Azərbaycanda ildən-ilə quruculuq işləri genişlənir, yeni binalar, yollar inşa edilir, parklar, xiyabanlar salınır, körpülər, keçidlər tikilir, əhalinin rahatlığı üçün hər cür şərait yaradılır. Təkcə iri şəhərlərimiz deyil, regionlarımızdakı qəsəbə və kəndlər də öz görkəmini dəyişir. Azərbaycan Respublikası Prezidentinin regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramında bölgələrdəki şəhərlərin müasir tələblərə uyğun yenidən qurulmasına xüsusi diqqət yetirilmişdir.
Ümumiyyətlə, regionlarımızda şəhərsalma prosesi necə gedir, bu sahədə hansı problemlər mövcuddur? Bu və ya digər sualları cavablandırmaq üçün regionlarda şəhərsalma üzrə bir çox layihələrin rəhbəri, Avropa Elmlər Akademiyasının və Türkdilli Ölkələrin Beynəlxalq Elmlər Akademiyasının fəxri doktoru, BMT tərəfindən mədəniyyətə xidmət medalı ilə təltif olunmuş Cahid Həsənovla görüşdük.
İlkin olaraq Cahid müəllim Azərbaycanda memarlıq və şəhərsalmanın bugünkü durumu barədə ümumi məlumat verdi. O bildirdi ki, son illər istər respublikamızın paytaxtı Bakı şəhərində, istərsə də regionlarımızın şəhər və qəsəbələrində şəhərsalmanın müasir üsul və metodlarından məharətlə istifadə olunur. Bu şəhər və qəsəbələrdə yeni tipli məktəblər, uşaq bağçaları, inzibati binalar tikilir, yollar abadlaşır, parklar və xiyabanlar salınır. Hər yerdə müasir tələblərə uyğun memarlıq nümunələri yaradılır.
Əvvəllər yerli icra orqanlarına yeni tikintilərin aparılmasına icazə verilirdi. Ona görə də yerlərdə primitiv, müasir şəhərsalma tələblərinə cavab verməyən tikintilər inşa edilirdi. Lakin son illər bu sahədə ciddi dəyişikliklər baş vermiş, indi tikintiyə başlamazdan əvvəl şəhərin öz memarlıq ənənələrinə uyğun müasir tipli layihələr tələb olunur. Bu da müasir şəhərsalmada çox vacib məsələdir. Bunun nəticəsidir ki, bu gün regionlarımızın şəhər və qəsəbələri yeni görkəm alır, onlar ildən-ilə gözəlləşirlər.
Biz Lənkəranda şəhərsalma ilə bağlı bir neçə layihəni reallaşdırmışıq və bu gün onlar bu şəhərin görkəminə xüsusi milli və estetik görkəm verir.
Regionlarımızın şəhər və qəsəbələrində bu istiqamətdə aparılan işlər yaxın gələcəkdə onların müasir üslubda yenidən qurulmasına öz təsirini göstərəcək. Hər bölgənin öz milli xüsusiyyətlərinə uyğun yeni memarlıq nümunələri yaradılacaq.
- Regionlarda şəhərsalma zamanı əsas diqqət hansı məsələlərə yönəldilməlidir?
- Dünyada məşhur memarlar çox olub. Onların yaratdıqları nadir memarlıq abidələri bəşər mədəniyyətini zənginləşdirmiş, bu abidələr bu gün də öz müasirliyini qoruyub saxlayır. Azərbaycan da bu sahədə zəngin irsə malikdir. Milli memarlıq ənənələrimiz tarix boyu yaranıb formalaşmışdır. Azərbaycanın tarixi memarlıq ənənələri yaşayır və şəhərsalmada bu ənənələr müasirliklə birləşərək xüsusi ahəng yaradır. Son illər yaradılan yeni tikililər, şəhərlərimizin ümumi görünüşünə uyğun şəkildə inşa edilir. Onlarda klassik və müasir memarlıq üslubları sintez təşkil edir. İstər paytaxtımızda, istərsə də regionlarımızda memarlarımız şəhərsalmanın yeni "evro stil" indən istifadə edirlər.
Bilirsinizmi, şəhərsalmada hər şey gözəl və yaraşıqlı olmaqla orada milli ənənələr qorunmalıdır. Lakin hərdən şəhərsalmada istifadə olunan tikinti materialları onun ümumi görünüşünə uyğun gəlmir. Bir neçə il bundan əvvəl "Alkopan" deyilən yeni üzlük materialı dəbə düşdü. Şəhərlərin küçələrində bu materiallardan yeri gəldi-glmədi istifadə olunurdu. Ancaq tarixi binalarda onlardan istifadə yolverilməzdir. Artıq şəhərlərin hər yerində özünəməxsus memarlıq elementlərindən istifadə edilməsinə başlanmışdır. Qala divarlarının tikintisi, adətən, qədim şəhərlərə məxsusdur. Bəzən yeni şəhərlərdə də belə qala divarları inşa edilir. Əslində, buna o qədər də ehtiyac yoxdur.
Biz hər bölgənin öz memarlıq xüsusiyyətlərini öyrənməliyik, bu irsin qorunub saxlanması üçün tədbirlər görməliyik. Hər regionun tarixi memarlıq nümunələrinin atributları yeni inşa edilən binalarda da istifadə olunmalıdır. Yerli tikinti materiallarından daha çox istifadə olunması vacibdir.
Biz konkret olaraq, öz memarlıq strategiyamızı müəyyənləşdirməliyik.
- Regionlarımızda şəhər və qəsəbələrdəki tarixi memarlıq abidələrinin bərpası və əsaslı təmiri sizcə necə aparılmalıdır?
- Bu da çox ciddi məsələdir. O mənada ki, həmin abidələr tarixən mövcud olmuş və təbii təsirlərdən müəyyən aşınmalara məruz qalmışlar. Çox yaxşı əlamətdir ki, Mədəniyyət və Turizm Nazirliyi bu istiqamətdə davamlı iş aparır. Məsələn, Şəki şəhərindəki Xan sarayı, Lənkəranda Dairəvi qala çox gözəl əsaslı təmir olunmuşdur. Belə abidələr çoxdur və onlar şəhərlərimizə həqiqətən, xüsusi görkəm verir. Həm də bu gün ölkəmizdə sürətlə inkişaf edən turizm üçün çox faydalıdır. Mən müsahibələrimdə də dəfələrlə bildirmişəm ki, belə abidələrin təmirində və yenidən qurulmasında xaricdən gətirilmiş tikinti materiallarından istifadə olunmamalıdır. Daha çox yerli materiallara üstünlük verilməlidir.
Çalışmalıyıq ki, şəhərlərimizdə hər şey gözəl olsun, bizim milli memarlıq nümunələri orada öz dolğun əksini tapsın. Bunun üçün bizdə kifayət qədər təcrübəli, istedadlı memarlar vardır. Layihə institutlarımız son vaxtlar regionlarda şəhərsalma ilə bağlı çox gözəl işlər təklif edirlər. Qalır onların yerlərdə icra olunması.
- Siz reklam mütəxəssisiniz, son illər regionlardakı şəhər və qəsəbələrdə reklam, tərtibat işləri necə təşkil olunur?
- Reklam şəhərlərin və qəsəbələrin müasir görkəmi üçün çox vacib şərtdir. İndi bizim regionlarda kommersiya və sosial reklamlardan daha çox istifadə olunur. Biz dəfələrlə bildirmişik ki, regionların şəhər və qəsəbələrində onların tarixi-memarlıq abidələrini, inkişafının səviyyəsini əks etdirən, təbii sərvətlərinə dair materiallar reklamlarda istifadə olunmalıdır. Bu şəhərlərə gedən yollar üzərində də belə reklamların vurulması vacibdir. Gərək turistlər bu şəhərlərə gələrkən yol boyu həmin şəhərlərin tarixi-memarlıq abidələri, onun təbii sərvətləri haqqında məlumat ala bilsin.
Bir məsələni də diqqətə çatdırmaq istərdim. Belə ki, Bakı şəhərinin memarlıq abidələri bir neçə yerdə xüsusi saatların qoyulması ilə tamamlanır. Mənə belə gəlir ki, regionlarda da bu cür saatlar quraşdırılmalıdır. Bu həm əhali üçün müəyyən rahatlıq yaradır, həm də memarlıq abidələrinə xüsusi gözəllik verir.
Bir də şəhər və qəsəbələrimizdə elektron reklam konstruksiyalarının quraşdırılmasına ehtiyac var. Bu reklamlarda 24 saat ərzində bu ərazidəki bütün sahələrlə bağlı informasiyalar əks olunmalıdır.
Əlbəttə, bu gün artıq şəhərsalmada yeni tələblər ortaya çıxır. Ölkə Prezidenti İlham Əliyev də dəfələrlə şəhər və qəsəbələrimizin ildən-ilə gözəlləşdiyini bildirmişdir. Bu günlər həyatımız gözəlləşdikcə şəhər və qəsəbələrimiz də gözəlləşir, yeni görkəm alır.
{nl}
Mehdi MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.