Kür və Araz çaylarının məcrasından çıxaraq daşması və uzunmüddətli intensiv yağışların yağması respublikanın Aran bölgəsində təhlükə yaratmış, əkin sahələrini və bir sıra kəndləri sel suları basmışdır. Təbii fəlakət zonasında yaranmış fəsadların aradan qaldırılması ilə əlaqədar dərhal operativ tədbirlər görülmüş, əhali təhlükəsiz zonalara köçürülmüş, onların sağlamlıqlarının qorunması, yemək, yatacaq və digər ləvazimatlarla təchiz olunması istiqamətində ciddi tədbirlər həyata keçirilmişdir. Artıq təhlükə arxada qalmış, bəndbərkitmə işləri geniş vüsət almış və ev-eşiklərindən köçürülənlərin geri qaytarılmasına hazırlıq işləri görülür.
Təəssüf hissi ilə qeyd edək ki, bəzi qüvvələr təbii fəlakətlərin törədə biləcəyi fəsadları siyasiləşdirməklə özlərinə dividend qazanmaq istəyirdilər. Lakin onlar öz mənfur niyyətlərinə nail ola bilmədilər. Xalq yalnız dövlət başçısına güvəndiyini, onun ətrafında sıx birləşdiyini bir daha nümayiş etdirdi.
Biz təbii fəlakət zonası ilə əlaqə yaradıb son vəziyyətlə, görülən işlərlə tanış olmaq istədik. Milli Məclisin deputatı Rüstəm Xəlilov dedi:
- Hazırda vəziyyət sabitdir. Bəndbərkitmə işləri müvəffəqiyyətlə başa çatmış və təhlükə demək olar ki, aradan qaldırılmışdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təbii fəlakət zonasına gəlməsi, orada müvəqqəti məskunlaşmış əhali ilə görüşməsi, onlara hər cür yardım ediləcəyi, kompensasiya veriləcəyi, uçmuş evlərin dövlət tərəfindən bərpa ediləcəyi barədə vəd verməsi təbii fəlakətdən zərər çəkən insanların gələcəyə ümidini xeyli artırmışdır. Onlar yalnız dövlət başçımıza inandıqlarını və güvəndiklərini bildirmiş, belə ağır bir şəraitdə görüşə gəldiyinə və təbii fəlakətdən ziyan çəkənlərə göstərdiyi yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər. Artıq təhlükəli vəziyyət tamamilə aradan qaldırılmış, Şirvan - Sabirabad yolu bərpa edilmiş, həyətlərdəki sular nasoslar vasitəsilə çəkilmək üzrədir. Subasmalar nəticəsində müvəqqəti olaraq digər ərazilərdə məskunlaşdırılan sakinlərin öz evlərinə köçürülməsinə başlanılıb. Bəndbərkitmə işləri çox etibarlı aparıldığından gələcəkdə yenidən təhlükə yaranması ehtimalı yoxdur. Təbii fəlakətdən ziyan çəkənlərə ayrı-ayrı şəxslərin yardım göstərməsinə də heç bir ehtiyac yoxdur. Çünki dövlətimiz iqtisadi cəhətdən çox qüdrətlidir və öz vətəndaşlarının qayğısına qalmağa qadirdir.
Sabirabad rayonunun Mürsəlli kəndi ərazisində Kürün dağılmış bəndində də bərpa işləri artıq başa çatıb. Bu ərazidə də təhlükə tam sovuşub. Mən hadisə baş verən gündən buradayam. Baş nazirin müavini Abid Şərifov, daxili işlər naziri Ramil Usubov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, səhiyyə naziri Oqtay Şirəliyev, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə demək olar ki, bütün günü təbii fəlakət zonasında olmuş, bəndbərkitmə işlərinə şəxsən nəzarət etmişlər. Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov da müvəqqəti məskunlaşmış sakinlərə baş çəkib. Gecə-gündüz aparılan gərgin zəhmət öz bəhrəsini verdi. Artıq hər şey arxada qaldı. Onu da qeyd edim ki, yerli sakinlər də özlərini itirməmiş, dövlət tərəfindən təşkil olunmuş canlı qüvvələrlə birlikdə uçmuş bəndlərin bərpasında yüksək fəallıq göstərmişlər. Xüsusilə qeyd etmək istərdim ki, möhtərəm Prezidentimiz təbii fəlakət zonasına gəldikdən, əhali ilə görüşdükdən və səyyar müşavirə keçirdikdən sonra burada böyük canlanma yarandı.
Qeyd etmək istərdim ki, görülən operativ təbirlər nəticəsində insan tələfatı olmamışdır. Yalnız bir nəfər həlak olmuş, onun da meyiti tapılaraq valideynlərinə verilmişdir.
- Rüstəm müəllim, bəs "Azadlıq" qəzetinin 13 may 2010-cu il tarixli sayında yazılır ki, təbii fəlakətlə əlaqədar Sabirabad rayonu sakinlərindən 30 nəfəri itkin düşüb...
- Bu tamamilə yalan məlumatdır. Bir daha qeyd edim ki, yalnız bir nəfər həlak olub. Onun da meyiti tapılaraq valideynlərinə verilib. Təəssüf hissi ilə qeyd edim ki, bəzi qüvvələr təbii fəlakətin törətdiyi fəsadları siyasiləşdirərək belə məqamda çirkin niyyətlərlə xalqı dövlətə qarşı qaldırmağa çalışırlar. Onlar bu yolla siyasi dividend qazanmaq istəyirlər. Ancaq əksinə, xalqın nifrətini qazandılar. Belə qüvvələrin himayədarlıq etdikləri kütləvi insarformasiya vasitələrində dərc olunan məqalələri oxuyanda hiss edirsən ki, onlar bu hadisədən sevinirlər. Mən təbii fəlakət zonasına gəlmiş "Yeni Müsavat" qəzetinin əməkdaşına da iradımı bildirərək dedim ki, elə yazırsınız ki, guya nəsə çox sevindirici bir hadisə baş verib. Ona xatırlatdım ki, bu fəlakətdən ziyan çəkənlər azərbaycanlılardır, doğmalarımızdır, yaxınlarımızdır. Bunu siyasiləşdirməklə heç nəyə nail olmaq mümkün deyil. Çünki xalq yalnız cənab Prezidentə inanır. Mən "Azadlıq" və "Yeni Müsavat" qəzetlərinə, həmçinin bəzi televiziya kanallarına demək istəyirəm ki, heç bir real faktlara əsaslanmayaraq sensasiya yaratmaq naminə yalan məlumatlar yaymasınlar. Bu "Kütləvi informasiya vasitələri haqqında" Qanunun da norma və prinsiplərinə ziddir. Onlara xatırlatmaq istəyirəm ki, belə şaiyələrlə heç kimi çaşdıra bilməyəcəklər. Hadisələrin gərgin, çətin məqamlarında baş verən proseslər bir daha təsdiqlədi ki, xalq Prezidentlə həmrəydir və yalnız Prezidentə inanır. Belə yalan məlumatlar yayanlar isə həm özlərinə, həm də təmsil olunduqları kütləvi informasiya vasitələrinə nifrət qazandırırlar. Bir daha deyirəm ki, Sabirabad rayonunda həyat öz əvvəlki ahənginə düşür, heç bir qorxu, təhlükə yoxdur. Əhali öz ev-eşiklərinə köçürülür.
Kamil Seyidov, Azad Respublikaçılar Partiyasının sədri:
- Mən üç gündür ki, Saatlı rayonundayam. Arazqırağı kəndlərdəyəm. Söz yox ki, müəyyən gərginlik yaranmışdı. Kür çayının Sarısu gölünə axması nəticəsində gölün suyu durmadan artmış və ətrafdakı kəndlər üçün təhlükə yaranmışdır. Bir tərəfdən də Araz çayında suyun səviyyəsinin getdikcə artması insanları qorxuya salmışdır. Lakin dövlət tərəfindən təşkil olunmuş xilasetmə işləri, buraya canlı qüvvə və çoxlu sayda texnika gətirilməsi və yerli əhalinin birgə səyi nəticəsində təbii fəlakətin törədə biləcəyi fəsadların qarşısı alınmışdır. Sarısu gölünün qarşısına vurulmuş bəndin uçan yerlərinin bərpası üçün ciddi səy göstərilir və bunun qarşısı alınmaq üzrədir. Bəzi qüvvələrin əhali arasında xof, qorxu və vahimə yaratmaq cəhdləri baş tutmadı. Çünki belə çirkin niyyətlərə əl atanlar həmişə çətin məqamlarda aranı qarışdırmağa cəhd göstərir, lakin heç nəyə nail ola bilmir, son anda bir daha iç üzləri bəlli olur. Onların himayəsində olan kütləvi informasiya vasitələrində, xüsusilə "Azadlıq" və "Yeni Müsavat" qəzetlərində təbii fəlakətlə əlaqədar dərc olunan məqalələri oxuyanda adama elə gəlir ki, sanki belələri azərbaycanlı olduqlarını unudublar. Onlar təbii fəlakətlərin törətdikləri fəsadları dövlətin adı ilə bağlamaq istəyirlər. Məgər yağışı, leysanı hakimiyyət yaradır, Kürün, Arazın, Sarısu gölünün suyunu dövlət artırır? Bütün bunların hamısı təbii fəlakətlərdir, təbiətin törətdiyi hadisələrdir. Bu hadisələrə siyasi don geyindirərək əhalini dövlətdən narazı salmağa cəhd edən, dividend qazanmağa çalışan qüvvələr unutmamalıdırlar ki, onların bu çirkin əməlləri xəyanətkarlıqdan başqa ayrı bir şey deyil. Mən bir partiya sədri olaraq həmin qüvvələrin belə bəd əməllərinə ciddi etirazımı bildirir və deyirəm ki, əgər sizdə az da olsa azərbaycançılıq hissləri varsa, gəlin siz də qollarınızı çirmələyib kömək edin. Əgər belə hisslər sizdən uzaqdırsa, heç olmasa həyatınızda bir dəfə də olsa, əsl həqiqəti yazın, xilasetmə zamanı operativ həyata keçirilən işlərdən, xalqın Prezidentin ətrafında necə birləşməsindən, həmrəylik nümayiş etdirməsindən yazın. Belə həqiqətləri yazmaq onlara sərf etmir. Məsələn, "Azadlıq" qəzetinin guya Sabirabad rayonunda 30 nəfərin daşqından sonra itkin düşməsi və bir neçə gün onlardan xəbər olmaması barədə yalan məlumat yayması hansı milliliyə yaraşır? Belə çətin anlarda xalqa ürək-dirək vermək əvəzinə yalan məlumatlar yayaraq əhalini vahimə içərisində saxlamaqda məqsəd nədir? Mən bunu xəyanət hesab edirəm. Belə hallar bizim millətin nümayəndələrinə yaraşan xüsusiyyət deyil.
Mən hazırda Saatlı rayonunun Arazqırağı kəndlərdəyəm. Heç kim öz evini tərk etməyib və heç bir kəndin əhalisi evakuasiya olunmayıb. Buna ehtiyac da yoxdur. Halbuki, bəzi kütləvi informasiya vasitələri və televiziya kanalları yalan informasiya yayırlar ki, guya Saatlı rayonunun bəzi kəndləri su altındadır. Belə hallar yoxdur. Bu yolla əhali arasında çaşqınlıq və gərginlik yaratmaq cəhdi baş tutmayacaq.
Prezident İlham Əliyevin təbii fəlakət zonasında olması, əhali ilə görüşməsi hamıda yüksək əhval-ruhiyyə, inam yaradıb. Əhali dövlətin göndərdiyi qüvvələrlə birləşərək sel sularının fəsadlarının qarşısını alır və artıq bu proses başa çatmaq üzrədir. Hazırda mən hadisə yerindən bildirirəm ki, su altında qalan kənd yoxdur.
{nl}
Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.