Gəncə günbəgün dəyişir, gözəlləşir

Gəncənin yaxın bir-iki il ərzində necə olacağını təsəvvür etmək üçün onun küçə və məhəllələrinə baş çəkmək, ən ucqar sayılan yaşayış sahələrinə getmək kifayətdir. Şəhərin elə bir yeri yoxdur ki, orada abadlığın, yenidənqurmanın izləri olmasın. Bəzən yeri gəldi-gəlmədi "geniş tikinti meydançası" sözünü xatırladırlar. Amma bu gün Gəncə, sözün əsl mənasında, geniş yox, nəhəng bir tikinti meydanına bənzəyir.
Beş-on gün əvvəl yanından keçdiyin hər hansı bir yeri - istər inzibati bina, istər yaşayış evi, istərsə də ticarət obyekti olsun, tanıya bilmirsən. Əksər küçə və prospektlərdə "hörümçək torları"ndan əsər-əlamət belə qalmayıb. Necə gəldi çəkilən eybəcər, təhlükəli, şəhərin gözəlliyinə xələl gətirən qaz, elektrik, su xətlərini, digər kommunikasiya elementlərini nəzərdə tuturam. Hamısı yerin altına salınıb, polietilen borularla əvəz olunub, səkilər asfaltlanıb, bardürlər düzülüb və sair.
Şəhərin rəhbəri başda olmaqla, əlaqədar strukturların rəhbərlərini kabinetdə görmək müşkül məsələdir. Elə təmir-tikinti obyekti yoxdur ki, orada şəhər və rayon icra hakimiyyətlərinin işçiləri görünməsin, əhali arasında olmasın, izahat işləri aparmasın. Yeri gəlmişkən, qeyd edək ki, son vaxtlar təcrübəli kadrların ayrı-ayrı sahələrə rəhbər işlərə cəlb olunması ümumi işin daha da sürətlənməsinə gətirib çıxarmışdır. Nizami Rayon İcra Hakimiyyətinin başçısı Məharət Mustafayev, şəhər icra hakimiyyəti başçısının birinci müavini İlham Əliyev, digər müavin Rafiq Şəfiyev, mənzil-kommunal istehsalat birliyinin rəisi Elgün Məmmədov və bir çox başqaları bu gün şəhərdə aparılan irimiqyaslı işlərdə xüsusi fəallıq göstərirlər.
Elə adını çəkdiyimiz şəhər mənzil-kommunal istehsalat birliyinin rəisi Elgün Məmmədovla da görüşümüz məhz bu səbəbdən bir neçə gündən sonra baş tutdu.
- Elgün müəllim, Gəncə obrazlı desək, öz libasını dəyişir, yaşayış, inzibati, ticarət-iaşə obyektləri yeni görkəm alır, küçə və prospektlər genişləndirilir, mühəndis-kommunikasiya xəttləri dəyişdirilir, yaşıllıqlar salınır, yeni obyektlər tikilir... Hamı üçün çox maraqlıdır, necə oldu ki, bu qədər irimiqyaslı iş şəhərdə eyni vaxtda başladı?
- Bütün bunlar ölkə Prezidenti cənab İlham Əliyevin Gəncəyə və gəncəlilərə göstərdiyi hədsiz diqqət və qayğının nəticəsidir. Bu gün Gəncədə aparılan irimiqyaslı işlər Prezidentimizin köməyi və xeyir-duası ilə görülür. Gərək nəyin bahasına olursa-olsun bu etimadı doğruldaq. O ki qaldı işlərin hamısının eyni vaxtda başlanmasına bu, Gəncədə bir çox problemlərin birdəfəlik həlli ilə bağlıdır. Əgər qədim Nizami yurdunu gözəl, abad görmək istəyiriksə, əhalinin yaşayış tərzinin daha yüksək səviyyədə təşkil olunmasını istəyiriksə, bu işlər görülməli idi. İlk vaxtlar bizi başa düşə bilməyənlər indi görülən işlərə yüksək qiymət verir, öz minnətdarlıqlarını bildirirlər. Axı kim istəməz ki, yaşadığı binada, onun həyətində, küçə və səkilərdə səliqə-sahman olmasın?!
- Yadımdadır, bu ilin fevral ayının sonlarında şəhərə yenicə icra hakimiyyətinin başçısı təyin olunan Elmar Vəliyev fəallarla görüşündə demişdi ki, gəncəlilər 6 aydan sonra görülən işlərin nəticəsini hiss edəcəklər. Bu gün sakinlər şəhər rəhbərinin sözlə işinin vəhdət təşkil etdiyinin bir daha şahidi olurlar. Sizcə, arxayınçılıq, işlərin gedişində ləngimələr ola bilərmi?
- Bu, mümkün olası iş deyil. Əksinə, fikir versəniz görərsiniz ki, ilk aylar 300-400 obyektdə iş gedirdisə, indi onlar minlərlə ölçülür. Elmar müəllim elə tələbkar şəxsdir ki, on-on beş dəqiqə də boş dayanmaq, başqa bir işə baş qoşmaq mümkün deyil. Digər tərəfdən, işimizin bəhrəsini görəndə yorğunluq da yaddan çıxır. Təki şəhərimiz gözəlləşsin, abadlaşsın, adamlar bizdən razı qalsın. Gələn ay şəhərdə Ulu Nizami Gəncəvinin 870 illiyini təntənə ilə qeyd edəcəyik. Şəhərə bir çox yerlərdən, o cümlədən, xarici ölkələrdən qonaqlar gələcək. Gərək elə edək ki, yubiley günləri hər kəsdə xoş təəssürat yaratsın. Təbii ki, hazırda obyektlərdə, küçə və məhəllələrdə, yollarda işlər gedir və onların hamısının həmin günlərədək hazır olması qeyri-mümkündür. Amma artıq görməli, baxmalı çox yerlər var. Nizami məqbərəsi və onun ətrafı, məqbərəyə daxil olan yollar, körpü tamamilə başqa görkəm alıb, minlərlə ağac əkilib, yaşıllıq zolaqları salınıb, işıqlandırma sistemi dəyişib və sair. Tezliklə Gəncənin hər yeri gözəl olacaq. Bizim üçün şəhərin "mərkəzi", "ucqarı" deyimi yoxdur. Söhbət Gəncənin bütövlüklə abadlaşdırılmasından, yenidən qurulmasından, genişləndirilməsindən gedir.
- Yaşayış və inzibati binaların hamısının görkəmi dəyişəcək?
- Əlbəttə, hamısı. Amma nəzərə alın ki, şəhərdə 5,7,9 mərtəbəli 1666 yaşayış binası var. Bunların hamısının qısa müddətdə fasadlarının, həyətinin, dam örtüyünün dəyişdirilməsi çətin bir işdir. Tədricən bütün binalar öz görkəmini, indiki nimdaşlığını dəyişəcək. Bu günədək 78 yaşayış binasının dam örtüyü müasir "mansard" formasında dəyişdirilib. Fasadlar gülbağ daşından yenidən qurulur, milli ornamentlərə üstünlük verilir. Yaşayış binalarında hər cür şərait yaradılacaq, nümunəvi məhəllələr salınacaq. İki-üç məhəllədən bir xeyir-şər binaları tikiləcək, uşaq əyləncə-idman meydançaları salınacaq.
Binaların su problemi də həll olunur. Bildiyiniz kimi, bu yaxınlarda Göygöldən şəhərə gələn xəttin su anbarının təməlqoyma mərasimi keçirildi. Qızılqaya su kəməri və Şəmkir dəryaçasından gələn xətlərin çəkilişindən sonra şəhər sakinləri evlərində fasiləsiz su ilə təmin olunacaqlar.
Çoxmərtəbəli binalarda lift problemləri də həll olunacaq. Artıq "Gilanlift holdinq"lə müqavilə bağlamışıq. Şəhərdəki 190 liftin 10-u təzəsi ilə əvəz olunur. 20-si əsaslı təmir edilir. Digərləri də normal vəziyyətə salınacaq.
Kommunikasiya xətlərinin yerin altına salınması istiqamətində çox iş görülüb və bu işlər davam etdirilir. Artıq Heydər Əliyev, Nizami və Atatürk prospektləri, M.Abbaszadə və İ.Qayıbov, Cavadxan və digər küçələrdəki qaz xətləri başdan-başa polietilen borularla əvəz olunub və yerin altına salınıb. Əslində, bu, çox ağır bir işdir. Çünki təkcə borunu dəyişməklə məsələ bitmir. Qazılan yerlərin doldurulması, asfaltlanması, səkilərin düzəldilməsi, bardürlərin düzülməsi, abadlıq, yaşıllıq salınması və sair işlər xeyli vaxt aparır. Yeri gəlmişkən, qeyd edim ki, şəhərdə su və kanalizasiya xəttinin tamamilə dəyişdirilməsindən sonra Gəncənin bütün yolları, hətta döngələr, ayrı-ayrı yerlər başdan-başa asfaltlaşdırılacaqdır.
- Qırmızı kərpicdən hörülmüş tarixi binalara da əl gəzdirilir, onlara "ikinci həyat" verilir. Şəhərdə belə binalar çoxdurmu?
- Gəncədə qırmızı kərpicdən hörülmüş qədim tarixi binalar az deyil. Gigiyena və Epidemiologiya Mərkəzinin, qadın məsləhətxanasının, Kəpəz Rayon Hərbi komissarlığının, 45 nömrəli orta məktəbin, xalq artisti Mobil Əhmədovun yaşadığı binanın və digər binalarda Azərbaycan memarlığının qorunub saxlanması, yaşadılması üçün təmir-bərpa işləri aparılmışdır. Cavadxan küçəsinin özündə neçə-neçə belə inzibati və yaşayış binası var. Yeri gəlmişkən, gəncəlilərin daha çox sevdiyi, gediş-gəliş çox olan bu tarixi küçə və buradakı binalar tamamilə yenidən qurulur, fəvvarələr inşa olunur, istirahət guşələri yaradılır, işıqlandırma sistemi yenilənir, çilçıraqlar quraşdırılır. Bir sözlə, Cavadxan küçəsi Gəncənin qədim tarixi küçəsi kimi daha da gözəl olacaqdır. Burada işlər artıq tamamlanmaq üzrədir.
- Qəzetimizin səhifələrində Gəncədə aparılan abadlıq-quruculuq işləri haqqında müntəzəm yazılar, müsahibələr dərc olunur. Bundan sonra da müxtəlif sahələrin işindən bəhs edən yazılar vermək niyyətindəyik. Qısaca da olsa digər işlər haqqında məlumat verməyinizi xahiş edirik.
- Heydər Əliyev meydanı tamamilə yenidən qurulur. İnzibati binanın daxili və xaricində aparılan işlər yekunlaşıb. Yaşıllıq, işıqlandırma sistemi dəyişib. İnzibati binanın sağ və sol tərəfindəki beşmərtəbəli yaşayış binaları ümumi ansambla uyğunlaşdırılıb və çox gözəl binalara çevrilib.
Heydər Əliyev parkında qızğın iş gedir. Burada yeni artezianlar qazılıb, yaşıllıqlar salınıb. Ulu öndərin adına olan mərkəzin inşasına başlanıb. Nizami Mərkəzinin də tikintisi gedir. Dahi şairin adını daşıyacaq park salınır. Buradakı "Üçbulaq" "Beşbulaq"la əvəz olunub və tezliklə istifadəyə veriləcək. Bayraq meydanında inşaat işləri aparılır. Hündürlüyü 100 metrə çatacaq bayraq meydanı bu yerlərə xüsusi əzəmət verəcək. Bundan başqa, hündürlüyü 50 metr olacaq daha bir bayraq baş meydanda ucalacaq.
İşlər çoxdur və onların hamısı haqqında indi danışmaq çətindir. Amma bilirəm ki, Gəncəni tezliklə çoxları tanımayacaq və bir daha sübut olunacaq ki, bu qədim şəhər təsadüfən Azərbaycanın ilk paytaxtı seçilməyib.

{nl}

Söhbəti yazdı: Hamlet QASIMOV, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında