namizədliklərini irəli sürüblər. Qırğızıstan, Azərbaycan və Qvatemaladan başqa adları çəkilən bütün ölkələr BMT Təhlükəsizlik Şurasında təmsil olunmuşlar.
BMT Nizamnaməsinin 23-cü bəndinə görə üzvlük müddəti bitən ölkələr dərhal yenidən seçilə bilməzlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında