"Müharibə hələ bitməyib..."

Müsahibimiz Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika Şurasının sədri, general-mayor Novruzəli Orucovdur.
- Cənab general, xalqımız bu günlərdə tarixi bir hadisənin - Dövlət Müstəqilliyimizin bərpasının 20 illik yubileyinin bayram ovqatı ilə yaşayır. Ötən iyirmi il rəhbərlik etdiyiniz cəmiyyətin həyatında hansı izləri qoyub?
- 1991-ci ilin oktyabrında Azərbaycan parlamentinin qəbul etdiyi Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı xalqımızın illərlə həsrətində olduğu azadlıq mücadiləsinin ilk qələbəsi idi. Təəccüblü deyildir ki, bu sənədin qəbulu o vaxt Sovet məkanında şok effekti yaratdı. Digər respublikaların da müstəqillik, suverenlik hərəkatına yeni təkan verdi.
Sovet dönəmində Orduya, Aviasiyaya və Donanmaya Könüllü Yardım Cəmiyyəti adlandırılan təşkilatımız müstəqillikdən sonra fəaliyyətini azad, suveren ölkənin mövcud vəziyyətinə uyğunlaşdırmağa çalışdığından ilk növbədə xalqımızın üzləşdiyi Dağlıq Qarabağ probleminin həllinə, erməni separatçılarının həyasız torpaq iddialarına qarşı gənclərin və yeniyetmələrin vətənpərvərlik hisslərinin daha da yüksəldilməsinə səy göstərirdi. Respublikanın ordu quruculuğuna kömək məqsədilə peşəkar hərbçilərimiz, digər mütəxəssislərimiz əllərindən gələni əsirgəmir, bəziləri isə könüllü olaraq Qarabağ döyüşlərinə yollanırdılar.
Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktından az sonra Orduya, Aviasiyaya, Donanmaya Könüllü Yardım Cəmiyyətinin növbədənkənar VII qurultayı çağırıldı. Qurultay iştirakçıları qəbul etdikləri yekun qərarda respublikamızda ictimai - siyasi vəziyyətin getdikcə gərginləşdiyini, Dağlıq Qarabağda ermənilərin seperatçılıq hərəkətlərinə Moskvanın bilərəkdən laqeyd münasibətini xüsusilə vurğulayaraq ölkə rəhbərliyini təcili tədbirlər görməyə çağırdı. Qurultayda cəmiyyətin adı dəyişdirilərək Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti adlandırıldı. Qurultay iştirakçılarının qızğın müzakirələri nəticəsində həmçinin, cəmiyyətin yeni Nizamnaməsi qəbul olundu.
- Etiraf edək ki, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin sonrakı fəaliyyətində bir qədər arxayınçılıq hiss olunurdu...
- Təəssüf ki, həmin dövrdə ölkədə yaranmış siyasi böhran, idarəetmədəki səriştəsizlik cəmiyyətimizin də işinə mənfi təsir göstərmişdi. Bir çox təlim - tədris müəssisələrimiz, avtomobil təsərrüfatlarımız dağılmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı, gəncləri və yeniyetmələri Vətənin işğalçılardan müdafiəsinə tarixi çağırışı respublikamızda coşğun vətənpərvərlik hərəkatına təkan verdi. "Gənclərin orduda xidmət etmək üçün tərbiyələndirilməsi bizim əsas vəzifələrimizdən biri olmalıdır və bu vəzifələri biz ardıcıl surətdə həyata keçirməliyik. Ona görə də mən bunu gənclər təşkilatının əsas vəzifəsi hesab edirəm. Hər bir Azərbaycan gəncinə isə gənclik vaxtına çatana qədər özünü orduda xidmət etmək üçün hazırlamağı tövsiyə edirəm" - deyə ulu öndərin uzaqgörənliklə verdiyi bu tövsiyə Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin əsas fəaliyyət istiqamətini müəyyənləşdirmişdir.
Son illər bir-birinin ardınca keçirilən tədbirlər, gənclərin orduya hazırlanması sahəsində aparılan genişmiqyaslı təbliğat-təşviqat işi özünü doğrultmuşdur. Məktəblilərin və gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün respublikamızın rayonlarında və Bakı şəhərində iyirmi beş texniki - idman klubunda pnevmatik atıcılıq tiri tikilib istifadəyə verilmişdir. Sumqayıt, Şirvan, Xaçmaz, Zaqatala, və Mingəçevirdə müasir avtodromlar inşa edilmişdir ki, bu da tədrisin keyfiyyətini xeyli yaxşılaşdırmışdır. Avtomobil məktəblərimizin və rayon-şəhər şuraları texniki idman klublarının maddi texniki bazaları möhkəmləndirilmiş, onların balansında olan "KamAz", "Zil-130", "Zil-131" və digər xüsusi texnikalar, trenajorlar əsaslı təmir edilərək gələcəyin gənc əsgərlərinin və mütəxəssislərinin ixtiyarına verilmişdir. Bu sıraya öz vəsaitimiz hesabına aldığımız 15-dək "Fiat Albea Sole" və "Fiat Albea", bir ədəd "Mitsubişhi-Pajero", bir ədəd "Nissan-Sunny", bir ədəd "Nissan-Teana", bir ədəd "Qaz-31105", bir ədəd "Hyundai-Tucson" markalı təlim maşınlarını da əlavə etmək yerinə düşərdi.
Respublikamızın təhsil ocaqlarının 9-11-ci siniflərin şagirdləri arasında ulu öndər Heydər Əliyevin ad gününə həsr olunmuş "Mahir nişançı" pnevmatik atıcılıq yarışlarını da ənənəvi olaraq hər il uğurla həyata keçiririk.
Çətinliklə də olsa 17 ildən sonra Balakən Aviasiya Mərkəzini bərpa etməyimiz ölkəmizdə gənc nəslin paraşüt idmanına marağını artırmışdır. Hazırda mərkəzdə onlarca gənc və yeniyetmə paraşütçü idmanın bu ekstremal növü üzrə həvəslə məşğul olur. 2008-ci ildə 13 yaşlı idmançı-paraşütçümüz, Nəsimi rayonundakı humanitar liseyin şagirdi Rüstəm Orucov 1500 metr hündürlükdən tullanmaqla ən azyaşlı həvəskar paraşütçü kimi dünya rekorduna imza atmışdır.
Söhbət paraşüt idmanından düşmüşkən, qeyd etmək istəyirəm ki, artıq üç ildir Müstəqil Dövlətlər Birliyi Müdafiə Texniki İdman Təşkilatları İttifaqı idmançı - paraşütçülərinin hədəfə dəqiq tullanmaq üzrə beynəlxalq turniri Azərbaycanda - Balakən Aviasiya Mərkəzində baş tutur. Ümummilli lider Heydər Əliyevin ad gününə həsr edilən bu yarışda MDB-nin 5 respublikasının - Azərbaycanın, Belarusun, Rusiya Federasiyasının, Qazaxıstanın və Tacikistanın idmançı-paraşütçüləri qüvvələrini sınayırlar.
Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr etdiyimiz "Biz səninlə fəxr edirik, komandir!" devizi altında ölkə məktəblərinin 11-ci sinif şagirdlərini əhatə edən və təlim əl qumbaralarını rəmzi səngərdən hədəfə və uzağa atmaq üzrə yarışlar isə iştirakçıların gərgin və coşqun idman mübarizəsi ilə yaddaşlarda qaldı. Respublika Stend Atıcılığı Federasiyasının idman meydançasında keçirilən final turnirində Salyan, Sabunçu və Göyçay rayonlarının məktəbliləri daha çevik və güclü olduqlarını nümayiş etdirmiş, KHVTİC Respublika Şurasının fəxri fərmanları və qiymətli hədiyyələrinə layiq görülmüşlər.
- Novruzəli müəllim, bu günlərdə mətbuatdan oxuduq ki, cəmiyyətinizdə mühəndis - istehkamçılar kursunun açılışı olmuşdur....
- Bildiyiniz kimi, biz Silahlı Qüvvələr və xalq təsərrüfatı üçün mütəxəssislər hazırlayırıq. Uzun illərdir ki, cəmiyyətimizdə müxtəlif sahələr üzrə kurslar fəaliyyət göstərir. Mühəndis-istehkamçılar kursu isə snayperçilər və desantçılardan sonra son vaxtlar açdığımız üçüncü belə kursdur. Sirr deyil ki, torpaqlarımızın 20 faizi erməni faşistlərinin işğalı altındadır. Unutmayaq ki, müharibə hələ bitməyib. Belə vəziyyətdə gənclərimiz hərbi xidmətdə olarkən hər cür təsadüflərlə qarşılaşa bilərlər. Düşmənin basdırdığı minaları zərərsizləşdirməyi bacarmaq isə döyüşdə həlledici amillərdən biridir. Bütün bunları nəzərə alaraq biz mühəndis-istehkamçılar hazırlamağı qərara aldıq. Məşğələlərdə çağırışaqədərki gənclərlə yanaşı, digər arzu edənlər də iştirak edə biləcəklər. İnanırıq ki, bu kursları bitirənlər Vətənin və torpaqlarımızın qorunması, yağı düşmənlərdən xilası naminə müqəddəs və şərəfli vəzifənin öhdəsindən ləyaqətlə gələcək, Azərbaycanımızın müstəqilliyinin cəsur keşikçiləri olacaqlar.

{nl}

Müsahibəni qələmə aldı: Valid QARDAŞLI


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında